İnsanlara hürriyət, millətlərə istiqlal!

“SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

5904 21.05.2012 09:39 Bizim qonaq A A

Görüşümüzü zəruri edən səbəb də var: Alim bəy “Eurovision” ifaçımız Səbinə Babayeva ilə birgə səhnəyə çıxacaq, muğamımızı Avropaya təqdim edəcək. Deyir ki, qazandığı nə varsa, bunu Tanrı payı hesab edir: “Mən bunu Allahın qisməti sayıram. Bu sənətə başlayanda heç vaxt seçilmək niyyətində olmamışam. Amma kim ki işini ürəkdən görür, bu seçilmələr, sayılmalar, məclisin yuxarı başında otuzdurmalar hamısı o zəhmətdən irəli gəlir, özü gəlib adamı tapır. Zəhmətsiz yuxarı başda oturmaq istəyənlər həmişə biədəb görükəcəklər”.
Həcc ziyarətində olan sənətkar oruc-namazından qalmır, bacardığı qədər yaxşılıqlar etməyə çalışır. Özü ilə mücadilədədir həmişə. “Qalib gələn vaxtlarım da olur, qalibiyyətsizlik də olur” - deyir. Onun nəzərincə, Allah-tala insanı elə yaradıb ki, bu mücadilə daim getməlidir: “Baba Pünhan deyir ki, ”Tərk eylədi şeytan bu könül mülkünü getdi, haqqımla yerin dar elədim..."
Yerini dar eləsən çıxıb gedəcək. Bir balaca yer var ki, gəlib girir, bizi əsəbiləşdirir, özümüzdən çıxırıq, asi düşürük - iraq olsun, kiminsə xətrinə dəyirik, onda demək biz tam yetişməmişik".

- Alim Qasımov üçün dünya malı nə deməkdir?

- Tək mənimçün yox, bütün insanlıq üçün dünya malı çoxalanda uşağın oyuncağına oxşayır. Normal olanda mənə qidadır, hörmətdir, ailədə gözəllikdir.

- Heç olubmu ki, şöhrət sizi qanadlarının üstünə alıb aparmaq, özünüzü özünüzdən uzaqlaşdırmaq istəsin?

- Əlbəttə istər-istəməz adam şərəf duyur, daxildə bir enerji gəlir. Bu enerjini sən pisə də yönəldə bilərsən, yaxşıya da. Allaha şükür mən çalışıram ki, yaxşılığa doğru getsin. Bir də sən dediyin təriflər, xoş sözlər ki var, mən onu sənətə, çəkdiyim əziyyətlərə yönləndirirəm. Məncə, bütün sənətkarlarda var ki, o, əsəri yaradanda, bir şeir doğulanda, rəsm yarananda onun gözəlliyi haqqımda bir söz onun qulağına çatanda o, bir daha eşqə düşür, daha əzmlə çalışır.

- Bəlkə də maşallah olsun, sizi cavan saxlayan elə bu yaşayıb-yaratmaq eşqi, eşitdiyiniz xoş sözlərdir. Elədirmi?

- (gülür) Onun sirrini deyə bilmərəm. Dədəm fəhlə ailəsində böyüyüb. Bel əlində, qoyun qabağında, sürücü işləyib. Yəni həmən günün bir parça çörəyini qazanıb. 1936-cı ildəndir, maşallah, məndən cavandır. Məndə avqustda 55 olacaq.

- Allah hər ikinizə uzun ömür versin. Alim bəy, muğamımızla dünyanı dolaşmısınız. Sonuncu konsertiniz bu il Amerikada Kronos Kvarteti ilə birgə oldu... Əvvəllər məşhur violençelist Yo Yo Manla da birgə ifanız olmuşdu.

- Hə, çox məşhur kvartetdir. Dünyanın hər yerində məşhurdurlar. Hətta bizim bəstəkar Firəngiz xanım Əlizadənin də əsərini ifa ediblər. Yo Manla isə... Çikaqoda olanda rəhmətlik Rastrapoviç gəlib bizimlə görüşdü, dedi “bunlar mənim yerlilərimdir”. Rastropoviçin Yo Manla görüşünü gördüm. Yo Man onu özünə ustad sayırdı. Bu dəqiqə o, dünyada çox məşhur musiqiçidir. Bizim sənətimizdə uyğunluq var, onda klassikadır, məndə folklor. Folklor ayrı aləmə düşəndə olur klassikanın şahı. Bizimki yaxşı alınırdı deyə, birgə çox işləmişik. Hətta 4-5 minlik zallarda konsertimiz olub.

- Amma Stinqlə duetiniz alınmadı deyəsən...

- Hələ ki, baş tutmayıb. Gözəl insanlar bu işlə məşğuldur. Məndən çox onlar istəyirlər. İnşallah yəqin baş tutar. Azərbaycan musiqisinin sədası dünya şöhrətli sənətkarın ifasında eşidilsə, məncə, bu, böyük qələbə olar.

- Xaricdə olarkən vətən üçün darıxdığınız olurmu, yoxsa buna vaxt qalmır?

- Orda çalışırıq ki, səsimizi qoruyaq. Elə yerə gedirik ki, camaat mayka-şortiklə gəzir, bizsə...Bu dəqiqə mənim ayağımda iki corab var. (Təəccübümü görüb corablarını göstərir-E.P.) Bunu bu istidə heç kim geyməz. Amma mən səsimin zəliliyəm. İstərəm ki, bu dəqiqə mən ayaqyalın, ya da başmaqla olum. Mənim ayağım üşüyür. Dərhal da soyuqlayıram, apar tulla məni, heç bağbanlığa, çobanlığa da yaramıram. Mən qəzəllərimin çoxunu yorğan döşəkdə, xəstə vəziyyətdə öyrənmişəm. Musiqiyə bu vəziyyətdə qulaq asmışam. Demək olar ki, sənəti o vəziyyətdə öyrənmişəm. Sağlam olsaydım, orda nə işim vardı, mən də orda-burda tullanıb düşəcəkdim, iki-üç dənə qəzəl, iki-üç mahnı, Allah bərəkət versin. Odur ki, burda mənlik bir şey yoxdur, Allahın gözəl qismətidir ki, belə yaranmışam. Hələ bələydə olanda məni qoyublar kənara ki, bundan adam olmayacaq, öləcək.

- “Eurovision” səhnəsində ilk dəfə olacaqsınız, özü də Bakıda. Bu təklif kimdən gəldi?

- Səbinə Babayevanın oxuduğu mahnıda mənim də bir balaca səsimin çıxmağının səbəbkarı oranjimançı Yaşar Baxışoğludur. Zəng elədi ki, “Eurovision” üçün mahnı var, bir muğamat lazımdır. Dedim yəqin məsləhət alırlar, gedim məsləhət verim. Getdim, dedi məsləhət yox e, burda oxumalısınız. Dedim mənlik deyil. Təklif etdi ki, bir qulaq as, qulaq asdım, gördüm mahnı yaxşı formadadır, qəşəngdir. Mən də orda zümzümə elədim. Bunlar da onu xaricə göndəriblər, baxıblar, deyiblər hə, yaxşıdır. Məsələ belə oldu. Finalda da bir beyt qəzəl deyəcəyəm.
(Telefonuna gələn növbəti zəng zamanı “sənə qurban olaram” deyərək danışığını tamamlayır. Ardınca “qızımdır” deyib üzrxahlıq edir) Allah ölənlərinizi rəhmət eləsin. Allah anama da rəhmət eləsin. Elə bil ki, o, mənim anamdır.

- Bir ustad kimi qənaətiniz nədir, Fərqanə xanımın səsi yerindədirmi, yoxsa ailə qayğıları, uşaqlar təsirini göstərib?

- Maşallah, səsi indi-indi cilovlanır, parlayır, yüksəlir. O vaxt çox istəyirdim ki, sənətə gəlməsin. Çətinliklərə görə. Amma o, elə bir aşiqliklə yapışdı ki, artıq bu işləri özü həll edir.

- Siz daha çox ona qulaq asırsınız, yoxsa o, sizə?

- Mən ona müəllim kimi qulaq asıram, o mənə ustad kimi qulaq asır, öyrənir.

- “Eurovision”da qalmışdıq axı...

- Hə, dedilər final konserti üçün bir beyt oxuyacaqsınız. Mən də oxuyacağam ki, “Məni şəm yandıra bilməz oda pərvanə kimi, Yurdum odlar yurdu, çün Azərbaycanımdır”.

- “Eurovision” sizinçün, musiqi aləminin Alimi, həm də alimi üçün nə deməkdir?

- “Eurovision” mənim üçün yeni müştəri tapıntısı, muğamımızın yeni müştəri ilə tanışlığı, muğamımızın dünyada yayılması, cavanlaşması, muğamımızın cavanların məclisində təqdim olunmasıdır. Mən “Eurovision”a çox dəyər verirəm. Adətən muğam oxuyanları yaşlılar tanıyır axı. Amma mənim oxuduqlarım müəyyən vaxtlarda pop musiqisi ilə, müəyyən yüngül musiqilərlə qatışandan sonra görmüşəm ki, balaca uşaqlar oxuya-oxuya dalımca gəlir, mənə sataşırlar. Görürəm artıq məni tanıyırlar.

- Uzun müddət sizin yerdə oturmağınızdan tutmuş muğama ayrı-ayrı rəng verməyinizə qədər çox şey qəbul olunmurdu. Hesab olunurdu ki, muğam ayrıca dünyadır, ona heç nəyi qarışdırmaq olmaz. Deyəsən keçdi artıq...

- Hə, daha demirlər. Çünki artıq dənizin ortasındadır, sükan arxasında da mənəvi bir dayaq var. Bu qayıq da motorsuzdur, onu külək aparır. Ona nə bomba çatır, nə də qayıqları var gəlsinlər.

- Heç öz səsinizə qulaq asırsınız?

- Bəlkə də mənim yarısənətkar olmağıma səbəb səsimə qulaq asmağım, özümdən feyziyab olmağımdır. Hərdən qışqırıram özümçün ki, “Ay bərəkallah, ay sağ ol!” O qədər özümə qulaq asıb ağlamışam ki. Toydan çıxırdım, gecə saat 2-3-dü, qoyurdum kaseti, bilirdim ki, burda nəsə eləmişəm. Sürücü ilə mənəm, yolda da kimsə yox, gəlirəm Güzdəyə. Orda ki, deyir “Xəlayiq, seyri-gülşəndə mənim canım düşüb bəndə, Gülüm yox, bülbülüm yox, gülşəni həm gülüstanım yox...” Oxuyur, pəh, gözümdən sel gedə-gedə gedirdim evə. Gedib evdəkiləri də durğuzurdum. Onlar da aşiq olmuşdular, elə indi də aşiqdirlər. Saat 3-4də dururdular ayağa, musiqidən feyziyab olurdular, mənə də bir tikə çörək verirdilər, yatırdıq. Ömrümüzün 6-7 ili belə keçib.

- Məşhur duet ortaqlarınız var, xüsusilə Ramiz Rövşənlə, Rasim Balayevlə gözəl alınmışdı, niyə davam etdirmədiniz, yazmadınız?

- Birinci Rasim Balayevlə bədahətən yarandı. Sonra onu təkrar eləməyə, məşqini eləməyə qorxduq. Adamda arxayınçılıq olur. Olmayanlar gedib ordan-burdan tapır, calayır, edir. Amma mən deyərəm vaxt var da, edərəm. Çox şey qalıb, nəinki bu duetlər (Tənbəkimi çıxarıb tütün doldurur, yandırır).

- Bəs səsinizə görə qorxmursunuz?

- Axır vaxtlar səsimə görə qorxduğum kimi heç nədən qorxmuram. Əvvəllər elə oxuyurdum ki, deyirdim səsim batsın, çıxım gedim, daha oxumayım. Amma səsimdə problem yaranandan sonra səsimin qədrini bildim. Dedim heç olmasa özümçün zümzümə etmək üçün səsim olsun. Allaha şükür nizama düşüb. Deyirlər bunu da çəkmə, amma ata da bilmirəm.

- Özünüzdən, Fərqanə xanımdan başqa kimlərə qulaq asırsınız?

- Sırf o halı verən musiqiçilərə. Əlbəttə, onların da çoxu qədimdədir, Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Mütəllim, Ələsgər Abdullayev, Hacıbala Hüseynovdur. Ya da qulaq asdıqlarım başqa ölkələrdədir, başqa ölkə folklor musiqiləridir. Cavanlara gəldikdə, onların arasın o sistem yox dərəcəsindədir. Mən düşündüyüm sistem ha, səhv deyirəmsə, üzr istəyirəm. Muğamda bir nizam var, elə bil o nizam itib.

- Bəs, bu muğam müsabiqələrində parlayanlar?

- Bəlkə də elə o müsabiqələr işləri korladı. Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım. Kim bir mahnı oxuyursa, otuzdurulur şah taxtına.

- Sənət adamları bu fikirdədir ki, Qarabağın işğalı həm də səsimizə zərbə vurub. Sizin də tələbələriniz var, bu zərbəni hiss edirsiniz?

- Əlbəttə söhbət bizim ölkəmizin paralanmasından gedir. Bu məsələ hamını sarsıtdı, hər sahəyə təsir etdi. Amma səs ki var, o, bütün Şərq ölkələrində, bütün insanlığın mövcud olduğu yerlərdə var. Təbrizdə, Ərdəbildə, Hindistan, İtaliyada elə səslər var ki... Gərək bir az geniş formatda baxasan. Hər şey bizdədir demək düz deyil. Qoy bizi başqaları desin. Bir də ki, Qarabağ zavod deyildi ki, səs istehsal eləsin.

- İstirahətinizi necə qurursunuz, yoxsa elə səhnədə bardaş qurub oxumaq sizinçün istirahətdir?

- Mən bu sənətdə yaşayıram, bu sənətlə məşğul olanda kef eləyirəm. Bu sənətin içinə girəndən sonra paklaşıram. Amma insanın özünəməxsus bir şıltaqlığı da var, əlbəttə daha yaşlaşmışam, amma uşaq dəcəlliyi hamının içində var. İstəyirsən ayaqyalın olasan, qaçasan, güləsən, hər şeyi unudasan.

- Yerli telekanalları izləyirsiniz?

- Təsadüf olur. İnsani dəyərlərə aid verilişlər çox azdır. Dünən üç kanalda seçirdilər. Ay qardaş, nəyi seçirsən? Toya gedən onsuz da gedir də. Camaat SMS göndərir. Kim nə bacarır, hərə bir ticarət mənbəyi açıb. Mənəviyyatı da ticarətə döndəriblər, bu, olmaz. Ticarətin də öz yeri var, siyasətin də, mədəniyyətin də. Bu dəqiqə hamısı qarışıb. Heyf ki, toylarımız da haldan çıxdı. Əvvəllər əsl toy ki var idi, gərək Allahın möcüzəsi olsun ki, qayıtsın. Mənəvi dəyərlərimizin radio, televiziyada, qəzetdə qabarıq şəkildə təqdimatı lazımdır.

- Bu gün ölkədə, paytaxtda Alim Qasımovu narahat edən, ən çox nigarançılığını artıran nədir?

- Deyim də. Məni bizim narazı qalmağımız, naşükürlüyümüz narahat edir. İnsan varı ilə yox, insanlığı, mənəviyyatı ilə tanınar. Kimin villası, maşını varsa, bu, o demək deyil ki, hamının olmalıdır. Allah insana daxili aləminin bolluğuna görə qiymət verir. Məni çox şey narahat edir. Məsələn, Bakının rayonları ki, var, hərdən maşınla gedirəm. Bir maşın gəlir, o birisi dayanır ki, yol versin. Əyri-üyrü küçələr. Bu yollar bizim müstəqilliyimiz dövründə salınıb. Ay zalım, sən bu yeri tikinti üçün verirsən, pulunu da alıb cibinə qoyursan, adam da əziyyət çəkib tikir. Bunun da nə kanalizasiyası, nə işığı, nə qazı, nə də yolu var. Bunu verisən adam kimi, halallıqla ver. Öz-özümə deyirəm burda nə erməni var, nə də rus, sırf özümüzük. Onda niyə bu şəhəri, qəsəbələri bu günə qoyuruq? Heç olmasa yeni qurulmuş işlər səliqəli olmalıdır ki, bu, bizik. Mən yollardakı tıxaclara görə neçə gün özümə gələ bilmirəm. Bələdiyyələrin 90 faizinə rəhbər qoyulanlar yerində deyil. Bu da icra hakimiyyətinə sərf edir. Bakıda hündür evlər tikildisə, o halda küçələr də genişləndirilməli idi ki, maşınlar gedə bilsin. Maşın saxlamağa yer yox, küçə də dar. Gəlmişəm bu gözəl yerə, mən maşını harda saxlayım?

- Xeyli sənət adamları YAP-a yazıldı. Heç sizə təklif gəlibmi?

- Məncə, sənətkarın heç bir yerə bağlılığı olmamalıdır. Sənətin sərhədi, qohum-əqrabası, partiyası olmalı deyil. Çünki bu sənət nəinki Azərbaycanda, xaricdə də təbliğ olunur...
Bu vaxt növbəti zəng gəlir. Alim bəy “məni məşqə çağırdılar, maşallah olsun, hər şeyi soruşdun da” deyib getməyə hazırlaşır. Doğrudan da bu zəng əsl vaxtında gəlmişdi...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR