İnsanlara hürriyət, millətlərə istiqlal!

Cümhuriyyətin ilk tədqiqatçısı Mövsüm Əliyevin tənha ölümü

4871 09.01.2018 11:17 Vaxt axarı A A

Tarixçi-jurnalist Nəsiman Yaqublunun yeni nəşrə hazırladığı “Azərbaycan Milli - Azadlıq Hərəkatı Ensiklopediyası” (sovet dövrü:1920-1991) kitabından Azərbaycan Cümhuriyyəti tarixini ilk tədqiq etmiş Mövsüm Əliyev haqqındakı yazını oxuculara təqdim edirik.

 

***

Cümhuriyyətin 100 illik yubileyi yaxınlaşdıqca ilk yada düşən insanlar − onun qurucularıdır. Sanki Allah bu insanları göydən mələklər olaraq yerə endirmiş, bu xalqa xilaskar göndərmişdi. Həmin insanlar da o missiyanı şərəflə yerinə yetirib, bu dünyadan köçüb getdilər.

Bəs Cümhuriyyəti yaradanları ilk dəfə kim araşdırıb, tədqiq edib?

Cümhuriyyətimizin tarixini ilk araşdırıb tədqiq edən, ictimaiyyətə çatdıran tədqiqatçı Mövsüm Əliyev olub. İlk dəfə məhz M.Əliyev 1988-ci ilin sentyabrında “Vətən” cəmiyyətinin “Odlar Yurdu” qəzetində M.Ə.Rəsulzadə haqqında yazısını çap etdirib (Bax: “Odlar Yurdu”, №17, sentyabr, 1988). Sonradan həmin qəzetdə M.Əliyevin F.X.Xoyski, N.Yusifbəyli, M.Y.Cəfərov, C.Hacıbəyli, M.Vəkilov, X.Rəfibəyov və digərləri haqqında biblioqrafik məqalələri çap edildi. 1990-cı ilə qədər M.Əliyevin həmin qəzetdə 24 Cümhuriyyət qurucusu ilə bağlı məlumat xarakterli yazıları dərc edilmişdi. 24-cü yazısı Həmid bəy Şahtaxtinski haqqında idi (Bax: “Odlar Yurdu”, №16 (447) avqust 1989).

M.Əliyev bu yazıları çap etdirəndə hələ Sovetlər Birliyi mövcud idi və Azərbaycan müstəqil deyildi (təəssüflər ki, sonradan müstəqil Azərbaycan dövründə asanlıqla gedib məqalə və kitab yazanlar kiçik nöqsanlara görə az qala M.Əliyevi təftiş edirdilər. Halbuki M.Əliyev sovet rejimi dövründə böyük cəsarət və fədakarlıqla həmin sənədlərin üzünü köçürüb faydalanırdı. Həmin alimlər isə sovet rejimini tərifləyirdi).

M.Əliyev danışırdı ki, xəlvəti olaraq arxivlərdən Cümhuriyyət qurucuları ilə bağlı məlumatları köçürüb, köynəyinin, pencəyinin altına qoyub çıxarırmış ki, tutmasınlar.

O, qeyd edirdi ki, ikinci məlumatları Bakıda o dövrdə sağ qalan, Cümhuriyyət dövrünü yaşamış qocalardan toplayıb.

Üçüncüsü, o, bu işdə ona rəhmətlik akademik Ziya Bünyadovun kömək etdiyini deyirdi. Yəni, Z.Bünyadov bəzən DTK arxivlərindəki mühüm sənədləri gizli olaraq ona çatdırırmış. Qeyd edim ki, onunla Z.Bünyadov arasında möhkəm dostluq münasibətləri var idi.

M.Əliyev danışırdı ki, Cümhuriyyət nazirlərinin bütün fotolarını əldə edib, yalnız bir neçəsi qalıb.

Onun çox zəngin arxivinin olduğu hiss edilsə də, kimsəyə göstərməz və bağışlamazdı. Yadımdadır ki, Azərbaycan legionerlərinə aid məqalə olan “Azərbaycan” qəzetinin bir nüxəsini ondan çox çətinliklə ala bilmişdim.

M.Əliyevin qəhvəyi rəngli bir foto-aparatı var idi. Bütün sənədləri o aparatla çəkib toplayırdı.

M.Əliyev kasıb yaşayırdı. Geyimindən də hiss olunurdu ki, imkansız insandır. Əldə etdiyi az miqdarda maliyyəni isə Cümhuriyyət tarixinə aid sənədləri toplamağa sərf edirdi.

M.Əliyev köhnə görkəmli boz rəngli kostyumda, qışda isə mavi rəngi tam solğunlaşmış plaşda, bəzən də köhnə boz paltoda gəzirdi. Maraqlı idi ki, ilin yalnız bir günündə onun geyimində bir təzəlik görmək mümkün idi − o da 28 May İstiqlal günündə. Həmin günü o, özünün təzə qırmızı qalstukunu taxıb fəxrlə, qürurla şəhərdə gəzişərdi. Sonrakı günlərdə isə o qalstuku bir də taxmazdı, saxlayardı növbəti 28 May gününə.

M.Əliyevin iki yaxın dostu vardı: akademik Ziya Bünyadov, Hacı Hacıyev (Jurnalistlər Birliyinin keçmiş sədri).

1993-cü ildə noyabrın 23-25-də “Azadlıq” qəzetində M.Əliyevin M.Ə.Rəsulzadə ilə bağlı “Tarixi saxtalaşdıranlara cavab” yazıları çap edildi. O, bu yazılarında müəyyən adamların əleyhinə kəskin ifadələr işlətmişdi. Bu yazıdan sonra Mövsümü həbs etdilər. O, ilyarıma qədər həbsxanada qaldı. Həbsxanada şəraiti yaxşı deyildi, bit-birədən şikayətlənirdi.

Həbsxanadan çıxdıqdan sonra vəziyyəti pisləşdi. O, infarkt keçirdi. Ayağını çəkərək gəzir, axsayırdı.

Bir müddət M.Əliyev yoxa çıxdı. Çoxlarından soruşdum, “gördüm” deyən olmadı. Qaldığı yeri isə, demək olar ki, heç kim bilmirdi. Deyilənə görə, İçərişəhərdə iş otağı kimi balaca mənzili, bir də Poluxin küçəsində yaşadığı evi vardı. Əslən Bakının Zirə kəndindən olduğunu, bir bacısının N.Nərimanov rayonu ərazisində yaşadığını öyrənsəm də, heç kimi tapa bilmədim.

Mövsümü axtarmağa başladım. Poluxin küçəsi boyunca soraqlayıb axtardım. Axır ki, Poluxin-44 ünvanında sorağını aldım. Həyətə daxil oldum. Bir qadın paltar sərirdi. Ondan burada Mövsüm adlı şəxsin yaşadığını soruşdum. O dedi ki, Mövsüm dünyasını dəyişib və gəlib onu morqa apardılar. Qadın davam etdi: “Bilirsiniz, o, orada − balaca bir evdə tənha yaşayırdı və bu həyətdən oraya taxta pilləkənlərlə qalxırdı. Son günlərdə onu görmürdük. Bir müddət sonra evə baxanda gördük ki, o, içəridə ölüb. Tez polis çağırdıq, təcili yardım çağırdıq, burda akt bağladılar və meyidi apardılar morqa”.

Qadından soruşdum ki, bəs onun evindəki sənədlər necə oldu? O, dedi ki, iki kisəyə yaxın sənədləri mənzil-istismar sahəsinin işçiləri apardılar.

Mərkəzi xəstəxananın morquna getdim. Şöbə müdiri Fuad (səhv etmirəmsə, adı belə idi) həkim dedi ki, o meyidə əl vurmaq və yaxınlaşmaq mümkün deyil. İmkan varsa 250-300 manat tapıb gətirin, biz onu aparıb bir yerdə dəfn edək.

Müsavat başqanı İsa Qəmbərə xəbər verdim, o, işin maliyyə tərəfini həll etdi və pulu həkimə çatdırdım. Həkim bildirdi ki, sabah gəlib dəfn yerini və nömrəsini götürərsiniz.

M.Əliyevi Qurd qapısı qəbirstanlıqda dəfn etmişdilər. Dəfn nömrəsini alıb oraya getdik. Qəbrin üstündə nə başdaşı, nə də bir yazı vardı. Yalnız dəmir halqadan asılmış nömrə sallanırdı. Düşündüm ki, M.Əliyev bu ölümü ilə elə Cümhuriyyət qurucularının taleyini yaşayır.

Sonra mərkəzi univermağın yanındakı mənzil-istismar sahəsinə getdim. Orada Mövsümün şəxsi sənədini mənə verdilər, baxdım. Doğum ili 1939-cu il idi. 1997-ci ildə rəhmətə getmişdi. Cəmi 58 il yaşamışdı.

Sonrakı axtarışlarım nəticə vermədi. Onun bütün ömrünü həsr edib topladığı sənədləri tapmaq mümkün olmadı.

Rəhmətliyin heç daşa vurulası, qəzetdə veriləsi şəkli də qalmayıb. Olan budur - yuxarıdakı.

Nəsiman Yaqublu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR