İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Hüseynov: “Azərbaycanlı 5 dil bilməlidir” - FOTOLAR

15504 27.06.2017 21:32 Müsahibə A A

Xanbabayev dedi, onda, çap edək, amma sənə 39 çap vərəqinin qonorarını verək, razılaşdım

Ustad yazıçımız Çingiz Hüseynovla Qüdsdə görüşüb müsahibə almaq ən böyük arzularımdan idi. Uca Yaradanın sözü əmanət etdiyi şəxsiyyəti və yaradıcılığıyla nadir bir insanı görmək, onu dinləmək kimin könlündən keçməz ki?.. Amma hər dəfə bu haqda düşünəndə yaxşı bilmədiyi fəndən dövlət imtahanına gedən tələbə kimi dizlərim əsirdi. “Merac”ı yazan usta qələm sahibindən nə soruşa bilərdim?.. Görünür, Çingiz müəllimlə söhbət etmək arzum cahil görünmək qorxumdan üstün oldu ki, Yaradan bu görüşü mənə qismət etdi. Amma Qüdsdə yox, Moskvada... Dostlar sağ olsun, Moskvada yaşayan dəyərli aydın Eldar Abbasov görüşün xəbərini verəndə çoxdan hiss etmədiyim dərin bir sevinc yaşadım. O anı yaşayarkən gerçəkləri boyasız, pərdəsiz eşitdiyim dərin söhbət ortamları üçün dəhşətli dərəcədə qəribsədiyimi də anladım. Bakı çoxdandır belə söhbətlərə məkan deyil... Kim qalıb ki?. Qalanlar da susqun...

Bu səbəbdən ötən əsrin 30-cu illərində İosif Vissarionoviçin sovet yazıçıları üçün bağ massivi kimi ayırdığı yamyaşıl Peredelkinodakı bağ evində 4 saata yaxın davam edən söhbət quraqlıqdan cadar-cadar olan torpağa selin gəlişi kimi gəldi beynimizə. Çingiz müəllimin bənzərsiz nitqini suallarla bölməyə də qıymadıq. Söhbətin axarında mövzudan-mövzuya keçdikcə bizi bu gündən uzaq keçmişə qədər apardı, Yerdən Göyə qaldırdı, yaradılışın fəlsəfəsi, canlıların əşrəfi insanın daxili dünyası ilə bağlı düşüncələrini inci kimi ipə düzüb bizə bağışladı. Bu inciləri “dağıtmadan” sizə də təqdim etməyə çalışacağıq...

(əvvəli ötən sayımızda)

- Məsih insan deyil. Məsih cərəyandır. Bu cərəyan, proses artıq özünü göstərməkdədir. Deyim nədə... İsrail dövlətinin yaranması möcüzə oldu. Dövlət yaranmamalı idi. Möcüzə baş verdi və dövlət yarandı. Yaranan günün səhəri də müharibələr başladı. Bu müharibələrdə İsrail qalib gəldi. Əslində heç cür qalib gələ bilməzdi. Əlbəttə, boş-boşuna qələbə çala bilməzdilər, ancaq bütün hallarda bu möcüzə qələbələr idi... Hərdən zarafatla deyirəm ki, mən yəhudi olmaya-olmaya bunları deyirəmsə, elə özüm də Məsihin – bu prosesin bir parçasıyam. Nə cür olur, bir azərbaycanlı, gəlir İsrailə çıxır və bunları deyir? (gülür) Amma burda bir məsələ də var. Açıq deyirəm, Məsihin ən böyük vəzifəsi – Ağlama divarı olan məbədin bərpasıdır. O təpənin üzərində iki məscid var. Biri Məhəmməd peyğəmbərin şərəfinə tikilib – məşhur Əl-Əqsa. Müsəlmanlar peyğəmbərin oradan merac etdiyinə inanır. O biri də xəlifə Ömərin şərəfinə ucaldılıb. Hər ikisi 7-ci əsrə aiddir. Yəhudi məbədini bərpa edərkən bu məscidlərə toxunulmamalıdır – yenə qan tökülə bilər. Nə Məhəmməd peyğəmbər, nə də Ömər dönəmində orada tikinti aparılarkən heç bir məbəd ziyan çəkməyib. Oralar boş torpaqlar idi və tullantı yeri kimi istifadə edilirdi. Yəhudilər Məhəmməd peyğəmbərə deyiblər ki, o yerlər bizə lazım deyil, ucaldın məscidinizi. Müsəlmanlar da heç bir xristian və yəhudi məbədlərinə toxunmadan həmin 2 məscidi ucaldıblar. Belə... Amma Məsihdən başqa, dövləti qorumaq üçün silah da olmalıdır. Yəhudilər elə silahlar icad edir, adam məəttəl qalır... Onlara həmişə deyirəm, bir əlinizdə silah olmalıdır, birində qələm. Qələm, yəni təbliğat. Təbliğat da Quranı müdafiə etmək şərti ilə aparılmalıdır. Yəhudilər bəzən Quranı, Məhəmməd peyğəmbəri, müasir İslamı qarışdırırlar. Bu doğru deyil. Quranın əsas tərkib hissəsi gözəl kəlamlardan ibarətdir. Quranda açıq yazılıb, yəhudilər, Tövrat sizin kitabınızdır, xristianlar, İncil sizin kitabınızdır, müsəlmanlar, Quran da sizin kitabınızdır. Niyə Allah dünyanı bir dində, bir millətdə yaratmayıb? Bunun cavabı da Qurandadır. Allah deyir, xoş əməllərinizlə yarışmalısınız. Çünki insanın inkişafı yalnız və yalnız rəqabətdədir. Qəribədir, Quranda bir neçə ayə var, hər dəfə fikirləşirəm ki, nə yaxşı, onları saxlayıblar. Yerlərini dəyişiblər, qarmaqarışıqlıq yaradıblar, amma o ayələr qalıb...

unnamed (3).jpg (67 KB)

- Yandırılmış bir ilahi kitabın 23 il sonra insan yaddaşına əsaslanan bərpası çətin işdir...

- O ayədə deyir ki, ey Məhəmməd, mən bu kitabı sənə göndərirəm, əvvəlki kitabların həqiqiliyini təsdiq etmək üçün... və müdafiə üçün... və qorumaq üçün... Bu “qorumaq üçün”ün ətrafında cildlərlə əsər yazılıb. Nə deməkdir qorumaq? Nəyi qorumaq? Burada kontekstdən çıxır ki, o kitabları qorumaq lazımdır, Allah Quranı o kitabları qorumaq üçün göndərib. Baxıram, tərcümə və izahatlarda deyilir ki, söhbət Quranın qorunmasından gedir. Quranın tərcüməsi çox böyük məsuliyyət istəyir. Dil məsələsi də önəmlidir. Allah öz peyğəmbəri ilə konkret dildə yox, işarələrlə danışıb. Peyğəmbərlər o işarələri öz dillərində ifadə ediblər. Məhəmməd peyğəmbər ərəbcə danışırdı, ona görə Quran ərəbcədir, onun ana dili başqa dil olsaydı, Quran o dildə olacaqdı. Bir ayədə bu haqda deyilir – mənası budur ki, işarələr dilə onları anlamağı asanlaşdırmaq üçün çevrilir.

- Çingiz müəllim, bəzi surələrin başlanğıcında sadəcə bir neçə hərf var. Nədir onların mənası?

- Bilmirəm... Belə bir fikri var ki, guya bu hərflər hafizlərin adlarını bildirir. Yəni Quran yenidən yazılanda hansı hafiz hansı surəni deyibsə, o hərflər onun adını açır... Çox versiya var. Quranı təhlil edəndə surələrin adları diqqətimi çəkdi. Allah surələri Məhəmməd peyğəmbərə adsız göndərib. Sonradan yadda saxlamaq üçün peyğəmbər qoyub o adları. Quranda 7 əsas süjet var. Biri peyğəmbərlər süjetidir. Orda Musaya aid süjet də var, İsaya aid süjet də. Amma surələrin onların adı ilə adlandırılmayıb. Nuh surəsi var, Adəm surəsi var, Məhəmməd surəsi var, İbrahim surəsi var, Yunus surəsi var, amma nə Musa, nə İsa var. Niyə? Çünki Quran tərtib olunanda xristianlarla da, yəhudilərlə də gərgin mübarizə gedirdi. Ona görə də bu adlar çıxarılıb. Mən tapdım o yerləri. Orta əsr araşdırmaçısı əl-Suitinin 3 cildlik bir əsəri rus dilinə çevrilib, o da göstərir ki, vaxtilə Quranda Musa, İsa, Süleyman, Əhli-kitab surələri olub. Sonradan bu adları dəyişiblər. Yenə deyirəm, başlıqlar Allah kəlamı deyil, surələrə adları Məhəmməd peyğəmbər vermişdi, sonradan onun qoyduğu başlıqlar dəyişdirilib. Qəribədir, başlığı dəyişən əsasən o bir neçə hərflə başlayan surələrdir... Bu da var... Qurandakı Bədr əhvalatı da çox diqqət çəkicidir. İlk dəfə Məhəmməd peyğəmbər tərəfdarları ilə bərabər Məkkədə bütpərəst qohumlarına Bədr döyüşündə qalib gəlib. Bu haqda çox yazılıb Quranda. Amma Bədr sözü başlıqlar arasında yoxdur. Niyə?

- Məkkəlilər dəyişib?..

- Çünki məkkəlilər İslamı qəbul etdilər və düşmənçilik tamamilə aradan qalxsın, xatırlanmasın deyə, o ad başlıq kimi saxlanmadı. Quranda daha bir qəribə məqama rast gəlmişəm. Bir tərəfdən üçlük – ata, oğul, müqəddəs ruh- rədd edilir, o biri tərəfdən də deyilir ki, 3 demə...Yəni onları üçlük adlandırma. İndi xristianlıq demək olar, bütpərəstliklə məşğuldur. Üçlüyün vahidliyi ideyasından heç nə qalmayıb – bölüblər. Sanki 3 allahları var – ata, oğul, müqəddəs ruh. İsanı Allah kimi qəbul edirlər. Üçlükdən yaranan vahid Allah haqqında az danışırlar. Maraqlı mövzulardır... Amma bu mövzuları araşdırmaq Sizif əməyidir. Daşı zorla qaldırırsan, yenidən fırlanır geri gəlir. Minillərlə davam edən mübahisələr, müzakirələrdir bunlar. Hər halda, bir şey mənə bəlli olubsa, onu deməliyəm. Mən də deyirəm...

unnamed (2).jpg (38 KB)

- Çingiz müəllim, bu yaxınlarda Həmas İsrail dövlətini sanki qəbul elədi, bildirdi ki, 1967-ci il sərhədlərinə qayıdılarsa, biz bu dövləti tanıyacağıq. İsraildə bu məsələyə münasibət necədir?

- İsrail bu torpaqları mübarizə ilə əldə edib və o əraziləri geri qaytaracağına inanmaq olmaz. Ümumiyyətlə, Fələstin ərəbləri dövlət xalqı deyillər. Süni şəkildə yaratsalar belə dövləti qorumaları zor olacaq.

- “Sovet adamları” İsrailə nə aparıb? Sovetlər Birliyinin çöküşündən sonra İsrailə çox böyük axın oldu...

- Azərbaycanda və Orta Asiyada yaşayan yəhudilərin güzəranı həmişə yaxşı olub. Buna baxmayaraq, İsrailə köçdülər. Oxucularım arasında çox sayda yəhudilər olub. İndi onların böyük hissəsi İsraildə yaşayır. Ona görə də İsrail mənə yad mühit deyil. Artıq daimi olaraq Rusiyada yaşaya bilməzdim. Bura mənə yadlaşıb. Bütün ölkələrdə demək olar, eyni proses gedir. Biz məsələnin bu tərəfini hələlik aydın görmürük, ancaq o proses gedir – təzə nəsil gəlir, onların öz qayğıları, öz sevincləri, öz arzuları var. Şəhərlər yenilənir, zaman gedir, dünya inkişaf edir. Mənimçün ən dumanlı olan Azərbaycanın gələcəyidir. Xalqı yox, dövləti nəzərdə tuturam. İndi Azərbaycan daha çox diasporlarda qorunur. Ölkədə iş yox, beyin axını baş verib. Əslində Azərbaycanın bütün problemlərini həll eləmək olar, hətta Qarabağı da işğaldan azad etmək olar. Azərbaycan nümunəvi ölkə olsaydı, ermənilər özləri barışığa maraq göstərəcəkdilər. Ümumiyyətlə, azərbaycanlı olmaq çox çətindir. Azərbaycanlı ərəb dilini bilməlidir – Quran ərəbcədir, farscanı bilməlidir – klassik ədəbiyyat farscadır. Məsələn, Nizami dühadır, ancaq o dühanı anlamaq üçün farsca bilmək lazımdır. Söhbət Nizamini təkcə dil baxımından anlamaqdan getmir, onun fəlsəfəsini, fikrini dərk etməkdən danışıram. Azərbaycanlı rus dilini hökmən bilməlidir. Çünki bu dildə xeyli ədəbiyyat yaranıb. Ana dilini isə mükəmməl bilməlidir – sovet səviyyəsində yox, mükəmməl. Sovet dönəmində 2-3 Azərbaycan dili vardı. Xalq dili vardı, oxunulmaz, insanın beynini dəhşətli şəkildə yoran, hətta incidən anlaşılmaz mətbuat dili vardı, bir də ədəbiyyat dili. Ədəbiyyat dili 20-ci illərin ədəbiyyat dilindən fərqli olaraq yaxınlaşmışdı Azərbaycan dilinə. 20-ci illərdə tamam türk dilində idi ədəbiyyat. Məsələn, Hüseyn Cavidi oxumaq çox çətindir. İngilis dili də ki bu günün tələbidir. Onu da bilməlidir. Deməli, belə çıxır, özünü azərbaycanlı sayan 4-5 dil öyrənməlidir. Çətindir, əlbəttə. Nabokovun gözəl bir misrası var, deyir ki, ingilis dili qocaman dahidir, rus dili cavan dahidir. Hər iki dili öyrənmək lazımdır. İlk əsərlərimi ana dilində yazmışam. Sonra məni ana dilində çap eləmədilər deyə, rusca yazmağa başladım. Bakıda “Məhəmməd, Mamed, Məmiş” əsərimin ana dilində çapından imtina etdilər, Moskvada bir jurnal boynuna götürdü bu işi. “Fətəli Fəthi”ni də yazmağım maraqlı oldu. Başlayanda bilirdim ki, ciddi əsər olacaq. Fikirləşdim, onsuz da Bakıda çap eləməyəcəklər, rusca yazım. Yazdım. Moskvada çap olunandan sonra Azərbaycan bəyəndi, dedilər, bunun ana dilində variantını ver, çap edək. Oturdum onun orijinal ana dilli variantını yazdım. Ruscadan tamamilə fərqlənən bir əsər yarandı. Tərcümədə əsər “itir”. Rusca yazanda bütün rus mühiti, rus mədəniyyəti əsərin yazılma prosesində iştirak edir. Azərbaycan üçün yazanda tamam başqa oxucu çıxır meydana. Mən o oxucunu nəzərdə tutaraq yazıram. Çünki bir dilin hökmü var, oxucunun hökmü var. “Yazıçı” nəşriyyatının direktoru Əjdər Xanbabayev müqavilə bağlayanda dedi ki, rusca 28 çap vərəqidir, plana da bu qədər salınacaq. Azərbaycan dilli makinam vardı, orda yazırdım, sonra üzərində işləyirdim, ikinci dəfə yazmağa nə həvəs, nə vaxt var idi. Onda Azərbaycanda makina kağızı qıt idi. SSRİ Yazıçılar İttifaqının üzvü olanlara 500 ədəd verirdilər. Moskvada işləyirdim, təyyarə ilə qorxurdum göndərməyə ki, qəza-filan olar, bərpa edə bilmərəm, hər 10 gündən qatarla gedən bir adam tapıb ona verirdim, aparırdı Bakıya, makinada təzədən yığırdılar. Nə isə, əsəri bitirdim, Bakıya gəldim ki, stolun üstündə nə hündürlüyündə kağız. Onda da əsərlər 4 nüsxədə yazılmalıydı. Məlum oldu ki, 1000 səhifədən çoxdur. Hesabladım, gördüm 50 çap vərəqi eləyir. Axı planda 28-dir... 22 çap vərəqi artıq yazmışam... Onda qohumlarıma, dostlarıma heç nə demədən getdim Daniel Quliyevin yanına. Daniellə universitetdə bir yerdə oxumuşduq, o zaman o, Ali Partiya Məktəbində işləyirdi. Oranın yataqxanasında mənə ayrıca bir otaq verdi və mən o otaqdan 10 gün çıxmadım. Oxumaq, 4 nüsxədə düzəlişlər etmək lazım idi. Bitirdim, gəldim nəşriyyata Əjdər Xanbabayevə dedim ki, az qalıb, bugünlərdə gətirəcəm. Soruşdum ki, Əjdər müəllim, 28-ə neçə əlavə edə bilərsiz, əsər bir az artıq çıxıb. Dedi, mənim haqqım var, 1 çap vərəqi artıram. Dedi, niyə soruşursan, nə qədər çıxıb ki? Bildim, 50 desəm, deyər, məni ələ salmısan – müqavilədə 28, səndə 50? Dedim, 39... Dedi, bunu mən həll edə bilmərəm, gərək Mətbuat Komitəsi deyə. Orda dedilər, Mərkəzi Komitəsiz heç nə edə bilmərik.

unnamed (1).jpg (59 KB)

- Neçənci il idi?

- 1984-cü il. Getdim Mərkəzi Komitəyə, təbliğat-təşfiqat şöbəsinin müdiri Əfrand Daşdəmirovun yanına. Ona qədər də “Literaturnaya qazeta”da Əfrand Daşdəmirovla Mirzə İbrahimovun polemikası olmuşdu, orda Əfrand müəllim əsərin rusca versiyasını “Fatalnıy Fathi”ni tərifləmişdi. Vəziyyəti danışdım, dedi, narahat olma, Mətbuat Komitəsinə göstəriş verdi, 39 çap vərəqi təsdiq olundu. Bu işi həll elədim. Amma əsər 50-di axı... 11 çap vərəqi yenə ixtisar eləməliyəm. İndiki zaman deyildi ki, kompüterdə düzəliş edəsən, özü hesablasın... Hər səhifədə 3 cümlə, 5 cümlə, hər şey gözəyarı... Apardım nəşriyyata. 1 ay sonra Əjdər müəllim zəng elədi Moskvaya ki, 44 çap vərəqi çıxıb, neynəyək? Dedim, daha mən heç nə ixtisar edə bilmərəm. Dedi onda, çap edək, amma sənə 39 çap vərəqinin qonorarını verək. Əlbəttə, razılaşdım. Onda da qayda beləydi - əsərin siqnal nüsxəsi senzuraya göndərilirdi, orda müsbət rəy olandan sonra satış başlayırdı. Bir gün Bakıdan yenə Əjdər müəllim zəng elədi - 1 aydır senzor saxlayıb, nə hə deyir, nə yox. Özün gəlməsən, həll olan deyil. Uçdum Bakıya.

(ardı var)
Aygün Muradxanlı,
Moskva-Bakı

unnamed.jpg (67 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR