İnsanlara hürriyət, millətlərə istiqlal!

Bank sektorunda kritik durum

3200 01.06.2017 08:05 İqtisadiyyat A A

Bağlanacağı deyilən 5 bank hansılardır...


“Hazırda kapitalla bağlı problemi olan 5 bank xüsusi nəzarət altındadır, ilin ortasına qədər onlar kapitallaşma ilə bağlı problemi həll etməlidir”.


Bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib. Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün Azərbaycanda bank sektorunun sağlamlaşdırılması istiqamətində tədbirlər görülüb, kapitalla bağlı problemi olan banklar sistemdən kənarlaşdırılıb, banklardakı əmanətlər 100% sığortalanıb.


Paralel olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması davam etdirilir, onun xarici öhdəlikləri restrukturizasiya edilir. Banklarda kredit portfelinin keyfiyyəti stabilləşib".


Bununla belə, R.Aslanlı onu da qeyd edib ki, hazırda Azərbaycanda biznes kreditləşməsi ilə bağlı problemlər var, iş adamlarına təklif olunan kreditlərə yüksək təminat tələbləri mövcuddur: “Bundan başqa, kreditlərin illik faiz dərəcəsi manatda 22-26%, xarici valyutada isə 13-15%-dir ki, bu da real sektorun rentabelliyi ilə müqayisədə yüksəkdir. Kreditlərin bahalığı onunla bağlıdır ki, onların maya dəyəri yüksəkdir. Banklar illik 15%-lə əmanət qəbul edir, burada əməliyyat xərcləri, kreditin qaytarılmaması ehtimalı, məzənnə və digər riskləri nəzərə aldıqda kredit faizlərinin yüksək olması təbiidir”.

Image result for Rüfət aslanlı


Rüfət Aslanlının bu açıqlamasını dəyərləndirən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, Palata rəhbəri bankların adını çəkmədən danışırsa, bunun özü şübhəlidir: “Məsələn, deyir ki, 12 bankda əhəmiyyətli kapitallaşma aparılıb. Bunlar hansı banklardır? Bu məlum deyil. Axı hamı yaxşı bilir ki, belə ”kapitallaşma"lar çox vaxt formal olur. Səhmdarlar guya banka əlavə pul qoyur, sonra da elə özləri kredit kimi çıxarır. Adını qoyurlar ki, səhmdarlar banka əlavə yatırım etdilər. Belə anonim bəyanatlar veriləndə buna təhlil etmək mümkün deyil. Belə məqamda etimad artmaqdansa, əksinə, azalır. Adlar gizlədilirsə, deməli, vəziyyət yaxşı deyil. Bank sistemi etimad əsasında fəaliyyət göstərməlidir. Etimad isə azalır. Bu həm də Palatanın yarıtmaz fəaliyyəti nəticəsində ortaya çıxır. MBNP sədri deyir ki, cəmi 5 bank izləmə siyahısına daxil edilib. Hansı banklardır? Mənim müşahidələrimə görə, problemli bankların sayı daha çoxdur. Məsələn, götürək “Atabank”ı və “Caspian Development Bank”ı. Onların adı siyahıda varmı? Əslində olmalıdır. Belə ki, “Atabank” artıq bir ilə yaxındır ki, vətəndaşların əmanətlərini qaytarmır. Hətta bir xarici vətəndaşın 1 mln. dollarını da qaytarmayıb. Həmin vətəndaş isə bankı məhkəməyə verib və məhkəməni də udub, amma bank yenə də ödəmir. Üstəlik, vətəndaş fevral ayında Palataya müraciət edib ki, “Atabank”ı müflis elan edin, çünki öhdəliklərini icra etmir, amma Palata qanuna görə 5 gün ərzində cavab verməli olsa da, hələ də cavab verməyib. “Caspian Development Bank” da oxşar vəziyyətdədir. Məsələn, Almaniya vətəndaşına məhkəmə qərarı ola-ola 120 min avronu ödəmir. Palata tədbir görürmü? Xeyr! Əksinə, bu iki bankın birləşməsinə, daha doğrusu, “Caspian Development Bank”ın “Atabank”a qoşulmasına icazə də verib və bunu uğuru kimi qələmə verir. İki xəstə bankın birləşməsindən isə yaxşı şey gözləmək mümkün deyil. Bu iki banka qarşı tədbir görmək əvəzinə, Palata onlara birləşməyə icazə verib".

Image result for Əkrəm Həsənov


Ekspertin fikrincə, əgər izləmə siyahısının mahiyyəti budursa, belə çıxır ki, Palata heç bir tədbir görmür: “Bu bankları nə bağlayan kimi bağlayır, nə də yardım edən kimi kömək etmir. Mən inanmıram ki, bu il hansısa bank bağlansın. Ona görə yox ki, bağlanası bank yoxdur. Var, özü də çoxdur, 5-dən, 10-dan da çoxdur. Probemli kreditlərin artmamasının səbəbi odur ki, kredit vermirlər. İndiyədək olan problemli kreditlər bu bankların çökməsi üçün tam əsasdır. Amma Palata prezidentin və xalqın gözündən pərdə asmaq istədiyi üçün onları müflis elan etməyəcək. Onlara da Beynəlxalq Bankın təcrübəsini tətbiq edəcək. Məlum olduğu kimi, Beynəlxalq Bank öhdəliklərinin restrukturizasiyasını həyata keçirir. Reallıqda xarici kreditorlardan güzəşt istəyir. Aprel ayında ”Banklar haqqında" Qanuna düzəlişlərdən istifadə edərək buna kreditorların 2/3 hissəsinin qərarı ilə nail olmaq istəyir. Onların içində öz Neft Fondumuz da var, özü də səslərin 1/3 hissəsi ilə. Eyni məsələ daxildə də olacaq. Məsələn, birləşmiş “Atabank”ın və “Caspian Development Bank”ın bəzi borcları üzrə kreditorlardan borcların müəyyən hissəsinin bağışlanması tələb olunacaq. Həmin kreditorların içində 2/3 səslə elə özlərinə yaxın kreditorlar olacaq. Səsvermə ilə bankın borclarının xeyli hissəsi silinəcək və elan edəcəklər ki, bankın problemləri həll olundu. Odur ki, hazırda Azərbaycanda bankların müflislik təhlükəsi yoxdur".


Əkrəm Həsənov vurğuladı ki, əksinə, bağlanmalı olan bankların üzdə qalaraq sahibkar və hüquqi şəxs olan müştərilərinin pullarını mənimsəmə təhlükəsi var: “Təsadüfi deyil ki, sahibkarlara və hüquqi şəxslərə hesabdan pul çıxarmağa imkan vermirlər. Palata biznesmenlərin pullarının mənimsənilməsinə hazırlıq işləri ilə məşğuldur. Hər şey yaxşı düşünülüb. Əhalinin puluna dəyməyəcəklər və bu mənada geniş ictimai narazılıq olmayacaq. Hökumət də bankın müflis olmaması və əmanətlərin kompensasiya edilməsi zərurətinin yaranmamasından razı qalacaq. Yeganə zərərçəkən sahibkarlar olacaq. Onların hesabına bankları xilas edəcəklər. Amma bunun nəticəsi çox ağır olacaq. Sahibkarlar pullarını ölkədən çıxaracaqlar və artıq bunu edirlər. Ölkənin investisiya cəlbediciliyi azalacaq. Palatanın fəaliyyəti sırf buna yönəlib. Bu qurum qısamüddətli xal yığmaq üçün gələcəyimizi güdaza verir”.


Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR