İnsanlara hürriyət, millətlərə istiqlal!

N!DA “İRƏLİ”ni “YENİ MÜSAVAT”da DEBATA ÇAĞIRDI

6709 15.07.2012 09:36 Bizim qonaq A A

- Necə oldu ki, N!DA yarandı? Bu ideyaya necə gəldiniz?

Üzeyir Məmmədli:
- Biz 5-6 nəfər idik və bu istiqamətdə fəaliyyət göstərməyə meylli olan digər bir qrupla tanış olduq. İdeyalarımız və məqsədlərimiz üst-üstə düşdüyündən N!DA adı altında birləşməyə razılaşdıq. 2011-ci ilin fevralında hərəkatı təsis etdik. Hərəkatın yaradılmasında məqsəd Azərbaycanda demokratikləşmə prosesinə öz təsirini göstərmək və eləcə də cəmiyyətin müxtəlif sahələrində olan problemlərin həll olunmasına öz töhfəmizi verməkdir. Bizim maddi-texniki imkanlarımız aşağı olduğu üçün daha çox sosial şəbəkələrdə geniş fəaliyyət göstəririk. Həmçinin N!DA jurnalımız da dərc olunur. Bu da öz üzvlərimizin verdiyi ianələr hesabına həyata keçirilir. N!DA ölkədə baş verən proseslərə də reaksiyalar verir. İctimai Palatanın keçirdiyi aksiyalarda iştirak edirik. Hələ ki müstəqil aksiyalar keçirməmişik. Ölkədə olan gənclər təşkilatları və partiyalarla da əməkdaşlıq edirik.

Azər Rəşidoğlu:
-Xalq hərəkatı başlayanda hələ ortada heç bir partiya, təşkilat yox idi. İndi də meydan boşdur. Niyə siz müstəqil fəaliyyət göstərə bilmirsiniz?

Ü.Məmmədli:
-Biz çox gənc hərəkatıq. Biz mitinqlərin keçirildiyi bir vaxtda yarandıq və təsisçilər də aktiv vətəndaşlar olduğu üçün bizə təzyiqlər oldu. Bizə heç bir yerdən də kömək yoxdur. Üzvlərimizin sayı artdıqca imkanlarımız da genişlənir. Hesab edirəm ki, yaxın bir-iki il ərzində biz müstəqil olaraq nələrisə edə biləcəyik.

A.Rəşidoğlu:
-Tələbələrin fəallığını artırmaq üçün nələr etmisiniz və ya etməyi düşünürsünüz? Məsələn, Türkiyə gəncliyinin 60-70-ci illərdəki əfsanəvi fəaliyyətinə yaxınlaşmaq üçün nəsə planlaşdırırsınız?

Ü.Məmmədli:
- Biz vətəndaş hərəkatıyıq. Yaş məhdudiyyətimiz yoxdur. Amma əsasən gənclərə istiqamətlənmişik. Mən o dövrlə indiki dövrü müqayisə etməyin o qədər də tərəfdarı deyiləm. O dövrün Türkiyəsində nisbətən müstəqillik var idi. Türkiyə universitetlərinin sistemi də başqa idi. Ancaq bizim universitetlərdə hazırda tələbələrin hansısa təşkilatlara qoşulması çox çətindir. Düzdür, universitetlərin əksəriyyətində üzvlərimiz var. Amma həmin tələbələr daim təzyiq altındadırlar. Bizim təşkilatın universitetlərdə açıq fəaliyyəti mümkün deyil. Məsələn, bizim jurnalımız daha çox universitetlərə istiqamətlənib.

A.Rəşidoğlu:
- Bəlkə elə bundan başlayasınız. Məsələn, “rüşvətə yox deyirik” və sair. Rüşvət alan müəllimin də adını “qara siyahı”ya salırsınız və onun işdən qovulmasına nail olursunuz.

Aygün Pəncəliyeva:
- Bilirsiniz, müəllimi işdən qovmaqla biz nəyəsə nail olmayacağıq. Çünki müəllimi qovmaqla rüşvətin qarşısı tam alınmayacaq. Elə tələbə var ki, özü rüşvət verməkdə maraqlıdır.

Günay Musayeva:
- Təşkilatınızın adı haradan götürülüb? Açıqlaması varmı?

Ü.Məmmədli:
-Bəli var. Amma bu, sirdir. Hələ ki açıqlamaq fikrimiz yoxdur.

G.Musayeva:
-Ümumiyyətlə, neçə üzvünüz var?

Nazlı Pəncəliyeva:
-200-dən çox üzvümüz var.

G.Musayeva:
- Təşkilatınızı maliyyələşdirən varmı?

Ü.Məmmədli:
- Bizi heç kim maliyyələşdirmir. Bu təşkilat heç bir quruma aid deyil.

A.Rəşidoğlu:
-İndiyədək hansı uğurları əldə etmisiniz?

Ü.Məmmədli:
- Əslində 8 nəfərlə təşkilat yaradıb hazırda ətrafında 200 nəfəri cəmləşdirmək böyük uğurdur, məncə. İdarə heyətimiz 7 nəfərdir. Xüsusi statusu olan şəxs yoxdur. Qərar səsvermə nəticəsində qəbul olunur.

A.Rəşidoğlu:
- Sizcə, gənclər təşkilatının lideri olmalıdırmı?

A.Pəncəliyeva:
- Mənə elə gəlir ki, liderə ehtiyac yoxdur. Belə daha demokratikdir. Hər il bu yeddi nəfər də dəyişəcək.

A.Rəşidoğlu:
- Sizcə Azərbaycan gənci niyə bu qədər passivdir?

Ü.Məmmədli:
- Bilirsiniz, 1990-cı illərdə gənclik daha aktiv idi. Amma o dövrdə pərakəndəlik idi, təşkilatlanma yox idi. İndiki gəncləri isə hakimiyyətin yürütdüyü siyasət ümidsizliyə aparır.

A.Rəşidoğlu:
- Məncə, hakimiyyətin üstünə atmaq məsuliyyətdən yayınmaqdır. Qorxu hər bir yerdə olur. Əsas odur onu içindən çıxara biləsən.

Kənan Qasımlı:
-Biz hələ ki bir ildi yaranmışıq. Yəqin ki, hələ çox iş görəcəyik.

G.Musayeva:
- N!DA Hərəkatının siyasətə baxışı necədi? Siz özünüzü hakimiyyətə, ya müxalifətə alternativ olaraq görürsünüzmü?

- Xeyr, qətiyyən. Biz siyasi dəyişikliklər istəyirik, amma siyasi iddiamız yoxdur. Üzvlərin fərqli siyasi baxışları ola bilər, gələcəkdə də siyasi fəaliyyət göstərə bilər, amma N!DA-nın belə bir niyyəti və iddiası yoxdur. Heç bir siyasi partiya və lideri də dəstəkləmirik. Bizim məqsədimiz Azərbaycanda insan azadlıqlarını, hüququn aliliyini, məhkəmələrin müstəqilliyini və şəffaf seçkiləri bərpa etməyə nail olmaqdır. Ən azı bu prosesdə iştirak etməkdir. Bizimlə eyni məqsədlər uğrunda mübarizə aparan bütün təşkilatlarla da əməkdaşlıq və tərəfdaşlıq edirik, etməyə də davam edəcəyik.

Emil Salamoğlu:
- Qarşıdan gələn parlament seçkilərində təmsil olunmaq fikriniz varmı?

Ü.Məmmədli:
- Ola bilər. Bu, mümkündür. Biz N!DA-çılara belə bir qadağa qoymamışıq. Ancaq belə bir məqsədimiz də yoxdur. Ölkədəki vəziyyəti də nəzərə alırıq. Çünki hansısa siyasi partiyanın hakimiyyətə gəlməsi mümkün deyil.

A.Rəşidoğlu:
- Siz ideologiyaya üstünlük verirsiniz? Tutaq ki solçular, sağçılar...

A.Pəncəliyeva:
- Əslində bizim təşkilat qarışıq üzvlərdən ibarətdir. Heç kimə fərq qoymuruq. Heç bir bölgü aparmırıq. Təşkilatlar arasında müxtəlif ideologiyalı gənclər bizim ətrafımızda birləşib. Bizdə Təftiş Komitəsi var. Kiminsə şikayəti varsa, ora şikayət edə bilir. Biz ayrı-seçkilik etmədən mübarizə aparırıq.

Ü.Məmmədli:
- N!DA heç bir gəncin ideoloji, dini baxışlarına fərq qoymadan çalışır.

A.Rəşidoğlu:
- Dünya ölkələrində gəncləri birləşdirən müxtəlif musiqi janrları var. Siz bu barədə nə düşünürsünüz?

K.Qasımlı:
- Bizim himnimiz var. Həmçinin rok janrında oxuyan musiqiçiləri dəvət edirik, gəlib oxuyurlar.

G.Musayeva:
- Üzvləriniz arasında məşhurlar varmı?

K.Qasımlı:
- Zamin Hacı, Elnur Astanbəyli, Əli Əkbər, Əfqan Muxtarlı.

N.Pəncəliyeva:
- Onsuz da hamımız məşhuruq da. 200 nəfər üzvü olan təşkilat üçün 4 nəfər məşhur hər halda böyük uğurdur. Çünki bizim ofisimiz də yoxdur. Əsasən virtual olaraq bir yerə yığışıb müzakirə edirik, yer təşkil edib görüşürük.

A.Rəşidoğlu:
- Hakimiyyətyönlü partiyalarla necə, polemika aparırsınızmı? Dialoq aparma niyyətiniz varmı?

Ü.Məmmədli:
- Ötən il gənclər proqramı çərçivəsində görüş keçirildi. Həmin görüşdə iqtidaryönlü təşkilatlar bizimlə müzakirə aparmaq belə istəmədilər. Onlar bizimlə debata belə gəlmək istəmirlər. Çünki deyəcək sözləri yoxdur. Bu baxımdan hazırkı vəziyyətdə dialoq mümkün dyil.

G.Musayeva:
- Bunu sınaqdan keçirmisiniz? Məsələn, bizim redaksiya təşkil etsə, siz “İrəli” gənclər təşkilatının hansısa bir üzvü ilə debata çıxarsınız?

Ü.Məmmədli:
- Əlbəttə. Bizim üçün heç bir problem yoxdur. Onlar gəlirsə, buyursunlar. Nəinki “İrəli”, həmçinin digər iqtidaryönlü təşkilatlarla da debata çıxmağa hazırıq.

G.Musayeva:
- Digər təşkilatlardan fərqiniz nədir? Üstünlüyünüz varmı?

Ü.Məmmədli:
- Bu bir az provakasion sualdır..

N.Pəncəliyeva:
- Bizim resursumuz digərlərindən fərqlidir. Digər təşkilatlarla müqayisədə aktiv üzvlərimiz də çoxdur.

G.Musayeva:
- Həmin təşkilatların üzvlərini saymısınız? Onların resursunun az olduğunu necə müəyyən edirsiniz?

Ü.Məmmədli:
- Biz ətrafımızda aktiv gəncləri birləşdirmişik. Qeyri-fəal üzvləri siyahıdan çıxarırıq. Elə təşkilatlar var ki, deyirlər guya ki üzvlərinin sayı 20-30 min nəfərdir.

G.Musayeva:
- Konkret ad çəkə bilərsiniz?

N.Pəncəliyeva:
- Tutaq ki, “İrəli” təşkilatı deyir ki, 20 min üzvü var. Amma biz onları tapmırıq. Düzdür, onları axtarmırıq. Amma ortada heç kim yoxdur. Ətraflarına 3-4 uşaq yığıblar.

G.Musayeva:
- Rəqibiniz varmı?

A.Pəncəliyeva:
- Biz özümüzə rəqib görmürük. Əsas odur məqsədlərimizə çataq.

N.Pəncəliyeva:
- Azərbaycanda N!DA qədər geniş fəaliyyət göstərən təşkilat yoxdur.

Ü.Məmmədli:
- Biz hakimiyyətə gəlmək istəsəydik, rəqibimiz olardı. Biz müxalifyönlü təşkilatlarla əməkdaşlıq edirik. Əslində iqtidaryönlü təşkilatlar bizim rəqibimiz olmalı idi. Amma onların fəaliyyət istiqaməti tam başqadır. Bundan əlavə, universitetlərin həmkarlar təşkilatı da tələbələrə təzyiq göstərir. Hansısa tələbə mitinqə çıxırsa, onun şəklini universitet rəhbərliyinə göstərib, universitetdən qovulmasına şərait yaradır. “İrəli”yə gəldikdə isə, bu təşkilata gedənlər düşünür ki, karyerası irəli gedəcək guya. Digər tərəfdən, ora kompyuter kursuna yazılmaq üçün gedənlər var. Onları saxlayacaq ideologiya yoxdur. “İrəli”yə müxtəlif məmurlar tərəfindən yardımlar edilir. “İrəli”dən çıxıb bizim təşkilata gələnlər deyir ki, biz o təşkilatdan istifadə edirik.

E.Salamoğlu:
- İsa Qəmbərin oğlu Turqut Qəmbər də sizin təşkilatda təmsil olunur. İsa bəyin təşkilata hansısa bir təsiri olurmu? Çoxları düşünür ki, oğlu həmin təşkilatda olduğu üçün bu təşkilat da Müsavat Partiyasına yaxındır.

Ü.Məmmədli:
- Turqut Qəmbər idarə heyətində yeddi nəfərdən biridir. Heç kimin bizə təsiri yoxdur. Şəxsən mən heç bir siyasi təşkilatı dəstəkləmirəm. Təbii ki, mənim mövqeyim idarə heyətinə təsir edir. Turqut Qəmbər İsa bəyin oğludur deyə N!DA-nın Müsavat Partiyası ilə hansısa əlaqəsi var demək çox yanlışdır.

A.Pəncəliyeva:
- İdarə heyətində olan altı nəfərin heç biri Müsavat Partiyasına üzv deyil.

E.Salamoğlu:
- Yəni siz Müsavat Partiyasını da dəstəkləmirsiniz?

Ü.Məmmədli:
- Xeyr, dəstəkləmirik. Ancaq siyasi partiyaların bir neçəsinin gənclər təşkilatı ilə əməkdaşlıq edirik.

G.Musayeva:
-Yaxın zamanlarda aksiya keçirməyi düşünürsünüzmü?

Ü.Məmmədli:
- Hər şey ola bilər. Ya yaxın, ya da uzaq zamanda bu baş verəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR