İnsanlara hürriyət, millətlərə istiqlal!

“RUSİYANIN HAKİM ELİTASINA İZAH OLUNMALIDIR Kİ...”

3655 17.11.2012 09:50 Bizim qonaq A A

(əvvəli ötən sayımızda)

Rauf Arifoğlu:
- Yəqin ki, “Milyarderlər ittifaqı”nın tərkibini təhlil eləmisiniz? Sizcə, Abdullətifovun orada olmasının mənası nədir? Bu gün yayılan “Dağıstanda ”Milyarderlər ittifaqı"nın filialı yarandı" informasiyası ilə onun bir bağlılığını görürsünüzmü?

İsa Qəmbər:
- “Yeni Müsavat”da getdi məncə, o məlumat. Amma ona o qədər də diqqət etmədilər ki, bu diaspor qurumunun bazasında üç təşkilatın təşəbbüsü var. Bunlar Söyün Sadıqovun “AzerRoss” təşkilatı, Abdullətifovun təşkilatı və Rüstəm İbrahimbəyovun “İbrus” təşkilatıdır. Aydın məsələdir ki, bu məsələnin hansısa Dağıstan qolu var. O da yəqin ki, yavaş-yavaş üzə çıxacaq.

Famil Cəfərli:
- Artıq çıxıb. Söyün Sadıqov dekabrda Moskvada avar diasporu ilə geniş görüş planlaşdırıb. Belə bir məlumat yayılıb.

İsa Qəmbər:
- Addım-addım bəlli olacaq. Bəlli olduqca da Azərbaycan cəmiyyətinin bu təşəbbüslərə münasibəti formalaşacaq.

R.Arifoğlu:
- Burda Rusiyanın Azərbaycanda etnik ocaqları alovlandırmaq, vəziyyəti gərginləşdirmək addımları olsa nə edəcəksiniz?

“Azərbaycanla bağlı deyirdilər ki, müxtəlif oliqarxların qeyri-rəsmi silahlı dəstələri arasında döyüşlər başlayacaq və sabitlik pozulacaq”

İsa Qəmbər:
- Bu, Rusiyanın hər zamankı siyasətidir. Mən bir neçə dəfə bu məsələyə münasibət bildirmişəm ki, beynəlxalq birlik, azad dünya Cənubi Qafqazda, Azərbaycanda demokratik dəyişikliklərin zərurətinin üzərinə gələndə Rusiya o məsələləri qaldırır ki, bu bölgə demokratik dəyişikliklərə hazır deyil, guya burda dəyişikliklər başlansa separatçı qüvvələr baş qaldıracaq, regiondakı konfliktlər soyuq müharibə şəraitindən qanlı müharibə şəraitinə keçəcək. Xüsusən Azərbaycanla bağlı deyirdilər ki, Azərbaycandakı müxtəlif oliqarxların qeyri-rəsmi silahlı dəstələri arasında döyüşlər başlayacaq və sabitlik pozulacaq. Bunu guya ki, proqnoz kimi deyirdilər. Ancaq bu deyilən ssenarilərin hər birinin arxasında onların imkanları var. Mən əminəm ki, o imkanlar vaxtaşırı ən azı nümayiş etdirilir. İndi də həm Azərbaycan hakimiyyətinə, həm xalqına, həm də beynəlxalq birliyə nümayiş etdirirlər ki, bax, bizim bu cür resurslarımız var, ona görə də bu regionda gedən dəyişikliklərdə bizim mövqeyimizi nəzərə almalısınız. Biz isə hər zaman Azərbaycanın birliyi, bütövlüyü mövqeyindən çıxış etmişik. Təbii ki, o mövqe hər zaman bildirilib və bildiriləcək. Sadəcə olaraq, bu məsələdə təkcə bəyanatlar yox, real addımlara da ehtiyac var. Yəni Azərbaycan hakimiyyəti bərbad siyasəti ilə bu cür müdaxilələrə imkan yaradır. Azərbaycanda yaşayan milli azlıqlar əksəriyyət təşkil edən etnosla kifayət qədər bütünləşmiş insanlardır. Əgər Dağlıq Qarabağda yaşayan ermənilərin İrəvan və Moskvanın təsiri altında başladıqları hərəkəti nəzərə almasaq, Azərbaycanda ciddi bir separatçı hərəkat heç zaman olmayıb. 1993-cü ildə “Talış-Muğan Respublikası”nı yada salın, o qədər səs-küy, qarşıdurma. Amma bir az mərkəzi hakimiyyət mövqe ortaya qoyan kimi o zonada Azərbaycanın bütövlüyündən yana olan qüvvələr ayağa qalxdılar və bəlli oldu ki, separatçı qüvvələr çox dəhşətli azlıqdadırlar. O baxımdan burda problem yoxdur. Sadəcə olaraq, hakimiyyət normal, ağıllı siyasət yürütməlidir. Məsələn, Hilal Məmmədovun məsələsi olsun. Nə ehtiyac var idi ziyalı şəxsi, hüquq müdafiəçisini kobud şəkildə həbs edib sonra da narkotiklə, başqa əsassız maddələrlə ittiham eləməyə? Yadınızdadırsa, məhz Müsavat Partiyası bu məsələyə birinci münasibət bildirdi və Azərbaycan cəmiyyətinin bu olayda sağlam, obyektiv mövqe tutmasına təkan verdi. Yəni biz bütün vətəndaşlarımıza bərabər yanaşırıq və bu cür addımlarla Azərbaycanımızın bütövlüyünü qorumuşuq və qoruyacağıq. Azərbaycan xalqı bütövlükdə və onu təşkil edən etnoslar bu məsələlərə soyuqqanlı, obyektiv yanaşmağı bacarır. Azərbaycanda yaşayan milli azlıqlar da Azərbaycanı sevən insanlardır əksəriyyəti. Ona görə də inanıram ki, hakimiyyətin yanlış addımları belə o dərəcədə böyük qarşıdurmalara rəvac verə bilməyəcək. Amma demokratik düşərgə və cəmiyyət hakimiyyətdən bu məsələlərə məsuliyyətli yanaşma tələb etməlidir.

Azər Rəşidoğlu:
- Belə versiyalar da var ki, Rusiyanın təzyiqləri Avrasiya İttifaqı ilə Qəbələ RLS-lə bağlı ola bilər. Məsələn, 1992-ci ildə də belə vəziyyət var idi ki, Azərbaycan MDB-yə üzv olsun. İndi Avrasiya İttifaqını da MDB ilə müqayisə edirlər. 1992-ci ildə MDB-yə üzv olmamaq məhz sizin təmsil olunduğunuz hakimiyyətə ciddi problemlər yaratdı. Azərbaycanın demokratik düşərgəsində Rusiyadan bir düşmən obrazı düzəldiblər. Bəlkə manevr üçün hansısa reveranslar eləmək mümkündür Rusiyaya doğru. Tutaq ki, Avrasiya İttifaqına daxil olmaq nə verəcək, bir müddətdən sonra MDB-nin taleyini yaşayacaq bu qurum.

“Zor göstərməklə yox, müsbət münasibət göstərməklə dost olmağa çalışmalısınız”

İsa Qəmbər:
- İlk növbədə Rusiyada bu məsələlərə yanaşma dəyişməlidir. Yanaşma dəyişərsə, Azərbaycanda da normal yanaşma ortaya qoymaq tamamilə mümkündür. Biz onlara bunu izah eləməyə çalışırıq. Bütün təmaslarımızda, söhbətlərimizdə bunu edirik. Son dəfə Gürcüstanda Cənubi Qafqaz və Rusiya münasibətləri müzakirə olunarkən Rusiyadan gələn ekspertlər var idi. Onlarla söhbətlərdə də bəzi məsələləri izah eləməyə çalışdıq. Onlar da qeyd elədilər ki, bu söhbətlər onların məsələlərə daha hərtərəfli yanaşmasına kömək elədi. Bilirsinizmi, tutaq ki, Qəbələ RLS məsələsini götürək. Hamıya bəllidir ki, bu, köhnəlmiş, aşınmış bir mərkəzdir. Müasir dünyada belə mərkəzlərə ehtiyac yoxdur. Bundan daha qat-qat kiçik, mobil və güclü izləmə sistemləri qurmaq mümkündür. Bəs bu Qəbələ RLS-ə nə ehtiyac var? Sadəcə, göstərilsin ki, Rusiyanın Azərbaycanda mərkəzi, təsiri hələ qalır. Yəni Rusiyanın yanaşması belədir. Halbuki Rusiyanın hakim elitasına da izah olunmalıdır ki, siz Rusiyanın Azərbaycanda təsirinin olmasını istəyirsinizsə, buraya güc göstərməli deyilsiniz. Müsbət tərəflərinizi təqdim eləməlisiniz. İqtisadi imkanlarınızı, ədəbiyyatınızı, incəsənətinizi, xoş münasibətinizi göstərməlisiniz. Yəni zor göstərməklə dost olmağa çalışmamalısınız, müsbət münasibət göstərməklə dost olmağa çalışmalısınız. Bir addım atacaqsınız, burda iki addım atılacaq. Çünki Azərbaycanın nə marağı var ki, Rusiya kimi böyük bir dövlətlə konfliktlər yaşasın? Tamamilə düzgün qeyd edirsiniz ki, Avrasiya birliyi layihəsinin MDB layihəsi ilə eyni olmayacağına heç bir təminat yoxdur. O istiqamətdəki proyektlərin perspektivi olsaydı, bunu Rusiya hakimiyyət dairələri indiyə qədər reallaşdırardı. Niyə 20 il keçib, bu günə qədər ortaya ciddi bir birlik qoya bilməyiblər? Deməli, mümkün deyil. Nəyə görə digər avtoritar rejimlər kimi Rusiyanın hakim elitası da öz övladlarını Çində, Hindistanda oxutmurlar, Avropada, Amerikada oxudur? Nəyə görə öz maliyyələrini Çində, Hindistanda yox, Avropada, Amerikada yerləşdirirlər? Özləri Avropaya can atırlar, amma dirəşiblər ki, Avrasiya məkanı var və orada birliyə nail olacağıq. Birliyə sən o zaman nail ola bilərsən ki, Avropa Birliyində mövcud olan dəyərlər səviyyəsində sənin bir dəyərlərin olsun və o dəyərlər bölüşülsün Rusiya tərəfindən, Çin tərəfindən, Hindistan tərəfindən və başqa önəmli dövlətlər tərəfindən. Amma bu dəyərlər ortada yoxdursa, zorla hansısa gömrük haqqında bir qərarı beş il çalışıb keçirdəcəksən, sonra da işləməyəcək. Bunların nə anlamı var. Görünən budur ki, son əsrlərin sınaqlarından çıxmış və gələcəyi olan əməkdaşlıq modeli Avropa Birliyi formatında modeldir. Avropa Birliyinin özü də hazırda ciddi problemlər yaşayır. Ancaq görürsünüz ki, nə cür səbirlə, əzmlə o problemləri həll eləməyə çalışırlar. Digər regionlarda da əgər inteqrasiya istəyiriksə, o modeli qəbul eləməliyik. Ya Avropa Birliyinə yaxınlaşmağa çalışmalıyıq, ya da o modeli öz inteqrasiya proseslərimizdə reallaşdırmağa çalışmalıyıq. Güzəştə getməyə gəlincə, İlham Əliyevdən çox Rusiyanın maraqlarına güzəştə gedən siyasətçi var Azərbaycanda? Güzəştə gedir, amma ortada bir şey yoxdur. Çünki güzəştə gedib nə etsin axı? Yəni istər-istəməz enerji proyektlərinin istiqaməti Qərbdir. Özü də bu, kiminsə subyektiv fikrinin əsasında olmur. Mövcud vəziyyət, şərtlər diqtə edir ki, bu bölgədəki enerji mənbələrinin dünya bazarına çıxarılması yolları Qərbə doğru gedir, Türkiyədən keçir və Avropaya çıxır. Sibirdə və ona yaxın ərazilərdə olan enerji mənbələrindən çinə və digər şərq dövlətlərinə xətlər çəkilib və çəkilə bilər. Amma bu bölgədən oraya enerji xətləri çəkməyin heç bir iqtisadi anlamı yoxdur. Bunu hər kəs başa düşür. Sadəcə, bunun üzərində diskussiyalar aparırlar, baş qatırlar, güc göstərirlər.

A.Rəşidoğlu:
- Azərbaycanda hakimiyyət dəyişikliyi məsələsində Rusiya önəmli söz sahiblərindən biri olub. Qarşıdakı prezident seçkilərində Rusiya və ABŞ-ın müştərək hansısa namizədi dəstəkləmək ideyası ola bilərmi?

İsa Qəmbər:
- Biz əvvəl də söyləmişik ki, Əliyev rejimi, xüsusən 2003-cü ildə hakimiyyətin Heydər Əliyevdən İlham Əliyevə ötürülməsi Rusiya hakimiyyəti ilə Amerikanın birgə proyekti idi. Bu birgə proyekt Amerikanın Rusiya ilə birgə iş görmək, eyni zamanda Rusiyanın da Amerika ilə birgə iş görmək arzusundan ortaya çıxmamışdı. Reallıqdan ortaya çıxmışdı. O reallıqda onlar bir-birilərini nəzərə almışdılar və ortaq mövqe kimi məlum variantın üzərində dayanmışdılar. İndi o variantın dönəmi bitib. İndi zaman başqadır, demokratikləşmə dalğası başlayıb. Bu dalğa artıq Yaxın Şərqi keçib Cənubi Qafqaza çatıb, Rusiyanın özünə, İrana aid olmağa başlayıb. Nəzəri olaraq yeni şəraitdə yenə də ola bilər ki, Qərblə Rusiya və digər dövlətlər arasında hansısa razılaşmalar olacaq. Ancaq bu olacaqsa da bu dəfə qrafikin Qərbə daha yaxın nöqtəsində razılaşmaya gedilməsi mümkün olacaq.

A.Rəşidoğlu:
- Yəni ən birinci söz Qərbdə olacaq?

İsa Qəmbər:
- Təbii.

R.Arifoğlu:
- Bugünlərdə 2013-cü illə bağlı Qərbdən hansısa mesajlar gəlibmi? Demokratiyanın gələcəyi ilə bağlı hansısa konkret, ümumi mesajlar varmı? Varsa, nədən ibarətdirmi? Yaxud mesajlar gözlənilirmi? Necə gözləyirsiniz 2013-cü ildə Qərbin Azərbaycandakı proseslərə münasibətini?

İsa Qəmbər:
- Mediadan bəlli olan və hamınızın gözünüzün qarşısında baş verən proseslər var. Yaxın Şərqdəki ərəb baharı prosesi, Suriyada proses yekunlaşmaq üzrədir. Hər kəs bilir ki, Suriyadan sonra bu prosesin Cənubi Qafqaz-Rusiya-İran xəttinə ke?məsi proqnozlaşdırılır. Qərbin son dövrdəki addımları da göz qabağındadır. O cümlədən Avropa Şurasının, Avropa Birliyinin son vaxtlar qəbul etdiyi qərarlar, Avropa Birliyinin vitse-prezidentinin Bakıya gəlib azadlıqlarla bağlı o cür aydın-aşkar mesajlar verməsi, bütün bunlar hər kəsə bəllidir. Eyni zamanda sizi əgər mediada olmayan mesajlar maraqlandırırsa, təbii ki, o mesajlar da var. Bizim son vaxtlar bilirsiniz ki, silsilə xarici səfərlərimiz olub...

R.Arifoğlu:
- Çox maraqlı bir trayektoriya əsasında xarici səfərləriniz oldu. Cənubi Qafqazın demokratiya paytaxtı Tiflis, sonra İstanbul, daha sonra Ankara. Bundan sonra da mən bilən başqa istiqamətlər var.

“Həm Berlində, həm Brüsseldə bir sıra görüşlərimiz keçiriləcək”

İsa Qəmbər:
- Bir istiqamət Cənubi Qafqaz istiqaməti idi ki, əvvəlcədən Tiflisdə bizim iyul ayında konfransımız oldu, sonra sentyabrda İstanbulda konfransımız oldu, Cənubi Qafqaz-Türkiyə münasibətlərini müzakirə etdik. Sonra oktyabrda Moskvada konfrans olmalı idi. “Cənubi Qafqaz-Rusiya münasibətləri” mövzusunda. Sadəcə olaraq, gürcü təmsilçilərin Moskvaya gəlməsi bir az problemli olduğu üçün qərara alındı ki, Moskva təmsilçilərinin Gürcüstana gəlməsi daha rahatdır. Ona görə də konfrans Tiflisdə keçdi. İndi də bu ayın sonunda Avropa səfərimiz olacaq. Cənubi Qafqazın Avropaya inteqrasiyası və Cənubi Qafqazın özündə gedən proseslərlə bağlı ciddi müzakirələrimiz olacaq. Həm Berlində, həm Brüsseldə bir sıra görüşlərimiz keçiriləcək. Bu arada da Rauf bəy, sizinlə bir yerdə Ankara səfərimiz oldu. Sizin də iştirakçısı və şahidi olduğunuz kimi çox önəmli görüşlər oldu. Bu səfərlərin hamısı zamanı bir çox önəmli görüşmələrimiz olub və olacaq. Mesajlar verilib təbii. Mesajların əlbəttə ki, detallarına gedəsi deyiləm, ancaq ümumi mesaj ondan ibarətdir ki, dəyişiklik dönəmi, demokratikləşmə dalğası davam edəcək. Bu dalğa bizim bölgəyə və Azərbaycana da aiddir. Amma bu, hansısa mərkəzdə müəyyənləşdirilmiş qrafiklə deyil ki, bu gün filan ölkədə, sabah filan ölkədə olacaq. Bu, prosesdir və hansı xalq daha fəallıq göstərəcəksə, dəyişikliklər üçün daha inandırıcı görünəcəksə, o ölkələrdə də dəyişiklik daha sürətlə, daha rahat şəkildə baş verəcək. Xeyli dərəcədə bizim özümüzdən asılı olan bir prosesdir bu. Bunu hər kəsin dərk eləməsinə zərurət var. çünki bu məsələlərdə bəzən ifrata gedirlər. Kimsə deyir ki, xaricin heç bir dəxli yoxdur, məsələni ancaq özümüz həll eləməliyik. Kimsə deyir ki, özümüz heç nə eləyə bilmirik, xaricdən təsirlər olarsa, burda nə isə dəyişə bilər. Həqiqət ondan ibarətdir ki, önəmli olan xalqın mövqeyidir, cəmiyyətin fəallığıdır. Amma beynəlxalq birliyin mövqeyi olmadan da dinc dəyişikliklər keçirilməsi mümkün deyil. Dəyişikliklər beynəlxalq birliyin mövqeyi, iştirakı olmadan da baş verə bilər, ancaq o dəyişikliklər adətən çox qanlı-qadalı, sərt şəkildə gedər. Biz isə dinc dəyişikliklər olmasını istədiyimiz üçün beynəlxalq birliyin mövqeyinə ciddi ehtiyac yaranır və bu mövqe də özünü göstərir. Mənə verilən mesajlar da, dediyim kimi, dəyişikliklər labüddür, dəyişikliklər olacaq deməyə əsas verir.

R.Arifoğlu:
- Xalqın fəallığı baxımından, xarici faktorların hakimiyyətin xeyrinə olub-olmaması, müxalif qüvvələrin dəyişikliklərə hazırlığı baxımından göstəricilər necədir?

...

“Davamı gələn sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR