İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayıldan son xəbər: “Evlərimizi qəzalı kimi göstərib, bizi bayıra atıblar” - REPORTAJ, VİDEO, FOTOLAR

2284 30.01.2018 19:28 Reportaj A A

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə zonasında bərkitmə işlər davam etdirilir.  Məlumata görə sürüşmə ərazisində yerləşən və təhlükəli hesab olunan 250-yə yaxın evin qeydiyyatı bir neçə gün ərzində yekunlaşacaq.

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov mətbuata açıqlamasında sürüşmə zonasında nisbi sakitlik olduğunu və hər hansı bir aktivlik müşahidə olunmadığını bildirib.

Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub, sürüşmə zonasında müşahidələr aparıb, zərərçəkən sakinlərlə həmsöhbət olub.

Sakinlərin sözlərinə örə, ərazidə təhlükə hələ də qalmaqdadır.  Həmin ərazidə müvafiq qurumların nümayəndələri işlər aparırlar. Sürüşmə zonasının ən aktiv hissəsində məskunlaşan sakinlər təxliyyə edilərək, müvvəqqəti sığınacaqlara köçürülüblər.  Təhlükəsizliyə görə boş evlərə qaz və elektik verilişi dayandırılıb.

Ərazidə olduğumuz zaman 50-yə yaxın sakinin sürüşmə zonasına yaxın yerlərdə toplaşaraq, narazılıqlarını ifadə etdiyinin şahidi olduq. Sakinlərlə söhbət zamanı öyrəndik ki, narazılığa kommunal xətlərin kəsilməsi səbəb olub:

“Bir həftədir ki, kommunal problemlərdən əziyyət çəkirik. Bayırda ocaq qalayıb, yemək bişiririk. Biz də anlayırıq ki, ərazi sürüşmə zonasıdır və təhlükə riski var. Ancaq bizi də başa düşməlidirlər ki, bizim üçün çox çətindir. Qazsız, işıqsız necə yaşamaq olar? Sürüşmə hadisəsindən artıq 6-7 gündür keçib, heç kim bizə nə edəcəyimizi demir. Yalnız bu gün bizə deyiblər ki, xarici mütəxəssislər sürüşmə zonasında işləyirlər, iki günə konkret məlumat verəcəyik.”

Hadisə yerində olan Səbail rayon İcra Hakimiyyətinin əməkdaşlarının fikirlərini almağa çalışsaq da, onlar danışmaqdan imtina etdilər.

Söhbət zamanı onu da öyrəndik ki, evləri qəzalı durumda olan və sürüşmə zonasına yaxın məsunlaşan sakinləri də rayon ərazisində müvvəqqəti sığınacaq kimi 163 saylı məktəbə yerləşdiriblər:

“Bizim evlərimiz sürüşmə zonasından xeyli uzaqlıqda yerləşir. Heç bir çat və ya sürüşmə yoxdur. Ümumiyyətlə qəzalı durumdan söhbət gedə bilməz. Buna baxmayaraq evlərimizi qəzalı kimi qələmə veriblər. Kommunal xətləri kəsib, özümüzü də ərazidən uzaqlaşdırıblar. Sürüşmə zonasında yaşayan ailələri köçürdükləri müvvəqqəti sığınacağa bizi də köçürmək istəyirlər. Məqsədləri bizi uzaq yerlərə köçürməkdir. Həmin məktəbdə isə vəziyyət çətindir. Kişilər və qadınlar ayrı-ayrı yerlərdə qalırlar. Camaat ailəsindən, uşağından uzaq düşüb. Məktəbə gedənlərin əksəriyyəti isə kirayədə yaşayanlardır. Çətin durumda olasaq da, ocaq qalayıb, öz evimizdən çıxmayacağıq. Əvvəlcə dedilər ki, iki gün sığınacaqda qalın, bir yerə köçürəcəyik. Həmin iki gün də keçdi, verdikləri vəd yalan çıxdı”.

Daha ətraflı videodan izləyə bilərsiniz.

Məğrur Mərd,
Fotolar və video müəllifindir

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR