İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmiyyət 2019-dan niyə qorxur…

1378 22.12.2018 08:20 Sosial A A

Natiq Cəfərli: “Dekabr-mart aylarında bahalaşma həm tələbatın artması, həm bayramqabağı hazırlıqlar, həm də yerli istehsalın kəskin azalması ilə bağlı olur”

Daha bir ili arxada qoymaq üzrəyik, ilin son ongünlüyünü yaşayırıq. Yeni ilin hansı sürprizlərlə gələcəyi, ölkənin, əhalinin sosial-iqtisadi həyatında hansı dəyişikliklərin olacağı hamını düşündürür, hamıda gözləntilər yaradır. Bu gözləntilərin bəziləri müsbət, bəziləri isə mənfi çalarları ilə seçilir.

Bu ildən əsası qoyulan bir sıra proseslər var ki, 2019-cu ildən etibarən xeyli sayda insanların iş həyatında dəyişikliklərə gətirib çıxaracaq. Söhbət əmək haqqından gəlir vergisinin ödənilməsi ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklərdən gedir. Belə ki, dəyişikliklərə əsasən əmək haqqı 8 min manata qədər olan şəxslər 7 il müddətinə gəlir vergisi ödəməkdən azad olunurlar. Rəsmi açıqlamalara görə, dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla, yalnız qeyri-dövlət sektorunda çalışan 500 mindən çox adam bu vergi güzəştlərindən faydalana biləcək və yeddi il onlar əməknhaqqıdan gəlir vergisi ödəməyəcəklər. Eyni zamanda sahibkarların işçilərə görə əmək haqqından sosial sığorta ödənişi azaldılaraq, 22 faizdən 15 faizə endirilir.

Bundan əlavə, mikrosahibkarlıq subyektləri üçün Vergi Məcəlləsində bir sıra güzəştlər nəzərdə tutulur. Düzdür, hələ ki, Nazirlər Kabineti bu sahibkarlıq subyektləri üçün kriteriyaları müəyyənləşdirməyib, amma gözlənilir ki, ölkə sahibkarları arasında bu qismə aid edilənlər çox olacaq.

Bütün bunlarla yanaşı, Vergi Məcəlləsində aparılan dəyişikliklərdən məyus olanlar da az deyil. Belə ki, məcəllədə bir sıra qanun pozuntularına görə maliyyə sanksiyalarının həcmi xeyli artırılır. Məsələn, dəyişikliklərə görə, sabit vergi ödəyiciləri qəbz verməməyə və ya qəbzdə aşağı məbləğ göstərməyə görə, təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə 1000 manat (hazırda 400 manat), ikinci dəfə yol verdikdə 3000 manat (hazırda 800 manat), üç və daha çox dəfə yol verdikdə isə 8000 min manat (hazırda 1200 manat) maliyyə sanksiyası ödəməli olacaqlar. Məcəllədə bundan başqa da xeyli istiqamətlər üzrə maliyyə sanksiyalarının artırılması nəzərdə tutulur.

İqtisadçı-ekspert Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, hökumətin qəbul etdiyi qərarlar yeni ildən bir neçə istiqamət üzrə bahalaşmaya da səbəb ola bilər: “Yanvarın 1-dən ölkədə aksiz vergilərinin kəskin artırılması ilə bağlı qərar qüvvəyə minəcək. Bu isə həm avtomobillərin, həm də tütün məmulatları və alkoqollu içkilərin qiymətində ciddi artımlara gətirib çıxaracaq. Bildiyiniz kimi, Azərbaycanda yerli alkoqollu içkilər, xüsusilə də araq istehsalının böyük bir hissəsi xaricdən, əsasən də Ukraynadan gətirilən xammal hesabına həyata keçirilir. Yeni ildən spirt idxalına aksiz vergisinin artırılması yerli araqların qiymətində xeyli bahalaşmaya səbəb olacaq”.

Ekspert bildirir ki, birbaşa dövlət tərəfindən tənzimlənən məhsullar üzrə qiymət artımı insanların həyatına daha çox təsir göstərir: “Çünki gündəlik tələbat mallarına, xərclərin böyük bir hissəsinə aiddir. Hələlik rəsmi şəkildə hansısa məhsulun qiymətinin qaldırılacağı açıqlanmayıb. Lakin bəzi məhsullar üzrə belə gözləntilər var. Bu, xüsusilə də dizel yanacağı ilə bağlıdır. Uzun zamandır ölkədə dizel yanacağı ilə Aİ92 markalı benzinin qiyməti arasında qiymət fərqi yüksək olaraq qalır. Dünyada belə ciddi fərqin olduğu ölkələr nadir olur: 90 qəpik Aİ92 markalı benzinin qiymətidir, 60 qəpik  isə dizel yanacağının. Bu fərqin azaldılması istiqamətində müəyyən addımların atılması gözləniləndir. Digər tərəfdən, nəqliyyatda gediş haqlarının artırılması da gündəmə gətirilə bilər. Çünki Bakı Metropoliteni yenidən açıqlama verdi ki, gediş haqqı maya dəyərindən aşağıdır, zərərlə işləyir. Digər tərəfdən, yeni ildən idxal olunacaq avtobuslar üzrə aksiz vergisi artırılır. Bu da onların qiymətinin artmasına səbəb olacaq ki, bu da nəqliyyatda gediş haqqının qaldırılmasına gətirib çıxara bilər”.

N.Cəfərlinin sözlərinə görə, dövlət tərəfindən tənzimlənməyən məhsullar, xüsusilə də ərzaq məhsullarının qiymətində də müəyyən artımlar qaçılmazdır: “Azərbaycanda pis bir ənənə formalaşıb ki, Yeni il öncəsi - hətta dekabrın ortalarından başlayaraq mart ayınadək ölkədə ərzaq məhsullarının qiymətləri artırılır. Bu, həm tələbatın artması, həm bayramqabağı hazırlıqlar, həm də yerli istehsalın kəskin azalması ilə bağlı olur. Təxminən noyabrın sonundan yerli kənd təsərrüfatı məhsulları bazarda kəskin azalır, bu proses hardasa aprel ayınadək davam edir. Həmin müddətdə isə bazarda əsasən idxal məhsulları satılır. Bu isə qiymətlərin artmasına  gətirib çıxarır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR