İnsanlara hürriyət, millətlərə istiqlal!

“İQTİDARIN APARDIĞI SİYASƏTİN MƏNTİQİ SONLUĞU İNQİLAB OLACAQ”

4197 23.11.2012 09:52 Bizim qonaq A A

Hazırda da vahid namizədlə bağlı müzakirələr başlayıb. Müsavat başqanı İsa Qəmbər “Yeni Müsavat”a son silsilə müsahibəsində 2013-cü ildə keçiriləcək prezident seçkisində namizədliyini verəcəyini və qələbə qazanacağını bəyan etdi. Onun bu açıqlaması müxalifət düşərgəsində ciddi müzakirələrə təkan verdi. Artıq neçə gündür ki, sosial şəbəkələrdə və mediada müsavatçılarla cəbhəçilərin qarşılıqlı ittihamlarla müşayiət olunan polemikası başlayıb. “Yeni Müsavat” olaraq biz bu mübahisələrin və müzakirələrin redaksiyamızda davam etdirilməsini istədik. Ona görə də Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının və AXCP Ali Məclisinin sədri Həsən Kərimovun redaksiyada debatını təşkil etdik. Təklifimizi qəbul edib debatda iştirak etdikləri üçün Arif bəyə və Həsən bəyə təşəkkür edirik. Beləliklə, “Yeni Müsavat” qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxanın, qəzetimizin yazarı Azər Rəşidoğlunun və bu sətirlərin müəllifinin iştirakı ilə baş tutmuş debatın ikinci hissəsini təqdim edirik.

(əvvəli ötən sayımızda)

- Həsən bəy, Arif bəy dedi ki, 2003-cü illə müqayisədə beynəlxalq birliyin Azərbaycana münasibətində köklü dəyişikliklər baş verib. Siz bu fikri bölüşürsünüzmü?

Həsən Kərimov: - Artıq dünyanın siyasi xəritəsi dəyişib. Ərəb inqilabları, ümumiyyətlə, dünya dövlətlərinin avtoritar rejimlərə münasibətində ciddi dəyişikliklər baş verib. Azərbaycan qismən azad olan ölkələr sırasından azad olmayan ölkələr sırasına düşüb. Bu kontekstdən yanaşsaq dünya birliyinin Azərbaycana münasibəti xeyli fərqlidir. Bu gün dünyanın aparıcı media orqanları Azərbaycan hakimiyyətinin korrupsiya əməllərindən, ölkədə demokratiyanın təməl prinsipləri olan söz və mətbuat azadlığının olmamasından ard-arda məqalələr dərc edir, verilişlər hazırlayır. Avropa Şurasının, Avropa Birliyinin Azərbaycana münasibəti artıq fərqlidir. Bütün bunlar dünyada baş verən siyasi dəyişikliklər kontekstində mümkün olub. Dünya Azərbaycanda avtoritar üsul-idarənin olduğunu qəbul edir və cəmiyyətin demokratik dəyişikliklər tələb edən kəsiminə müəyyən mesajlar verir. Son zamanlar diplomatik korpus nümayəndələrinin Azərbaycan müxalifəti ilə görüşlərinin artması, müxalifət nümayəndələrinin Avropa dövlətlərinə dəvət edilməsi bu dəyişikliklərin sübutudur.

- Arif bəy həm Müsavat başqanının, həm özünün beynəlxalq səfərlər edəcəyindən danışdı. Ancaq AXCP sədrinin hələ də pasport məsələsi həll edilməyib. Bu, AXCP-də hansısa qıcıq, qısqanclıq yaradır?

H.K: - İsa Qəmbər Avropada Azərbaycan müxalifətinin mövqeyini ifadə edəcək. Onun aparacağı danışıqlarda Azərbaycandakı mövcud ictimai-siyasi durum əks olunacaq. Əli Kərimliyə pasport verilməməsinə gəlincə, təbii, bu, hakimiyyətin Əli Kərimliyə, AXCP-yə münasibətidir. Hakimiyyət bu yolla özünün əsas rəqibinin beynəlxalq təmaslarını əngəlləməyə çalışır. Yadınıza gəlirsə, 2005-ci il prezident seçkisindən sonra Əli Kərimli Avropa Şurasının tribunasından Azərbaycanın siyasi həqiqətləri barədə məruzə etmişdi, seçkilərin nəticələrinin analitik təhlilini səsləndirmişdi. O zaman Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin mandatı müzakirə edilməkdə idi. Yalnız 1 səs fərqi ilə Azərbaycan qurum üzvlüyündə saxlandı. Bundan sonra hakimiyyət Əli Kərimlinin beynəlxalq səfərlərini əngəlləmək üçün ona pasport problemi yaratdı. 2000-ci, 2005-ci illərin parlament seçkiləri ərəfəsində AXCP sədri ABŞ-da, bir neçə Avropa dövlətində, Türkiyədə səfərdə olmuş, bu ölkələrin siyasi dairələri ilə Azərbaycandakı durumu müzakirə etmişdi.
İndi də ona onlarla dəvət gəlir. Bu yaxınlarda mənim də Avropaya səfərlərim planlaşdırılır. Görünür, Əli Kərimlinin davamlı olaraq artan nüfuzu hakimiyyətin bu səfərləri hələ də əngəlləməsinin əsas səbəbidir.

- Ancaq bəzən belə fikirlər də səslənir ki, müxalifət hakimiyyətdən bir pasport ala bilmirsə, hakimiyyəti necə alacaq?

H.K.: - Azərbaycan hakimiyyəti bu gün ölkəni “babam mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə idarə edir. Bir neçə nüfuzlu dövlətin, eləcə də ciddi beynəlxalq qurumların nümayəndələri Əli Kərimlinin pasport məsələsi ilə bağlı rəsmi Bakıya müraciət edib. Avropa Birliyinin, Avropa Şurasının, vətəndaşların siyasi hüquqları ilə bağlı monitorinqlər aparan nüfuzlu beynəlxalq qurumların Azərbaycanla bağlı hesabatlarında bu məsələ ana müxalifət partiyasının liderinə qarşı təzyiq kimi qiymətləndirilib. Çox təəssüf, Azərbaycan hakimiyyəti bütün bunlardan heç bir nəticə çıxarmayıb. Mənim gəldiyim nəticə isə odur ki, Əli Kərimliyə pasport verilməməsi hakimiyyət üçün həyati məsələdir.

- Yenidən 2013-cü il seçkilərinə qayıdaq. Perspektivdə iki mümkün variant görünür. Birincisi, müxalifət seçkiyə gedir, amma MSK nəticələri saxtalaşdırdığı üçün müxalifət meydanlara axışır, seçkinin nəticələrinin ləğvini, yaxud müxalifət namizədinin qələbəsini tanımağı tələb edir - yəni Ukraynada olduğu kimi. İkincisi isə Yaxın Şərqdə olduğu kimi, seçkidən öncə meydanlara çıxıb azad seçki keçirməyi tələb etmək. Sizcə, bu variantlardan hansı Azərbaycan üçün daha realdır?

A.H.: - Bu suala cavab verməzdən qabaq bayaqkı məsələ ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Azərbaycan iqtidarının heç zaman müxalifətlə bağlı siyasəti birmənalı deyil. İlham Əliyevin hakimiyyəti illərində ən çox həbsxanada yatan siyasətçi mənəm. Bu o deməkdirmi ki, İlham Əliyev hakimiyyəti digər siyasətçilərin azadlıqda olmasını mənim azadlıqda olmağımdan daha az təhlükəli hesab edir? Ya da 1990-cı ildən bu yana mən bütün parlament seçkilərində namizəd olaraq iştirak etmişəm, hər zaman da qalib gəlmişəm, ancaq bunu təsdiq edən sənədlərin olmasına baxmayaraq məni parlamentə buraxmayıblar. Ancaq Azərbaycan siyasətçiləri arasında parlamentə buraxılan və ya buraxılmayan siyasətçilər olub. Bu o deməkdirmi ki, digər Azərbaycan siyasətçilərinin parlamentdə olmasını daha az təhlükəli sayır? Bu cür müqayisələr, məncə, yanlış nəticələrə gətirib çıxara bilər. Azərbaycanda seçki dönəmi ilə bağlı proqnozlara gəlincə, ən gözlənilməz ssenarilərin həyata keçməsi mümkündür. Bizim iradəmizdən asılı olmayan proseslər də gedə bilər. Azərbaycanda 1988-ci ildə “Topxananın harayı” məqaləsindən sonra 1 milyon insan küçələrə çıxdı. Bu, yalnız Topxanada kəsilən ağaca görə deyildi. Ona qədər narazı enerji toplanmışdı. Topxana məsələsi hərəkatın başlaması üçün son damla oldu. Ərəb ölkələrində guya ən böyük olay qadın polisin bir göysatan gənci döyməsi idimi? Bundan qat-qat dəhşətli hadisələr olmuşdu, beynəlxalq birik səfərbər idi. Azərbaycanda da narazılıq həddən artıq böyüyüb. Əvvəlcə narazı qüvvə kimi hakimiyyətə qarşı mübarizə aparan yalnız müxalifət idi. Xatırlayıram ki, 1996-cı ildə mən “Amerikanın səsi” radiosuna müsahibə verərkən Heydər Əliyevin istefa verməli olduğunu demişdim. Məni sevən insanlar mənə gizlənməyi məsləhət görürdülər. Çünki həmin dövrdə belə bir ifadəni işlətmək həddən artıq qorxulu bir iş idi. Ancaq bu gün hakimiyyətin istefasını tələb etməyən varmı? Bu gün hətta hakimiyyətin içərisində bu fikirdə olan insanlar var, sosial şəbəkələrdə, mediada minlərlə insan bu fikri səsləndirir. Bu gün hakimiyyətdən istefa tələb edilməsi adi bir fikrə çevrilib. Bizə cəmiyyətin bir çox təbəqələri, xüsusən aztəminatlı təbəqə qoşulub. Sonra orta təbəqə, ardınca ziyalılar qoşuldu. Bu gün biz Əkrəm Əylislinin, Rüstəm İbrahimbəyovun müsahibələrini oxuyuruq. Bir neçə il öncə onlar belə fikirlər səsləndirirdilərmi?

- Hətta bəzən müxalifətçilərdən daha kəskin danışırlar...

Arif Hacılı: “Azərbaycanda mütləq əksəriyyət hakimiyyətin dəyişməsini istəyir”

A.H.: - Bəli. Cəmiyyətin artıq böyük bir hissəsi bu məsələlərdə müxalifətlə eyni fikri səsləndirir. Razıyam, bəzən hətta bizdən daha radikal danışırlar. Rusiyada yaranan “Milyarderlər ittifaqı” adı verilən qurumun üzvləri də o sıradan. Bu şəxslər 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsində öz nüfuzları, imkanları, pulları ilə iştirak etmiş insanlardır. Rüstəm İbrahimbəyov müsahibə verərək bildirmişdi ki, İlham Əliyevin hakimiyyətə gəlməsinə ən çox sevinənlərdən biri olub. İlham Əliyevə 2003-cü ildə ən yaxşı şəkildə dəstək vermiş adamların bugünkü hakimiyyətdən narazı olması, ən önəmlisi bunu açıq şəkildə ifadə etməkdən çəkinməməsi onu göstərir ki, cəmiyyətdə narazılıq ən yüksək səviyyədədir. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti ölkədə hakimiyyətin dəyişməsini istəyir. Hətta vaxtilə hakimiyyətin öz daxilində dəyişilməsini istəyənlər indi bütünlüklə iqtidarın dəyişdirilməsini istəyir. Çünki artıq cəmiyyətdə hakimiyyətin yaxşılığa doğru dəyişməsinə heç bir ümid qalmayıb. Bu amillər çox mühüm rol oynayır. İstənilən halda Azərbaycanda ən gözlənilməz hadisələr baş verə bilər. Təbii, biz ölkədə hadisələrin kataklizmlər olmadan, sivil, demokratik yolla həll olunmasını istəyirik. Biz istəmirik ki, Azərbaycan cəmiyyətinin demokratiyaya keçidi inqilabdan, vətəndaş qarşıdurmasından keçsin. Çünki bu cür hadisələrin yaratdığı problemləri uzun zaman aradan qaldırmaq mümkün olmur. Bizim çaxnaşmalara, inqilablara marağımız yoxdur. Ancaq iqtidarın apardığı siyasətin məntiqi sonluğu yəqin ki, inqilab olacaq.

- Həsən bəy, siz nə düşünürsünüz: Ukrayna, yoxsa, Yaxın Şərq variantı?

Həsən Kərimov: “Əliyevlər iqtidarını vaxtılə dəstəkləyən ziyalılar bu gün onlardan üz çevirib”

H.K.: - Mən də Arif bəyin öncəki fikrinə münasibət bildirərək demək istəyirəm ki, həbsdə olanlarla yanaşı həbsdən kənarda qalan müxalifətçilərə də az təzyiq göstərilməyib. Əli Kərimli ilə yanaşı, AXCP-nin bir neçə üzvü parlament seçkilərinin qalibi olub, ancaq haqları tanınmayıb. 2 aprel mitinqindən sonra Arif bəy həbs edildi. Ancaq heç mənim başıma gətirilən olaylar da sadə məsələlər deyildi. (Həsən Kərimov bir neçə il öncə ağır ürək əməliyyatı keçirib. 2011-ci il 2 aprel mitinqi zamanı həbs edilən Həsən Kərimovun səhhəti polis bölməsində kəskin şəkildə pisləşmişdi. Buna baxmayaraq, onu xəstəxanaya bir neçə saat sonra yerləşdirmişdilər. 4 saylı şəhər xəstəxanasında ona heç bir tibbi yardım göstərilməmişdi, üstəlik, telefonları alındığından və polis nəzarətində olduğundan heç kimlə əlaqə yaratmasına imkan verilməmişdi. -red.) Bu o demək deyil ki, bizlərdən kiminsə hüququ tanınsa, hüququ tanınmayan onu ittiham etməlidir. Buna heç bir ehtiyac yoxdur. AXCP sədrinin bütün qohum-əqrəbası işdən çıxarılıbsa, qaynı MTN-in təcridxanasında faktiki olaraq girov saxlanılırsa, bu, AXCP-yə, onun sədrinə münasibətdir. O ki qaldı Azərbaycanda 2013-cü illə bağlı gözləntilərə, təbii, biz də hakimiyyət dəyişikliyinin qansız ötüşməsini istərdik. Azərbaycanda cəmiyyətin bütün təbəqələri bu hakimiyyətə müxalifətdədir. Bayaq ziyalılardan söhbət düşdü. Bu gün Əliyevlər iqtidarını ciddi şəkildə dəstəkləyən ziyalılar onlardan üz çevirib, açıq-aydın medaida hakimiyyətdən istefa tələb edir. Rüstəm İbrahimbəyov son müsahibələrindən birində hakimiyyətə açıq xəbərdarlıq edib ki, islahatlar olmasa, Azərbaycanda Misirdən və Suriyadan daha dəhşətli hadisələr baş verəcək. Biz bu proseslərin Azərbaycan üçün mümkün qədər fəsadsız ötüşməsi üçün müxalif düşərgənin birliyini təklif edirik. Azərbaycanda fors-major situasiyanın yaranacağı olduqca gözləniləndir. Ola bilər ki, xalq gözlənilmədən ayağa qalxar. Bu ayağa qalxan xalqı, qəzəbli kütləni idarə etmək bir-iki partiyanın görə biləcəyi iş deyil. Bu məsələdə müxalifətin daha geniş inteqrasiyasına ehtiyac var. Bunsuz cəmiyyəti idarə etmək mümkün olmaz. Biz buna hər zaman hazır olmalıyıq.

- Arif bəy, cəmiyyətin protest elektoratının önəmli bir hissəsinin nəzəri Müsavat və AXCP-nin üzərindədir. Bir çoxları da gözləyir ki, İsa Qəmbər və Əli Kərimli 2013-cü il seçkilərində vahid mövqe nümayiş etdirə biləcək. Hansı halda İsa Qəmbər Əli Kərimlinin namizədliyini dəstəkləyə bilər?

Arif Hacılı: “İsa Qəmbərin prezidentliyə namizədliyini həm səmərəlilik baxımından, həm şanslar baxımından daha üstün hesab edirəm”

A.H.: - Bu, sualı, məncə, İsa Qəmbərin özünə versəydiniz yaxşı olardı. Çünki bu məsələdə mənim mövqeyim bəllidir. Mən İsa Qəmbərin prezidentliyə namizəd olmasını həm səmərəlilik baxımından, həm şanslar baxımından daha üstün hesab edirəm. Ancaq siyasi proseslərin gedişində çox gözlənilməz güzəştlər, ən qəribə koalisiyalar mümkün ola bilir. 1992-ci il mayın 14-də bizim öldürülməyimizə fitva verən insanlarla may ayının 17-də - cəmi 3 gün sonra koalisiya yaratdıq. Bu koalisiyada bizdən daha üstün postlarda, mövqelərdə olan insanlar var idi və biz buna dözümlü yanaşdıq. Ona görə tarixi proseslərin gedişində istənilən koalisiya mümkündür. Azərbaycanda hakimiyyətə gəlmək bizim üçün məqsəd deyil, biz Azərbaycanın demokratikləşdirilməsi, ərazi bütövlüyünün təmin olunması, Azərbaycanın bütövləşməsi, ölkənin firavanlığı uğrunda mübarizə aparırıq. Ona görə də nəinki hazırda İctimai Palatada təmsil olunan, nəinki Müsavat Partiyası ilə müttəfiq olan, Azərbaycan siyasətində mühüm təsir imkanlarına malik olan Əli Kərimlinin namizədliyi, hətta indi heç kəsin ağlına gəlməyən gözlənilməz bir şəxsin də namizədliyinin müdafiə olunması nəzəri cəhətdən mümkündür.

- Həsən bəy, bəs hansı halda AXCP İsa Qəmbərin namizədliyini müdafiə edə bilər?

Həsən Kərimov: “Elə proseslər baş verər ki, nə İsa Qəmbər namizəd ola bilər, nə Əli Kərimli, müxalifət bitərəf bir şəxsi müdafiə edər”

H.K.: - Bu, birbaşa şəraitdən asılı olacaq. Azərbaycanda elə proseslər baş verə bilər ki, nə İsa Qəmbər, nə Əli Kərimli namizəd ola bilər, məsələn, müxalifət bitərəf bir şəxsi müdafiə edə bilər. Bu durumu yalnız şərait diktə edə bilər. Hələlik mən müxalifətin vahid namizədi məsələsinin qabardılmasının tərəfdarı deyiləm. Çünki indiki halda bu, müxalifətin birliyinə ziyan gətirər, müxalifət düşərgəsinin fəalları arasında ruh düşkünlüyü yarada bilər. Əgər bu gün liderlər bu haqda açıqlamalarını davam etdirsələr vətəndaşlar arasında pessimizmə səbəb olacaqlar. Çünki bu gün cəmiyyətin göz dikdiyi müxalifət birliyi İctimai Palatanın qərarı ola-ola bu razılaşmanı pozmaq, namizədlik məsələsi ilə, formalaşdırılacaq komanda ilə bağlı fikirlər səsləndirilməsi cəmiyyətdə ruh düşkünlüyü yaradır. Biz bu məsələyə zamanı gəlincə qərar verə bilərik. Ola bilər ki, AXCP İsa Qəmbərin namizədliyini birmənalı dəstəkləyəcək. Belə bir şərait istisna deyil. AXCP ümummilli maraqlara görə, İsa Qəmbəri də və ya hansısa müstəqil namizədi də dəstəkləyə bilər. Çünki bizim hədəfimiz bu rejimin dəyişməsidir.

- Bir sıra ekspertlər də kənar namizəd, məsələn, Ziyalılar Forumu üzvlərindən birinin vahid namizəd olması versiyasını irəli sürür. Arif bəy, siz bu məsələyə necə baxırsınız?

(davamı gələn sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR