İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda namus üstündə adamı soyundurub, döyən şəxslərə ağır cəza istənildi

2962 19.12.2018 16:18 Kriminal A A

Bakıda tanıdıqları şəxsi soyundurub, döyərək şəxsiyyətini alçatmaqda və daha sonra ondan pul tələb etməkdə ittiham edilən şəxslər hakim qarşısına çıxarıblar. Məlum olub ki, həmin şəxslər zərərçəkmişi soyundurduqdan sonra onu telefonla çəkərək görüntüləri özlərində saxlayıblar. Daha sonra həmin görüntülərlə zərərçəkmişi şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror Zeynal Hüseynovun 8 il 6 ay, Rəşad Sultanovun 8 il 6 ay, Həsənbala Həsənovun 9 il, Dəyanət Abdullayevin 9 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşı, polis mayoru Hətəm Əliyev şahid kimi dindirilən zaman deyib ki, təqsirləndirilən şəxslərin saxlanılması üçün keçirilən əməliyyata rəhbərlik edib.

Polis mayoru söyləyib ki, Toğrul adlı şəxs idarəyə yaxınlaşaraq 4 nəfərin onu lüt soyunduraraq döydüyünü və pul tələb etdiklərini bildirib: "Toğrul adlı şəxs bildirdi ki, ondan dəfələrlə pul alıblar. Biz bunu rəhbərliyə məruzə etdik və əməliyyat qrupu yaradıldı. Toğrula 400 dollar verdik və növbəti dəfə qrupun üzvləri ilə görüşməsini istədik. Onların arasında növbəti görüş təyin edildi. Toğrul kafedə onlarla görüşən zaman bizə mesaj yazdı ki, artıq gəliblər. Pulu onlara verəndən sonra biz əməliyyat keçirdik. Özümüzü təqdim etdik və üzərlərində olanları bizə təqdim etmələrini istədik. Pulu öz aralarında bölmüşdülər. Üzərlərinə baxış zamanı bizim Toğrula təqdim etdiyimiz 400 dollar aşkar edildi. Həsənbalada və Rəşadda 100 dollar, Zeynalda isə 200 dollar var idi. Hal şahidlərinin iştirakı ilə protokol tərtib edildi".

Polis mayoru deyib ki, Toğrul şikayətində qruplaşma üzvlərinin onu rüsvay edəcəkləri ilə bağlı hədələyiblər və yaşadıqları Yasamal rayonu ərazisində biabır edəcəklərini deyiblər: "Toğrul dedi ki, onu aldadaraq Dəyanətin evinə aparıblar. Orada onu videoya çəkmişdilər. Həmin görüntü cinayət işi materiallarında var".

Təqsirləndirilənlərdən Dəyanət Abdullayev deyilənlərlə razılaşmayıb. Bildirib ki, qruplaşma ilə heç bir əlaqəsi olmayıb və əməliyyatda da orada olmayıb: "Mən heç kimdən pul istəməmişəm. Zərərçəkmiş də gəlsin, bunu desin. Burda bizi bədbəxt edirlər".

Polis əməkdaşı əlavə edib ki, Toğrul adlı şəxsi döyüb soyundurarkən onu videoya çəkən şəxs elə Dəyanət olub.

Digər təqsirləndirilən şəxslər də şahidin dedikləri ilə razılaşmayıblar. Bildiriblər ki, onlar əməliyyatla saxlanılmayıb. Əlavə ediblər ki, Toğruldan pul almayıblar və saxlanılan zaman ciblərində pul olmayıb.

Dəyanət Abdullayevin dediyi fikirdən isə hadisənin namus cinayəti olması ilə bağlı ehtimal yaranır. Çünki Dəyanət məhkəmədə deyib ki, bu işi namus üçün edib: "Mən telefonla çəkmişəm. Bu addımı da namusum üçün atmışam".

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR