İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlər mənzil debatına çıxdılar

6671 31.05.2013 09:41 Bizim qonaq A A

Debatda balansı qorumaq üçün hər mövqedən nümayəndə dəvət etdik. “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu, köşə yazarı Zamin Hacı və moderator olaraq Sevinc Telmanqızının iştirakı ilə mövzunu 2 saat müzakirə etdik. Təkrar hissələri ixtisar etmək, ümumi mövqeləri işıqlandırmaq prinsipi ilə söhbətin ilk hissəsini nəzərinizə çatdırırıq.
S.Telmanqızı:
- Öncə hər birinizə bu gərgin qrafikinizə baxmayaraq, bizim debatda iştirak üçün vaxt ayırdığınıza görə təşəkkür edib, dərhal mətləbə keçmək istəyirik. Jurnalistlər üçün bina tikiləndən bəri mediada iki fərqli mövqe var: buna qarşı çıxanlar və hökumətin qərarını dəstəkləyənlər. Biz də bu palitranı əks etdirmək üçün hər iki mövqedən olan şəxsləri söhbətə çağırmışıq. Öncə bu prosesdən bixəbər oxucularımız üçün hər birinizin bu məsələ ilə bağlı mövqeyinizi açıqlamanızı istərdik. Mehman bəy, sizdən başlayaq.
M.Əliyev:
- Hələ 10 il öncə bu məsələ ilk dəfə gündəmə çıxanda mən bildirmişəm ki, dövlət jurnalistin pul qazanmasına şərait yaratmalıdır. Biznes sahəsi kimi pulunu qazanmalı və evini almalıdır Yox, o, villa tikdirmək istəyirsə, biznes sahəsinə getsin və villasını tikdirsin. Amma ən normal dövlətdə yoxsul jurnalist dövlətdən ev almır, gedib ya kreditlə ev alır, ya da kirayə qalır. Ümumiyyətlə, Qərbdə jurnalist daha çox kirayə yaşayır. Çünki bu gün bu şəhərdə, sabah başqa bir şəhərdə çalışa bilər. Bir evə bağlı deyil. Çoxları evi kreditlə alır. Bizdə də belə olmalıdır. Hökumət jurnalistikanın bütün iqtisadi dayaqlarını məhv edib, indi də deyir, gəl sənə qrant verim, ev verim. Bunu heç vaxt qəbul etməmişəm.
M.Ələsgərli:
- Birincisi, bu təqdimata aydınlıq gətirək. Konsepsiyada da bildirilib ki, söhbət jurnalistlərə ev verilməsindən yox, onların mənzil şəraitinin yaxşılaşdırılmasından gedir. Dövlətin vəzifəsidir ki, ictimai rəyi dəyərləndirsin. Əslində jurnalistlərin mənzil problemi xeyli illərdir gündəmə gəlib. Ən azı 2003-cü ildən JuHİ olaraq bu məsələni gündəmə gətirmişik. Tanınmış media qurumları arasında rəy sorğuları ilə 85 faiz jurnalistin mənzilsizlikdən əziyyət çəkdiyi üzə çıxdı. Səbəblər bəllidir. Amma illər keçdikcə bu problem həll olunmaq əvəzinə daha da dərinləşirdi. 2005-dən Parlament Jurnalistlər Birliyi qatıldı bu məsələyə, ardınca Mətbuat Şurasının gündəminə gəldi. Təbii ki, evsizlik problemi ilə bağlı bu bina yeganə çıxış yolu deyil. Ölkədə 15-20 min jurnalist var və onların evsizlik problemi ilə bağlı bir neçə model təklif olunub. Çox yaxşı ki, bu, ictimai sifariş nəzərə alındı. Arzu edirik ki, bu təşəbbüs ardıcıl olsun və Mətbuat Şurası da bununla bağlı yeni təkliflərlə çıxış edəcək.
Z.Hacı:
- Mən birmənalı olaraq, əvvəldən hakimiyyətin istənilən şəxsinin jurnalistlərə hər hansı hədiyyə - istər KİVDF vasitəsilə qəzetlərə hər hansı yardım, istərsə də mənzil verilməsini- birmənalı rüşvət olaraq qiymətləndirirəm. Bu, jurnalistlərə rüşvət verilməsi aktıdır, ciddi korrupsiyadır. Normal ölkələrdə hətta buna görə prezidentə cinayət məsuliyyəti də açmaq olar. Çünki bu dövlət vəsaitinin qeyri-qanuni şəkildə istifadəsidir, heç bir qanun prezidentə səlahiyyət vermir ki, iki-üç bloklu ev, ya da daxma tikib jurnalistlərə bağışlasın.
X.Səfəroğlu:
- Bu kampaniya 2005-ci ildə aktiv fazaya keçiriləndə parlamentdə 60-dan çox jurnalistin iclası oldu. Hamımız oturduq və məlum oldu ki, aktiv jurnalistikada işləyən, yaşı 30-dan keçən jurnalistlərin evləri yoxdur. Qərara gəldik ki, mənzil problemi ilə bağlı təklif irəli sürək. Bunu etdik və ciddi rezonans doğurdu. Hətta siyahını müəyyənləşdirəndə “Azadlıq”, “Yeni Müsavat” qəzetlərindən, “Turan” agentliyindən də müraciət edənlər olmuşdu. Biz böyük kampaniya apardıq. Prezidentin media ilə birinci görüşündə də bu məsələnin qaldırılmasına nail olduq. Prezident də dedi ki, bu məsələnin həllinə kompleks yanaşılmasına ehtiyac var. Sonradan bu məsələyə aqressiv münasibət bizi də təəccübləndirdi. Bunun mətbuatın bir nömrəli probleminə çevrilməsi qəribə oldu. Məsələn, biz Mehman Əliyevlə görüşdük. Xatırlayırsınız, Mehman müəllim?
M.Əliyev:
- Bəli, mən düzəlilş vermək istəyirəm. Həmin vaxt mənimlə görüşdünüz, vəziyyəti dediniz. Mən də dedim ki, yaxşı, daha bu işə qarışmayacağam, onlar da sizə ev tikən deyillər, gedin işinizlə məşğul olun.
Z.Hacı:
- Üzr istəyirəm, siz o vaxt hökumətdən ev yox, ev tikmək üçün yer istəyirdiz. Bunlar ayrı-ayrı şeylərdir. Qanun çərçivəsində “bizə yer verin” demək başqa şeydir. Mən özüm o prosesə qoşulmasam da, dəstəkləyərdim sizi. Amma sonra prezident nə etdi? Dedi, siz yer istəyirsiz, mən sizə evin özünü tikib verərəm.
X.Səfəroğlu:
- İndi siz də deyirsiz ki, hökumət ev verməməlidir. Birincisi, biz hökumətdən ev istəməmişik. PJB olaraq Mətbuat Şurasına müraciət etmişik, Mətbuat Şurası da bu məsələni qabardıb və hazırda hökumət evi tikib. Azərbaycanda 156 evsiz jurnalist ev alacaqsa burda nə problem ola bilər?
S.Telmanqızı:
- Rauf bəy, hazırda əsas məsuliyyət yükü redaktorların üzərinə düşüb. Çünki redaksiyanın siyahısını siz hazırlayıb, Mətbuat Şurasına təqdim edəcəksiniz. Sizin üçün problem daha çox hansı məqamda özünü göstərir?
Rauf Arifoğlu:
- Problem odur ki, Azərbaycanda jurnalistlər qaçqınlar, yoxsul zümrələr kimi çətin vəziyyətdə yaşayırlar. Söz biznesində böyük paralar qazanmaq mümkün deyil. Çünki buna hakimiyyət imkan vermir. Reklam bazarında normal şərtlərlə prosesin getməsinə imkan verilsə, nəzarət yığışdırılsa, qəzetlərin imkanı xeyli yaxşılaşar. Ölkənin ən tirajlı qəzetləri qalır kənarda, sahə, partiya, tirajsız qəzetlər reklam qazanır. Amma indi bu prosesə praqmatik yanaşıram. Bu hakimiyyətin getməsi üçün 2 dəfə həbsdə yatmışam. Ona görə kimsə mənim sözümün qabağından söz desə, deyəcəm ki, sən neçə dəfə həbsdə yatmısan? Yıxa bilməmişik, qarşıdurma 20 ildir davam edir. Bu, bir siyasi proses və problemdir - jurnalistlərin burada nə günahı? Hətta nə işi var? İqtidarlar dəyişəndə, hakimiyyətə jurnalistlər gəlməyəcək ki... Ev problemi də ciddi yaranıb, indi isə hər qəzetdən 3-4 nəfərin ev əldə etmək şansı yaranıb. Mən bir baş redaktor kimi arzu edərdim ki, hökumət mənim iş yoldaşlarıma Bayılda, Kürdəxanıda bir hücrə verməkdənsə, iki-üçotaqlı evlər versin. Hakimiyyətin bu cür pozitiv yanaşması - siz adını rüşvət qoyun, başqa şey qoyun - bu sahənin yükünü çəkən birisi üçün daha rahatdır. Amma bölgü mexanizmi bizi çətinliklə üz-üzə qoyub. Kollektivin o qədər ciddi ehtiyacı var ki, hamı bu ilk fürsətdən məhz özü üçün istifadə etmək istəyir. Bu da mənə çətinlik yaradır. O qədər ciddi çətinlik yaradır ki, mən istəyirəm bu günlərdə elan edim ki, prosesə qarışmıram, kollektivin öz öhdəsinə buraxmaq istəyirəm bu işi. Seçimi kollektiv öz arasında edib, daha sonra müraciət etsin. Yekunda mən həmin müraciətə imza və möhür vuracağam.
S.Telmanqızı:
- Müşfiq bəy, belə bir variant mümkündürmü?
M.Ələsgərli:
- Redaksiya iclas keçirməlidir. Seçim daha yaxşı olar ki, kollektivin özünə buraxılsın. İş rəsmiləşəndən sonra Rauf bəy təsisçi və baş redaktor kimi təsdiqləsin.
R.Arifoğlu:
- Bu qəzetdə hamının haqqı var ki, o, birinci olsun. Amma bizə 3 yer təklif olunub. Musavat.com saytından da bir yer. İnanmıram ki, “Yeni Müsavat”a 4 mənzil verilsin. Bununla belə, bu, yaranmış mənzil probleminin tam həlli deyil. Redaksiyamızın 10 nəfərdən çoxu qaçqın əməkdaşlardan ibarətdir. Həyatını jurnalistikada keçirən insanlar var ki, çox pis şəraitdə yaşayırlar. 30-40 kvadratmetr evdə yaşayan insan necə yazıb-yarada bilər? Jurnalistin ayrıca iş otağı olmalıdır.
Z.Hacı:
- Rauf bəy, kvadraturanın yaratmağa nə dəxli var? Siz özünüz iki dəfə məhbəsdə olduğunuzu xatırlatdınız bayaq. Hər məhbəsə girib-çıxandan sonra oradakı yazılarınızın hesabına bir kitab çıxardınız. Niyə deyirsiz ki, kiçik mənzildə yazıb-yarataq olmaz?
M.Ələsgərli:
- Bu nə qədər davam edə bilər ki?
R.Arifoğlu:
- Bir var həyat, bir də var qəza. Həyatı başa gələn qəza kimi yaşamaq olmur axı...
Z.Hacı:
- Bu, bizə əsas vermir ki, biz peşə prinsiplərimizi hakimiyyətə sataq. Mən indi təsəvvür edirəm ki, siz kollektiv tərəfindən necə təzyiqlərlə üzləşmisiz. Çünki hamı istəyir...
R.Arifoğlu:
- (gülə-gülə) Yox, Zamin bəy, təsəvvür edə bilməzsiniz.
Z.Hacı:
- Bir məşhur lətifə var. Xarici gəlir Bakıya. Burada itini itirir və gəlir AzTV-yə elan verə ki, bəs itimi itirmişəm, tapana 1000 dollar mükafat verəcəm. Axşam televiziyada elanı görmür, bir daha AzTV-yə gedir. Deyir, nə oldu, mən elan vermişdim axı. Qapıdakı gözətçi deyir ki, kiminsə iti itib, bütün əməkdaşlar onu axtarmağa gedib. (Debat iştirakçıları gülürlər) Bizim vəziyyətimiz də budur. İndi bütün jurnalistika, yazı qalacaq bir kənarda, hamı başlayacaq “kimin evi var, ya yox” mübahisələri ilə məşğul olmağa.
S.Telmanqızı:
- Nə qədər davam edəcək ki bu? Uzağı bir aya yekunlaşacaq. O qədər də qorxulu mənzərə deyil.
Z.Hacı:
- Yox, seçkiyə qədər davam edəcək. Azdır bəyəm?
R.Arifoğlu:
- Zamin bəy, nə təklif edirsiz? Neyləsin redaksiyalar bu vəziyyətdə?
Z.Hacı:
- Mənim təklifim odur ki, onsuz da bu 3 mənzillə bizim problemimiz düzələn deyil. Digər tərəfdən, redaksiyalarda qeyri-sağlam mühit yaranacaq. Ondansa imtina etmək lazımdır.
M.Ələsgərli:
- Zamin bəy, belə arxayın danışmağınızdan belə başa düşdüm ki, sizin eviniz var.
Z.Hacı:
- Bəli, mənim evim var. Özü də bilirsiz nə qədərdir Müşfiq bəy? Sizdən fərqli olaraq, mənə bu mənzildə cəmi 7 kvadrat metr düşür. Dünya standartında isə adambaşına 30-40 kvadrat metr düşür.
S.Telmanqızı:
- Zamin bəy, ümumiyyətlə, eviniz olmasaydı, bu qədər rahat etiraz edə biləcəkdinizmi? Tam səmimi...
Z.Hacı:
- Əlbəttə. Mən evə bağlı adam deyiləm. Mən 20 ildir ki, evimi itirmişəm. Hələ də işğal altındakı Füzuli rayonunda qeydiyyatdayam. Amma bir dəfə də olsun nə qaçqın kimi yardım almışam, nə də heç bir güzəştdən istifadə etmişəm. İşıqpulu, qazpulu... hamısını da ödəyirəm. Mənim evim ordadır. Müşfiq bəy, sizin və Mətbuat Şurasındakıların həyat şəraiti yaxşılaşandan sonra artıq siz mətbuatda yoxsunuz.
M.Ələsgərli:
- Zamin bəy, mənim bu günə qədər də evim yoxdur... Çox vaxt məsələyə yanlış rəy verib, mənzilləri rüşvət kimi qələmə verirlər. Hüquqi baxımdan yanaşırıqsa, rüşvətin Cinayət Məcəlləsində tövsifi var və indi haqqında danışdığımız halın buna hər hansı uyğunluğu yoxdur. CM-in 311-ci maddəsində yazılır ki, vəzifəli şəxsin hərəkətliliyinə və hərəkətsizliyinə görə, onu daşındırmaq üçün rüşvət verilir... Jurnalistlərə ki, mənzillər paylanacaq, onun qarşılığında jurnalistlərə hər hansı öhdəlik qoyulmayıb. Bu baxımdan sizin dediyiniz rüşvət anlayışına uyğun gəlmir.
Z.Hacı:
- Yox e, öhdəlik qoyulmursa, bu evlər niyə verilir? Prezident jurnalistlərə niyə ev verməlidir? Peşə kodeksində yazmısınız ki, jurnalist hədiyyə ala bilməz. Onda peşə kodeksini niyə yazmısız?
M.Ələsgərli:
- Mən həmin maddəni sizə əzbər deyə bilərəm. 4-cü maddədə yazılıb ki, jurnalist redaksiyanı və peşə fəaliyyətini aşağılayıcı hər hansı hədiyyədən imtina etməlidir. Burda isə sən nəinki hər hansı gizlin iş görüb redaksiyanı aşağılayırsan, əksinə, redaksiyanın öz razılığı ilə mənzil üçün müraciət edirsən. İkincisi də, burda məcburiyyət amili yoxdur. Mənzil üçün müraciət etməmə qarşılığında heç kim sənə təzyiq, təpki göstərmir. Nə də ki, şirnikləndirib mənzil vermir. Əgər sən nədənsə narazısansa, sadəcə ev üçün müraciət etmirsən.
S.Telmanqızı:
- Mehman bəy, siz nədən narazısınız? Məsələn, ev alan jurnalistin, eləcə də onun çalışdığı media orqanının fəaliyyətində nə kimi problem yarana bilər sizcə?
M.Əliyev:
- Mən ictimai-siyasi jurnalistikadan danışıram. Jurnalistika bunların başının üstündə dayanıb, “olmaz” deməlidir.
S.Telmanqızı:
- O evdə yaşayıb da, hökumətə “olmaz” demək mümkün deyil?
Z.Hacı:
- Xeyr.
M.Əliyev:
- Bizdə jurnalistika institutu 4-cü hakimiyyət kimi olsaydı, onlar bu qədər azğınlaşmazdı. Biz faktları ortaya çıxarırıq, göndəririk hər yerə. Bir dənə tədbir görülmür. Korrupsiya faktlarını üzə çıxarırıq. Biz ilk növbədə vətəndaşıq, sonra jurnalist. Jurnalist öncə vətəndaş mövqeyini ortaya qoymalıdır.
X.Səfəroğlu:
- Mən vətəndaş mövqeyimi ortaya qoyuram. Rüşvət almıram, reketliklə məşğul deyiləm, vicdanla peşəmi icra edirəm.
M.Əliyev:
- Jurnalistika vahid institut kimi onların qabağında dursaydı, bu vəziyyətə gəlib çıxmazdı. Mən deyirəm ki, jurnalistlər ev məsələsini ümumiyyətlə, qaldırmamalıydılar.
M.Ələsgərli:
- Mehman bəy, siz məsələlərə konseptual yanaşırsınız. Medianın problemlərinin həlli üçün bir çox mərhələlər keçilməlidir. Amma bu arada insan ömründən, jurnalist həyatından da danışırıq. Bizim bu illər ərzində dünyasını dəyişən, qocalan, jurnalistikadan gedən nə qədər jurnalistimiz olub.
Z.Hacı:
- (istehza ilə) Bəli, Müşfiq bəy, itirdiyimiz jurnalistlərin sayı həqiqətən də çox olub bu illərdə.
M.Ələsgərli:
- Dediyim odur ki, qalan jurnalistlər üçün şərait yaradılmalıdır. Onların ev problemi yoluna qoyulmalıdır.
M.Əliyev:
- Mən nə deyirəm? Deyirəm ki, “AzərTac”ı 90-cı ildə qoyub getmişəm. Ən yaxşı vaxtında, ən yaxşı imkanlarda. Gedib müstəqil agentlik yaratmışam. Mənə konkret deyiblər ki, ya biz tərəfə keç, ya da səni əzəcəyik. Əzilə-əzilə gəlmişik. Mən əzilməmişəmsə, hər şeyimi alıblarsa, indi nümayiş etdirdiyim mənim mövqeyimdir. Siz də buna gedirsinizsə, gedin də. Amma bunu qəbul edin ki, sövdələşməyə də gedirik, çünki ailəni dolandırmalıyıq. Bundan qaçmayın, deyin! 30 ildir jurnalistikadayam, evim yoxdur. Mənə sizə verilən yerlərdə yox ha, daha gözəl yerlərdə də ev verərlər. Bu gün də desəm, verərlər. Götürmürəm axı. Ona görə də haqqım çatır danışmağa.
M.Ələsgərli:
- Mən razıyam ki, Azərbaycanda başqa yollarla kimlərsə ev alıb. Amma indi prosesin gözəlliyi ondadır ki, hər şey şəffafdır.
M.Əliyev:
- Əksər KİV direktorları indi hökumətdən evlər də alıb, villalar da. Hardan alıblar? Onlara şəffaf verilib bu evlər? Bəyan etsinlər onu da. Desinlər ki, kimə hansı evi necə veriblər. Yoxsa ki, salıblar jurnalistləri ortalığa. Dapbadurum, dumbadurum... Jurnalistin müəllimdən, həkimdən nəyi üstündür? Biz xüsusi təbəqəyik?
X.Səfəroğlu:
- Mən istəyirəm ki, jurnalistlərin problemləri kompleks şəkildə həll edilsin.
R.Arifoğlu:
- Sizi əmin edirəm, məhz bu ev bölgüsünə görə bir neçə gün sonra Azərbaycan mediasının elə çətin günləri olacaq ki, bu günə qədər olmayıb. İstefalar, küsənlər, bəyanat verənlər, bir-birini söyənlər olacaq. Hətta bəzi qəzetlərdə əlbəyaxa davalar da baş verə bilər. Bunu mən - “Yeni Müsavat” kimi gözəl kollektivin rəhbəri olaraq hiss edirəm...
Z.Hacı:
- Elə bunu istəyirdilər də...
R.Arifoğlu:
- Mən istəyərdim ki, bu ev bölgüsü məsələsində məsuliyyətin redaksiya rəhbərliyi üzərinə qoyulması mexanizmi dəyişsin. 3 adam razı qalacaq, 47 nəfər narazı. Bu narazılıqla qəzet çıxarmaq çətin olacaq.
Z.Hacı:
- Rauf bəy, Elçibəyin belə sözü var idi. Tankın qabağında duran oğlanlar pulun qabağında dayana bilmədilər.

(davamı növbəti sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR