İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Bankın batan pulları xilas edilirmi...

2496 14.09.2017 08:05 İqtisadiyyat A A

Ekspert: "“Aqrarkredit” gördüyü işlərlə bağlı xalqa məlumat verməlidir"

Manatın 2015-ci ildə kəskin devalvasiyasına gətirib çıxaran səbəblərdən biri də, heç şübhəsiz ki, Beynəlxalq Bank ətrafında baş verən qanunsuzluqlar, müxtəlif şəxslər tərəfindən götürülən böyük məbləğli kreditlər oldu. Bu kreditlər dövlət bankını çökdürməklə yanaşı, ölkə iqtisadiyyatına da təsirsiz ötüşmədi. Məsələ ilə bağlı aparılan istintaq işi zamanı məlum oldu ki, dövlət bankını soyanların siyahısı rəngarəngdir. Onlar arasında sabiq icra başçısından tutmuş keçmiş deputata, şirkət müdirinə, holdinq rəhbərinə kimi şəxsləri gördük. Məsələn, “City Developer” MMC-nin direktoru Ratmir Bəkirovun Beynəlxalq Banka 50 milyon dollar borcu vardı. “Globus Plaza”nın sahibi Dünyamin Xəlilov mühafizəçiləri, xadimələri də daxil olmaqla, bir qrup işçisinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunurdu. “Xəzər adaları” layihəsini reallaşdıran iş adamı Hacı İbrahim Nehrəmli bankdan 70 milyon dollar götürmüşdü.

Eyni zamanda 2015-ci ildə saytlarda məlumat yayılmışdı ki, hüquq-mühafizə orqanları Beynəlxalq Bankdan kredit alan hər kəsi tədqiqata cəlb edib. Bu məqsədlə Beynəlxalq Bankdan kredit götürmüş 7400 nəfərin ölkədən çıxışına qadağa qoyulub.

İş adamlarından bir qisminin istintaqa cəlb olunduqdan sonra borcunu ödədiyi ilə bağlı xəbərlər yayıldı. Lakin ümumilikdə hələ də ölkədə problemli kreditlər kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Artıq manatın məzənnəsi də sabitləşib. Bəs Beynəlxalq Bankın borcluları dövlətin pulunu qaytardılarmı?

Картинки по запросу Əkrəm Həsənov

Bank üzrə ekspert Əkrəm Həsənov Beynəlxalq Bankın vəziyyətini təhlil edərək “Yeni Müsavat”a bildirib ki, bankın problemli kreditləri “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ötürülüb:

“Həmin təşkilat və başda el arasında ”Şapka Mamed" kimi tanınan Məmməd Musayev bu kreditlərin ödənilməsi ilə məşğul olmalıdır. Onlar bununla məşğul olurlar. Bunu ona görə söyləyirəm ki, arabir məlumatlar gəlir və öyrənirik ki, məhkəmə prosesləri gedir. Bundan əlavə də, gedib kiminsə əmlakını zorla əlindən alırlar. Ancaq bir məsələ də var ki, bütün bu proseslər qeyri-şəffafdır. “Aqrarkredit” iki ildir ki, bu işlə məşğuldur. Ancaq bir dəfə də olsa çıxıb məlumat vermirlər ki, nə qədər vəsait qaytarılıb, hansı işlər görülüb. Hətta bilirəm ki, məhkəmələr bunların xeyrinə qərar da çıxarırlar. Hansısa şirkətin banka borcu varsa, gedib bütün əmlakını əlindən alırlar. Məhkəmə də qərarı verir və heç baxmır ki, həmin əmlak bu şirkətindir, yoxsa yox. Bu cür problemlər də az deyil. Bunlarla da bağlı ictimaiyyətə heç bir açıqlama verilmir. Açıqlama ona görə verilməlidir ki, bu kreditlər “Aqrarkredit”ə ötürülən zaman dövlət büdcəsindən Beynəlxalq Banka pul ayrılır. Məsələn, Beynəlxalq Bankın 10 milyardlıq problemli kredit portfeli “Aqrarkredit”ə ötürülən zaman banka da bu məbləğdə pul verilir. Yəni dövlət xalqın büdcəsindən banka bu qədər pulu ayırır və bizim haqqımızdır ki, o pulların qayıdıb-qayıtmamasından məlumatlı olaq. Qayıdırsa, necə qayıdır? Bəlkə elə alıb ciblərinə qoyurlar. Təbii ki, belə qeyri-şəffaf şəraitdə korrupsiya və oğurluq da ola bilər. Məsələn, bir nəfərin Beynəlxalq Banka 50 milyon borcu var. “Şapka Mamed” də gəlib 30 milyonluq əmlakını əlindən alır. Həmin 30 milyonun 15 milyonunu banka verir, qalanını isə vermir. Buna da nəzarət etmək olmur. Çünki əmlakı qanunsuz olaraq alıb. Hər şey qeydiyyatla edilsə, lap qanunsuz aldıqları pulu belə banka vermək məcburiyyətində qalacaqlar. Ancaq biz onu görmürük və bilmirik ki, kimdən nə qədər alırlar. Bu isə sonradan böyük problemə çevrilə bilər".

Ekspert ölkədə ümumi bank sistemində vəziyyət barəsində də danışıb:

“Hazırda banklardakı vəziyyətin düzəldiyini görmürəm. Banklardan əmanətlər yenə də çıxarılır və problemli kreditlər də aybaay artır. Bu şəraitdə isə əlbəttə ki, düzəlməkdən danışmaq olmaz. Lakin eyni zamanda bir-iki bank da var ki, onların vəziyyəti pis deyil. Ümumilikdə isə bu, belə deyil”.

Əli RAİS
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR