İnsanlara hürriyət, millətlərə istiqlal!

“MASKASINI GÖTÜRSƏK, ŞAXTA BABANIN ARXASINDAN QORXULU SİMALAR ÇIXACAQ...”

2451 26.12.2012 09:54 Bizim qonaq A A

(əvvəli ötən sayımızda)

Pənah Hüseyn:
- Mən qayıdıram yenə vahid namizəd məsələsinə. Məsələn, müxalifətçi olmasa belə, mən bu gün Asim Mollazadənin bir müsahibəsini oxudum “Yeni Müsavat” qəzetində. Deyir ki, vahid namizəd məsələsinin həlli mümkün deyil. Bax bu, o istiqamətdən gələn məsələdir. İsa bəy də ona görə bu məsələnin müxalifətin zərərinə işlədiyini düşünür və məncə də düz edir. Mən bunu konkret faktlarla deyim. Bu yaxınlarda 8 partiya vahid namizəd məsələsinin müzakirəsi ilə bağlı yığıncaq keçirdi. “Asiman prosesi” adlandırılan məsələni nəzərdə tuturam. Orada “Qarabağ” bloku var; dostlarımız Sərdar Cəlaloğlu və İqbal Ağazadə də o sıradan. İqbal bəy seçkilərdə öz namizədliyini irəli sürəcəyini bəyan edib. Sonra o yığıncaqda Mirmahmud Mirəlioğlu - KXCP sədri iştirak edib; hansı ki, müxalifət düşərgəsindən heç kəsə güzəştə getməyəcəyini və mütləq 2013-cü il seçkilərində iştirak edəcəyini bəyan edib. Əvəz Temirxan - Liberal Partiyasının sədri, bu yaxınlarda bildirdi ki, o, ən şanslı və layiqli namizəd kimi Lalə Şövkəti görür, ancaq vahid namizədin indi müəyyən olunmasına qarşıdır. Əli Əliyev - VİP sədri, İlyas İsmayılovun başçılıq etdiyi Ədalət Partiyası, onlar Yaşıllar Partiyası ilə koalisiyadadır, İlyas müəllimin namizədliyini irəli sürəcəklərini bəyan ediblər. “Asiman”dakı görüşdə AMİP iştirak edib və onlar da liderləri Etibar Məmmədovu layiqli namizəd sayır. İndi belə bir tərkibdə, yəni müxalifətdən kiçik bir hissə orada iştirak edib...

Fuad Qəhrəmanlı:
- Bu, müxalifətin çərçivəsinin cızılması prosesi deyildi.

P.Hüseyn (davam edir):
- Üzr istəyirəm, mən onların bəyanatını da oxudum. Orada bildirilirdi ki, yenidən toplantı olacaq, vahid ideya, vahid platforma, vahid namizəd məsələsi müzakirə ediləcək. Yəni bundan sonra, məsələn, mənim dostum İqbal bəy sabah orada müəyyən olunan vahid namizədlə razılaşmasa, bu artıq müxalifətin vahid namizəd məsələsi ilə bağlı anlaşmaması kimi təqdim ediləcək. Ya da Mirmahmud ağa razılaşmasa, bu, müxalifətin namizədi məsələsinin alınmaması kimi görünəcək. Ona görə də İsa bəy də, bizlər də müxalifətin vahid namizədi məsələsinin yerinə bəzən müxalifətin əsas namizədi ideyasını irəli sürürük.

Rauf Arifoğlu:
- Pənah bəy, fikirlərinizi toparlayın, lütfən.

P.Hüseyn:
- Bir dəqiqə. Müxalifətin əsas, aparıcı siyasi partiyaları olan Müsavat Partiyasının və AXCP-nin namizədi, onların birləşdiyi digər siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının birləşdiyi İctimai Palatanın namizədi elektoratın əsas hissəsinin maraqlarını, mənafeyini müdafiə etdiyinə görə müxalifətin əsas namizədidir. Müxalifətin əsas namizədi əksəriyyəti bu şəkildə əhatə etdiyinə görə əslində de-fakto müxalifətin vahid namizədidir. Cəmiyyətə, ictimai rəyə, doğru, düzgün olanı təqdim eləmək lazımdı. İsa bəylə də bizim bununla bağlı xeyli söhbətlərimiz olub. Yeri gəlmişkən, mən təklif eləmişdim ki, həm AXCP-dən, həm Müsavat Partiyasından İctimai Palatanın Koordinasiya Şurasına yeni üzvlər seçilsin. Çünki mən müşahidə edirəm ki, bir qədər məlumatsızlıq var. Bizim dediyimiz, yəni İsa bəyin də dediyi odur ki, Azərbaycanın protest elektoratının, demokratik qüvvələrinin, əsas təşkilatlarının, əsas qüvvələrinin namizədi əsas namizədidir. Bir daha təkrar edirəm, bu, həm də de-fakto müxalifətin vahid namizədidir. Burdan kənarda vahid namizəd ideyası axtarmaq, yuxarıda dediyim səbəblər üzündən İsa bəyin ifadə etdiyi kimi, - hələ düşünürəm, İsa bəy çox yumşaq deyib Şaxta baba məsələsini - maskasını götürsək, Şaxta babanın arxasından çox qorxulu nağıllar seriyasına daxil olan mətləblər çıxa bilər üzə. Bunu mütləq bizim tərəfdarlarımız və cəmiyyət bilməlidir.

R.Arifoğlu:
- Pənah bəy, icazə verin, Fuad bəy indiyə qədər səsləndirdiyiniz fikirlərə münasibət bildirsin. Əgər mümkünsə, “Asiman prosesi” ilə bağlı da Pənah bəy yeni başlıq açdı, ona da münasibət bildirin.

F.Qəhrəmanlı:
- Linqvistlərin belə bir sözü var, bəzən mübahisələr ona görə yaranır ki, biz sözlərə fərqli mənalar veririk. Ancaq ola bilər ki, heç fərqli yanaşmırıq. O fərqli mənalar verməyimizlə bağlı mübahisəli durum yaranır. Bu baxımdan, biz müxalifət formatının müəyyənləşməsi ərəfəsindəyik. Biz kimi müxalifət görürüksə, gördüyümüzə uyğun onu müəyyən edirik. Bu, baxımdan fərqli yanaşmalar onda ifadə olunur ki, bir qisim düşünür ki, müxalifət deyəndə yalnız İctimai Palata nəzərdə tutulmalıdır...

R.Arifoğlu:
- Siz elə düşünmürsünüz, demək?

F.Qəhrəmanlı:
- Bizim məsələyə yanaşmamız bundan ibarətdir ki, ölkənin aparıcı...

P.Hüseyn:
- Kim deyir ki, müxalifət yalnız İctimai Palatadır?

R.Arifoğlu:
- Pənah bəy, icazə verin davam eləsin Fuad bəy. O, sizin sözünüzü kəsmədi.

F.Qəhrəmanlı:
- Pənah bəy, siz məsələni başqa yerə yönəldirsiniz. İndi aydınlıq gətirəcəm fikirlərimə. Digər qisim hesab edir ki, müxalifət təkcə İP-dən ibarət deyil, ölkənin aparıcı müxalifət partiyaları, Xalq Cəbhəsi, Müsavat Partiyası İctimai Palata çərçivəsində əməkdaşlıq edir, eyni zamanda ölkənin vətəndaş cəmiyyəti institutlarının bir qismi İP çərçivəsində əməkdaşlıq edir. Yəni İP cəmiyyətin ən öndə gedən müxalifət partiyalarının əsas birlik modeli kimi mövcuddur. Ancaq eyni zamanda İP-dən kənarda olan real müxalifət mövqeyində dayanan qüvvələr var. Biz İP-lə yanaşı İP-dən kənarda olan o qüvvələrin də iştirakı ilə vahid namizədin müəyyənləşməsinin tərəfdarıyıq. Bu, bir istəkdir. Siyasətdə, Pənah bəy, hədəflər müəyyənləşdirilir, ancaq hədəflər yüzdə-yüz gerçəkləşmir. Pənah bəy yəqin o məsələnin üzərində duracaq ki, daha kimlər nəzərdə tutulur? Tutaq ki, REAL hərəkatının müxalifət mövqeyinə mənim heç bir şübhəm yoxdur. Qurumda səmimi, prinsipial müxalifət mövqeyində olan insanlar cəmləşib. Ola bilər ki, onların kütləviliyi məsələsini bir kənara qoya bilərik. Tutaq ki, Rəsul Quliyev - müxalifət mövqeyindən çıxış edir, İP-də olan ayrı-ayrı siyasətçilərə münasibətindən asılı olmayaraq.

R.Arifoğlu:
- Rəsul Quliyev bizləri sıfır hesab edir, amma.

P.Hüseyn:
- Rauf bəy, gəlin müdaxilə etməyək.

F.Qəhrəmanlı:
- Bu, artıq bizə münasibətdir. Bizi qəbul etməmək hakimiyyəti qəbul etmək anlamına gəlmir. Lalə Şövkət müxalifət mövqeyindədir, onun təşkilatının resurslarını bir kənara qoyuram, ancaq qəbul edək ki, Lalə xanımın ictimai rəydə ciddi reputasiyası var, stereotipləşmiş obrazı var. Biz hesab edirik ki, məsələlərə xoş məramla yanaşmaq lazımdır. Mən Ziyalılar Forumu haqqında da demək istəyirəm. Ziyalılar Forumu yeni bir cəbhə açıb, hakimiyyətə münasibətin formalaşmasına real dərəcədə öz töhfəsini verməkdədir. Biz hesab edirik ki, əvvəlcədən biz məhz İctimai Palata formatında namizəd məsələsini həll edəcəyik tipində deyil, eyni zamanda İctimai Palata olaraq böyüklük göstərərək bildirməliyik ki, biz bu prosesdə hər kəsin iştirakını məqbul sayırıq. Söhbət bizim birgə razılaşacağımız, müxalifətçi mövqeyi şübhə doğurmayan qüvvələrdən gedir. Söhbət ondan getmir ki, Xalq Cəbhəsi ayrı qüvvələri nəzərdə tutur, Müsavat Partiyası ayrı qüvvələri. Biz necə ki, İctimai Palatanın siyasətinin müəyyənləşməsini konsensus yolu ilə müəyyən edirik, eynilə İctimai Palata konsensus yolu ilə bu prosesə kimlərin qoşulacağını müəyyənləşdirə bilər. Mən xatırlayıram, İctimai Palatanın belə bir memorandumu var idi ki, biz açıq qapı siyasəti yürüdürük. Vahid namizəd məsələsində hansı qüvvələrin iştirak edəcəyini konsensus yolu ilə müəyyən etmək mümkündür. Mən şərti olaraq bir neçə siyasi qüvvənin adını çəkdim. Ola bilər ki, Koordinasiya Şurası onların bir çoxunu məqbul hesab etməyə bilər, bu da qəbul olunandır. Sadəcə, həmin şəxslərə, siyasi qüvvələrə vahid namizədin müəyyən edilməsi məsələsi açıq elan olunur. Mən sizə bir nümunə göstərim; müstəqil hüquqşünasların seçki qanunvericiliyinə təklif etdikləri dəyişikliklər. Biz bunu İP çərçivəsində müzakirə edirik, ancaq Məşvərət Məclisi də bu prosesə qoşulub. Bizim istəyimiz odur ki, daha çox insan buna dəstək versin. Həmin şəxslərin, həmin qüvvələrin bu prosesdə iştirakının bizə nə ziyanı ola bilər? Məsələnin ziddiyyət yaradan məqamı nədir? Pənah bəy bildirir ki, tutaq ki, kimlərsə iddialıdır, onlar iddiasından geri çəkilməyəcək. Məgər İP-dəkı qüvvələr iddialarından geri çəkilmək fikrindədirlər? Onlar da deyiblər ki, biz vahid namizəd olacağıq və seçkidə qalib gələcəyik. Söhbət ondan gedir ki, biz əgər Azərbaycan cəmiyyətinin məsuliyyətini üzərimizə götürmək iddiasındayıqsa, məhdud bir çevrədə demokratik uzlaşma mexanizmi tapa bilmiriksə, cəmiyyət də bizim mesajlara o qədər inanmayacaq. Düşünüləcək ki, demokratik qüvvələr öz aralarında bunun yolunu tapa bilmirlər. Mən məsələnin üzərində süni spekulyasiya yapılmasını istəmirəm. Biz müttəfiq kimi bu məsələni razılaşıb formatı müəyyənləşdirəndən sonra praymeriz yolu ilə namizədi müəyyənləşdirsək, siz mənə sübut edə bilərsinizmi ki, İP-in bugünkü namizədləri daha şanslı deyil? Mənim şəxsi mövqeyim odur ki, bunu İctimai Palata müəyyən etməlidir.

R.Arifoğlu:
- Siz bu məqamı bir qədər də aça bilərsinizmi?

F.Qəhrəmanlı:
- Dediyim odur ki, onsuz da bu məsələdə ən şanslı namizəd İP-in namizədidir. Bizə nə mane olur ki, həmin namizədi Açıq Cəmiyyət Partiyası müdafiə etsin, yaxud REAL hərəkatı, Lalə Şövkət də müdafiə etsin? Bu bizim işimizin xeyrinədir, yoxsa ziyanına? Biz siyasətlə məşğuluq. Bilirsiz necədir, Pənah bəy, bir var, bir məsələyə xoş niyyətlə yanaşasan, bir var pis niyyətlə yanaşasan. Bizim niyyətlərimiz bəzən fərqli ola bilər. Məsələyə müsbət yanaşsan müsbət nəticə çıxarmaq olar, mənfi yanaşsan, mənfi. Biz vahid namizəd məsələsinə hakimiyyətin müxalifət düşərgəsində didişmə, qarşıdurma yaratmaq, yaxud da hakimiyyətə bağlı olan süni dibçək müxalifətinin iddiaları ilə bu proses iflasa uğradıb məyusluq yaratmaq və yaxud da “müxalifət bir araya gələ bilmədi” fikirlərinə qarşıyıq. Biz o formatın tərəfdarıyıq ki, sizinlə bizim partiyanın lideri, Rauf bəy, o sıradan İP Koordinasiya Şurasının digər üzvləri, İsa bəy, həmçinin digərləri ilə birgə müəyyənləşdirək ki, biz müxalifət deyəndə kimlərlə əməkdaşlığı mümkün sayırıq, kimlərin bu gün Azərbaycanda reputasiyası müxalifətin vahid namizədini müdafiə etməyə xeyir gətirər. Bu müəyyənləşəndən sonra bizim vahid namizədi müəyyənləşdirməyimiz də, hesab edirəm ki, təkcə İctimai Palatanın uğuru olmaz. İctimai Palata həm də liderliyini, ictimai-siyasi proseslərdə üstün mövqeyini təsbitləmiş olur ki, İP siyasi proseslərə yön verir, o çərçivəni müəyyənləşdirsin və İP-in namizədi bütün müxalifət düşərgəsində qəbul olunsun. Burada bir məsələnin də üzərinə gəlmək istəyirəm, vahid namizəd və ya əsas namizəd məsələsinin. Mən bayaq linqvistlərin fərqli yanaşma ilə bağlı fikirlərini xatırlatdım. Mənim vahid namizədlə bağlı bütün bu dediklərim çərçivəsində bir çox adını çəkmədiyim “Asiman” restoranında müzakirələrdə olan qüvvələr nəzərdə tutulmur. Mən o adları çəkmədim, düzdürmü? Deməli, bizim vahid namizəd məsələsinə münasibətimiz belə ifadə olunur ki, cəmiyyətin aparıcı qüvvələri, real, səmimi müxalifət mövqeyindən çıxış edən qüvvələri namizədi müəyyənləşdirirlərsə, dibçək müxalifəti və ya iddiası ilə imkanları uyğun gəlməyən insanlar 10, lap 15 namizəd verə bilərlər. Bu, onsuz da cəmiyyətdə qəbul olunmayacaq. Bu, yenə gəlib həmin nöqtəyə çıxır ki, burada əslində elə bir ziddiyyət yoxdur. Biz də həmin əsas qüvvələrin namizədinin müəyyən edilməsindən danışırıq. Siz buna əsas namizəd deyirsiniz, biz vahid namizəd. Biz vahid namizəd ona görə deyirik ki, əsas namizəd deyəndə həmin qüvvələrə bəri başdan o impuls verilir ki, biz İctimai Palata olaraq ümumiyyətlə sizi saymırıq, namizədi özümüz müəyyən edirik, müdafiə edirsiniz edin, eləmirsiniz öz işinizdir. Biz hesab edirik ki, bunun adını vahid namizəd qoymaqla həmin qüvvələrə də bu namizədin müəyyən olunmasında iştirak imkanı yaradırıq ki, kiminsə sonradan cığallıq etmək imkanı olmasın. Kimsə bu prosesdə iştirak etmədiyinə görə - bax bu, çox həssas məqamdır - buna bəhanə tapmadığına görə sabah Azərbaycan cəmiyyətinin ictimai qınağı ilə üz-üzə gəlsin. Çünki siyasətçi mütləq ictimai rəyi nəzərə almalıdır. O baxımdan biz bu məsələni real müxalifət qüvvələri ilə müəyyənləşməsini zərərli hesab etmirik. Yox iştirak etməyəcəksə, Pənah bəy, burda biz faciəvi bir şey görmürük. Ağa durur, ağacan durur. Siz durursuz, biz dururuq.

R.Arifoğlu:
- Arada bizə də sual vermək imkanı yaradın.

P.Hüseyn:
- Rauf bəy, bir dəqiqə icazə verin, mən Fuad bəyin dediyi bir sıra fikirlərə münasibət bildirmək istəyirəm...Sizin müxalifət qüvvəsi kimi adını çəkdiyiniz şəxslərdən birinin elə bu gün (24 dekabrda - red.) bir bəyanatı yayılıb. Fuad bəy, bilirsiniz, siz də bir xeyli vaxtdır siyasətlə məşğul olursunuz. Amma bizim də ömrümüzün əhəmiyyətli bir hissəsi siyasətlə keçib. Uğurlar olub, uğursuzluqlar olub, məğlubiyyətlər olub, qələbələr olub. Hər halda, bir təcrübə var. Siyasət mümkün olana nail olmaq sənətidir, belə bir deyim var. Sizin natiqlik qabiliyyətinizə də, öz fikrinizi arqumentlərlə və məntiqi olaraq əsaslandırmaq bacarığınıza da bələdəm və bunu dəyərləndirirəm.

F.Qəhrəmanlı:
- Sağ olun.

P.Hüseyn:
- Diqqət elədinizsə, məhz bu məqamda mən görməyə adət etdiyim Fuad Qəhrəmanlı mülahizələrini, sistemliliyi, ardıcıllığı, məntiqini müşahidə eləmədim. Ola bilər, bu mənim subyektiv fikrimdir. Hər halda, oxucular da bu barədə bir fikrə gələrlər. Yəni İctimai Palatanın özündə hələ mövqe aydınlaşmayıb, seçkiyə getmək məsələsi ilə bağlı qəti mövqe müəyyənləşməyib. İctimai Palatada Rəsulzadə-Elçibəy platformasında durduqlarını rəsmən elan etmiş, uzun illərdən bəri - istər milli-azadlıq hərəkatında, istərsə də indiki rejimə qarşı mübarizədə demək olar ki, hər zaman bir yerdə, bir cəbhədə olmuş, iki ildən bəri İctimai Palatanın əsas özəyini təşkil edən iki partiya var; - AXCP və Müsavat. Azərbaycandakı avtoritarizmə qarşı demokratik düşərgənin mübarizəsinin siması olan, onu bütün dünyaya çatdıran, dünyanın bütün aparıcı informasiya agentliklərində bunu ifadə edən, meydanlara çıxan, aksiyalar keçirən, həbslərə düşən, bir qurumdakı fəaliyyət göstərən bu iki partiyadır.
Onlar arasında fikir yekdilliyinə nail olmadan, bu məsələdə uzlaşma olmadan, bu məsələlərdəki müzakirələr başa çatmadan sizi və bizləri sıfır, avantürist, ultraradikal hesab edən, İP üzvlərinin rəhbərliyinin və üzvlərinin böyük bir hissəsi həbsdə olan müddətdə aksiyalara üstünlük verdiyimizə görə bizi ittiham edən, istər AXCP sədri, istər Müsavat başqanına, yəni prezidentliyə namizəd ola biləcək əsas şəxslərə qarşı təhqiramiz ifadələr səsləndirən - mən açıq da danışa bilərəm - aşağılayan qüvvəylə birgə, o tərkiblə bu mühüm, taleyüklü, fövqəladə dərəcədə ciddi bir hadisəni müzakirəyə çıxarmağın mənası nədir?

(ardı gələn sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR