İnsanlara hürriyət, millətlərə istiqlal!

“BİZƏ TÜRMƏDƏ “DEPUTATLAR” DEYİRDİLƏR”

7582 30.06.2012 09:52 Bizim qonaq A A

Tural Abbaslı:
- Mətbuatda dəstəyin olması, hansısa bir köşə yazarının bir xoş cümləsi insanı türmədə bir həftə ayaq üstə saxlayır. “Yeni Müsavat” və “Azadlıq” kimi qəzetlərdə fotoların hər gün dərc olunması, qəzetdə yerin jurnalistlər üçün nə dərəcədə dəyərli olduğunu bilən adam kimi bunu xüsusi qiymətləndirir və təşəkkür edirik. Bizim mübarizədə “Yeni Müsavat”ın xüsusi yeri var. Cəmiyyətdə onsuz da elə rəy var ki, Müsavatla “Yeni Müsavat” elə bir-birinə aiddir. Türmə, zon səviyyəsində qlobal problem olur, Mədət Quliyev, Fikrət Məmmədov səviyyəsində birbaşa reaksiya və hədələr gəlirdi. Xatırlayırsınızsa, mətbuat vasitəsilə müraciət etmişdik ki, ədliyyə naziri Fikrət Məmmədov gəlib iki gün burda qalsın. Penitensiar Xidmətin rəhbəri Mədət Quliyev rəisə zəng edib demişdi ki, göndərərəm onları Xələcə, ağılları gələr başlarına, buranın qədrini bilərlər. Biz 8 vicdan məhbusu istədiyimiz vaxt eyni stol arxasında otura, çay içə bilmək üçün karsa qədər getmişik.

R.Arifoğlu:
- Bir zonun ərazisində sizə imkan verilmirdi ki, bir masa arxasında oturub çay içəsiniz?

T.Abbaslı:
- Bütün zon 6 dəstəyə bölünüb. Hər dəstənin öz çayçısı, yeməkxanası var. Oradan başqa heç yerdə çay içə bilməzsən. Dolayısı ilə sən dostlarınla oturub çörək kəsə bilmirsən. Bunu etmək istəyəndə isə qırğına çıxmalısan. Təsəvvür edin, içəri şəkər tozu, şokolad buraxmırlar. Deyirlər içində nəşə keçirə bilərlər. Bunu yoxlamaq əvəzinə sadəcə buraxmırlar. Biz gəlməzdən iki ay qabaq bir dustaq digərinin başına stəkan çırpmışdı deyə şüşə stəkanlar yığışdırılmışdı. Zon 8 ay plastik stəkanda çay içdi ki, bu da sağlamlığa ziyandır.

R.Arifoğlu:
- Bəs bu həbs gənc siyasətçilərə nə verdi, Əhəd bəy? Gələcək siyasi mübarizənizdə faydalı ola biləcək nələr əxz etdiniz?

Ə.Məmmədli:
- Azadlıqda bir çox təbəqələri görmüşdük. O təbəqələri də gördük ki, onlarda vəziyyət necə bərbaddır. Azərbaycan gəncliyi, genofondu narkotikdən məhv olub. Bundan dəhşətə gəldim.

R.Arifoğlu:
- İçəridə narkotik var?

Ə.Məmmədli:
- İçəridə yox, amma bayırdan narkotiklə zəhərlənib gəlirlər. Xüsusən cənub bölgəsi, Bakı kəndləri, Papanin səviyyəsində narkomanlar çox idi. Bu bəlaya düçar olanların da çoxu bunu işsizliklə bağlayırdı. Orda namaz məsələsi də çətin idi. Biz gələnə qədər orda (14 saylı zonda) balaca ibadət otağı vardı. 5-6 nəfər ibadət edirdi. Namaz qılmaq üçünsə az qala Allahşükür Paşazadədən arayış almalı idin. Amma biz gələndən sonra bu məsələni xeyli yumşaltdıq.

R.Arifoğlu:
- Bilmək istəyirəm ki, gənc liderlər kimi həbsxana sizə nə verdi? Hər pis şeyin bir yaxşı tərəfi də olur. O yaxşı tərəf nə idi sizin üçün?

T.Abbaslı:
- Həbsdən əvvəl də Əhədlə dərdləşəndə bilirdik ki, gec-tez tutulacağıq. Bəzi siyasi məhbuslar həbsə girib, sonra da dözməyib əfv ərizəsi yazmışdı. Bu barədə danışanda bir az çəkinirdik. Biz o vəziyyətə düşməmişiksə, kimisə necə qınaya bilərik ki, niyə yazıb, niyə yox, sınıb, sınmayıb. Yəni ona görə bu məsələ bizimçün də qaranlıq idi ki, hara qədər gedə bilərik. Ən azı bunu yoxlaya bildik. 1 il 4 aylıq cəza müddətində dözə bildik. Bu, özümüzə inamımızı artırdı. Əqidəmizə bağlı olduğumuzu bir daha özümüzə sübut elədik. Çünki orada əqidə çox sınağa çəkilir. Bir var sadə insan tutulur, onun həyatı evi, məhləsi, ailəsi səviyyəsində olur. Bir də var qaynar siyasi proseslərin içində olursan, bu zaman cəmiyyətdən təcrid olunmağın, cinayətkarların içinə atılmağın ağır psixoloji vəziyyət yaradır.

R.Arifoğlu:
- Digər məhbusların, cinayət aləminin insanlarının sizə münasibəti necə idi? Hər halda 14 saylı çətin zon sayılır.

T.Abbaslı:
- Cinayət aləmini doğrudan dərk edən insanların bizə həmişə hörməti olub, yenə vardı. Bilməyənlər də yenə bilənlərdən öyrənirdi. Münasibəti olmayanlar da orda keçirdiyimiz 1-2 aydan sonra münasibət yaradırdı. Çünki özləri etiraf edirdi ki, biz gələndən sonra məhbuslara münasibət yaxşılaşıb. Hətta öz aralarında deyirdilər ki, qoy bu deputatlar getsin, onda görəcəm halınızı. Bizə orda “deputatlar” deyirdilər. Bəxtiyar Hacıyev ora birinci getmişdi. Ola bilsin soruşublar ki, nəsən, nəçisən. O da deyib deputatlığa namizəd olmuşam. Nə isə, orda bizi deputat kimi “peçatlamışdılar” (gülür). Hətta rəis bizi çağırtdıranda məhbuslar belə elan edirdi: “Deputatlardan Tural, deputatlardan Əhəd...” Dəfələrlə izah edirdik ki, biz deputat deyilik, namizədliyə namizəd olmuşuq. Hətta biz görüş otağına çıxanda məhbuslar bizi valideynlərinə göstərib deyirdilər ki, bunlar deputatdır. Sonra o adamların valideynləri bizim valideynlərə təşəkkür edirdi ki, sizin uşaqların sayəsində bizimkilər də rahat nəfəs alır, onları döyən olmur. Sağ olsunlar, hörmətimizi saxlayırdılar, dəyərimizi bilirdilər. Bizim çıxmağımız da dolayısı ilə istəmirdilər (gülür).

R.Arifoğlu:
- “Deputat” qaldımı içəridə?

“Şahin bəylə Vidadi bəyin içəridə qalmasına çox üzüldük”

T.Abbaslı:
- Şahin bəylə Vidadi bəy qaldı. Çox üzüldük. Buruq bir sevinc oldu. Heç sevinc yaşamadıq bəlkə. Çox ədalətsiz qərardır.

S.Telmanqızı:
- Bayaq əqidənin sınağa çəkildiyi məqamdan danışdız. Maraqlıdır, belə sınaq məqamları tez-tezmi olurdu?

T.Abbaslı:
- Fikirləşin ki, siz 6-7 ay proseslərdən kənardasınız. Gəlmisən zona, burda da cinayətkarlar, özü üçün yaşayan adamlar. Sən xalq üçün vuruşursan. Baxırsan ki, sən kimin üçün vuruşmusan. Azadlığın, dostların, mühitin, adi şüşə stəkanda çay içməyin qədrini bildiyin bir dönəmdə rəis səni çağırır ki, bu dəqiqə bizə zəng gəlib, ərizə yaz və sabah bu saatda evdəsən. Təbii ki, sən dərhal yox deyirsən.

R.Arifoğlu:
- Amma düşünürsənmi ki, kaş imkan olaydı, azadlığa çıxaydım?

T.Abbaslı:
- Kim ki “çıxmaq haqda düşünmürdüm”, deyir, qeyri-səmimilik edir. Axırıncı təklifi həftənin birinci günü elədilər, beşinci gün isə buraxdılar. Görüş otağında idik. Zəng gəlmişdi, onlara da deyilmişdi ki, əfv gözlənilir, yazıb çıxsınlar. Bizi Əhədlə görüş otağında yaxaladılar. Əhədin bibisi, mənim anam və ikimiz orda idik. Biz danışmamış anam dedi ki, üç oğlum var, ikisi çöldədir, bu oğlumu da qurban vermişəm millət yolunda.

R.Arifoğlu:
- Böyük qadındır...

T.Abbaslı:
- Biz subayıq, daşıdığımız məsuliyyət daha azdır. Amma 3-4 övlad qoyub gələnlər var idi. Evinin çörəyini gətirən adam gəlib yatır. Gündə də evindən zəng edirlər ki, borcu-xərci var, banklara krediti var. Qardaşı-bacısı işdən çıxarılır, buna da səbəb odur. Və birdən buna da təklif olunur ki, bütün bu səbəblərdən bir cümlə ilə xilas ola, nəslin qınağını üzərindən götürə bilərsən. Bu anda əqidə sınağa çəkilir.

R.Arifoğlu:
- Hər ikiniz subaysınız?

T.Abbaslı (gülərək):
- Xoşbəxtlikdən, hə...

R.Arifoğlu:
- Həbsxana subaylıq qərarınızı daha da gücləndirdi, yoxsa çıxan kimi evlənmə ehtiyacı var?

T.Abbaslı:
- 2006-07-ci illərdə sutkalığa girən gündən düşünürsən ki, çıxan kimi nişan taxacağıq, belə olmaz. O an geriyə baxırsan və görürsən ki, heç nə yoxdur. Çıxan kimi daha böyük işlər olur.

S.Telmanqızı:
- Yaşınız neçədir?

T.Abbaslı:
- Hər ikimiz 30 yaşın içindəyik.

R.Arifoğlu:
- Rəsmən neçə il gənc sayılacaqsınız?

T.Abbaslı:
- Əhədin gənclik statusu bitib. Mənim də bu statusum sentyabrda bitəcək. Demək olar, limiti tükətmişik.

R.Arifoğlu bir daha, amma bu dəfə daha ciddi şəkildə gənclərə evlənmək vaxtlarının çatdığını söyləyir. T.Abbaslı da təsdiqləyir ki, kritik vaxtdır, qırmızı xətdir. Baş redaktor tarixi lap dəqiqləşdirmək üçün “2013-cü ilə qədər evlilik gözlənilirmi” sualını verir. Bu yerdə Əhəd bəy çiyinlərini çəkməklə cavab verir. T.Abbaslı isə Ə.Məmmədliyə evlənməklə bağlı ailədə ciddi təzyiq olduğunu deyir.

S.Telmanqızı:
- Son vaxtlar bəzi məşhurlar türmədən çıxan kimi hüquq müdafiəçiliyi sahəsinə keçir. Sizin də belə bir arzunuz varmı?

T.Abbaslı:
- Qətiyyən.

Ə.Məmmədli:
- İçəridə olanda bu prosesləri izləyirdik. Jurnalist çıxırdı, hüquq müdafiəçisi olurdu. Hətta öz aramızda zarafatla deyirdik ki, potensial 8 hüquq müdafiəçisi var burda.

T.Abbaslı:
- Hətta kimsə ev-eşik qayğıları ilə bağlı danışanda ona zarafatla deyirdik ki, deyəsən, hüquq müdafiəçiliyinə meyllənirsən. Sonra Bəxtiyar bəy müraciət yazandan sonra Facebook-dakı diskussiyaların mətnini gətizdirirdi, oxuyanda görürdük ki, bu, azadlıqda da geniş diskussiya mövzusudur. Mən biləni bizim qınağa artıq ixtiyarımız var...

R.Arifoğlu:
- Heç içəridə bu cür hüquq müdafiəçiləri lazım olmurmu? Yəni giriş-çıxışları olan, dustaqlarla danışmaq imkanı olanlar?

T.Abbaslı:
- Dustaqlarda belə rəy var ki, hamı rəisin otağından öz payını alıb gedir.

S.Telmanqızı:
- İstisna yoxdur? Hamı haqda belə deyirlər?

T.Abbaslı:
- Ən effektivləri Monitorinq Qrupunun üzvləridir. Əliməmməd Nuriyev çıxıb zonda gəzdi, rəisin üstünə jest elədi ki, bu nədir, niyə belədir. Amma sonradan görəndə deyilənlərin heç biri düzəlmədi, dustaqlar da düşündü ki, bunların hamısı gəlib payını alıb gedir. Ehtiyac var, amma yaxşı iş görsünlər. Hətta bir hüquq müdafiəçisi vardı, Əhədlə biz onunla görüşmədik. Çünki onu tanıyırdıq. Amma digər görüşənlər deyirdi ki, biz ona “balaca yerdə 120 nəfər yatırıq” deyən kimi o qayıdırmış ki, sən yaxşısan, bizdə 250 nəfər yatırdı. Yaxud “su həftədə 3 dəfə olur” deyəndə cavab verirmiş ki, mən yatdığım zonda heç su da yox idi.

Ə.Məmmədli:
- Hələ birinə deyibmiş ki, sən “şokoladnı srok” yatırsan, mən 4 il yatmışam.

Adı çəkilməyən hüquq müdafiəçisinin kimliyini debatın digər iştirakçıları da təxmin edir, amma diskussiyanı onun personası üzərinə çəkmədən söhbətə davam edirik.

T.Abbaslı:
- Belələri hüquq müdafiəçiliyi institutunun adını batırırlar. Elə hüquq müdafiəçiləri var ki, onların təsir imkanları azdır. Çıxırlar, məruzə yazırlar. Həbs olunan gün mənə qarşı fiziki təzyiq olmuşdu və bunu İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədrinə bildirmişdim. Çıxıb evdəkilərə də, mətbuata da demişdi ki, hər şey normaldır, heç nə olmayıb. Ya bu işi eləmə, ya eləyirsənsə, haqqı ilə elə.

T.Abbaslı:
- Novella xanım, Səidə xanım, Səadət xanım, Leyla Yunus, Leyla Əliyeva... səmimi şəkildə azadlığımız üçün mübarizə aparıb. Ailələrimizlə ünsiyyətdə, danışıqlarda olurdular. Siyasi şou yaratmamaq üçün qınadığımız hüquq müdafiəçilərinin adını çəkmirəm indi. Amma yaxın günlərdə o adları da çəkəcəyik ki, cəmiyyət onları tanısın.

R.Arifoğlu:
- Siz Gənclər Təşkilatının rəhbərliyisiniz. Nizamnaməyə görə, yaş dolduqca oradan ayrılmalısınız. Necə davam edəcəksiniz? Müsavatın qarşıdakı qurultayına münasibətiniz necədir? Bununla bağlı gündəmə gəlmiş məsələlərə baxışınız maraqlıdır. Ən əsası da həbsxana düşmüş bu qrupun bir başqan namizədi varmı?

T.Abbaslı:
- Yaş limiti 35 də olsaydı, biz - Əhəd bəy, Leyla Mustafa, Səxavət Soltanlı ayrılmağı zatən düşünürdük. Çünki burda kifayət qədər vaxt sərf etmişdik. Partiyanın digər strukturlarına keçməyin vaxtı idi. Həm də mənəvi haqqımız da yoxdur, yetişən gəncliyin qarşını alıb onları əzək. Bizim həbsimiz həm də onu göstərdi ki, Müsavat Gənclər Təşkilatı tək bir-iki nəfərin çiynində olan təşkilat deyil. Bizdən sonra təşkilata rəhbərlik edən Səxavət bəy, Leyla xanım sübut etdi ki, heç də bizdən zəif idarə etmirlər. Yeni gənclər arenaya çıxdı və bu, Müsavatın qazancı oldu. Qurultaydan sonra Gənclər Təşkilatının konfransı olacaq. Gənclər özlərinə yeni sədr seçəcək.

R.Arifoğlu:
- Varisiniz varmı?

T.Abbaslı:
- Varis olmur bizdə. Amma onun da tərəfdarı deyiləm ki, birdən çəkilək və gənclərə deyək ki, kimi istəyirsiniz seçin. Çünki illərin təcrübəsi var, öz namizədlərimizi açıqlayacağıq. Amma sonda seçim gənclərin olacaq. Sədr yeni gənclikdən olacaq, biz olmayacağıq. Qurultaya gəlincə isə hətta İsa bəy qurultayın parlament seçkilərinə qədər olmasında təkid edən insan idi. 2010 parlament seçkilərinə 2 ay qalmışdı, İsa bəy bizi yığmışdı ki, çatdıra bilərik, seçkilərə yeni başqanla gedəkmi. İndi bəzi iqtidar qəzetləri-filan deyir ki, İsa bəy qalmaq üçün variant işlədir. İsa bəy qalmaq istəsə, heç bir problem yoxdur. Nə partiyada, nə də cəmiyyətdə...

R.Arifoğlu:
- İsa bəyin gedəcəyi variantda sizin namizədiniz kimdir?

“Siyasət konkretliyi sevən sənətdir - biz başqanlığa Arif Hacılının namizədliyini dəstəkləyirik”

T.Abbaslı:
- Bizim sözümüz birdir. Apelyasiya Məhkəməsində şəxsi mövqeyimi bildirmişdim. Şura da buna etiraz etməmişdi. Güman edirəm ki, Şura da, Gənclər Təşkilatı da bu məsələni müzakirə edib qərarı dəstəkləyəcəklər. Biz Arif Hacılının namizədliyini dəstəkləyirik. Siyasət konkretliyi sevən sənətdir. Kiminsə xətrinə dəyə bilər. Amma siyasət ədəbiyyat klubu deyil ki, bir-birimizə romantik şerlər oxuyaq. Arif bəy 2 apreldə qolu burularaq həbs olunan funksionerlərdəndir. Partiyanın gücü onun texniki tərəflərində olur. Burada əziyyət çəkən insanların qədri bilinməlidir ki, kimsə əziyyət çəkməyə meylli olsun.

R.Arifoğlu:
- Namizədiniz seçilməyəcəyi təqdirdə nə edəcəksiz? Hesab edək ki, alternativ oldu və sizin namizəd yox, həmin alternativ seçildi...

T.Abbaslı:
- Biz müsavatçıyıq, fərdiyyətçi yox. Kimin başqan olmasından asılı olmayaraq, biz ordayıq. Başqan kim olacaqsa, gəncliklə hesablaşacaq, hesablaşmağa məcbur olacaq.

R.Arifoğlu:
- Bəs hesablaşmasa?

T.Abbaslı:
- Hesablaşacaq. Biz Müsavatın aparıcı gücü olacağıq, hamıdan çox əziyyət çəkəcəyik, öndə olacağıq, hesablaşmağa məcbur olacaqlar.

Ə.Məmmədli:
- Yeni başqan seçilməsində heç bir problem görmürük. Müsavat heç kimin fan-klubu deyil. 100 illik partiyadır. Kimin seçilməsindən asılı olmayaraq bu partiyaya bağlıyıq.

R.Arifoğlu:
- Müsavat iqtidarında hansı vəzifəni hədəfləyirsiz? Məsələn, Gənclər və Turizm Nazirliyi...

T.Abbaslı:
- İddiamız bacarığımıza uyğundur. Heç də Gənclər və Turizm Nazirliyi tək deyil. Ən azı bugünkü vəziyyətdə Müsavat hakimiyyətə gəlsə, Nazirlər Kabinetində minimum 5 nazirlik davası döyəcəyik. Onlardan ikisi strateji olar, qalan üçü də... Tələsməyək.

R.Arifoğlu:
- Nəsə yenilik gətirməyi düşünürsüz ki, təmsil etdiyiniz sahə daha da irəliyə getsin?

T.Abbaslı:
- Deyirlər ən yaxşı yenilik unudulmuş klassikadır. Velosiped kəşf olunub artıq. Bütün növlər - inqilablar, çevrilişlər, seçki ilə dəyişikliklər sınaqdan keçirilib. Bizim yeni nəsə icad etməyə ehtiyacımız qalmayıb. Azərbaycan reallığını analiz edib bizim cəmiyyətə, coğrafiyaya uyğun modeli seçərək bunu tətbiq edəcəyik.

Ə.Məmmədli:
- Ərəb baharı da göstərdi ki, inqilablar meydanlarda baş verir. İnqilaba hazırlaşmalıyıq, başqa variant görmürəm.

T.Abbaslı:
- 2013 son olmalıdır, başqa yolu yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR