İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavanşir Feyziyev: “Beynəlxalq platformaları rəqiblərimizin ixtiyarına verə bilmərik”

1078 24.01.2019 08:25 Müsahibə A A

“Həm Avropa İttifaqı, həm Azərbaycan tərəfi bu müqavilə üzərində böyük həvəslə işləyir və hər iki tərəf qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır”

Ötən həftə Avropa Parlamenti Bakını insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına görə tənqid edən “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnaməni qəbul etdi. Bu həftə isə həbsdəki blogerin müraciətindən sonra Azərbaycan prezidenti onun işini öz nəzarətinə götürdü və dövlət başçısının tövsiyəsindən sonra Mehman Hüseynov haqqında cinayət işinə xitam verildi, tərəflər isə barışdılar.

Bundan dərhal sonra Avropa Parlamentinin Cənubi Qafqazla əməkdaşlıq üzrə nümayəndə heyətinin rəhbəri Sacad Kərim qərarı alqışladığını bildirdi. Bəs bundan sonra Avropa İttifaqı, Avropa Parlamenti ilə münasibətlərin perspektivləri barədə nə demək olar? Bu mövzu ilə bağlı danışmaq istədiyimiz Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev hazırda Böyük Britaniyada olduğunu söylədi və elə “Yeni Müsavat”ın suallarını Avropadan  cavablandırdı.

- Cavanşir bəy, Böyük Britaniyaya səfəriniz nə ilə əlaqədardır?

- Səfərdə məqsəd Böyük Britaniyada 20 Yanvar faciəsi ilə əlaqədar təşkil olunmuş tədbirlərdə iştirak etmək və eləcə də qarşılıqlı əməkdaşlığımıza dair britaniyalı həmkarlarımızla fikir mübadiləsini davam etdirməkdir. Daha sonra Brüsselə səfər edəcəyəm və Avropa Parlamentində həmkarlarımla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin  növbəti rəsmi iclasının gündəliyi üzərində işləyəcəyik.

- Yaxın günlərdə birgə iclas gözlənilirmi?

- Yox. Avropa-İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin növbəti iclası fevral ayı üçün planlaşdırılır.

- Prezident İlham Əliyevin bloger Mehman Hüseynovla bağlı mövqeyi Avropa Parlamentinin rəhbərliyi tərəfindən alqışlandı. Bundan sonra Avropa İttifaqı  və Azərbaycan arasındakı gərginliyin geridə qaldığını deyə bilərikmi?

- Ümumiyyətlə, Avropa Parlamentində Mehman Hüseynovun işi ilə bağlı müzakirələrin Azərbaycan və Avropa İttifaqı arasında hər hansı gərginlik yaratdığını düşünmürəm. Həmin müzakirələrdə iştirak edən Avropa komissarı da öz çıxışında bildirdi ki, Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında çox faydalı dialoq var və onlar bu, qarşılıqlı əməkdaşlıqdan razıdırlar. Azərbaycan hökuməti, cənab prezident tərəfindən atılan bu addımı bir növ Avropa İttifaqı komissarının razılığına qarşılıq jesti kimi dəyərləndirmək olar. Ümumiyyətlə, Mehman Hüseynovla bağlı müzakirələrdə iştirak edənlərin və bu məsələ ilə əlaqədar Azərbaycana qarşı çıxışlar edənlərin niyyəti, məqsədi heç də Mehman Hüseynovun azad olunması deyildi. Əslində onlar növbəti dəfə Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq məqsədi daşıyırdı. Çox şadam ki, bu imkan Azərbaycana qarşı davamlı çıxış edən qüvvələrin əlindən alındı.

- Hazırda Azərbaycan-Avropa İttifaqı arasındakı sazişin imzalanması üzərində də iş aparılırmı və sizin həmsədr olduğunuz komitə bu işdə nə dərəcədə iştirak edir?

- Parlament əməkdaşlıq komitəsinin növbəti iclası Avropa İttifaqı-Azərbaycan arasında üzərində iş aparılan hərtərəfli əməkdaşlıq müqaviləsinin imzalanmasının gözlənildiyi ilə təsadüf edir. Sözsüz ki, budəfəki iclasımızda da Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri və imkanları barədə fikir mübadiləsi aparılacaq.

“Azərbaycan beynəlxalq arenada həm Gürcüstandan, həm də Ukraynadan fərqli siyasət yürütməkdədir”

- Bəzi dairələr çalışırdılar ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri pozulsun. Elə Avropa Parlamentinin qəbul etdiyi qətnaməni bu cəhdlərdən biri sayanlar da var. Mümkündürmü ki, həmin qüvvələr Azərbaycanın aparıcı Qərb təsisatı ilə əməkdaşlığının qarşısını kəsmək üçün yenidən hərəkətə keçsinlər?

- Sözsüz. Yeri gəldi-gəlmədi, Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələr hər zaman hər hansı bir bəhanə axtarırlar ki, Azərbaycanın beynəlxalq imicini zədələsinlər və Avropa İttifaqı ilə Azərbaycan arasında bu il imzalanması nəzərdə tutulan hərtərəfli əməkdaşlıq müqaviləsini əngəlləsinlər. Lakin Azərbaycan dövlətinin apardığı siyasət və Avropa İttifaqının Azərbaycana adekvat cavabı, obyektiv münasibəti bu kimi təxribatların qarşısını alır və gələcəkdə də belə təxribatlar olacaqsa, qarşısı alınacaq.

- Avropadakı təmaslarınız zamanı nə kimi təşəbbüsləri, təklifləri eşidirsiniz? Deyək ki, Mehman Hüseynovun ardınca digər adları Avropa qurumlarında hallanan, azadlığa çıxması istənilən şəxslərlə bağlı analoji qərarların verilməsi istənilirmi?

- Mən Avropa mətbuat orqanlarına verdiyim müsahibələrdə də bunu bildirmişəm, hər hansı bir şəxsin hansısa məsuliyyətdən azad edilməsi Avropa Parlamentinin və yaxud hansısa başqa ölkənin parlamentinin məsuliyyəti deyil. Əgər biz qanunun aliliyindən danışırıqsa, bu kimi qərarlar yalnız məhkəmələrdə verilə bilər və məhkəmələrdə də verilməlidir. Siyasi qətnamələr bu cür məsələləri həll etmir. Xüsusilə biləndə ki, bu məsələ ətrafında məqsədli olaraq Azərbaycan əleyhinə əks-təbliğat aparılır, o zaman ölkəmiz içərisində olan müxalif qüvvələr də bunu dərk edərək, hər bir məsələnin öz yerində həllinə üstünlük verməlidirlər. Sizin nəzərdə tutduğunuz insanların əfv olunması, yaxud onların işinə yenidən baxılması məsələsinə gəldikdə, bu, prezidentin və məhkəmə orqanlarının səlahiyyətində olan məsələdir, siyasi institutların məsələsi deyil. Dünyada çoxsaylı siyasi institutlar var, hər bir təşkilat istədiyi təklifi səsləndirə bilər, amma qanuni dövlət orqanlarından nəyisə qeyri-qanuni yolla etməyi tələb edə bilməz!

“Hər hansı fikir ayrılıqları meydana gəldikdə belə, biz bu fikir ayrılıqlarını əməkdaşlıq yolu ilə çözməkdə qərarlıyıq”

- Azərbaycan əleyhinə qəbul olunmuş qətnaməyə səs verən deputatlarla təmaslarınız oldumu? Maraqlıdır, onlar indiki halda ölkəmiz haqda nə düşünür, nə deyirlər?

- Məsələ ondadır ki, bu debatları təşkil edib orada çıxışlar edən həmin şəxslər bir qayda olaraq bizimlə təmasdan qaçırlar. Bu, təkcə indi deyil. Ümumiyyətlə, bütün illər ərzində biz onlarla görüşməyə və onların motivasiyasını anlamağa çalışmışıq. Lakin onlar hər dəfə müxtəlif bəhanələrlə bu görüşlərdən imtina edirlər, bizimlə görüşmək istəmirlər. Bu da onu göstərir ki, həmin deputatların konkret tapşırıqları var. Onlar bütün fəaliyyətini ancaq və ancaq Azərbaycanın təftiş və tənqid edilməsi, Azərbaycanın imicinin zədələnməsi üzərində qurublar. Odur ki, onlar bizimlə görüşlərdən imtina edir, çünki deyəcək sözləri yoxdur. Biz həmişə narazılığı olan hər bir parlament üzvünü görüşməyə, müzakirələr aparmağa çağırmışıq və onları Azərbaycana, yerində real vəziyyətlə tanış olmağa dəvət etmişik. Lakin onlar bu imkanlardan məqsədli olaraq istifadə etmək istəmirlər.

- Bu günlərdə deputat həmkarınız Zahid Oruc bildirib ki, Avropa Parlamentinin qətnaməsinin qəbulunda ABŞ və Fransanın kəşfiyyat şəbəkəsinin əli olub. Siz bu yanaşma barədə nə deyə bilərsiniz?

- Sözsüz ki, xaricdə Azərbaycan əleyhinə işləyən, hər zaman ölkəmizin beynəlxalq nüfuzunun aşağı salınmasına çalışan qüvvələr var. Amma nə etmək olar? Biz ölkəmizin bütün sivil dünyaya açıq olduğunu, Azərbaycanda aparılan islahatların mahiyyətini beynəlxalq aləmə göstərməyə hazırıq. Bunu hər zaman bəyan etmişik və həmişə dəvət etmişik ki, şübhəsi olanlar ölkəmizə səfər etsinlər. Çoxsaylı misallar gətirə bilərəm ki, əvvəllər həmin qüvvələrə qoşulmuş, anti-Azərbaycan qüvvələrə səmimiyyətlə inanıb Azərbaycanı təhdid edən bəzi Avropa Parlamenti üzvləri ölkəmizə səfər etdikdən sonra reallığın, həqiqətin tamam başqa olduğunu dərk edərək artıq o yoldan çəkiniblər.

- Ötən illərdə də Avropa Parlamenti ilə Azərbaycan arasında gərginlik yaranmışdı. O zaman hətta Avronest təşkilatından imtina məsələsi gündəmə gəlmişdi. Amma Avropa parlamentarları Bakıya səfər edib prezidentlə görüşdükdən sonra mövqe dəyişikliyi oldu, yenidən “əməkdaşlığa davam” deyildi. Bəs bu dəfə vəziyyət necə olacaq? 

- Bu dəfə də fərqli heç nə olmayacaq. Bizim münasibətlərimiz çox yüksək səviyyədə davam etməkdədir və biz öz işimizlə məşğuluq.

- Bu dəfə də Avropa Parlamentindən Bakıya nümayəndə heyətinin gəlməsi gözlənilirmi?

- Bu məsələ ilə əlaqədar heç kim Azərbaycana səfər etməyi planlaşdırmır. Hazırda bütün diqqət Avropa İttifaqı-Azərbaycan arasında hərtərəfli əməkdaşlıq müqaviləsinin hazırlanmasına yönəlib. Həm Avropa İttifaqı, həm Azərbaycan tərəfi bu müqavilə üzərində böyük həvəslə işləyir və hər iki tərəf qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdırlar.

- Amma həm Gürcüstan, həm Ukraynanın Qərb təsisatları ilə əməkdaşlığının intensivləşdiyi illərdə hər iki postsovet ölkəsinə qarşı Rusiyanın sərt planları işə düşdü, hətta bu münasibət müharibələrə, ərazi itkilərinə qədər apardı. Bu mənada Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı şimal qonşumuzun sürpriz addımları ola bilərmi?

- Mən bunu gözləmirəm. Çünki Azərbaycan beynəlxalq arenada həm Gürcüstan, həm də Ukraynadan fərqli siyasət yürütməkdədir. Azərbaycanın apardığı xarici siyasətin bütün konturları dəqiqliklə ölçülüb-biçilib. Bizim Avropa ilə əməkdaşlığımız heç bir üçüncü ölkənin maraqları əleyhinə yönəlməyib. Azərbaycan həm regiondakı qonşu dövlətlərlə, həm də Avropa ölkələri ilə bərabərhüquqlu, hərtərəfli faydalı əməkdaşlıq etmək siyasəti yürüdür. Bu baxımdan sizin nəzərdə tutduğunuz region gücləri də narahat deyillər, çünki bizim Avropa ilə əməkdaşlığımız onların əleyhinə yönəlməyib. Bu əməkdaşlıq yalnız və yalnız Azərbaycan xalqının və Avropa təsisatlarının mənafeyinə xidmət edir.

- Azərbaycan prezidenti bəyan etmişdi ki, Avropa İttifaqı ilə əməkdaşlıqda ölkəmizin ərazi bütövlüyünün tanınması önəmli şərtdir. Bir müddət əvvəl Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı da qətnamə qəbul etmişdi. Beynəlxalq təşkilatlar bu istiqamətdə hansı addımlar atmağı nəzərdə tutur?

- Sözsüz, Azərbaycanın təkcə Avropa İttifaqı ilə deyil, dünya siyasi xəritəsində mövcud olan istənilən dövlətlə əməkdaşlığı ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı şərtindən keçir. Eləcə də Avropa İttifaqı ilə hazırlanan hərtərəfli əməkdaşlıq müqaviləsinin başlanğıc şərti məhz budur. Avropa İttifaqı da bunu Azərbaycanla imzaladığı “Tərəfdaşlıq prioritetləri” adlı sənədində ifadə edib. Bu mövqe keçən ilin dekabrında Avropa Parlamentinin qətnaməsində də bir daha öz təsdiqini tapıb. Eyni sənəddə, yəni Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı qətnamədə uzun illər erməni lobbiçilərinin və Ermənistan hakimiyyətinin spekulyasiya predmeti olan “xalqların öz müqəddəratını təyinetmə” hüququ kimi ikibaşlı, ikimənalı ifadə artıq yer almayıb. Bu isə onu göstərir ki, Avropa İttifaqı birmənalı şəkildə bu ziddiyyəti aradan qaldırmaq və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə qərarlıdır.

- Hazırda AŞ PA-nın qış sessiyası davam edir. Sessiyanın ilk günü Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən qurumun vitse-prezidenti seçildi. Həmçinin Avropa Şurasının baş katibi Torbyorn Yaqland Mehman Hüseynovla bağlı qərarı alqışladığını bildirdi. İlk baxışda münasibətlər normal görünür. Bəs ümumən AŞ PA-dan Azərbaycanla bağlı sürpriz qərarlar gözləmək olarmı?

- Hörmətli Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətimiz artıq bir neçə gündür ki, AŞ PA-nın qış sessiyasında iştirak edir. Sizin də dediyiniz kimi, Səməd Seyidov  növbəti dəfə AŞ PA-nın vitse-prezidenti seçilib. Ümumiyyətlə, AŞ PA çox geniş, əhatəli bir təşkilatdır, bu qurumla bizim əməkdaşlığımız faydalı və zəruridir. O səbəbdən hər hansı fikir ayrılıqları meydana gəldikdə belə, biz bu fikir ayrılıqlarını əməkdaşlıq yolu ilə çözməkdə qərarlıyıq. Hər hansı bir təşkilatdan, hər hansı bir beynəlxalq platformadan imtina edərək, biz həmin platformanı rəqiblərimizin ixtiyarına verə bilmərik.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

20170503_EP-052366B_DHO_001.jpg (3.67 MB)

PCC co-chairs may 2017.jpg (1.97 MB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR