İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜXALİFƏT ÖZ DAXİLİNDƏ NİYƏ DALAŞIR?

4761 25.12.2012 09:58 Bizim qonaq A A

Xalq Partiyanın sədri, İP KŞ üzvü Pənah Hüseynlə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının debatında da əsas mövzu müxalifətin vahid namizədi məsələsi idi. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun moderatorluğu ilə baş tutan debatda tərəflər qəzetin siyasi şərhçisi Azər Rəşidoğlunun da bir neçə sualına cavab verib. Kifayət qədər gərginliklərlə, mübahisəli anlar yaşanmaqla keçən debatın birinci hissəsini təqdim edirik:

Söhbətə Rauf Arifoğlu belə başladı:
- Son zamanlar qəzetlərdə, sosial şəbəkələrdə seçkilərdə iştirak, vahid namizəd məsələsi ilə bağlı gedən qızğın, fəqət çoxfraqmentli mübahisələri konseptual şəkildə müzakirə etmək istədik. Bizim üçün maraqlı olan budur ki, oxucular, onların timsalında siyasətlə maraqlananlar özləri üçün aydınlaşdırsınlar ki, müxalifət daxilində hansı proseslər gedir? Fuad bəy, mən istərdim, öncə bir məsələdən başlayaq: Müsavat başqanı İsa Qəmbərin “Azadlıq” radiosunda vahid namizədlə bağlı məlum açıqlamasından sonra AXCP Ali Məclisinin sədri Həsən Kərimovun, şəxsən sizin, başqa AXCP funksionerlərinin bu məsələyə aqressiv reaksiyaları səsləndi. O cümlədən sosial şəbəkələrdə bununla bağlı böyük bir ajiotaj başladı. İsa bəyin açıqlamalarında sizi narazı salan və narahat edən məqamlar nədən ibarət idi ki, bu dərəcədə kəskin reaksiyalar verdiniz?

Fuad Qəhrəmanlı:
- Mən o fikirlə razıyam ki, doğrudan da bu gün vahid namizədlə bağlı ciddi ictimai müzakirələr gedir. Bu, ilk sırada cəmiyyətin məsələyə həssas yanaşmasını, eyni zamanda sosial sifariş olduğunu göstərir. Bu istiqamətdə səslənən mövqelər, İsa Qəmbərin şəxsinə qarşı yönələn fikirlər kontekstində müzakirə olunmamalıdır. Eyni zamanda İsa bəyə cavab kontekstindən də qəbul olunmamalıdır. Biz İsa Qəmbərlə, Müsavat Partiyası ilə İctimai Palata çərçivəsində müttəfiqik. Yetərincə işgüzar, səmərəli əməkdaşlıq imkanları var aramızda. Sadəcə olaraq, AXCP qarşıdan gələn prezident seçkilərində müxalifətin vahid namizəd formasında iştirakını daha uğurlu, daha effektli hesab edir.

R.Arifoğlu:
- Müxalifət deyəndə bütün müxalif düşərgənimi nəzərdə tutursunuz?

Fuad Qəhrəmanlı: “Nəyə görə müsavatçı dostlarımız fikirlərimizi Müsavat başqanına qarşı kampaniya kimi qiymətləndirdilər?”

F.Qəhrəmanlı:
- Mən bu məsələyə aydınlıq gətirəcəm. İsa Qəmbər vahid namizəd məsələsinə münasibət bildirdi. İsa bəy ölkənin aparıcı siyasətçilərindən biri olduğuna görə təbii, bu bir zərurət yaratdı ki, digər tərəf də öz fərqli baxışlarını ortaya qoysun. Burada söhbət İsa bəyə cavabdan yox, vahid namizəd məsələsinə münasibətdən gedir. Biz aydınlaşdırmağa ehtiyac duyduq ki, nəyə görə vahid namizəd ideyasının tərəfdarıyıq. Bu, AXCP tərəfdən onunla əsaslandırılır ki, vahid namizəd müxalifətin daha geniş tərkibdə konsolidasiyası üçün imkanlar yaradır. Bizim partiyanın lideri tərəfindən belə bir təklif gəlib ki, biz vahid namizədi praymeriz yolu ilə də müəyyən edə bilərik. Ancaq bu, fərqli formalarda da ola bilər - məsələn, sosioloji sorğularla, yaxud bizim öz daxilimizdə, yəni İP-də seçki keçirilməsi ilə. Bu artıq bütün maraqlı, iddialı qüvvələrə imkan yaradar ki, həmin vahid namizədin müəyyənləşməsi prosesində iştirak etsinlər. Digər bir tərəfdən, Azərbaycan cəmiyyətində belə bir rəy formalaşıb ki, Azərbaycan hakimiyyəti o qədər özünə arxayındır, o qədər gücə istinad edir ki, ona qarşı hər hansı partiyanın müstəqil resursları ilə qalib gəlmək mümkün deyil. Buna görə də müxalifət mütləq birgə hərəkət etməli, vahid namizəd müəyyən etməlidir. Bu baxımdan vahid namizədi müəyyən etmək Azərbaycan cəmiyyətini səfərbər etmək kimi qəbul edilir. Cəmiyyətin müxalifətdən istəklərinin, gözləntilərinin qəbul olunması cəmiyyətin siyasi mübarizənin perspektivlərinə inamını artıra bilər. Eyni zamanda onların daha fəal xarakter almasını stimullaşdıra bilər. Vahid namizəd məsələsi həm də beynəlxalq birliyin Azərbaycanda gedən demokratik proseslərə daha fəal, daha inamlı dəstək verməsinə gətirib çıxara bilər. Çünki avtoritarizmdən demokratiyaya keçid mərhələsini yaşayan ölkələrin əksəriyyətində cəmiyyətin aparıcı qüvvələri məhz bir araya gələrək vahid namizədlərini müəyyənləşdiriblər. Biz bu izahatı verdik, mövqeyimizi paylaşdıq. Özü də burada İsa bəyin mövqeyinə, şəxsiyyətinə yönəlik, hər hansı etikadan kənar fikirlər yer almamışdı; onun şəxsiyyəti hədəf alınmamışdı. Biz sadəcə, vahid namizəd məsələsi ilə bağlı mövqeyimizi ifadə etdik və çox təəssüf, sizin qəzetdə də bu, elə təqdim olundu ki, sanki İsa Qəmbərə qarşı bir kampaniya aparılır. Söhbət burada vahid namizəd məsələsi ilə bağlı mövqeyin ifadə olunmasından gedir. Biz müttəfiq olsaq da eyni partiya deyilik. Necə ki, Müsavat Partiyasının üzvləri Əli Kərimlinin bütün fikirlərini qəbul etməyə borclu deyillər və biz burada təbii olmayan heç nə görmürük, bunu Müsavat Partiyasının Əli Kərimliyə qarşı mənfi münasibəti kimi təqdim etmirik. Eyni zamanda bizim də məsələyə fərqli yanaşmamız Müsavat Partiyası tərəfindən İsa Qəmbərə qarşı mövqe kimi qəbul olunmamalıdır. Siz özünüz bu prosesin iştirakçısısınız, bilirsiniz ki, İctimai Palata daxilində də fərqli mövqelər var idi, müəyyən uyğun gəlməyən məqamlar var idi və bu məsələlər müzakirə olunaraq polemika yolu ilə müəyyən konsensusla ifadə olundu. Yəqin ki, bu proses hələ davam edəcək. Eyni zamanda biz hələlik seçkidə hansı formatda iştirak edəcəyimizlə bağlı konkret qərar qəbul etməmişiksə, həmin məsələlərlə bağlı fikirlərimizi, mövqelərimizi ifadə eyməliyik. Biz Müsavat Partiyasının rəhbərliyinin, eləcə də İsa Qəmbərin vahid namizədlə bağlı ifadə etdiyi fikirlərə hörmətlə yanaşırıq, bunu heç bir halda Xalq Cəbhəsinin mövqeyinə, müdafiə etdiyi ideyaya, Əli Kərimliyə qarşı kampaniya kimi dəyərləndirmirik. Ona görə də sual yaranır ki, nəyə görə müsavatçı dostlarımız fikirlərimizi Müsavat başqanına qarşı kampaniya kimi qiymətləndirdilər. Əksinə, biz vahid namizədin müəyyənləşdirilməsi məsələsində Müsavat Partiyasını özümüzün əsas tərəfdaşımız kimi görürük, bu məsələdə onu ən iddialı şəxslərdən biri kimi qəbul edirik və hesab edirik ki, Müsavat Partiyasının, İsa Qəmbərin iştirakı olmadan vahid namizəd ideyasının müəyyənləşməsi doğru olmazdı. Əksinə, bu məsələ bizim seçkidə Müsavat Partiyası ilə bərabər, sıx təmas halında iştirakımız üçün şərait yaradır.

R.Arifoğlu:
- Bu qənaətə gəlmək üçün Müsavat Partiyasının yetərincə əsası var. “Azadlıq” qəzetinin son vaxtlar arxiv fiqurlar vasitəsilə apardığı kampaniya var. Onların vasitəsilə iddia olunur ki, Əli Kərimli ən yaxşı vahid namizəddir; İsa Qəmbər onun yolundan kənara çəkilsin, ona imkan versin. Bundan sonra facebook-dakı “XİLAS” qrupunda gedən təhqiramiz müzakirələr bunu deməyə əsas yaradır. Sizin də, Həsən bəyin də dediklərinizdə aqressiv tonlar, əsəbi notlar vardı. Bundan sonra da AXCP-nin ideoloji aparatı, Şaxta baba nümunəsində bu prosesdə özlərindən obraz düzəltməyə başladılar. İsa Qəmbərin şəxsinə də, Müsavat Partiyasına da qarşı fikirlər səsləndirdilər. Biz sadəcə olaraq, faktları konstatasiya elədik ki, belə bir kampaniya var. Müsavat Partiyasının bütün üzvləri, rəhbərliyi də hesab edir ki, proses bu cürdür; ancaq siz deyirsiniz ki, yox, belə deyil. Hər halda, bu da sizin mövqeyinizdir...

F.Qəhrəmanlı:
- Mən üzr istəyirəm, Rauf bəy, bu məsələyə qısa aydınlıq gətirim. Əgər Əli Kərimlinin vahid namizədliyindən söhbət gedirsə, Əli bəy bir dəfə də belə bir ifadə işlətməyib ki, mən vahid namizədəm. Əli Kərimlinin komandasında, ideoloji və siyasi işlərə baxan şəxslər tərəfindən bir dəfə də o ifadə işlədilməyib ki, Əli Kərimli vahid namizəd olmalıdır.

R.Arifoğlu:
- Bu sözü, siyasətdə uzun müddət olmayan, qəfildən zühur edən adamlara dedizdirirsiniz qəzetinizdə...

F.Qəhrəmanlı:
- Hansısa ictimaiyyət nümayəndəsi Əli Kərimlini vahid namizəd kimi görürsə, bu, artıq partiyanın mövqeyi deyil, həmin şəxslərin, ictimaiyyətin mövqeyidir. Siz necə ki, hər hansı məsələ ilə bağlı ictimaiyyətin tanınmış nümayəndələrinə yer ayırırsınız, “Azadlıq” qəzetində də bu fikirlərə yer ayrılıb. Burada bizim yanlış hesab etdiyimiz məqam ondan ibarətdir ki, Müsavat Partiyasının funksionerləri Əli Kərimlinin vahid namizəd olması ilə bağlı fikirlər səsləndirən İbrahim Vəliyevi və ya Qurban Məmmədovu AXCP-nin funksionerləri ilə dəyişik salıblar. Halbuki AXCP funksionerlərinin mövqeyi birmənalı şəkildə ondan ibarətdir ki, - bizdə kursdan kənara çıxma olmur, vahid kursla məsələlərə münasibət bildirilir - vahid namizədin kimliyinin ortaya gətirilməsi indiki halda bizim diqqətimizi əsas məsələdən yayındıra bilər.

R.Arifoğlu:
- Kənardan görünən budur ki, Əli Kərimlinin hamı üçün vahid namizəd kimi qəbul olunmasının “zəruriliyi” kampaniyası aparılır. Bu da ayıb bir şey deyil, normal bir şeydir...

F.Qəhrəmanlı:
- Mən də hesab edirəm ki, bu, Əli Kərimlinin günahı deyil ki... Bu, əksinə müsbət bir məqamdır ki, Əli Kərimlini AXCP-yə aid olmayan şəxslər, necə deyərlər, xalqın tələbi ilə, ictimaiyyət nümayəndələrinin tələb ilə vahid namizəd göstərirlər.

(Gülüşmə)

R.Arifoğlu:
- “Xalqın tələbi” - necə tanış ifadədir...

F.Qəhrəmanlı:
- Təbii, mən bu sözü zarafatla deyirəm. Xahiş edirəm, bu ifadəni zarafatla dediyimi qeyd edin ki, yanlış anlaşılma olmasın.

R.Arifoğlu:
- Pənah bəy, biz mövzudan xeyli kənara çıxdıq. İsa Qəmbərin dedikləri kontekstində istərdim cavabınızı alaq. Siz də illərini siyasətə vermiş təcrübəli siyasətçisiniz. İsa bəy deyir ki, vahid namizəd məsələsi Şaxta baba məsələsinə dönüb. Şaxta babanı hamı sevir, xüsusilə də uşaqlar; ancaq əslində o, yoxdur, reallıqda mövcud deyil. İsa bəy deyir ki, Azərbaycanda da vahid namizəd məsələsi Şaxta baba kimidir - yoxdur və olmayacaq. Bununla bağlı sizin düşüncəniz nədir? Gerçəkdənmi bu mövzunun polemika predmeti olmasına hazırda ehtiyac var? Yoxsa bu, süni yaradılmış gündəm təsiri bağışlayır?

Pənah Hüseyn: “İctimai Palata vahid namizəd məsələsinin müzakirəsini qadağan edən xüsusi qərar verib...”

Pənah Hüseyn:
- Bu ilin iyununda İctimai Palatanın sessiyasında namizəd məsələsinin müzakirə edilməsi, kölgə kabinetinin yaradılması, bununla bağlı İctimai Palatada islahatlar aparılması tezisləri ilə çıxış etmişdim. Həmin çıxışdan sonra digər məsələlər kənarda qalmışdı. Yəni İctimai Palatanın seçkilərə münasibətinin müəyyən olunması və bununla bağlı İctimai Palatada islahatların aparılması kənarda qalmışdı, əsasən AXCP funksionerləri diqqəti vahid namizəd məsələsi üzərində cəmləşdirmişdilər. Mətbuatda da bu məsələni mənim gündəmə gətirdiyim bildirilirdi və mənə qarşı çox ciddi bir əks-təbliğat aparılırdı. Bunu İctimai Palatanı parçalayacaq, dağıdacaq mövzu kimi dəyərləndirirdilər. Hətta bəziləri qəsdən bu mövzunun vaxtından əvvəl gündəmə gətirilməsini İP-i dağıtmaq kimi təqdim edərək mənə qarşı çox ciddi təbliğat aparırdılar. Proses onunla başa çatdı ki, sentyabrda AXCP sədrinin təşəbbüsü və təklifi ilə hətta İctimai Palatada vahid namizəd məsələsinin müzakirəsinin qadağan olunması haqqında rəsmən xüsusi bir qərar qəbul olundu. Bu qərar hələ bu gün də qüvvədədir, hələ ləğv olunmayıb. Sonra Arif Hacılı həbsdən çıxandan sonra vahid namizəd məsələsini İctimai Palatada təkrar gündəmə gətirmişdi. Dərhal da Arif bəyin bunu sifarişlə etməsi ilə bağlı əks-təbliğat başlamışdı. Açıq ifadə edirəm ki, əsas etibarı ilə yenə AXCP və bu partiyaya rəğbət bəsləyənlər tərəfindən bu ittihamlar səsləndirilirdi. Niyə bunu xatırlatdım? Birdən-birə sanki yerlər dəyişib. Bu məsələnin dəyərləndirilməsi zamanı belə bir ekskursa ehtiyac vardı, məncə. Yəqin Fuad bəy də lazım bilsə bu məsələyə münasibət bildirəcək... Qayıdıram yenidən İsa bəyin vahid namizəd məsələsinə münasibətinə. Bu, ilk münasibət deyil. Bir neçə ildən bəridir - daha dəqiqi, 2003-cü ildən sonra İsa bəy ardıcıl olaraq müxalifətin vahid namizədi ideyasına qarşı çıxış edib. Məncə, bunu dəqiqləşdirmək lazımdır. Çünki siz bayaq Həsən bəyin müsahibəsini xatırlatdınız. Həsən bəy İsa bəyin çıxışını belə dəyərləndirmişdi ki, guya İsa bəy İctimai Palatanın vahid namizədinin müəyyən olunması ilə bağlı çıxış edir. Halbuki İsa bəy İP-in vahid namizədinin müəyyən olunmasının əleyhinə çıxış etməyib, eləməzdi də. Çünki İctimai Palatanın vahid namizəd məsələsilə bağlı qərarı var - İP bu seçkilərdə vahid namizədlə iştirakla bağlı qərar qəbul edib. Namizədlə - namizədlərlə yox. Eyni zamanda hələ sentyabr ayında qəbul olunan Seçki Memorandumunda belə bir ifadə təsbit olunub ki, İP üzvlərinin təmsil olunduğu partiyalardan və ya bitərəf şəxslərdən prezidentliyə namizəd irəli sürülürsə, bu, “namizədliyə namizəd” kimi dəyərləndirilir. Bu baxımdan da İsa bəy, İP üzvü kimi seçkilərdə bir namizədlə iştirakı məqbul sayıb. İsa bəyin illərdən bəri əleyhinə çıxdığı ifadə müxalifətin vahid namizədi məsələsidir.

R.Arifoğlu:
- Düşərgənin yəni...

P.Hüseyn:
- İdeya belədir; müxalifətin vahid namizədi. Mən bu məsələdə zaman-zaman İsa bəyə opponentlik eləmişəm. Çünki mən vahid namizəd ideyasının, xüsusən əvvəlki dövrlərdə tərəfdarlarından, bu ideyanı təbliğ edənlərdən biri olmuşam. Lakin sözün doğrusu, nə qədər cəlbedici görünsə də, xüsusən illər keçəndən sonra müxalifətin vahid namizədi məsələsinin faktiki olaraq iqtidarın demokratik qüvvələrə və müxalifətə qarşı əsas təbliğat hədəflərindən, vasitələrindən biri olduğunu görürəm. Sanki iki vahid namizəd ideyası var - biri bütün elektoratın, demokratik qüvvələrin ümumi şəkildə istədiyi, müdafiə etdiyi bir namizəd ideyası, bir də iqtidarın yıpratdığı müxalifət qüvvələrinə qarşı effektiv bir şəkildə istifadə etdiyi vahid namizəd anlayışı var. Nə deməkdir bu? Zaman-zaman deyilir ki, müxalifət ona görə uduzur ki, vahid namizədini müəyyən edə bilmir, birləşə bilmir. Seçkilərin total saxtalaşdırılması, ölkədə demokratik mühitin olmaması qalır bir kənarda. İkinci bir tərəfdən, müxalifət çox geniş bir spektrdir. Aydın bir məsələdir ki, müxalifətin bütün tərkibinin qəbul etdiyi vahid namizəd məsələsində razılığa gəlinməsi mümkün deyil. Deyək ki, 1998-ci ildə Etibar Məmmədov namizədliyini verdi - heç kəs ona deyə bilməzdi ki sən müxalifətçi deyilsən. SİDSUH, yəni bütün digər demokratik qüvvələrin birliyinin etiraz etməsinə baxmayaraq o, seçkiyə getdi.

(ardı gələn sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR