İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük şair haqqında kiçik yazı

2199 29.05.2018 12:01 Ölkə A A


Elxan Süleymanovun Musa Yaqubla bağlı məqaləsi

 

Zəmanəmizin böyük şairi Musa Yaqub çox ağır xəstədir. Mən onu bu günlərdə növbəti dəfə ziyarət etdim və çox həyəcanlandım...

Mən Musa Yaqubu 1953-cü ildən bəri tanıyıram. Göyçay Pedoqoji Texnikumundan. O məndən iki kurs yuxarı oxuyurdu. Və elə o vaxtdan etibarən onunla dostluq edirik. Üstəlik, müəyyən fasilələrlə bir yerdə çalışmışıq. Musa müəllim uzun illərdən bəri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvü olan Söz Azadlığını Müdafiə Fondunun sədridir.

Yuxarıda qeyd etdiyim kimi, Musa Yaqub zəmanəmizin böyük şairidir. Bu barədə ədəbiyyatşünaslar, şairlər daha geniş, ətraflı mülahizələr yürüdə bilərlər. Mən sadə azərbaycanlı kimi. Həm də Musa Yaqub imzasının kəşf edilməsi prosesinin şahidi kimi danışa bilərəm.

Musa Yaqub, ilk şeirlərini Göyçay Pedaqoji Texnikumunda təhsil alarkən yazıb. Və ilk qələm təcrübələri texnikumun ədəbiyyat müəllimi, rəhmətlik İlyas Səfiyevin diqqətini cəlb edib. Bir gün texnikuma gələrkən bir elan gördük. Elanda yazılmışdı ki, 3-cü kurs tələbəsi Musa Yaqubun “Qalacıq” poemasının müzakirəsi olacaq. Musa Yaqub müzakirədə təxminən bir saata yaxın poemasını oxudu, müzakirələr keçirildi. Məhz həmin gün bugünki şair Musa Yaqub kəşf edildi.

O vaxt Göyçay Pedaqoji Texnikumunun çox güclü müəllim heyəti vardı. İlyas müəllim, Hacıağa müəllim, Məhəmmədəli müəllim, Emin müəllim, Böyükağa müəllim və başqalarını çox yaxşı xatırlayıram. Onlar mənim üçün və Göyçay Pedaqoji Texnikumunda oxuyan bütün tələbələr üçün hər zaman əvəzsiz insanlar olublar. Bax, elə həmin gündən, Musa Yaqub təkcə Göyçay Pedaqoji Texnikumunda deyil, bütün Göyçayda tanınan bir şairə çevrildi. İnsanlar Musa Yaqubu Göyçay küçələrində görəndə onu hörmətlə, ehtiramla salamlayırdılar.

O dövrdə Rayon Partiya Komitəsinin keçirdiyi bütün ictimai, rayon miqyaslı tədbirlərdə hər zaman Musa Yaqub rəyasət heyətlərində yer tuturdu. Ona söz verirdilər və o öz gözəl şeirləri ilə insanları valeh edirdi. O, qısa müddətdə Göyçayda çox böyük bir populyarlıq qazandı...

O da mənim kimi kasıb, yetim uşaqlardan biri idi. Bu da bizi daha çox bir-birimizə bağlayırdı. Göyçay Pedaqoji Texnikumunu bitirdikdən sonra biz bir müddət bir-birimizdən ayrıldıq, lakin sonra yenə bir araya gəldik və bir qədər əvvəl vurğuladığım kimi işbirliyimiz indiyə kimi davam edir.

Mən bu günlərdə onunla Buynuz kəndindəki evində görüşəndə qızı da ona xidmət edirdi. Mən ondan soruşdum ki, “sən bilirsənmi, dədən şair kimi ilk addımlarını Göyçayda atıb, ilk şeirlərini orada yazıb? Göyçay Pedoqoji Texnikumunun, xüsusilə İlyas müəllimin, Hacıağa müəllimin, ümumiyyətlə Göyçayın havasının, suyunun Musa Yaqub üçün böyük xidmətləri, tövhələri var”. Dedi əlbəttə, bilirəm Elxan müəllim, atamın Göyçay bardə o dövrdə yazdığı şeirləri mən saxlayıram, onlar hələ işıq üzü görməyib. Bilmirəm sizin xəbəriniz var ya yox, atamın ilk sevgisi də Göyçayda olub. Bu kitabın adını da atam ona görə “İnsafa gəlmədi o qız” qoyub. Bu məni çox xoşlandırdı. Ona görə yox ki, yerlipərəstəm. Ona görə ki, Musa Yaqubun o dövrdə həqiqətən Göyçayla sıx bağlılığı olub.

Musa Yaqub mənim gözümdə çox böyük şairdir. O, ona görə böyük şairdir ki, onu Azərbaycan xalqı sevir.

Mayın 25-də mən Şamaxıda Mirzə Ələkbər Sabir yaradıcılığına həsr edilmiş 8-ci Bədii Qiraət Müsabiqəsini keçirdim. Musa Yaqub 7 il müsiflər heyətinin sədri olub. Bu il münsiflər heyəti toplananda o artıq xəstə idi. Heyətdə iki tanınmış filologiya elmlər doktoru, tanınmış aktyor, yeddi il bundan qabaq təqaüdçü, müsabiqənin lauriyatı olmuş, indi isə universitet tələbəsi, şamaxılı Nəzrin var idi. Mən onlara dedim ki, qaliblərə sertifikatlar mütləq Musa Yaqubun imzası ilə verilməlidir. Ona görə ki, zaman gələcək mənim imzam unudula, xatırlanmaya bilər, ancaq Azərbaycanın böyük şairi Musa Yaqub heç vaxt unudulmayacaq, o ölməyəcək, yaşayacaq, onun əsərləri, şeirləri hər zaman xalqın ürəyində qalacaq, kitabları həmişə oxunacaq. Ona görə də biz şərti olaraq Musa Yaqubu münsiflər heyətində saxladıq. Mən salona müraciət edərək dedim ki, Sabir qiraət müsabiqəsinin laureatlarına verilən bu setifikatlar məhz Musa Yaqubun imzası ilə dəyərləndirilir. Bu çox böyük alqışlarla qarşılandı. Bu, şamaxılıların Sabirlə yanaşı Musa Yaquba olan sevgisi idi.

33835359_1521141808011452_4935669209884524544_n.jpg (374 KB)

Birgə fəaliyyətimiz zamanı müşahidələrim belə olub ki, Musa Yaqub doğrudan da əsl xalq şairidir. Musa Yaqubun böyüklüyü ondadır ki, o anadan olduğu, ayaqyalın gəzdiyi, böyüdüyü, kəndini, obasını heç vaxt unutmur. O, bu gün də Buynuz kəndində yaşayır. Mən deyərdim ki o, Azərbaycanın Şoloxovudur. Dünya şöhrətli yazıçı Şoloxov ölənə qədər öz kəndindən çıxmadığı kimi, Musa Yaqub da, istər millət vəkili olarkən, istər Bakıda Yazıçılar İttifaqının məsul vəzifələrində çalışdığı dövrlərdə də hər zaman Buynuz kəndi ilə bağlı olub, ömrünü öz kəndinə bağlayıb.

İki həftə əvvəl onu ziyarət edəndə Musa müəllimin əhvalının yaxşı olduğunu gördüm. Və oğlu Şəhriyardan telefonda mənimlə təlaşla danışmağının səbəbini soruşdum. Dedi ki, Elxan müəllim, mən indi atamı avtomobilə mindirdim, bütün bu dağların ətrafını, bulaqları, meşələri gəzdirdim, o yüksəklikdən kəndə, dağlara, meşələrə baxıb. Ondan sonra əhvalı düzəlib. Musa Yaqub öz kəndilə, doğulduğu yurdla, İsmayıllı ilə, Göyçay ilə, Azərbaycan torpağı ilə hər zaman fəxr edib, onun ürəyi onlarla doyünüb, şeirlərinin qəhrəmanları da özü qədər Azərbaycanı sevən insanlar olub.

Musa Yaqub indi xəstədir... Mən hesab edirəm ki, xalqımız heç vaxt öz sənət adamlarını, böyüklərini, ağsaqqallarını unutmur. Musa Yaqub da buna layiq şairlərdən biridir. Mən onun evini yaxın bir ayda üç dəfə ziyarət etmişəm. Heç vaxt onu tək görməmişəm. Hər zaman ətrafında övladları, nəvələri, kənd camaatı olub. Ona baş çəkirlər, böyük qayğı göstərirlər. Bu günlərdə dedilər ki, Xəzər televiziyası, musiqiçilər, müğənnilər, şair dostları gəlib ona baş çəkiblər.

Biz elə etməliyik ki, sonradan heç vaxt peşman olmayaq. Mən hesab edirəm ki, yaşlı nəslin nümayəndələrinə həmişə ehtiram, hörmət etmək lazımdır, bu bizim milli dəyərlərimizdir. Mən bugün Musa Yaqubun səhhəti ilə problemləri olan məqamda yalnız bir məsələdə təsəlli tapıram. Bu da odur ki, 1953-cü ildən bu günə qədər mən onunla dostum, qardaşım kimi, sonra isə Azərbaycanın böyük şairi kimi fəxr etmişəm. Özlüyümdə də, övladlarıma, yaxınlarıma, kollektivimin üzvlərinə həmişə demişəm ki, mən yaddan çıxacağam, mən adi insanam, şair Musa Yaqub isə əbədiyyata qovuşacaq insanlardan biridir. O bunlara layiq bir insandır. Şairlik Allah vergisidir. Bir insana ki Allah vergi, talant verir, demək, o müqəddəs insandır. Şair çox incədir, zərifdir, onun qəlbinə toxunmaq olmaz, şairi incitmək olmaz. Mən hər zaman belə düşünmüşəm və buna əməl etmişəm. Bu gün özümə təskinlik tapıram ki, onun üç böyük şeirlər toplusunun, kitablarının işıq üzü görməsini, bir neçə yubileyinin keçirilməsini böyük məmnuniyyətlə, həvəslə təmin etmişəm. Özü də hər dəfə icazəni Musa müəllimdən təkidlə xahiş edib almışam. Buna görə mən çox məmnunam. Mən çox böyük fəxr və qürur hissi keçirirəm ki, mənim dostum, qardaşım olan Musa Yaqub Azərbaycanın böyük şairidir.

33828463_1521145344677765_6513194260865482752_n.jpg (567 KB)

Düşünürəm ki, onu sevənlər çoxdur. Musa Yaqubun bu xəstə dövründə onunla görüşlərdə mən bir şeyi sezdim. O, tez-tez qızından soruşurdu ki, media, saytlar nə yazır? O indi xalqının, millətinin, oxucusunun ona verdiyi qiyməti bilmək istəyir. Bilmək istəyir ki onu xalq necə sevir, onun xəstə dövründə vəziyyətini izləyirlərmi? Qızı ona deyirdi ki, bütün saytlar yazır. Bir neçə saytdan yazılardan, sosial şəbəkələrdən sitatlar deyirdi. O, çox maraqla gözlərini qırpıb qulaq asır, bəzən gözləri yaşla, bəzən sevinclə, bəzən təbəssümlə dolur... Birdən əllərini dizinə vurub, başını yelləyir. Deyirdim əziz dost, sən nə üçün belə edirsən. Sən hələ yeni şeirlər yazacaqsan.

O zaman mənim yenə Göyçay Pedoqoji Texnikumu yadıma düşür. 1956-cı ildə, dərsdən çıxıb texnikumun yanında olan Sabir bağından keçib şəhərə getdiyim anları xatırladım. Bu o vaxt idi ki, Səməd Vurğun xəstə idi. O vaxt parklarda böyük reproduktorlar quraşdırılmışdı. Səhər 8-dən gecə saat 10-a kimi daim konsertlər, verilişlər, xəbərlər verilirdi. Hər gün radio Səməd Vurğunun səhhəti barədə mütəmadi olaraq məlumat verirdi, şairə həsr olunmuş verilişlər gedirdi. Musa Yaqubun bugün jurnalistlərin, oxucuların, vətəndaşların, qohumların, tanışların, şairlərin, sənət adamlarının və nəhayət hər bir azərbaycanlının onun vəziyyəti ilə necə maraqlanmasını izləməsi mənə bunu xatırlatdı. Düşünürəm ki, biz sənət adamlarına, şairlərə, böyüklərimizə, alimlərimizə qarşı həmişə diqqətli olmalıyıq, onlara haqq etdikləri dəyəri vermək bizim vətəndaşlıq borcumuzdur. Musa Yaqub da buna layiq olan şəxsiyyətlərdən biridir.

Musa öz şeirlərinin birində deyir “özünə öyrətmə məni”. Bu gün Musadan ayrılarkən mən bu sətirləri bir daha xatırladım...

Elxan Süleymanov,

Şamaxının millət vəkili 

28 may 2018-ci il

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR