İnsanlara hürriyət, millətlərə istiqlal!

“QUBA HADİSƏSİNDƏN SONRA RAYONLARA RƏSMİ TƏLİMATLAR VERİLİB”

10930 15.03.2012 09:47 Bizim qonaq A A

Əvvəli ötən sayımızda

Rauf Arifoğlu:
- Bir məsələ açıq qalır mitinq mövzusunda, onun icazəli və ya icazəsiz olması məsələsi. İnsanlar da soruşurlar, maraqlanırlar. Qarşı tərəf də böyük ehtimalla çox ciddi maraq göstərir ki, müxalifətin 2012-ci ildə startı nə ilə başlayacaq? Bu mövzuda bir qərara gəlinibmi?

Əli Kərimli:
- Öncədən onu deyim ki, bu mövzuda son qərarımız yoxdur. Son qərar mitinqin vaxtı yaxınlaşanda və hökumətin də mövqeyi aydınlaşandan sonra veriləcək. Amma mən ümumi əhval-rihiyyəni deyə bilərəm. Biz İctimai Palatanın rəhbərliyi olaraq son dərəcə maraqlıyıq ki, doğrudan da hər hansı bir qarşıdurmaya bəhanə vermədən öz mitinqimizi keçirdək. Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlara hazırıq. Beynəlxalq təşkilatların bu işdə vasitəçilik etməsinə hazırıq. Biz bir-iki meydanın üzərində israr etməyəcəyik ki, mitinqi burada etmək istəyirik, başqa yer qəbul etmirik. Biz bütün təklifləri müzakirə etməyə açığıq. Bakı Şəhər İcra Hakimiyyətini mitinqlərin keçirilməsi ilə bağlı yeni yerlər, yeni təkliflər irəli sürməyə çağırırıq. Bütün o təkliflərin hamısını konstruktiv müzakirə etməyə hazırıq. Yəni əlimizdən gələn hər şeyi edəcəyik ki, hakimiyyətin sanksiyalaşdırmadığı mitinqi etməyək. Amma bütün çarələri tükətsələr, əlbəttə ki, bu, axırıncı seçənəkdir. Bu seçənək də gündəmdə qala bilər. Yeri gəlmişkən, bu baxımdan hökumətin 17 martda gənclərin mitinqinə münasibəti də önəmli olacaq. Yəni gənclər də təqribən bizim kimi yanaşırlar bu məsələlərə; icazə üçün müraciət də ediblər. Hökumətin mövqeyini nəzərə alacağıq. Son qərarımız ona görə veriləcək. Buradan da mənim dediklərim hər kəs üçün İctimai Palatanın mövqeyi kimi də qəbul oluna bilər ki, biz hər cür müzakirələrə hazırıq, özümüzdən asılı olan kompromislərə hazırıq. İstəyirik ki, nəhayət, ölkədə razılaşdırılmış və kütləvi, cəsarət baxımından qəhrəman olmayan, amma etiraz etmək istəyən vətəndaşlarımızın da iştirak edə biləcəyi tədbirlər keçirək. Belə bir tədbirlər keçirməkdən ötrü əlimizdən gələni edəcəyik.

Rauf Arifoğlu:
- Hər cür müzakirələrə hazır olduğunuzu bildirdiniz. Bu, mənim yadıma saldı ki, Əli Həsənov bu günlərdə “Yeni Müsavat” qəzetinə bir müsahibə verib. Müsahibə hakimiyyət düşərgəsinin o qədər xoşuna gəldi ki, onun özətini qəzetlərində də verdilər. Əli Həsənov müsahibəsində deyib ki, o, istənilən yerə gedib müzakirələr aparmağa hazırdır. Bəlkə fürsətdən istifadə edib elə ilk olaraq mitinq mövzusunda Əli Həsənova rəsmi müraciət yollayasınız? Müsavat Partiyasının qərargahında İctimai Palata toplanır, buyurun gəlin bu mövzuda müzakirə edək. Sonra deyilməsin ki, biz dedik, mesaj verdik, hazırıq söylədik, istənilən yerə gələ bilərik də dedik; amma müxalifət addım atmadı. Mitinq mövzusunun Əli Həsənovla müzakirəsinə necə baxırsınız?

Əli Kərimli:
- Biz konkret olaraq kiminlə, necə, harada müzakirə aparmaqla bağlı İctimai Palatada, Koordinasiya Şurasında bir müzakirə aparmamışıq. Ona görə bu məsələni konkretləşdirə bilmərəm. Amma bizim ümumi konseptual yanaşmamız var ki, mitinqin yeri ilə bağlı hakimiyyətlə müəyyən məsləhətləşməyə, müzakirələr aparmağa hazırıq. Çox təəssüf ki, Əli Həsənov açıqlamasında bu görüşü, müzakirələr aparmağı bir az fərqli konteksdə təqdim etmişdi. Bilə-bilə, yaxud bilməyərəkdən iqtidar-müxalifət müzakirələrini və dialoqunu az qala ayrı-ayrı adamlarımn görüşməsi, tədbirlərdə salam verməsi kimi bəsitləşdirmişdi. Hər halda bu məsələni bu şəkildə bəsitləşdirmək düzgün deyil.

Rauf Arifoğlu:
- Biz yaxşı tərəfindən baxaq. Mesaj verilib ki, görüşə hazırıq. Siz də bu mesajdan, hakimiyyətin bəyanından yararlana bilrəsiniz. Şəxsən dəvət göndərməyə necə baxırsınız? Mən bir nüansı yada salım. Xocalı tədbiri ilə bağlı bir telefon zəngi oldu YAP-a. Çox ciddi olmasa da, hər halda bu jestin qarşılığı oldu. Bu baxımdan deyirəm, bəlkə bunu yoxlamaq fürsətini əldən verməyəsiniz?

Əli Kərimli:
- Martın 14-də bizim mitinqlə bağlı növbəti müzakirələrimiz olacaq. Son qərarları verməyə hələ vaxtımız çoxdur. Biz orada müzakirələrlə bağlı da bütün ideyaları müzakirə edəcəyik. Mən yada salmaq istəyirəm ki, vaxtilə İctimai Palatanın Koordiyasiya Şurasının üzvü Aqil Səmədbəyliyə və Mehriban Vəzirə səlahiyyət verilmişdi ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə bu danışıqları aparsın. O zaman qarşı tərəf açıq-aşkar bu danışıqlardan qaçdı, imtina etdi. İndi danışıqların konkret formatı, kimlərin bu prosesdə iştirak etməsi, kimlərin cəlb olunması ilə bağlı müzakirələrdən qabaq bir şey demək istəmirəm. Ümumi mövqeyimizi ifadə etmək istəyirəm ki, biz bu məsələnin müzakirə olunub həll edilməsinin tərəfdarıyıq.

Rauf Arifoğlu:
- Yəni Azərbaycan müxalifəti, İctimai Palata maraqlıdır ki, demokratik düşərgə ölkədə qarşıdurma olmadan nümayiş həyata keçirmək fürsəti əldə etsin?

Əli Kərimli:
- Bəli. Azərbaycan hökuməti də nəhayət anlamalıdır ki, hər bir mitinqə az qala bir inqilabın başlanması kimi, bəzi hallarda hətta dövlət çevrilişinə cəhd kimi, vahiməli yanaşmaqdan qurtarmaq lazımdır. Bunlar niyə belə qorxu keçirirlər? Məsələn, mən xatırlayıram ki, İctimai Palatanın ötən ilki mitinqlərinə məhz belə yanaşırdılar ki, mitinqlər az qala məhz elə inqilab cəhdidir. Biz nə qədər israr etsək də ki, sadəcə mitinq etmək istəyirik, onlar başa düşmürdülər. Ola bilsin bu yanaşmanın kökündə o durur ki, özlərindən çox bədgümandırlar. Ola bilsin, burada bir çox faktorlar onları səksəkəli olmağa, qorxu içində yaşamağa vadar edir. Biri ondan ibarətdir ki, xalqın çox narazı olduğunu, hər an kütləvi şəkildə etiraz edə biləcəyini proqnozlaşdırırlar. Bu qədər qorxu içində yaşamaq olmaz axı. Niyə qorxu içində yaşayırlar və qorxu ilə idarə edirlər? Əgər bu qədər qorxuludursa, özlərini də azad etsinlər bu qorxudan.

Rauf Arifoğlu:
- Məncə, heç onlarda belə təəssürat yoxdur. Sizin təsbitiniz dəqiqdirmi? Keçən dəfə çox obrazlı bir bənzətmə etdiniz ki, Kür sahilində yaşayan bənd üzərindəki evlərin sakinləri kimi narahatdırlar ki, sel bu bəndi haradan yuyacaq? Quba hadisələrindən sonra şəxsən mən Rauf Arifoğlu olaraq şübhələnirəm ki, hakimiyyətdə rayonlarla bağlı bizdəki təəssürat, təsəvvür yoxdur. Bu variantı yaxına buraxırsınızmı ki, onlar fikirləşirlər, xalq iqtidardan çox razıdır?

Əli Kərimli:
- Xeyr. Heç o variantı yaxın buraxmıram. Məlumatlarım da var. Əvvəla, Quba hadisələrindən sonra respublikanın bir çox rayonlarında Prezident Adminstrasiyasından situasiyani nəzarətdə saxlamaqla bağlı rəsmi təlimatlar verilib.

Rauf Arifoğlu:
- Təlimatın surəti yoxdurmu sizdə?

Əli Kərimli:
- Xeyr, bu, bizə şifahi çatdırılıb. Quba hadisələrindən dərhal sonra xüsusi olaraq qeyd olunur ki, rayonda siyasi hakimiyyətə qarşı müəyyən ayaqlanmalar ola bilər, insanların kütləvi şəkildə toplanmalarını nəzarətdə saxlayın. Amma bu nəzarət, çalışın ki, kənardan, gözə görünmədən, çox incə olsun. Bu, qorxunun nəticəsidir, mədəniyyət göstəricisi deyil. Biz bilirik bunların hansı mədəniyyətin sahibi olduğunu. Qorxurlar bu səbəbdən xalqla hesablaşmağa başlayıblar. İndiyədək bu harın məmurların xalqdan üzr istədiyini görmüşdünüz? Quba hadisələri bunları məcbur etdi. Hakimiyyətin bir məmurun, bir bölgənin timsalında camaatdan üzr istəməsi birinci hadisədir. Bir məmurun, nazirin xalqdan üzr istəməsi də bir ilkdir, bir icra başçısının xalq tərəfindən qovulması da bir ilkdir. Bu icra başçısı qovulandan sonra başqa icra başçılarının xalqla görüş keçirib, görüşün əvvəlində “mən sizin atanızam”, sonunda “mən sizin oğlunuzam” deyəcək qədər özünü itirməsi də bir ilkdir. Digər rayonlarda da buna bənzər proses var. Rayonlara göstəriş verilib ki, prosesi gecə-gündüz nəzarətdə saxlayın. Ötən həftə ərzində Xalq Cəbhəsi Partiyasının rəhbərliyinin iştirakı ilə doqquz rayon şöbəsinin məclisləri keçirildi, görüşlərdə partiyanın sədr müavinləri, Rəyasət Heyətinin üzvləri iştirak etdi. Həmin tədbirlərin hamısı polis nəzarətində keçib. Qərargahlarımız əlimizdən alındığından, evlərdə toplanırıq. Evlərdəki toplantılara polis müdaxiləsi olmasa da, polis rəisləri, yaxud müavinləri səviyyəsində proses nəzarətdə saxlanılıb.

Rauf Arifoğlu:
- Nəzarət təlimatdakı kimi incə şəkildə olub, yoxsa kobud şəkildə həyata keçirilib?

Əli Kərimli:
- Nəzarət bəzi rayonlarda məhz incə şəkildə, kənardan müşahidə ilə olub. Bəzilərində çox nümayişkaranə şəkildə bunu ediblər. Vəziyyət tam kontrolda olub, iclas nə zaman başladı, bitdi, kimlər iştirak etdi və sair məsələlərə də diqqət yetirilib. Bu dərəcədə prosesi diqqətə saxlayıblar. Bu, qorxu deyil nədir bəs? Hakimiyyətdə bir qeyri-müəyyənlik yaşanır. Hakimiyyət yeni bir situasiya ilə üz-üzə gəlib, əvvəl rastlaşmadığı, görmədiyi bir siyasi situasiya ilə üzləşib. Bu situasiyada hökumət öz strateji seçimini edə bilməyib, necə davranacağını bilmir. Daxildən artıq hökumət də bu mesajı aldı ki, dünənə qədər heç saydığı, hesablaşmadığı, hər addımda hətta təhqir etməyi özünə rəva bildiyi, qəbul etmədiyi Azərbaycan xalqı, sən demə, çox mühüm faktor imiş. O, ayağa da qalxa bilərmiş və qabağını heç nə ilə almaq olmazmış. Onu anladılar. Hökumətin bütün zor aparatı bir rayonun miqyasında gücsüz qaldı. Hakimiyyət Qubada qəfildən, əvvəlcədən görmədiyi bir təhlükə ilə üzləşdi, xalqın gücünü gördü və hazırda çaşqınlıq içindədir. Əvvəl xalqa qarşı gücə əl atdılar, gözyaşardıcı qaz və başqa texniki vasitələrdən istifadə etdilər. Effekt vermədi, bir anlıq seçim məqamı oldu. Bundan sonra neyləmək, zoru bir az da artırıb, birbaşa xalqı qırmaq, yoxsa geriyə addım atmaq barədə fikirləşdilər. Qərar prinsip etibarı ilə düz oldu, geriyə addım atıldı. Həmin gün Qubada qan axıdılsaydı, Azərbaycanın başqa bölgələrinin buna reaksiyası necə olardı, bunu proqnozlaşdırmaq çox çətindir. Ona görə düzgün edib güzəştə getdilər. Amma güzəştə getməyə də onlar öyrəşməyiblər. İndi bu güzəştlərinə peşman olublar. Həbslər aparmaqla, başqa yerlərdə qəddarlıq nümayiş etdirməklə göstərmək istəyirlər ki, aldanmayın bizim insanlıq duyğularımıza. Biz əlacsızlıqdan bir addım idi, geri çəkildik. Fikirləşməyin ki, biz humanistləşmişik və insanlıq duyğularımız baş qaldırıb. Bir neçə gün əvvəl cəbhəçilərin Ədliyyə Nazirliyinin qarşısındakı piketində qəddarlıq onun mesajı idi. Qubadan sonra o mesajı çatdırdılar ki, bizim qəddarlığımız da yerindədir, qeyri-insani keyfiyyətlərimizdən də imtina etməmişik. Gücümüz çatanda biz zalım, böyük gücün qarşında isə aciz oluruq.

Rauf Arifoğlu:
- Bu, operativ reaksiyadır. Bəs, sizcə, stratejidə nə qərar qəbul olunub?

“Daha böyük zorakılıq göstərənlər də uduzurlar”

Əli Kərimli:
- Onu vurğulayım ki, hələ strateji olaraq qeyri-müəyyənlik dövrü davam edir. Azərbaycan hökuməti seçimini edə bilməyib. Bəzi dostlarımız bu məsələdə optimistdirlər ki, hökumət dərk edib yumşalmanın, reformaların, islahatların, Qərbə inteqrasiyanın alternativinin olmadığını. Mən bunun simptomlarını görsəm də, eyni zamanda tərəddüd görürəm. Hökumət buna da gedə bilmir. Ağıl, məntiq deyir ki, xalqla, dünya ilə konfrantasiya labüd məğlubiyyətə aparır. Amma insan öz xarakteri ilə həmişə bacarmır, bu adamlarin xarakteri xalqı saymamağın üzərində durur. Uzun illər belə formalaşıblar. İctimai-siyasi fəaliyyətlərinin bütün fəlsəfəsi onun üzərindədir ki, xalqı idarə etmək lazımdır. Xalq kimdir ki, səni idarə etsin, özünə hökumət və parlament seçsin? Xalqın əvəzinə seçmək lazımdır, xalqı yönəltmək lazımdır. Xalqa demək lazımdır nə düz, nə səhvdir. Bir tərəfdən də düşünürlər ki, demokratikləşmə prosesi qansız-qadasız olsa da, sonda hakimiyyətin itirilməsi ilə nəticələnəcək. Onunla da barışa bilmirlər. Bu arada tərəddüd yaranır yenidən, axı bu zorun da perspektivi yoxdur. Daha böyük zor göstərənlər də uduzurlar. Bu tərəddüd hələ davam edir.

Rauf Arifoğlu:
- Əli bəy, iqtidarın Quba hadisələrindən çıxardığı nəticələri, verdiyi təpkiləri, reaksiyaları və sairi təsbit etdiz. Bunlara mövqeyinizi öyrəndik. Bəs, müxalifət Quba hadisələrindən hansı dərsləri çıxardı və fəaliyyətinə hansı korrektələri etdi? Müxalifətin Quba hadisələrindən sonrakı qərarları və dərsləri nədir?

“Hakimiyyət legitimliyini itirib”

Əli Kərimli:
- Bizim hakimiyyətdən fərqimiz ondadır ki, Quba hadisəsinin həmin gün o rayonda baş verməsi müxalifət üçün sürpriz olsa da, müxalifətin başa düşüb qiymətləndirdiyi ictimai qanunauyğunluğun tərkib hissəsi idi. Bizim üçün prinsipcə, gözlənilməz deyildi. Biz bunun fəlsəfəsini, qanunauyğunluğunu bilirik və yazırıq. Neçə müddətdir deyirik ki, bütün yollar tıxananda hakimiyyət əlahəzrət xalqla üz-üzə qalacaq. Hətta siyasi müxalifəti əzmək, qadağan etmək, həbsxanalara doldurmaq olar, xalqla bacarmaq olmaz. Biz bunları bilirik; sadəcə, dediklərimiz praktikada sübut olundu. Həm öz qənaətlərimiz möhkəmləndi, özümüzə inamımız artdı, həm də cəmiyyət gördü ki, biz düz deyirik. Bizim xüsusi olaraq altını cızdığımız nəticə hansılardan ibarətdir? Azərbaycan xalqı uzun illər bu idarəetmədən kütləvi şəkildə narazıdır. Bütün o saxta səs faizləri hökuməti aldatmamalıdır. Hakimiyyətin elektoral gücü yoxdur, legitimliyini itirib. Bu, bir rayonun miqyasında təsdiq olundu. Dövlət başçısının təyin etdiyi adamı biabırçı şəkildə xalq rayondan qovdu, hətta güc strukturları ilə qarşıdurmaya getməyə hazır olduğunu nümayiş etdirdi. Bütün demokratik mübarizə üsulları tükənəndə, artıq xalq başqa çarələrin olmadığını düşünəndə özü kor-təbii, spontal şəkildə meydana çıxıb problemlərini həll edə bilir. Xalq axırıncı, ali instansiya hüququnu özündə saxlayır, onu heç kimə verməyib. Bu, çox pozitiv bir işdir. Bir tərəfdən, hakimiyyət üçün çox ciddi mesajdır, digər tərəfdən, müxalifət üçün əlavə qarantiyadır. Artıq bunu hər kəs qəbul etdi ki, hətta müxalifətin bacarmamağı da geniş mənada ölkə üçün birmənalı fəlakət olmayacaq. Biz müxalifət olaraq bacarmasaq, apardığımız indiki islahatçı proses dalana dirənsə, danışdığımız dili anlamasalar və bu prosesi basdırmaq, məhv etmək istəsələr belə, bilirik ki, bizdən arxada daha yüksək ali instansiya var. O özü məsələyə qarışıb həll edə bilər. Müxalifət olmasa da xalq var və bizim üçün bu, əlavə qarantiyadır ki, apardığımız mübarizə istənilən halda qələbə ilə başa çatacaq. Bu, bizim istədiyimiz ssenari, bizim izlədiyimiz strategiya və taktika ilə olmasa da, bizim aparıcı rolumuz olmasa belə, baş verəcək. Bu, açığı, bizi rahatladır.

Rauf Arifoğlu:
- Tutaq ki, xalq gəldi və devirdi, dəyişdi rejimi. Onda bəs, müxalifətin işi nə olacaq? Siz bütövlükdə Azərbaycanın Quba olmasını istəyirsinizmi? Bu variantla hakimiyyət dəyişsə, bəs onda ölkədə şəkillənəcək gələcək iqtidarı necə təsəvvür edirsiniz?

Davamı növbəti sayımızda

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR