İnsanlara hürriyət, millətlərə istiqlal!

“BİZİM ƏSAS MÜTTƏFİQİMİZ HƏMİN QÜVVƏDİR”

2304 24.11.2012 09:55 Bizim qonaq A A

(əvvəli ötən saylarımızda)

- Bir sıra ekspertlər də kənar namizəd, məsələn, Ziyalılar Forumu üzvlərindən birinin vahid namizəd olması versiyasını irəli sürür. Arif bəy, siz bu məsələyə necə baxırsınız?

A.R.: - Bir məsələni qeyd edim - Həsən bəy deyir ki, İsa Qəmbər İP-in qərarını pozub. İsa Qəmbər heç bir qərarı pozmayıb. Çünki İsa Qəmbər İP-in vahid namizədliyinə yox, Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. İsa Qəmbər hər zaman qəbul olunmuş qərarlara, bağlanmış sazişlərə özünün xüsusi sədaqəti ilə seçilən siyasətçilərdən biridir. Üçüncü bir namizədin dəstəklənməsi məsələsinə gəlincə, onu deyim ki, keçmiş sovet məkanında bu cür eksperimentlərdən zaman-zaman istifadə olunub. Belorusda, eləcə də keçən prezident seçkilərində Gürcüstanda Qaçeçiladzenin namizədliyi irəli sürüldü. Ancaq bu eksperimentlər uğur qazanmır.

- Amma Koştunitsa uğurlu variant idi...

A.H.: - Koştunitsada bir qədər fərqli vəziyyət idi. Qırğızıstanda Otunbayevanı da bəzən nümunə göstərirlər. Təbii, bu model istisna olunmur. Ancaq bu modeli indidən tək variant kimi qəbul edilməsi yanlışdır.

- Məsələn, Rafiq Əliyev, Cəmil Həsənli - bu şəxslər ayrılıqda seçkiyə getsələr, uğur qazana bilməzlər. Ancaq müxalifət liderləri onlara dəstək versə, bu, mümkün ola bilər.

A.H.: - Müsavat Partiyası ilə AXCP-nin dəstəkləyəcəyi istənilən namizəd uğur qazana bilər. Bu baxımdan bu partiyaların öz içindən də namizədlər irəli sürülə bilər. Mən Nemət Pənahlının çıxışını xatırlayıram. O, 10 siyasi liderin adını çəkərək demişdi ki, hamınız məni lider kimi qəbul etsəniz mən lider olaram. Sizin dediyiniz həmin fikrə bənzəyir. Burada söhbət İsa Qəmbərlə Əli Kərimlidən yox, AXCP və Müsavatdan, İP-dən gedirsə, təbii, İP-in dəstəkləyəcəyi istənilən namizəd dərhal böyük bir avantaj əldə edəcək. Ancaq bu namizəd İP-in içərisindən olsa, onun avantajı daha böyükdür. Ona gözə biz çalışmalıyıq ki, incəsənətlə incəsənət işçiləri, ədəbiyyatla ədəbiyyatçılar, siyasətlə də siyasətçilər məşğul olsun. Çünki məqsəd prezident seçilməkdə deyil, Azərbaycanın uğurlu idarə olunmasında və Azərbaycanda ciddi islahatlar aparılaraq indiki çətin durumdan çıxarılmasındadır. Mən hesab edirəm ki, bu missiyanı məhz siyasətçilər həyata keçirməlidir. İndi Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində siyasət balaca bir yerə sıxışdırılıb. Ölkədə fəal siyasətlə Azərbaycan xalqının bəlkə də 1 faizindən azı məşğul olmaq imkanına malikdir. Ona görə də biz həmişə çıxış yolunu bu 1 faizin içərisində axtarırıq. Ancaq bu 1 faizdən kənarda 99 faiz Azərbaycan xalqı var. Bunun 90 faizi protest elektoratıdır. Söhbət təxminən 4 milyona yaxın seçicidən gedir. Bizim əsas müttəfiqimiz o qüvvədir. Biz o qüvvənin rəyini nəzərə almalıyıq. Proses başlayanda, seçki marafonu gedəndə kimin bu elektorat içərisində daha çox nüfuza malik olduğunu müəyyənləşdirmək asan olur. Biz nə 2000-ci ilin parlament, nə 2003-cü ilin prezident seçkilərində, hətta 2005-ci ilin parlament seçkilərində müxalifətin vahid birliyinə nail ola bilməmişik. 2000-ci ilin parlament seçkilərində demək olar, bütün siyasi partiyalar seçkilərdə iştirak edirdi. Ancaq Azərbaycana xalqı favorit partiyanı müəyyən etmişdi. 2003-cü ilin prezident seçkilərində də həmçinin. 2005-ci ilin seçkilərində neçə blok, partiya vardı, ancaq favorit “Azadlıq” bloku idi. Təbii, biz daha çox siyasi qüvvənin, siyasətçinin dəstəyini almağa nail olmalıyıq, bu, vacibdir. Amma əsas şərt və həlledici amil Azərbaycan vətəndaşları, Azərbaycan seçiciləridir. Ona görə də biz Azərbaycan seçicilərinin daha çox səsini almağa qadir ola biləcək namizədi irəli sürməliyik ki, seçkilərdə qalib gələ bilsin.

- Həsən bəy, buyurun. Sizin mövqeyiniz necədir?

H.K: - Dediklərimizdən belə alınmasın ki, heç bir halda Müsavat Əli Kərimlinin, AXCP isə İsa Qəmbərin namizədliyini dəstəkləməyəcək. Mən tamamilə fərqli düşünürəm. Həm Müsavatda, həm də AXCP-də bu liderləri dəstəkləyəcək yetərincə qüvvələr var.  Məncə illərdir mübarizə aparan liderlərin son anda bir araya gəlmək üçün siyasi iradələri çatacaq.

- Əminsinizmi?

H.K.: - Əminəm. Hər iki partiyanın üzvləri siyasi cəhətdən yetərincə yetkin insanlardırlar. Hər iki partiyanın içərisindən bu haqda fikir səsləndirən insanlar olacaq. Artıq İsa bəy də, Əli bəy də partiya üzvlərinin mənafeyini fikirləşməlidirlər. Artıq yaşlanmışıq. Mən prezident seçkilərində vahid namizədin İctimai Palatanın iki aparıcı partiyası arasında müəyyən olunmasının tərəfdarıyam.
- İctimai Palataya olduqca ciddi yanaşan xeyli müxalifətçi vahid namizəd dartışmasının qurumun dağılacağını ehtimal edir. Sizcə, İP doğrudanmı dağılmaq ərəfəsindədir?

A.H.: - Mən İctimai Palatanı Azərbaycan siyasi qüvvələrinin yaratdığı ən uğurlu birliklərindən biri sayıram. İctimai Palata bilirsiniz ki, 2010-cu ilin parlament seçkilərindən sonra yarandı. Adətən seçkilərdən sonra biz adətən koalisiyaların dağılmasının şahidi oluruq ancaq müxalifətin heç bir nümayəndəsinin parlamentə buraxılmadığı seçkilərdən sonra müxalifətin bir araya gəlib İctimai Palata yaratması ciddi bir siyasi hadisə idi. İP artıq yetərincə ciddi bir missiyanı artıq həyata keçirib - qurum həm ölkə içərisində, həm də beynəlxalq aləmdə Azərbaycan müxalifətinin birlik modeli kimi qəbul olunub. Düşünürəm ki, İP bundan sonra da böyük işlər görə bilər. Biz hər gün İP-nın gücləndirilməsi istiqamətində fəaliyyət göstəririk. İndi İP-nın idarəçilik sistemində ciddi islahatlar aparılması məsələsi gündəlikdədir. Yanvar ayında İP Koordinasiya Şurasına yeni seçki olmalıdır. Seçki ərəfəsində müəyyən islahatların aparılması üçün müəyyən təkliflər irəli sürülüb. Əgər bu islahatlar həyata keçiriləcəksə, İP 2013-cü ildə də fəaliyyətini davam etdirəcək. Təbii, İP-dan vahid namizəd irəli sürülsəydi, hətta bu ilin yazında həyata keçirilsəydi, bu, İctimai Palatanın daha da güclənməsinə, monolitləşməsinə gətirib çıxarardı. Çünki cəmiyyətə konkret real hədəflər göstərəndə cəmiyyət o hədəflər ətrafında daha tez toparlanır. Bu gün Azərbaycan cəmiyyətinin dəyişikliklərlə əlaqədar əsas problemi dəyişikliklər olacağına inamsızlıqdır. Ancaq cəmiyyət dəyişiklikləri istəyir. Mən bəzən Stalin hökuməti ilə Əliyev hökumətini müqayisə edirəm. Oxşar cəhətlər çoxdur, ancaq əsas fərqli cəhət ondan ibarətdir ki, xalq avtoritar Stalin hökumətini sevirdi və onun dəyişməməsini istəyirdi, lakin xalq avtoritar Əliyev hökumətini sevmir və onun dəyişməsini istəyir. Bu baxımdan Azərbaycanda real siyasi islahatların həyata keçirilməsi işində İP bundan sonra da ciddi rol oynaya bilər. Düşünürəm ki, əgər müxalifət düşərgəsində 2013-cü il seçkiləri ilə bağlı vahid namizədin müəyyənləşdirilməsi mümkün olacaqsa, İP daha da güclənəcək və xalqdan daha güclü dəstək ala biləcək.

- Həsən bəy, İP hakimiyyətin əsas hədəflərindən biridir. Siz necə düşünürsünüz, İP-nı müxalifətin birliyi kimi qorumaq mümkün olacaqmı?

H.K.: - Hakimiyyət İctimai Palatanı qurum yaradıldığı gündən dağıtmaq istəyir. Ara-sıra İP-lə bağlı dezinformasiyaların yayılması da bunun nəticəsidir. İP yarandığı gündən önəmli bir qurum olduğunu cəmiyyətə təqdim edə bilib. İP-da təkcə siyasi partiyaların monopoliyasında deyil. Bu gün qurum üzvləri arasında heç bir siyasi partiyanın üzvü olmayan ziyalılar, QHT təmsilçiləri də var. Təmsilolunmada bu geniş spektr İctimai Palatanı bütün müxalif düşüncəli insanların birliyinə çevirə bilib. Ən önəmli məqam isə həm də beynəlxalq güc mərkəzlərinin İP-ni müxalifətin birliyi kimi qəbul etməsindədir. Aydındır ki, uzun illər hakimiyyətin yürütdüyü siyasət nəticəsində hüquq və azadlıqları son dərəcə məhdudlaşdırılan insanlar üçün İctimai Palata önəmli bir qurumdur. Hakimiyyət də çox yaxşı anlayır ki, müxalifətin eyni mərkəzdə toplaşması onun müxalifət düşərgəsinin sarsıldılmasına yönələn hərəkətlərinin qarşısını xeyli dərəcədə alır. Ona görə də bütün ciddi-cəhdlə İP-i dağıtmağa çalışır. İstisna deyil ki, bunun üçün qurum içərisindən də kimlərləsə anlaşma əldə oluna bilər. Ancaq bizim bu gün əsas məqsədimiz, məramımız İP-i qorumaq olmalıdır. Bu gün qurumdan qopmalar cəmiyyətdə pessimizm yaradar, eyni zamanda, biz qarşımıza qoyduğumuz bir sıra hədəflərə çata bilmərik. Qurumu gücləndirmək üçün İP-nın digər siyasi partiyalarla konkret məsələlər ətrafından məsləhətləşmələri davam etdirilməli, bütün müxalif güclərin İP ətrafında birləşməsinə çalışılmalıdır.

- Həsən bəy bayaq dedi ki, biz artıq yaşlaşmışıq. Belə bir fikir də səslənir ki, 2013-cü il prezident seçkiləri ənənəvi müxalifətin hakimiyyət iddiasını gerçəkləşdirməsi üçün son şansdır. Arif bəy, bu fikri bölüşürsünüzmü?

A.H.: - Qarşıdakı seçkiləri bizim son şansımız kimi dəyərləndirilməsi ilk dəfə deyil. Hələ bundan sonra da çox seçkilər olacaq ki, o seçkini bizim son şansımız kimi dəyərləndirəcəklər. Ancaq açıq şəkildə deyim ki, nəinki arzulayıram, hesab edirəm ki, bu proqnozlar 2013-cü il seçkilərindən də əvvəl də ola bilər. Azərbaycan öz siyasi həyatının olduqca ciddi bir mərhələsinə qədəm qoymaqdadır. Ölkədə çox ciddi sayda vətəndaşın narazılığı son həddə çatıb. İstənilən halda hər hansı bir qığılcımdan böyük siyasi proseslər baş verə bilər və bu siyasi proseslərin başında biz yox, başqa qüvvələr dayana bilər. Quba hadisələrində bunun şahidi olduq. Azərbaycanda bu gün xeyli gənclər birlikləri yaradılıb. Doğrudan da bu qurumlar ölkədə hərəkat başladacaq və bu hərəkat Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkənin demokratikləşməsi ilə başa çatacaqsa, biz buna ancaq sevinə bilərik.

H.K.: - Son illər gənclərin xüsusi aktivliyi sevindirici bir haldır. Nəsillərin dəyişməsi təbii, baş verəcək. Söhbət bizim nəsildən gedirsə, mən hər zaman bildirirəm ki, Əli bəy də, İsa Qəmbər də bugünkü gəncliyi nəzərə almalıdırlar. 2013-cü il seçkisi Azərbaycan müxalifəti üçün böyük şansdır. Mən tam əminliklə bildirirəm ki, Azərbaycan müxalifəti birliyini qoruyub saxlasa, daha geniş koalisiya yarada bilsə 2013-cü ildə biz Əliyev rejimi ilə vidalaşa bilərik. Azərbaycan gəncliyi o yaşlaşan nəslin yerini dolduracaq. Çox zaman deyilir ki, gənclik siyasi proseslərdən kənardır. Bu fikirlə qəti razı deyiləm. Yaxın aylarda 611 gənc AXCP-yə üzv qəbul olunub. Həmin gənclik Azərbaycan siyasətində öz sözünü deyəcək. Təbii, onların Azərbaycanda milli azadlıq mübarizəsi keçmiş, bu mübarizənin məntiqi nəticəsinə çatmış nəsildən öyrənəcəkləri çox şey var.

- Sual bir qədər ritorik görünə bilər. Mən sizin 1 il sonra ilə bağlı proqnozlarınızı eşitmək istəyirəm. Arif bəy, sizcə 1 il sonra Azərbaycanda hansı vəziyyət ola bilər?

A.H.: - Biz çox çətin bir yol keçmişik. Azərbaycan real siyasi, demokratik dəyişikliklərin astanasındadır. Gələn il bu vaxt yəqin ki, Azərbaycanda demokratik düşərgənin xeyrinə əsaslı şəkildə dəyişmiş bir vəziyyət olacaq. İstisna etmirəm ki, gələn il bu vaxt Azərbaycanda demokratik qüvvələr hakimiyyətdə olacaq. Müsavat Partiyası olaraq biz xalqa yönəlik siyasət yürüdürük. Azərbaycan cəmiyyətinin maraqlarını əks etdirən siyasət yürütməyə çalışırıq. İştirak etdiyimiz son seçkilərdə də əsas müttəfiq kimi Azərbaycan xalqının seçmişik. Bizim hər zaman əsas müttəfiqimiz Azərbaycan xalqıdır. Əminəm ki, Azərbaycan xalqının arzularının, istəklərinin gerçəkləşməsi naminə 2013-cü ildə də əlimizdən gələni edəcəyik.

H.K.: - 2013-cü ilin noyabrına qədər Azərbaycanda çox dəyişik proseslərin baş verəcəyini düşünürəm. Ölkədə bu gün elə bir siyasət yeridilir ki, Azərbaycan xalqının 99 faizi İlham Əliyev iqtidarına müxalifətdədir. Azərbaycanda baş verən gerçəkliklər Elşad Abdullayevin yaydığı ifşaedici videogörüntülərdən vətəndaşa bir daha tam aydın oldu. Seçki prosesi yaxınlaşdıqca bu prosesin daha da aktivləşəcəyi şəksizdir. Fikrimcə, 2013-cü il seçkiləri bu hakimiyyətin sonudur. Gələn il Azərbaycan müxalifətinin daha geniş koalisiyası nəticəsində ölkədə hakimiyyət dəyişikliyi baş verəcək. Düşünürəm ki, 2013-cü ilin noyabrında Azərbaycanda siyasi mənzərə milli maraqların xeyrinə köklü şəkildə dəyişəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR