İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq idman yarışlarından sonra manatı nə gözləyir...

1910 27.04.2017 08:35 İqtisadiyyat A A

Ekspert: “Məzənnə 1 ABŞ dolları üçün 2 manatı keçməyəcək”


Manatın dollara qarşı məzənnəsinin bu ilin əvvəlində 1.92 səviyyəsinə qədər ucuzlaşmasından sonra fevral ayının 3-də qısa müddətə bahalaşması və 1.70 civarında sabitləşməsi həm vətəndaşları, həm də biznes sektorunu ciddi düşündürür. Hazırda iqtisadçılar da dolların nə zaman yenidən bahalaşacağı ilə bağlı proqnozlar verməyə çalışırlar. Ümumi ictimai rəydə formalaşan əsas fikir ondan ibarətdir ki, hökumətin manatı indiki məzənnədə saxlamaqda məqsədi beynəlxalq idman yarışları ərəfəsində ölkəyə gələn turistlərdən valyutanı ucuz almaqdır. Hesab edirlər ki, bundan sonra hökumət həmin valyutanı baha satmaq üçün dolların bahalaşmasına gedəcək. İqtisadçılar isə manatın möhkəmləndirilməsi prosesinin bu ilin payız aylarına qədər davam edəcəyini və ilin sonuna doğru, xüsusən də sentyabrdan etibarən dolların bahalaşa biləcəyini deyirlər.


Bəs görəsən, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları və Formula 1 yarışlarından sonra manatı nə gözləyir?

Image result for Rəşad Həsənov


“Yeni Müsavat”ın bu sualını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, valyuta bazarlarına təsir edən kənar və fundamental faktorlar hələ ki manatın məzənnəsinin müəyyən qədər möhkəmlənməsinə təsir göstərir və bunun nəticələri də ortadadır: “Digər tərəfdən, qarşıdakı beynəlxalq oyunlarla bağlı turist axınının gözlənilməsi faktoru da buraya daxildir. Təbii ki, növbəti aylarda turist axınından əldə olunan valyuta bazarlarda sabitliyə müəyyən qədər təsir göstərməklə qısamüddətli dövr üçün manatın çox kiçik faizlərlə möhkəmlənməsinə də yardım edə bilər. Valyuta bazarları hazırda kifayət qədər kiçilib. Digər tərəfdən, bu gün dövlət büdcəsinin xərcləmələri ilə bağlı da müəyyən problemlər ortaya çıxıb. Bu problemlər ondan ibarətdir ki, hazırda ölkədə nağd vəsaitlərin dövriyyəsi ilə bağlı məhdudiyyətlər tətbiq edilməkdədir. Dövlət büdcəsindən maliyyələşən layihələrin icrasında podratçı kimi fəaliyyət göstərən hüquqi və fiziki şəxslər öz öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşiblər. Çünki faktiki olaraq, Azərbaycan bazarı nağdsız dövriyyəyə uyğunlaşmayıb. Bu baxımdan, qısamüddətli dövr üçün bu sahədə də müəyyən qədər süstlük müşahidə olunur. Bu isə özlüyündə valyuta bazarlarındakı durğunluğu və eyni zamanda tələbin aşağı səviyyədə olmasını şərtləndirən faktorlardan biridir. Üçüncü faktor isə ondan ibarətdir ki, hazırda vətəndaşın və biznesin yığımlarının böyük bir qismi valyutadadır. Bu valyutanın böyük bir qismi də 2016-cı ilin noyabr ayından sonra əldə olunub. Belə olduğu təqdirdə, həmin dövrdə alınan valyutanın bazara çıxarılması, konvertasiya edilməsi son nəticədə tərəflər üçün zərərə gətirib çıxara bilər. Bu iştirakçılar gözləmə mövqeyindədirlər və bazara daxil olmurlar. Bu özü də bazar iştirakçılarının sayının azalmasına bazarın yığımlarının məhdudlaşmasına gətirən amillərdən biridir”.


İqtisadçının fikrincə, valyutaya tələbin azalmasına səbəb olan digər bir amil isə ümumi istehlak gücünün zəifləməsidir: “Son bir il ərzində idxalın həcmində azalma müşahidə edilib. Amma ixracın həcmində artım baş verib və nəticədə ticarət saldosu ötən ilin eyni dövrü ilə müqayisə dəfələrlə yüksəlib. Belə ki, ötən ilin birinci rübündə mənfi saldo yaranmışdısa, bu il 1 milyard 89 milyondan artıq müsbət saldo yaranıb. Bu o deməkdir ki, ölkəyə daxil olan valyutanın həcmi 1 milyard 170 milyon dollar həcmində artıb. Bu birbaşa olaraq valyuta bazarlarına ciddi təsir etməsə də dolayısı ilə hökumətin daha rahat qərar qəbul etməsinə kömək etməklə aktivləri gücləndirir və növbəti dövrlərdə manevr imkanlarını artırır ki, bu da bazarlarda öz əksini göstərir. Bizim hesablamalarımıza görə, büdcə xərcləmələri ilə bağlı yaranmış problem, eyni zamanda Maliyyə Nazirliyinin həyata keçirdiyi daraldıcı siyasət, paralel olaraq Mərkəzi Bankın optimallaşdırılmamış, daha çox inflyasiyaya və məzənnəyə hədəflənmiş daraldıcı monetar siyasəti müəyyən dövr üçün qüvvədə olsa da, ilin ikinci yarısından, xüsusilə də avqust ayından etibarən bazarda canlanma yaranacağı gözlənilir. Həm podratçı şirkətlər dövlət qarşısındakı öhdəliklərini yerinə yetirmək üçün çalışacaqlar, bu da büdcəyə əlavə vəsaitlərin daxil olmasına və valyuta bazarında tələbin formalaşmasına gətirib çıxaracaq”.
Avqust ayından etibarən bazarda valyutaya tələbin artacağını düşünən iqtisadçı firini belə izah etdi: “ Mərkəzi Bank pul kütləsinin artırılmasına yönəlmiş bir siyasət yürüdə bilər. Çünki daraldıcı siyasət artıq kifayət qədər neqativ təsirləri ilə özünü göstərməkdədir. Bundan başqa, yeni təhsil ilinin başlaması ilə əlaqədar avqust ayından çox ciddi alıcılıq olacaq və təhsillə bağlı istehlak ortaya çıxır. Onu da nəzərə almaq lazımdır ki, təhsil ləvazimatlarının ən kiçik elementləri belə xaricdən idxal olunur. Bu isə qısamüddətli dövr üçün, yəni avqust-sentyabr aylarında ölkədən xaricə valyuta axınını sürətləndirən əsas faktorlardan birinə çevriləcək. Beləliklə, bazarda tələb artacaq. Həmçinin ilin sonuna doğru da büdcə xərcləmələri sürətlə artır. Xüsusilə də dekabr ayında büdcə öhdəliklərinin yerinə yetirilməsi, büdcənin icrasının tamamlanması, eyni zamanda podratçı şirkətlərin öz layihələrini tamamlaması və alacaqlarını büdcədən istəməsi, bu öhdəliklərin icra olunması xərcləmələri həddindən artıq şişirdir. Bu da bazarda ciddi şəkildə valyuta tələbi formalaşdırmaqla valyuta tənzimlənməsinə mənfi təsir göstərir, manatı zəiflədir”.


İqtisadçının fikrincə, manatın ilin sonuna doğru dəyərdən düşməsinə səbəb olan digər bir amil də neftin ucuzlaşması ola bilər: “Əgər may ayının 25-də OPEK ölkələri və OPEK-ə daxil olmayan ölkələrin hasilatının azaldılması prosesinin uzadılması ilə bağlı razılığa gəlməzsə, bu, son nəticədə qısamüddətli dövr üçün neftin qiymətini kəskin şəkildə azalda bilər. Ekspertlər bu azalmanın 35 dollara qədər azala biləcəyi ehtimalını irəli sürürlər. Hökumət yenə də 2014-2015-ci illərdəki gərgin vəziyyətlə üz-üzə qala bilər. Beləliklə də məzənnə həm bazardakı psixoloji faktorların, həm də neftin ucuzlaşmasının təsirinə məruz qala bilər. Nəticədə manat kəskin şəkildə dəyərini itirə bilər. Əgər neftin qiymətində razılıq əldə olunarsa, bu zaman biz qısamüddətli dövr üçün neft qiymətlərində 50-60 dollar arasında bir baryer müəyyən edə bilərik. Bu da son nəticədə manatın məzənnəsində kəskin deyil, yumşaq formada devalvasiya prosesinin baş verməsinə, məzənnənin zəifləməsinə gətirib çıxaracaq. Məzənnə 1 ABŞ dolları üçün 2 manatı keçməyəcək. İlin sonuna Azərbaycan manatı 1 ABŞ dolları üçün 1.90- 2 manat civarında bir məzənnə ilə daxil olacaq”.


Nərgiz LİFTİYEVA

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR