İnsanlara hürriyət, millətlərə istiqlal!

Çox adamın tanımadığı dissident hərəkatçının ömür yolu

2592 08.01.2018 11:39 Vaxt axarı A A


Tarixçi-jurnalist Nəsiman Yaqublu “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” (sovet dövrü:1920-1991) adlı yeni kitab hazırlayıb. Həmin kitabdan 1988-1992-ci illərdə Azərbaycanda ilk siyasi partiyanı və ilk “samizdat” qəzeti yaratmış Azər Qasımzadə haqqında məlumatları oxuculara təqdim edirik.


1988-1992-ci illərdə Azərbaycanda ilk siyasi partiyanın yaradıcısı - Azər Qasımzadə

1988-1992-ci illərdə Azərbaycan milli azadlıq mübarizəsi dövründə cəmiyyətin siyasi inkişafında mühüm rol oynayan və xalqın siyasi şüura sahib olması vacibliyini əsas sayan ziyalılardan biri Azər Qasımzadə olub.
Azər Qasımzadə bu dövr tarixinə adını ilk siyasi partiyanı yaradan şəxs kimi də daxil olmuşdur. Onun 1989-cu ilin martında yaratdığı Azərbaycan Dirçəliş Partiyası bu sahədə atılan ilk addım idi.

AZƏRBAYCAN DİRÇƏLİŞ PARTİYASI

Azərbaycan Dirçəliş Partiyası 1988-ci ilin yayından mövcud olmuş, həmin ilin noyabr hadisələrindən sonra fəaliyyəti zəifləmiş “Tərəqqi” cəmiyyətinin bazası əsasında yaranmışdı. 1988-ci ilin dekabrın 5-də mitinq dağıdıldıqdan sonra “Tərəqqi” cəmiyyətinin rəhbərlərindən olan Fuad Ağayev həbs edildi, Azər Qasımzadə isə təqiblərə məruz qaldı. “Tərəqqi” cəmiyyəti öz fəaliyyətini dayandırdı. A.Qasımzadə təqiblərə protest əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxıb, partiya biletini Moskvaya təhvil verdi. O, 1989-cu ilin mart ayında bir neçə həmfikir ilə Azərbaycan Dirçəliş Partiyasını təsis etdi. 1989-cu ilin may ayının 27-də isə Şimali Azərbaycanda ilk azad qəzet - “Dirçəliş” qəzeti (“samizdat” olaraq) çapdan çıxdı. “Dirçəliş” qəzetinin 1989-cu ilin 27 iyunda çap edilən 2-ci sayında isə partiyanın fəaliyyəti haqqında belə məlumat var: “Bir ay bundan əvvəl, 1989-cu il may ayının 27-də “Dirçəliş” qəzeti son 69 il üçün Şimali Azərbaycanda ilk demokratik partiyanın - Azərbaycan Dirçəliş Partiyasının yaranıb fəaliyyət göstərdiyini bütün dünyaya bəyan etdi. Azad qəzetin və yeni partiyanın yaranması Azərbaycan xalqı tərəfindən fərəh və mübarizəyə inam hissi ilə qarşılandı”.

AZƏRBAYCAN DİRÇƏLİŞ PARTİYASININ XALQA MÜRACİƏTİ

“Kuzbasın, Vorkutanın, Şərqi Ukraynanın və imperiyanın digər əyalətlərinin fəhlə və şaxtaçıları iyulun 11-də bir günlük ümumimperiya tətilinin keçirilməsi təşəbbüsünü irəli sürmüşlər.

Tələblər siyasi səciyyə daşıyır və aşağıdakılardan ibarətdir:
- SSRİ hökumətinin inkişafı;
- SSRİ xalq deputatlarının yenidən seçilməsi;
- DTK, DİN, prokurorluq, məhkəmə, ordu və xalq təhsilinin qeyri siyasətlənməsi;
- Sov. İKP əmlakının milliləşdirilməsi;
- Bəzi nazirliklərin ləğvi.

Bu tələblərdən əlavə yerli əhəmiyyətli tələblər də irəli sürülmüşdür. Belə ki, Ukrayna şaxtaçıları Ukrayna SSR Ali Sovetindən iqtisadi, siyasi və hüquqi suverenlik haqqında qərarın qəbulunu, digər respublikalar isə yeni iqtisadi və siyasi müqavilələrin bağlanmasını tələb edirlər.
Azərbaycan xalqının taleyi bu siyasi tətilə qoşulub-qoşulmamasından asılıdır. Bizim tələblər həmçinin aşağıdakılar olmalıdır:

- Bakıda fövqəladə vəziyyətin və komendant saatının ləğvi;
- seçkilərin noyabr-dekabr ayına keçirilməsi;
- Seçki haqqında qanuna xalq referendumundan sonra yenidən baxılması;
- siyasi dustaqlara azadlıq;
- Milli ordunun yaradılması;
- söz, mətbuat azadlığının tam bərqərar olması;
- bütün partiyaların rəsmi qeydə alınması.

Tətil Azərbaycan xalq azadlıq hərəkatında yalnız müsbət rol oynayacaq. Belə ki, tətildən sonra başlayacaq irticaya cavab olaraq imperiyanın bütün demokratik qüvvələri Azərbaycan demokratik hərəkatının müdafiəsinə qalxacaq və bu da Şimali Azərbaycanın oyuncaq hökumətinə təsir göstərəcəkdir.

İyulun 11-də tətilin keçirilməsi məsələsi yalnız müsbət həll edilməlidir”.

Azərbaycan Dirçəliş Partiyası Mərkəzi Şurası. 08. 07. 1990.


“Dirçəliş” qəzeti

“Dirçəliş” qəzeti - Azərbaycanda ilk “samizdat”dır. Azərbaycan Dirçəliş Partiyasının orqanı olub. 1989-cu ildə “Dirçəlməli! Bəsdir daha bu zilləti-zülmət!” şüarı ilə əvvəl “Dönüş” mətbəəsində, daha sonra “Dirçəliş” nəşriyyatında çapdan çıxıb. Baş redaktoru Odər Xəzər (Azər Qasımzadə) olub. Qəzetdə ADR-in sənəd və müraciətləri, ölkədə və dünyada baş verən son olaylar, eləcə də Azərbaycan tarixi ilə bağlı yazılar nəşr olunub. Eyni zamanda , M.Ə.Rəsulzadənin əsərlərindən seçmələr, yenidənqurma siyasəti ilə bağlı dünya mətbuatında gedən yazılar, demokratiya ilə bağlı fikirlərə də yer verilib.

Qəzetdə siyasi xarakterli şarj və karikaturalar da dərc edilib.

“SOY”  məcmuəsi

“Soy” məcmuəsi Azərbaycan Dirçəliş Partiyasının orqanı olaraq nəşr edilib. İlk sayı 1989-cu ilin dekabrında çap olunub. “Dirçəliş” nəşriyyatında 3000 nüsxə olaraq çap olunduğu qeyd edilib. Redaktoru: Odər Xəzər (Qasımzadə A. Ə.).

Məcmuənin ilk sayında redaktorun oxuculara kiçik həcmli müraciəti verilib. Həmin müraciətdən: “Əziz yurddaşlar, hörmətli oxucular! Neçə əsrdir ki, Azərbaycan tarixi, Azərbaycan xalqının, onun aparıcı qüvvəsi olan azəri türklərinin tarixi, mədəniyyəti, elmi qərəzli surətdə düzgün araşdırılmır.

On minilliklərlə tarixə malik xalq vəhşi, mədəniyyətsiz adlandırılaraq böhtanlanır. Bu böhtanlara qarşı çıxan, tariximizi olduğu kimi təqdim etmək istəyən yurddaşlarımıza panislamist, turançı, pantürkist damğası vuraraq, onları təqib, məhv edirlər.

Azərbaycan Dirçəliş Partiyası Sizə yeni məcmuə, tariximizdən, soylarımızdan xəbər verən “Soy” məcmuəsini təqdim edərək, ziyalılarımızdan bu məcmuənin səhifələrində çıxış etməyi xahiş edir. Hörmətlə, Odər Xəzər. (Qasımzadə A. Ə.), dekabr 1989-cu il.

Məcmuənin həcmi 41 səhifədir. Məcmuənin ilk sayında aşağıdakı yazılar çap edilib: 1) “Tariximizə qəsd edənlərə açıq məktub” (müəllif Məhər Acarlı); 2) “Panislamizmin “təhlükəsi” (müəllif Gigil); 3) “Azərbaycan faciəsi” (müəllifsiz) 4) “Panturanizm və Qafqaz problemi” (M.Ə.Rəsulzadə).

Məcmuənin üz qabığında “Soy” adı kiril hərfləri ilə verilib. “Soy” adının altında isə eyni söz kiçik hərflərlə latın və ərəbcə yazılıb.
“Soy” adının altında üç əlifbada (kiril, latın, ərəb) bu sözlər yazılıb: “Azərbaycan Dirçəliş Partiyasının məcmuəsi”. Məcmuənin üz qabığında ad və məlumatlar rəngli olaraq qırmızı hərflərlə yazılıb.

“GÜLÜSTAN” SİYASİ-BƏDİİ TOPLUSU

“Gülüstan” siyasi-bədii toplusunun ilk sayı 1990-cı ildə “Dirçəliş” nəşriyyatında çap edilib. Toplunun üz qabığında “Gülüstan” sözünün üstündə bu misralar yazılıb:

Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

Bu toplu da üç min nüsxə ilə çap edilib. Topludakı yazılar iki bölmədə verilib: siyasi hissə, bədii hissə. Topluda aşağıdakı yazılar oxuculara təqdim olunub: 1) Ön söz (redaktordan). Sonra siyasi hissədəki yazılar verilib: 1) “Kommunizm bəşəri fəlakətdir” (müəllif Q.Arif); 2) “Lenini oxuyarkən” (müəllif V.Solonxin); 3) “Leninizm ümumbəşər mənəviyyatı işığında” (İ.Orlov – Rimin); 4) “Lenin haqqında “Sovetskaya molodyoj” qəzetinin redaksiyasına verilən üç sual” (müəllif A. Serebrennikov); 5) “Yenidənqurma və aşkarlq haqqında dünyanın ən böyük realistinin və ən böyük sosialistinin dedikləri (Q.Arif).

Bədii hissədəki yazılar: 1) “Sosial üçbucaq” (O.Henri); 2) “Dəmir qapının dalında”; 3) Quş Qayası (Q.Arif).

Qeyd edək ki, siyasi topluda çap edilən əsas yazıların müəllifi “Q.Arif” olaraq göstərilir. Bu imzanın kimə məxsus olduğunu dəqiqləşdirmək mümkün olmasa da, üslub baxımından Azər Qasımzadəyə məxsusluğunu söyləmək mümkündür. Çünki belə “Samizdat”larda başqa imzalarla yazıların nəşri hallarına tez-tez rast gəlmək mümkündür.

Qeyd edək ki, “Soy” məcmuəsinin və “Gülüstan” siyasi-bədii toplusunun sonrakı sayları haqqında bilgi yoxdur.

“DÖNÜŞ” MƏCMUƏSİ

Bu məcmuə Azərbaycan Dirçəliş Partiyasının orqanı olaraq “Dirçəliş” nəşriyyatında çap edilib. Redaktoru Odər Xəzər (Azər Qasımzadə) olub.
Məcmuədə daha çox tarixi həqiqətlərə əsaslanan yazılara üstünlük verilib. Azərbaycan Xalq Cünhuriyyətinə aid sənədlər də məcmuədə çap edilib. Məcmuədə Yunus Oğuz və Ədilə Surxayzadənin birgə yazdıqları “1988-1989-cu illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi təhlili, “İldırım” imzalı müəllifin siyasi repressiyalara məruz qalmış Siyaməkin mübarizə yolu haqqında yazısı çap olunub. Eyni zamanda bu yazı “Dönüş”ün xüsusi buraxılışı şəklində təkrar nəşr edilib. Məcmuədə X. Rzanın “Gündəlikdən səhifələr”i ixtisarla oxucuya təqdim edilib.


“Dönüş” nəşriyyatının nəşri

Əhməd Qaraca: “Azərbaycanın yaxın tarixinə qısa bir baxış”

Azər Qasımzadənin “Dönüş” adlı nəşriyyatında 1989-cu ildə (bu, şərti ad daşıyan nəşriyyat idi) Türkiyədə uzun müddət idi ki, Azərbaycanın azadlığı mübarizəsini aparan Əhməd Qaracanın “Azərbaycanın yaxın tarixinə qısa bir baxış” kitabı çap olundu. 27 səhifəlik bu kitabça ixtisarla nəşr edilib. Ön sözdə bu qeydlər yazılıb: “Bu əsər Oğuz türklərinin bir bölümünü təşkil edən “Anadolu yarımadasının bir uzantısı olan 250 min kv km-lik bir ərazidə yaşayan Azərbaycan türklərinin yaxın tarixini işıqlandırır”.

A. Qasımzadənin həmin dövrdə belə bir əhəmiyyətli kitabı nəşr edib yayması ciddi hadisə idi.

Kitab Azərbaycan Dirçəliş Partiyasının “Dönüş” mətbəəsində 10 000 (on min) tirajla nəşr edilmişdi.

 AZƏR QASIMZADƏNİN QISA TƏRCÜMEYİ-HALI

Azər Qasımzadə 1955-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Geologiya-minerologiya elmləri namizədi olub.

1972-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra Bakı Tuneltukinti İdarəsində fəhlə işləyib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsinin qiyabi şöbəsinə daxil olub. 1975-1977-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Azərbaycan Kənd Tikinti Nazirliyində fəhlə işləyib.

1981-ci ildə Universiteti mühəndis-geoloq ixtisası ilə bitirdikdən sonra Azərbaycan EA Geologiya İnstitutuna işə daxil olub. 1984-1988-ci illərdə aspiranturanın qiyabi şöbəsində oxuyub və 1989-cu ilin iyununda Düşənbə şəhərində disssertasiya mövzusunu müvəffəqiyyətlə müdafiə edərək geologiya-minerologiya elmləri namizədi elmi-dərəcəsini alıb. Çoxlu sayda elmi əsərin müəllifidir.

A.Qasımzadə Azərbaycan Dirçəliş Partiyasının əsas yaradıcısıdır. 1989-cu ildə mayın 27-dən çıxan “Dirçəliş” qəzetinin ilk redaktoru, Dirçəliş Partiyasının “Soy”, “Dönüş” məcmuələrinin ilk saylarının redaktoru olub.

Bakıdakı 20 Yanvar faciəsinə həsr olunmuş “Aqressiya” (“Təcavüz”) A. Qasımzadənin (Mahir Həmzəyevlə birlikdə) redaktəsi ilə çap olunub.
A. Qasımzadə 1990-1991-ci illərdə AXC Məclisinin üzvü olub.

A. Qasımzadə 1988-ci ildə əsası qoyulan “Tərəqqi” Cəmiyyətinin əsas yaradıcılarından biri olub (Fuad Ağayev, Qalib Rəhimov, Tofiq Əhmədov ilə birlikdə). “Tərəqqi” cəmiyyəti fəaliyyətini dayandırdıqdan sonra A. Qasımzadə yaxın dostları ilə birlikdə çağdaş Azərbaycanda ilk siyasi partiyanın əsasını qoyur, ilk “Samizdat” nəşr olan “Dirçəliş”i nəşr edir.
1990-cı ilin yanvar faciələrindən sonra sovet rejiminin vəhşiliyini və Azərbaycanda törətdiklərini ifşa etmək üçün A. Qasımzadə (Sosial-

Demokrat, “Cümhuriyyət”, “Milli Müsavat” partiyalarındakı fəallarla birgə Baltik respublikalarında, Ukraynada, Peterburqda, Moskvada, digər yerlərdə müxtəlif görüşlərdə olur, mitinqlərdə çıxış edir, radio-televiziyaya müsahibə verib, Azərbaycanı informasiya blokadasından çıxarmağa çalışırlar. A. Qasımzadənin ciddi fəallığı ilə Azərbaycan Xalq Dirçəliş Partiyası 10 000 nüsxə ilə “Aqressiya” kitabçasını nəşr edib (1990-cı il yanvarın 25-də çapa imzalamışdı. Ukrayna və Litvadakı azərbaycanlılar bu işə maddi dəstək vermişdilər). Bu kitabın nəşrindən Moskva DTK-si ciddi narahat olmuşdu.

1990-cı ilin oktyabrından sonra siyasi partiyalar xalq diplomatiyası sahəsində fəaliyyəti gücləndirirlər. A.Qasımzadənin rəhbərliyində təmsil olunduğu Xalq Dirçəliş Partiyası (sonradan “Birlik”, Xalq demokratik partiyaları ilə birgə) Tatarıstan, Başqırdıstan, Orta Asiya, Qazaxıstan regionlarında müxtəlif partiyalar, cəmiyyətlər ilə birbaşa siyasi əlaqələr qururdular. 1991-ci ilin aprelində Kazan şəhərində Türk Xalqları Assambleyasının yaradılması böyük hadisə oldu. A.Qasımzadə də həmin tədbirdə iştirak edirdi. Yəni A.Qasımzadə və məsləkdaşları beynəlxalq əlaqələri yalnız Türkiyəyə səfər edib münasibət yaradan bəzi hərəkatçılardan fərqlənirdilər.

Bundan əlavə, A.Qasımzadə 1991-ci ilin yanvarında Almatıda Milli Həmrəylik meydanında keçirilən mitinqdə iştirak edib. Həmin mitinq “Alaş” Milli İstiqlaliyyət Partiyasının fəallığı ilə keçirilib.

1991-ci ilin noyabrında Latviya Xalq Cəbhəsinin üç gün davam edən 4-cü konfransı keçirilib. Konfransda müxalifət qüvvələrini təmsil edənlərdən biri də Azər Qasımzadə olub.

A.Qasımzadə 2009-cu ildə vəfat edib.

Nəsiman Yaqublu, tarixçi-jurnalist

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR