İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜSAVAT VƏ AXCP FUNKSİONERLƏRİNİN “YENİ MÜSAVAT”da VAHİD NAMİZƏD DARTIŞMASI

6661 22.11.2012 09:58 Bizim qonaq A A

Hazırda da vahid namizədlə bağlı müzakirələr başlayıb. Müsavat başqanı İsa Qəmbər “Yeni Müsavat”a son silsilə müsahibəsində 2013-cü ildə keçiriləcək prezident seçkisində namizədliyini verəcəyini və qələbə qazanacağını bəyan etdi. Onun bu açıqlaması müxalifətdə ciddi müzakirələrə təkan verdi. Artıq neçə gündür ki, sosial şəbəkələrdə və mediada müsavatçılarla cəbhəçilərin qarşılıqlı ittihamlarla müşayiət olunan polemikası başlayıb. “Yeni Müsavat” olaraq biz bu mübahisələrin və müzakirələrin redaksiyamızda davam etdirilməsini istədik. Ona görə də Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının və AXCP Ali Məclisinin sədri Həsən Kərimovun redaksiyada debatını təşkil etdik. Təklifimizi qəbul edib debatda iştirak etdikləri üçün Arif bəyə və Həsən bəyə təşəkkür edirik. Beləliklə, “Yeni Müsavat” qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxanın, qəzetimizin yazarı Azər Rəşidoğlunun və bu sətirlərin müəllifinin iştirakı ilə baş tutmuş debatın birinci hissəsini təqdim edirik.

- Müsavat başqanı İsa Qəmbər “Yeni Müsavat”a müsahibəsində 2013-ü il seçkilərində namizəd olacağını dedi. Arif bəy, sizin də bu məsələ ilə bağlı bəyanatınız olmuşdu. Həsən bəy, siz APA-ya müsahibənizdə İsa Qəmbərin tələskənliyə yol verdiyini demisiniz. Arif bəy, siz necə hesab edirsiniz - doğrudanmı Müsavat tələskənliyə yol verir?

Arif Hacılı: “İsa Qəmbər namizədliyini irəli sürməsəydi, bu, təəccüblü olardı”

Arif Hacılı: - İsa Qəmbər Azərbaycanın üzdə olan bir neçə siyasi xadimlərindən biridir, ölkənin aparıcı siyasi partiyalarından birinə rəhbərlik edir. Eyni zamanda Azərbaycan xalq hərəkatının liderlərindən biridir. O, Azərbaycanın demokratik düşərgəsində ən təcrübəli, uzun müddət öndə olan siyasi xadimdir. İsa bəy Azərbaycan xalqının səsini alaraq Azərbaycan Respublikasının prezidenti seçilən və həyatda olan yeganə siyasətçidir. Bu baxımdan onun prezidentliyə namizəd olacağını bildirməsi olduqca təbiidir. Bunun əksi olsaydı, yəni İsa Qəmbər prezidentliyə namizədliyini irəli sürməmək barədə düşündüyünü elan etsəydi, təəccüb doğurardı.

- Həsən bəy, siz nəyə görə hesab edirsiniz ki, Müsavat başqanı tələsir?

Həsən Kərimov: “İsa Qəmbər 2003-cü ildə seçkilərin favoriti idi və birmənalı qalib gəlmişdi. Nəticəsi nə oldu?”

Həsən Kərimov: “Hər siyasətçinin bu məsələdə iddiası normaldır. Çünki siyasi partiya hakimiyyət uğrunda mübarizə aparır. Ancaq burada bir məqam var. Müsavat Partiyası İctimai Palatada təmsil olunur. Hələlik İctimai Palatada vahid namizəd və prezidentliyə namizəd mövzuları gündəlikdən çıxarılıb. İP indi qarşısına ölkədə seçki mühitinin demokratikləşdirilməsi, Seçki Məcəlləsinin dəyişdirilməsi, vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin edilməsi və nəticədə müxalifətin daha geniş inteqrasiyasına nail olmaqla daha geniş xalq hərəkatının yaradılmasını məqsəd qoyub. Bütün bu məsələlər həll edilmədən bizə elə gəlir ki, bu seçkiyə qatılmağın heç bir mənası yoxdur. İsa Qəmbər 2003-cü ildə seçkilərin favoriti idi və seçkidə birmənalı qalib gəlmişdi. Nəticəsi nə oldu? Nəzərə alaq ki, 2003-cü ildə qüvvədə olan Seçki Məcəlləsi bundan daha mütərəqqi idi. Keçən dövrdə Seçki Məcəlləsinə olduqca mürtəce dəyişikliklər edilib. Məncə, bu məsələləri həll edilmədən prezidentliyə namizədlik məsələsinin ortaya atılması müxalifətin birliyinə ictimaiyyət tərəfindən şübhələr yaradır. Bu prizmadan yanaşaraq İsa Qəmbərin tələskənliyə yol verdiyini düşünürəm.

Arif Hacılı: “Demokratik qüvvələr ən böyük səhvlərdən birinə 1998-ci ildə yol verib”

A.H. - Mən bu fikirlə razı deyiləm. Çünki seçkilərin boykot edilməsi müxalifətin faktiki olaraq özünü siyasi prosesdən kənarda saxlayır. Hesab edirəm ki, demokratik qüvvələr ən böyük səhvlərdən birinə 1998-ci ildə yol verib. Həmin seçkilərdə müxalifətin vahid namizədi olsaydı, o dövrdə ciddi dəyişikliklərə nail olmaq mümkün olardı. Siz seçkiqabağı demokratik şəraitin, demokratik seçki qanunvericiliyinin olmamasını əsas gətirərək 2008-ci ilin prezident seçkilərində də iştirak etmədiniz. Nəticədə nə baş verdi? Faktiki olaraq özünüzü siyasi proseslərdən kənarda saxladınız. Seçkilərin azad və ədalətli keçirilməsi üçün demokratik şəraitin yaradılmasına, seçki qanunvericiliyində islahatların aparılmasına, cəmiyyətin siyasi prosesə cəlb edilməsinə nail olmaq üçün öncə siyasi prosesdə iştirak etmək gərəkdir. Yalnız 2003-cü ilin prezident seçkilərində biz ciddi nailiyyətlər əldə edə bilmişik. Ən azı 10 minlərlə, bəzi hallarda 100 minlərlə insanın iştirak etdiyi kütləvi aksiyalar keçirə bildik, Azərbaycanın hər yerində insanlar real olaraq hakimiyyətin dəyişəcəyinə inanmışdı. Əgər 2003-cü ildə Azərbaycana beynəlxalq dəstək bugünkü kimi olsaydı, İsa Qəmbər nəinki prezident seçiləcəkdi, həm də prezident olaraq öz səlahiyyətlərinin icrasına başlaya biləcəkdi. Bu gün siyasi durum fərqlidir. O dövrdə mən xatırlayıram ki, hələ oktyabr seçkilərinə bir müddət qalmış faktiki olaraq hakimiyyətin Heydər Əliyevdən İlham Əliyevə ötürülməsi prosesi dünyanın əsas gücləri tərəfindən razılaşdırılmışdı. Sağlamlığında problemlər olan Heydər Əliyevin Rusiya təyyarəsi ilə Türkiyədən ABŞ-a aparılmasının özü Azərbaycan cəmiyyətinə və bütün dünyaya bu məsələlərlə bağlı Rusiya-Türkiyə-ABŞ anlaşması ilə bağlı mesaj idi. Ancaq indi fərqli durum müşahidə edilməkdədir. Hesab edirəm ki, biz 2000-ci ilin parlament seçkilərindəki kimi, 2003-cü ilin prezident seçkilərindəki, hətta 2005-ci ilin parlament seçkilərindəki siyasi prosesə nail ola bilsək, Azərbaycanda real siyasi dəyişikliklər baş verəcək və xalqın seçdiyi şəxs hakimiyyətə gələrək Azərbaycanda demokratik islahatlara başlaya biləcək.

- Əli Kərimlinin son günlərdəki çıxışlarından bəllidir ki, o, 2013-cü il seçkiləri ilə bağlı daha çox boykot tərəfdarı kimi çıxış edir. İsa Qəmbər isə bayaq da qeyd etdiyimiz kimi, seçkidə iştirakın tərəfdarıdır. İki dəfə ard-arda seçkiləri boykot etmək sizin fikrinizcə, müxalifəti daha da zəiflətməz ki?

H.K: - Boykot qərarı mövcud siyasi şəraitdən birbaşa asılı olaraq qəbul edilən qərardır. Boykot ona görə baş verir ki, şərait bunu diktə edir. Azərbaycanda bu gün müxalifət seçki dairələrində, məntəqələrində, eləcə də Mərkəzi Seçki Komissiyasında təmsil olunmur. Müxalifət hətta seçki məntəqələrində müşahidəçi olaraq öz missiyasını yerinə yetirə bilmirsə, belə şəraitdə boykot mümkündür.

- Yaxud müxalifət boykot taktikası ilə nəyə nail ola bilər?

Həsən Kərimov: “Əli Kərimli seçkinin boykot olunmasını istisna etmir”

H.K: - Boykot ən azı həm cəmiyyətə, həm də beynəlxalq aləmə seçkilərin saxtalaşdırıldığını sübut edir. Siz bayaq dediniz ki, Əli Kərimli boykot tərəfdarıdır. Əslində isə Əli Kərimli yalnız onu bildirib ki, müttəfiqlərlə məsləhətləşmədən sonra belə bir qərar istisna deyil. Nə Azərbaycan Xalq Cəbhəsi Partiyasının, nə də onun sədrinin seçkiləri boykot etməklə bağlı hər hansı qərarı yoxdur. Arif bəy deyir ki, öncəki seçkilərə qatılsaydıq, daha ciddi nəticələr əldə edilə bilərdi. Mən əksini düşünürəm. İsa bəy 2003-cü ildə seçkiləri faktiki olaraq qazanmışdı. Ancaq nəticə nə oldu? Əgər biz məqsədimizi sona qədər reallaşdıra bilmiriksə, nəyə nail ola bilirik? Ona görə də ilk öncə seçkiöncəsi durumu dəyişmək lazımdır. Seçki Məcəlləsi bu qədər mürtəceləşdirilibsə, hakimiyyət Seçki Məcəlləsinin demokratikləşməsi üzrə heç bir addım atmırsa, ölkədə mitinqlərin keçirilməsinə icazə verilmirsə, siyasi partiyaların qərargahları əllərindən alınırsa, bu gün partiyaların rayon şöbələrində 15-20 nəfərin bir yerə yığılmasına imkan verilmirsə, hansı demokratik mühitdən danışmaq olar? Bizim indiki məqsədimiz, bir daha bildirirəm, müxalifətin daha geniş inteqrasiyasına nail olmaq, xalq müqavimətini təşkil etmək, hakimiyyəti geriyə addım atmağa - konkret olaraq seçki mühitini demokratikləşdirən islahatlar aparmağa məcbur etməkdir. Seçkilərə bundan sonra qatılmaq mümkün ola bilər.

Arif Hacılı: “2003-cü il seçkilərində biz ciddi nailiyyətlər əldə etdik və İsa Qəmbər prezident seçildi”

A.H.: - Mən öz ifadələrimi hər zaman dəqiq seçirəm. Mən deməmişəm ki, 2008-ci il seçkilərində iştirak etsəydik böyük nəticələrə nail olardıq. Mən dedim ki, 2008-ci ildə prezident seçkilərində iştirak etməyərək biz heç nəyə nail olmadıq. Yəni boykota nail olmadıq. Əsas məsələ odur ki, hədəfi düzgün müəyyən etməkdir. Əgər bizim hədəfimiz doğrudan da Azərbaycanda seçkiqabağı demokratik mühitin olmadığını, Azərbaycanda fundamental insan haqlarının tapdandığını, sərbəst toplaşmaq azadlığının olmadığını, söz və ifadə azadlığının böyük bir təhdid altında olduğunu, siyasi partiyalar üçün bərabər təbliğat imkanlarının olmadığını dünya birliyinə çatdırmaqdırsa, biz buna artıq nail olmuşuq. Bütün dünya bilir ki, Azərbaycanda fundamental insan haqları ilə bağlı problemlər var. Əlavə informasiyaların xüsusi bir önəmi yoxdur. Biz bu durumu dəyişdirməyi düşünürük. Müsavat Partiyasının mövqeyi belədir ki, biz bu durumu dəyişdirmək üçün seçki kampaniyasının verdiyi bütün imkanlardan yararlanmaq gərəkdir. Bu imkanlardan istifadə etmədikdə biz sadəcə özümüzü siyasi proseslərdən təcrid etmiş olarıq. Gürcüstan nümunəsinə baxaq. 2003-cü ilin noyabrında Gürcüstanda parlament seçkiləri keçirildi. Bu seçki prosesinin gedişində elə bir hərəkat yaradıldı ki, nəticədə növbədənkənar seçkilərin keçirilməsi mümkün oldu. Mən o fikirlə razı deyiləm ki, 2003-cü ildə heç nəyə nail olmamışıq. Əvvəla, 2003-cü ildə biz Azərbaycan cəmiyyətinə də, dünyaya da sübut etdik ki, ölkədə xalqın səs verdiyi müxalifət nümayəndəsi var, biz bütün dünyaya sübut etdik ki, Azərbaycanda azad və ədalətli seçki olarsa, demokratik düşərgənin namizədinin qələbəsi şübhəsizdir. Bir daha bayaq dediyim fikirlərə qayıdıram - əgər 2003-cü ildə dünya birliyinin Azərbaycana münasibəti indiki kimi olsaydı, hakimiyyət dəyişikliyi baş verəcəkdi. Ancaq həmin dövrdə nəinki dünya birliyi Azərbaycandakı demokratik prosesi dəstəkləmədi, əksinə, demokratik düşərgənin qələbəsində maraqlı deyildi və bunun qarşısını aldı.

- 2013-cü il seçkilərində beynəlxalq birliyin fərqli münasibət göstərəcəyinə əminsinizmi?

A.H.: - İndi beynəlxalq birliyin Azərbaycanda demokratik proseslərin sürətlənməsində maraqlı olduğu açıq şəkildə görünür.

- Nümunə deyə bilərsinizmi?

A.H.: - 2003-cü ilin 16 oktyabr olaylarından sonra biz həbs edilmişdik. Qərb təşkilatları təxminən 1 il müddətində bizi heç siyasi məhbus kimi tanımadılar. Sonadək bizi heç vicdan məhbusu da elan etmədilər. 16 oktyabrla müqayisədə qat-qat zəif olan 2011-ci ilin 2 aprel olayından 1 həftə sonra vəkilim həbsxanada mənimlə görüşəndə bildirdi ki, artıq bizi vicdan məhbusu elan ediblər. Məndən başqa da 7 nəfəri dərhal vicdan məhbusu kimi tanımışdılar. 22 səfir Müsavat Partiyasının qərargahına gələrək İctimai Palata rəhbərləri ilə görüşdü. 16 oktyabrda belə deyildi.

- Sadaladıqlarınız zahirdə baş verənlərdir. Bəs müxalif düşərgə ilə beynəlxalq birliyin təmaslarının görünməyən tərəfləri ilə bağlı nələri deyə bilərsiniz?

A.H.: - Göründüyü kimi, bu gün Azərbaycan hakimiyyətinin əsas dayağı olan Rusiya ilə hakimiyyətin münasibətində problemlər var. İlham Əliyevin YAP-ın 20 illiyi ilə bağlı etdiyi çıxışda açıq-aydın Rusiya ilə bağlı narahatçılığı hiss edilirdi.

- Demək istəyirsiniz ki, Rusiyanın timsalında Azərbaycan müxalifətinin yeni tərəfdaşı yaranır?

A.H.: - Mən açıq şəkildə deyirəm ki, Azərbaycan hakimiyyəti Rusiyanın timsalında ciddi bir müttəfiqini itirib.

- Rusiya sizin müttəfiqinizə çevrilə bilərmi?

A.H.: - Ola bilməz. Çünki Rusiyanın mənafeləri ilə Azərbaycanın mənafeləri üst-üstə düşmür. Əksinə, Rusiya daim Azərbaycanın milli mənafelərinə qarşı çıxış edir. Rusiya MDB məkanında Azərbaycanla müttəfiq olmaqla yanaşı, Ermənistanla da eyni müstəvidə müttəfiqdir. Ancaq bundan başqa Rusiya ilə Ermənistan arasında hərbi müqavilə var. Müqaviləyə əsasən Ermənistan ərazisinə üçüncü qüvvə hücum edərsə, Rusiya öz silahlı qüvvələri ilə Ermənistanı müdafiə etməlidir. Eyni zamanda Rusiyanın Ermənistanda hərbi bazaları var. Həm taktiki, həm strateji baxımdan Azərbaycana düşmən olan Ermənistan daim Rusiyanın müttəfiqi olduğu üçün Azərbaycan müttəfiqlərini Rusiyada yox, Rusiyaya opponent olan siyasi, hərbi güclər arasında axtarmalıdır. Müsavat Partiyasının birmənalı mövqeyi Azərbaycanın NATO-ya üzv olmasıdır. Bu yaxınlarda Müsavat başqanı Türkiyədə səfərdə olub. Ölkənin yüksək rütbəli dövlət məmurları ilə münasibətlərdən aydın olur ki, Azərbaycana münasibətdə olduqca ciddi pozitiv dəyişikliklər var. Bir neçə gün sonra İsa Qəmbərin Almaniyaya səfəri, gələn həftə isə mənim ABŞ-a səfərin gözlənilir. Hər iki səfər zamanı biz Azərbaycandakı siyasi mühitlə bağlı müzakirələr aparacağıq. Tam məsuliyyətlə deyirəm ki, beynəlxalq birliyin Azərbaycandakı demokratik proseslərə münasibətləri 10 il öncəkindən çox fərqlidir.

- Həsən bəy, AXCP-nin Rusiyanın siyasi dairələri ilə müttəfiqliyi mümkün ola bilərmi?

H.K.: - 1993-cü ildə AXC hakimiyyətinin devrilməsində Rusiyanın müstəsna rolu olub. Ona görə də Rusiya ilə müttəfiqlikdən söhbət gedə bilməz. Ancaq Rusiyanın demokratik qüvvələri ilə danışıqlar aparmaq olar.

- Putin iqtidarı ilə hər hansı münasibətləri istisna edirsiniz...

H.K.: - Yalnız Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi baxa bilən siyasi qüvvələrlə əməkdaşlıq mümkün ola bilər. İlham Əliyevin hakimiyyətə gəlməsində prezident Putinin müstəsna xidmətləri olub. Dünənə qədər İlham Əliyev Putinə qardaş deyirdi, bütün məsləhətləşmələr Rusiya ilə aparılırdı. Bu gün Azərbaycanın Qərbə inteqrasiya prosesinin yubanması, Avropa institutları ilə münasibətlərin daha uğurlu müstəvidə aparılmamasının köklərini Azərbaycan iqtidarının Rusiya ilə münasibətlərində axtarmaq lazımdır. Azərbaycan illərdir NATO ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Azərbaycan bu müqavilənin icrasını yubadır. Qarabağın işğalında, Xocalı faciəsinin törədilməsində, ölkənin həm cənub, həm də şimal sərhədləri boyu separatizmin dəstəklənməsində Rusiyanın danışmaz rolu var.

- Həsən bəy, Arif bəy dedi ki, 2003-cü illə müqayisədə beynəlxalq birliyin Azərbaycana münasibətində köklü dəyişikliklər baş verib. Siz bu fikri bölüşürsünüzmü?

(ardı gələn sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR