İnsanlara hürriyət, millətlərə istiqlal!

“SİYASİ PARTİYA ARASINDA QAPALI MÜZAKİRƏLƏR OLACAQ”

4018 06.02.2013 09:23 Bizim qonaq A A

(əvvəli ötən sayımızda)

- Pənah bəy, belə bir versiya var ki, Azərbaycanı Rusiya qaynadır. Bu olaylarda, xüsusilə İsmayıllı hadisələrində Rusiya amili rol oynayırmı?

- Əlbəttə ki, xarici amil, xarici təsir mühüm rol oynayır. Dünya qloballaşır və proseslər yalnız daxili amillərlə cərəyan etmir. Bu iqtidarın, ümumiyyətlə, hakimiyyətə gəlməsində, 1993-cü ildə Elçibəy hakimiyyətinin devrilməsində, 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gətirilməsində beynəlxalq konsensus, xarici amil nə qədər mühüm rol oynadısa, əlbəttə, bu gün xarici amil və Rusiyanın da çox əhəmiyyətli rolu var. Məsələn, 7 fevralda ilk dəfə olaraq sosial şəbəkələr vasitəsilə Moskvada azərbaycanlıların aksiyası hazırlanır. Bu şüarlar İctimai Palatanın və digər müxalifət qüvvələrinin şüarlarıdır. Bu, çox ciddi məsələdir. Moskvada belə hadisəni müşahidə ediriksə və buna icazə də verilibsə, bu, sıradan məsələ deyil. Eyni zamanda təkcə Rusiya amili də deyil. Qərbdən, inkişaf etmiş demokratik düşərgədən də Azərbaycandakı rejimin dəyişikliyi ilə bağlı tələb, çağırışlar gəlməkdədir. Bu baxımdan klassik formulaya bir şeyi də əlavə etmək olar: aşağıların köhnə qaydalarla yaşaya bilməməsi və yuxarıların köhnə qayda ilə idarə edə bilməməsinə beynəlxalq ictimaiyyətin Azərbaycanda rejim dəyişikliyi tələblərini əlavə edəndə indiki situasiyanı başa düşmək olar. Yaxud regionda Azərbaycana təsir imkanlarına malik, amma bu rejimlə konfliktləri olan Rusiya və digər güclər də var. Faktiki olaraq biz inqilabi situasiyanın bütün şərtlərini müşahidə edirik. İlk dəfədir ki, 10 nəfər zabit siyasi bəyanatla çıxış edir. Yaxud iqtidar elitasında birinci şəxsə qarşı olmasa da, ən azı nüfuz və təsir gücləri arasındakı konfliktlər əhəmiyyətli şəkildə güclənib, artıq üzə çıxıb. Bizdə regional amilin proseslərdə nə qədər ciddi rol oynadığı məlumdur. Çox açıq şəkildə iqtidarın bazasında ciddi çatlar görünür. O baxımdan da xarici amil bəlkə də son çatışmayan dəyişikliyə təkan verəcək qüvvələrdən birinin rolunu oynaya bilər.

- Görünən budur ki, Rusiya sıxmaqda davam edir. Məntiqlə hakimiyyət öz taleyini və ölkənin gələcəyini düşünürsə, milli demokratik qüvvələrlə əməkdaşlıqda maraqlı olmalıdır. Rusiya hakimiyyətə qarşı təhdidlərini davam etdirərsə və ölkə iqtidarının marağı olarsa, düşərgə belə bir əməkdaşlığa gedərmi?

- Ənənəvi müxalifətin bu məsələdə seyrçi mövqe tutduğunu müşahidə etməmək mümkün deyil. Dediyiniz təhlükəyə qarşı siyasi müxalifətin sırasından gələn səs Sərdar Cəlaloğlunun səsidir ki, onu da ciddiyə almırlar və başqa şəkildə yozurlar. Burda elə mühüm məsələlər var ki, mən ona mətbuatda toxunmaq istəməzdim. Məsələn, aparıcı müxalifət liderlərinin “Milyarderlər ittifaqı” hadisəsinə münasibəti, Azərbaycan ziyalı elitasının bu məsələlərdə sərgilədiyi yeni mövqelər, hər halda, ciddi dəyişikliklərdən xəbər verir. Amma əgər bu proses Azərbaycanın real müstəqilliyi üçün şimaldan təhlükə həddinə gəlib çatacaqsa, əlbəttə, burada heç bir şübhə yoxdur ki, milli demokratik müxalifət hansı seçimi edəcək. Məncə, bu məsələlərdən nəticə çıxartmalı olan birinci subyekt Azərbaycan iqtidarıdır.

- Yəni əməkdaşlığı istisna etmirsiniz?

- Məncə, rejim birmənalı dəyişməlidir. Bu, şəxslər mənasında, siyasət mənasında da mümkündür. Dəfələrlə demişik ki, rejim dəyişməsə, onu dəyişəcəklər. Təəssüf ki, biz bunun birinci hissəsinə aid heç nə deyə bilmirik, heç nə müşahidə etmirik. Bunu xalq da görmür. O baxımdan hadisələrin inqilabi dəyişikliklər variantının ehtimalı getdikcə artır. Bunu gizlətməyin, ört-basdır etməyin də mənası yoxdur. Azərbaycanın ənənəvi müxalifətinin bu cür proseslərin qarşısını almaq məsuliyyəti və imkanı yoxdur. Burda məsuliyyət, imkan həlledici şəkildə iqtidarın üzərinə düşür. Ancaq seçim lazım gələcəksə, biz dəyişiklik strategiyasına uyğun hərəkət edəcəyik.

- İctimai Palatanın “Yol xəritəsi”ndə göstərilən müddəalar, prezidentə, hakimiyyətə təkliflər qüvvədə qalırmı?

- Bu, son ana qədər qüvvədə qalacaq.

- Son an nə zamandır?

- Dediyimiz hadisələr başlamayana qədər olan bütün dövrləri nəzərdə tuturam.

- Hələ də belə düşünənlər var ki, Rusiya ilə Azərbaycan arasındakı gərginlik əslində pərdəarxası oyunun tərkib hissəsidir və hakimiyyətin seçki ilində Qərbdən dəstək qazanması üçün düşünülüb. Ancaq Ramazan Abdulatipovu Dağıstana rəhbər gətirilməsini əsas götürüb əksini iddia edənlər də var. Siz bu versiyaların hansına üstünlük verirsiniz?

- Mən nə Rusiya faktorunun əhəmiyyətini azaltmaq istəyirəm, nə də bütün diqqətin bu məsələyə yönəlməsinin tərəfdarı deyiləm. Variantlardan birini, ən qorxulu ssenariləri istisna etmirəm. Həqiqətən də Suriyada baş verən hadisələr, İrandakı gözləntilər artıq açıq-aydın Rusiyanın sərhədlərinə yaxınlaşır. Rusiyada Rusiya sərhədini təkcə Dağıstanda görməyən qüvvələr kifayət qədərdir. Prinsip etibarilə hər cür hadisə ola bilər. Mən “Yeni Müsavat” qəzetinin dekabr saylarının birində şimaldan təhlükə haqqında eksklüziv manşet yazısını xatırlayıram. İndi bir çox şəxslərin dedikləri o vaxt yazılmışdı.

- Hakimiyyət dəyişikliyində “Milyarderlər ittifaqı” amili nə dərəcədə rol oynaya bilər?

- Siz yenə bizim daxili müzakirələrimizdə xidməti istifadə üçün hazırladığımız mövzulara toxunursunuz. Açığı, biz bu barədə bütün düşündüklərimizi demirik. Amma prinsip etibarilə necə ki, Qərb və Rusiya arasında müəyyən konsensus olmuşdu. Bir variantda yeni bir konsensusun olması barədə işlərin aparıldığına dair bəzi məlumatlar gəlib çatır. Əgər Azərbaycan qlobal qarşıdurmanın səhnəsinin bir hissəsi olacaqsa, əlbəttə ki, çox təhlükəli vəziyyətdən danışmaq mümkündür. Biz o vəziyyətə də hazırlaşmağa çalışırıq. Biz çox tez-tez təhlükə sözünü işlədirik. Ən azı İctimai Palatadakı qüvvələrin mövqeyini ifadə edə bilərəm ki, hər hansı bir vahimə, xof yoxdur. Biz hadisələrin ən dramatik inkişaf situasiyalarına da öz hazırlıqlarımızı davam etdirəcəyik.

- Nəyi nəzərdə tutursunuz?

- Məsələn, Azərbaycana hərbi müdaxilədən tutmuş daxili inqilabi proseslərin başlamasınadək.

- Əgər Gürcüstandakı kimi, Azərbaycana da hərbi müdaxilə olarsa, müxalifət nə edəcək?

- Əlbəttə ki, Azərbaycan vətəndaşı olaraq biz işğala qarşı əlimizə silah almaqdan tutmuş hər şeyə hazırıq. Belə bir planlar cızmağa çalışanlar varsa, bunu mütləq bilməliyik.

- Belə variant realdırmı?

- Mən bu cür variantları istisna etmirəm.

- Yanvar olayları göstərdi ki, hətta müxalifət üçün də baş verənlər gözlənilməz oldu...

- (Sualı kəsir) Mən sizinlə razı deyiləm. Elə sizin qəzetdə bizim müsahibələrimiz, şərhlərimiz gedirdi, bu hadisələr gözlənilirdi.

- Ancaq bu da var ki, son illərin təcrübəsindən görürük ki, yanvar ayı siyasi olaylar baxımından bu qədər qaynar keçməmişdi. Adətən sizin məşhur ifadənizdən, “yaz hücumu”ndan danışılırdı. Bu dəfə proseslər tez başladı. Müxalifətin bilavasitə iştirakı olmadan “Binə”, İsmayıllı hadisələri, əsgər ölümü ilə bağlı aksiyalar keçirildi.

- (Yenə müdaxilə edir) Əgər iqtidar siyasi texnoloqları varsa, onların diqqətinə bir məsələni çatdırmaq istərdim. Məsələn, “Binə”, Sədərək kimi on minlərlə insanın cəmləşdiyi bir müəssisələrdə heç də hər şey təsadüfən və müəyyən ideoloji, psixoloji və təşkilati mövcudluq olmadan baş verə bilməz. Bəzən deyirlər ticarətçilər ən passiv, qorxaq bir hissədir. Dünyada, xüsusən Şərqdə bazar həmişə bu cür dəyişikliklərin mərkəzi olub. O cümlədən ticarətçilər arasında da hansı təşkilatlanmaların olduğunu heç vaxt nəzərdən qaçırmaq olmaz. Söhbət təkcə siyasi müxalifətdən getmir. Bunu da sözgəlişi dedim...

- Sualımı davam edim. Müxalifət üçün xüsusilə də seçki ilində bu proseslərin arxasında dayanmaq həm də zərərli hal ola bilər. Bu mənada təşəbbüsü ələ almaq üçün qarşıdakı aylarda nələr düşünülür?

- Müxalifətin bir hissəsi çox ciddi şəkildə prezident seçkilərinə hazırlaşır. Bilirsiniz ki, mən Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyən düşərgəyə daxiləm. Məsələ “qutudan kim çıxacaq” kimi şərhlər olur, bu cür sadə və bəsit deyil. Seçkilərdə iştiraka ölkədəki real demokratik dəyişikliklər və rejim dəyişiklikləri üçün, o cümlədən demokratik seçki mühitinin yaradılması üçün ən əlverişli variant formalarından biri kimi baxırıq. Bunu bəziləri qəsdən, yaxud doğrudan anlamayaraq başqa cür yozurlar. Bütün ölkə üzrə təşkilatlanma, cəmiyyətin psixoloji cəhətdən buna hazırlanması prosesi gedir, bu, görünməyə bilər. İdeoloji cəhətdən bu istiqamətdə iş gedir. O baxımdan hadisələrin arxasınca demək... Bunlar müvəqqəti epizodlardır. Bəzən hadisələr həqiqətən elə sürətlə inkişaf edir ki, hətta ən mütəşəkkil siyasi qüvvələr də geridə qalır. Amma sonda həmin mütəşəkkil qüvvələr öz sözünü deyir. Ümumiyyətlə, bu cür qüvvələr olmadan, yaxud prosesin özündə bu cür təşkilatlanma işi aparılmadan bu proseslərin qələbə çalması da mümkün deyil. Əlbəttə ki, problemlər çoxdur. Amma artıq hamının zəhləsini tökmüş “demokratik qüvvələrin birliyi yoxdur”, “vahid namizəd olmasa, heç nə olmayacaq” kimi məsələlərə inananların sayı getdikcə azalır, bu cür məsələlər öz aktuallığını itirir. Hazırda bizim aparıcı şüarımız 5-6 partiya sədrinin bir masa arxasında əyləşib nəyisə müzakirə edib qəbul etdiyi qərardan daha çox, mövcud real qüvvələrin cəmiyyətin hərəkətə gətirilən hissəsi ilə birliyini nəzərdə tutur. Demokratik qüvvələrin birliyi əslində real siyasi qüvvələrin, real ictimai-siyasi təsisatların, vətəndaş cəmiyyəti və başqa təsisatların artıq fəallaşmış xalq kütlələri ilə birləşməsindən keçir. Yoxsa hansısa yerdə 5-6 nəfərin bir araya gəlməsindən yox. Hərçənd ki, mən onu da əhəmiyyətsiz saymıram. Lakin hər şeyi ona bağlamaq və bəzilərinin “biz gəlib o masanın arxasında əyləşməsək, artıq birlik yoxdur” kimi mövqeyi cəmiyyətə təqdim etmək qeyri-ciddidir.

- İsa Qəmbərin Lənkəran səfərinin qarşısı növbəti dəfə alınandan sonra AXCP sədri Əli Kərimli vəziyyəti şərh edərkən belə vəziyyətdə seçkilərdə iştirakın mənasının qalmadığına işarə vurmuşdu. Seçkiyə münasibətdə fərqli yanaşmalar barədə nə demək olar?

- Seçkiyə qatılmaq biz tərəfdən rejim, demokratik dəyişiklik üçün və konkret demokratik seçki mühitinin yaradılması üçün ən əlverişli fəaliyyət forması kimi baxılır. Məqsəd budur. Sonuna çatacaqsa, o prosesdə seçkiləri də udmaq mümkündür. Digər variantda isə istər seçkilərə qədər, istər seçki dönəmində cəmiyyətdə ciddi dəyişiklikləri labüd edəcək bir hal, situasiya yaratmaq da mümkündür.

- Müxalifət bu seçkilərə vaxtilə dəbdə olan ifadə ilə desək, son şans kimi baxırmı?

- Bu son şans məsələsini kənara atmaq lazımdır. Biz bir mərhələnin içərisindəyik. 2013-cü il bu mərhələnin açılımı olacaq şanslardan biridir. Amma ona qədər də ola bilər, ondan sonra da.

- Dövlət başçısının sədrliyi ilə 2015-ci il Avropa Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı toplantı 2013 seçkisinin taleyinin həll olunduğu mesajı sayıla bilərmi?

- Hakimiyyət də bir qüvvədir və onlar da öz mesajlarını cəmiyyətə verməyə, prosesləri yönləndirməyə, maraq və mənafelərinə uyğun şəkildə davranmağa çalışırlar. Amma mən o müşavirəyə əvvəldən-axıra baxdım. Maraqlı bir müşavirə idi. Guya ölkədə heç nə yoxdur və seçkilər də narahatçılıq yaratmır, 2015-ə də hazırlaşırıq, mesajı aydındır. Bu, məsələnin mənimçün maraqlı olmayan tərəfidir.

- Son günlər Sərdar Cəlaloğlu Müsavat başqanını gündəmi dəyişməkdə ittiham etdi. Cəmiyyətin gözlədiyi müxalifətin bir arada olmasıdır, nəinki belə qarşılıqlı ittihamları. Bu sahədə nə gözlənilir, bilmədiyimiz proseslər gedirmi?

- Müxtəlif təkliflər var. Məsələn, dünənə qədər bir-birini çox ittiham edən - adlarını deməyəcəyəm - iki siyasi partiya arasında müəyyən məsləhətləşmələrin getməsi haqqında maraqlı məlumatlar var. Çox böyük ehtimalla bu həftə ciddi bir qapalı müzakirə olsun. Bu, yeni formatlaşma ilə bağlı ortaya atılan təkliflər barədə bəlkə də sonuncu cəhdlərdən biridir. Əsasən Eldar Namazovun təşkilatçılığı ilə gedən yeni hərəkat yaranandan sonra ola bilsin maraqlı situasiya ortaya çıxsın. Biz düşündüklərimizdən tamam fərqli addımlar ata bilərik. Əslində Azərbaycan müxalifəti birləşib. Hadisələrə təsir imkanı olan real siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları və nüfuz sahibləri bir aradadır. İctimai Palata, Ziyalılar Forumu, yerdə qalan bir neçə siyasətçilər və tanınmış ictimai-siyasi xadimlərin bir arda olması elə müxalifətin birliyi deməkdir. Bu gün bundan daha mühümü xalqla birləşməkdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR