İnsanlara hürriyət, millətlərə istiqlal!

BŞİH işçilərin bayram günlərində işlədilməsi məsələsinə aydınlıq gətirdi

1264 26.03.2019 12:07 Son xəbər A A

Qurum rəsmisi: “Bayram günlərində işləyənlərə əlavə istirahət və mükafat veriləcək”


Ötən gün sosial şəbəkələrdə Bakı Şəhər İcra Hakimiyyətində və tabeli qurumlarda çalışan şəxslərin martın 26-da qeyri-iş günündə işə çağırılmaları ilə bağlı məlumat yayılmışdı. Məlumatda işçilərin bayram günlərində əlavə ödəniş olunmadan işə çağırıldıqları qeyd olunurdu.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimovun Musavat.com-a verdiyi məlumata görə, Novruz bayramı ilə əlaqədar ölkədə elan olunmuş 7 qeyri-iş günləri ərzində Bakı Şəhər İcra Hakimiyyəti, onun struktur bölmələri, paytaxtın təsərrüfat və xidmət sahələrin işçiləri xüsusi iş rejimində çalışıblar: “Bildiyiniz kimi, bayram günlərində Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların təşkilatçılığı ilə paytaxtda və onun rayonlarında kütləvi bayram tədbirləri, müxtəlif konsert proqramları, bayram yarmarkaları təşkil olunmuş, bu il mərkəz yerlərlə yanaşı bir sıra qəsəbə və məhəllələrdə də bayram şənlikləri keçirilmişdir.

Bayram şənlikləri və kütləvi tədbirlərin təşkili, şəhərin sanitar təmizliyinin yüksək səviyyədə saxlanılması, istirahət günlərində sakinlərimiz və qonaqlarımızı narahat edə biləcək hər hansı neqativ halların qarşısının dərhal alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, aparatın məsul nümayəndələri, eyni zamanda paytaxt rayonlarının icra hakimiyyətlərinin aparatları, şəhərin təsərrüfat və digər xidmət sahələrinin işçiləri öz iş yerlərində birbaşa vəzifə borclarını yerinə yetirmişlər və bu təbii bir haldır. Novruz bayramı günlərində paytaxtdakı bütün tədbirlərin yüksək səviyyədə keçirilməsi təmin olunmuş, sakinlərimizi narahat edə biləcək problemlərin qarşısı alınmışdır”.

Mətbuat xidmətindən onu da bildiriblər ki, bayram günlərində iş yerində öz xidməti vəzifələrini həyata keçirən əməkdaşlara qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə istirahət günləri veriləcək və onların mükafatlandırılması məsələsinə baxılacaq.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR