İnsanlara hürriyət, millətlərə istiqlal!

Bank olmayan kredit təşkilatları da zərərdə…

2043 19.04.2018 19:18 İqtisadiyyat A A

Əkrəm Həsənov: BOKT-ların bir üstün cəhəti  var ki, onların fəaliyyəti və idarəçiliyi daha asandır”

Son 3 ildə ölkənin  maliyyə sektorunda yaşananlar bankların fəaliyyətinə mənfi təsir etdiyi kimi, bank olmayan kredit təşkilatlarının (BOKT) da durumunu çətinləşdirib. Hətta bu müddət ərzində bağlanan, fəaliyyəti dayanan kredit təşkilatları da az olmayıb. Xüsusən də problemli kreditlərin mövcudluğu BOKT-ların fəaliyyətində də qırmızı xətlə keçir.

Qeyd edək ki, BOKT xüsusi lisenziya əsasında kreditlərin verilməsi və BOKT-lar haqqında qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.

BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər.

Ölkəmizdə banklarla yanaşı, bank olmayan kredit təşkilatları da fəaliyyət göstərir. Lisenziyası ləğv edilmiş bəzi banklar da sonradan BOKT kimi fəaliyyətlərini davam etdiriblər.

MBNP-nın son açıqladığı məlumatına görə, hazırda ölkədə 47 BOKT fəaliyyət göstərir.

Bəs görəsən, bu kredit təşkilatlarının fəaliyyətində hansı problemlər var və necə tənzimlənir?

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert, hüquqşünası Əkrəm Həsənov bildirdi ki, son dövrlər bank olmayan kredit təşkilatları da zərər məruz qalıblar: “Bu danılmaz faktdır. Problemli kreditlər BOKT-larda da var, bəzən hətta banklardan da az deyil. Çünki bank olmayan elə kredit təşkilatları var ki, onların kredit portfeli bankların kredit portfelindən daha böyükdür. Lakin daha kiçik kredit portfelinə malik BOKT-lar da var. Həmçinin kredit ittifaqları da bu kateqoriyaya daxildir. Bank olmayan kredit təşkilatları bir qayda olaraq özləri də vəsaitləri banklardan cəlb edirlər. Belə olan halda onların kredit faizləri banklara nisbətən daha yüksək olur. Bu baxımdan BOKT-larda problemli kreditlər daha çox yaranır. Faizin çox olması o deməkdir ki, başqa banklardan kredit götürə bilməyənlər məcburən bu kredit təşkilatlarına müraciət edirlər. Deməli həmin şəxslərin ödəniş qabiliyyəti daha aşağı olur”.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

İqtisadçı onu da vurğuladı ki, BOKT-ların fəaliyyətinə banklarla müqayisədə daha az nəzarət olunur: “Bank olmayan kredit təşkilatlarının üstün cəhəti də var. Onların fəaliyyəti və idarəçiliyi daha asan və sadədir. Mərkəzi Bankın və MBNP-nın nəzarəti var , lakin banklar üçün normativlər, qaydalar daha çoxdur. Bank olmayan kredit təşkilatları üçün elə bir tənzimləyici  normalar çox deyil. Onların üzərində nəzarət daha çox formal xarakter daşıyır. Onlar sözügedən qurumlardan o qədər də asılı deyillər, üzərində elə bir ciddi nəzarət yoxdur. BOKT-ların minimal kapitalı qanunvericiliyə görə, 300 min manat olmalıdır. Lakin bu kredit təşkilatlarının bir çoxunda ümumiyyətlə 300 min manat yoxdur. Palatanın heç vaxtı da yoxdur ki, kredit təşkilatları ilə məşğul olsun. O baxımdan nisbətən BOKT-ların fəaliyyət göstərməsi nisbətən asandı”.

Ə.Həsənovun sözlərinə görə, bu qurumların nadir hallarda bağlanmasının səbəbi isə odur ki, yeni bank olmayan kredit təşkilatları təsis edilməsi qeyri-rəsmi olaraq dayandırılıb: “Palata bu gün heç bir bank olmayan kredit təşkilatına lisenziya vermir. Bunu da anlamaq olar. Çünki Palata hələ mövcud banklara və BOKT-lara nəzarət edə bilmir, qaldı ki, yenilərinə icazə versin. Ona görə də, bu gün Azərbaycanda bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərmək istəyənlər, gedib mövcud BOKT-lardan birini alırlar. Elə bank olmayan kredit təşkilatları var ki, vəziyyəti həddindən artıq pisdir. Yenisini yaratmaq istəyənlər isə bu cür ziyanla işləyən kredit təşkilatını alırlar. Bu satanlar üçün yaxşı haldır, ziyanlı şirkətlərini satırlar, bunun üçün ödəniş də alırlar. Alan üçün isə bu çox risklidir. Bəzən aldıqdan sonra bəlli olur ki, bu təşkilatın bilinməyən xeyli borcları da var imiş. Yəni, əslində bu sahədə xeyli problem var və məşğul olan yoxdur”.

Nərgiz LİFTİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR