İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı İslam Universiteti 30 illiyini qapadılma qərarının kölgəsində qeyd etdi - təhsil ocağının tarixi

2009 20.01.2019 00:44 Ölkə A A

 

Azərbaycanın ilk ali dini təhsil ocağının – Bakı İslam Universitetinin 30 yaşı tamam oldu. İslam Universiteti Azərbaycan müstəqillik əldə etməmişdən 2 il 9 ay əvvəl 1989-cu ildə, yəni SSRİ-nin hələ mövcud olduğu dövrdə yaranıb.

1989-cu il yanvarın 17-də Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin müraciəti əsasında SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurası 2№-li protokolu təsdiqləyib. Bu sənədə əsasən Bakıda ZMRİ-nin nəzdində Bakı İslam Mədrəsəsi fəaliyyətə başlayıb. Düz iki il sonra, 1991-ci il yanvarın 14-də ZMRİ-in 2 saylı əmrinə əsasən mədrəsə Bakı İslam İnstitutuna çevrilib. Bu təhsil ocağı 1994-cü ildə Qafqaz İslam Universiteti adlanıb; 3 il sonra Ədliyyə Nazirliyinin qərarı ilə Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatına alınıb.

Azərbaycanda dini qurumlarla bağlı qanunvericilik dəyişdikdən sonra Bakı İslam Universiteti bu dəfə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb. DQİDK-nin 27 iyun 2002-ci il tarixli, 163№-li sərəncamına əsasən BİU 135 saylı şəhadətnamə ilə yenidən qeydiyyata alınıb. 2009-cu ildə Təhsil Nazirliyi Bakı İslam Universitetinin fəaliyyətinə 5 illik xüsusi razılıq (lisenziya) verib.

Ancaq bundan sonra hökumət BİU-nun lisenziyasını uzatmağa ehtiyac görməyib. 2018-ci il sentyabrın ikinci yarısında Bakı İslam Universitetinin bağlanması xəbəri yayıldı. Məlum oldu ki, hökumət yeni yaradılan Azərbaycan İlahiyyat Universitetinin mövcudluğu şəraitində ikinci ilahiyyat ali məktəbinə ehtiyac görməyib. Bu səbəbdən də 2018-ci ildə BİU-ya qəbul olunmuş 139 tələbənin hamısının başqa universitetlərə köçürülməsi barədə qərar qəbul olundu və 2018-ci təhsil ilində BİU-nun birinci kursları olmadı. QMİ-dən “Yeni Müsavat”a verilən məlumatda o da deyilirdi ki, BİU fəaliyyətini hələ bir neçə il, yəni sonuncu 2017-ci ildə qəbul olan tələbələr təhsillərini başa vurana qədər davam etdirəcək.

Qeyd edək ki, Bakı İslam Universitetinin müəyyən bir uyğun formatla bağlanması daha əvvəldən də gözlənilən idi. Məsələ ondadır ki, 2018-ci ilin əvvəlində Azərbaycan prezidentinin sərəncamı ilə BDU-nun İlahiyyat Fakültəsinin bazasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Elə həmin ildən İlahiyyat İnstitutuna ilk qəbul aparılıb və 60 abituriyent instituta qəbul olub.

Ä°lgili resim

Bakı İslam Universiteti özəl ali təhsil müəssisəsi, daha dəqiqi Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən vəqf universiteti idi. Azərbaycanda yaradılmış ilk İslam təhsil müəssisəsidir. Azərbaycanda dini təhsil müəssisəsi SSRİ-də başlayan müəyyən yumşalmanın nəticəsində yaradılıb. Sovet illərində ittifaq tərkibində İslam dini təhsil müəssisəsi Buxarada fəaliyyət göstərən Mir Ərəb mədrəsəsi olub. Yeri gəlmişkən, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə bu ali təhsil müəssisəsini bitirib.

Bakı İslam Universitetindən yaranmasının 30 ili münasibəti ilə reportaj hazırlamaq istəsək də, Universitet rəhbərliyi icazə vermədi. Bu səbəbdən də Universitetə gedib reportaj hazırlamaq, rektor Hacı Sabir Həsənli ilə görüşmək planımız baş tutmadı.

Azərbaycanın ilk dini təhsil müəssisəsi ödənişli əsaslarla fəaliyyət göstərib. İlk buraxılışı 80 nəfərdən bir qədər çox din xadimi olub. Onların əksəriyyəti ölkənin müxtəlif bölgələrində, o cümlədən QMİ-də çalışırlar.

Bakı İslam Universitetində İslamşünaslıq və Şəriət fakültələri olub. BİU-da dini elmlərlə yanaşı, dünyəvi fənlər, o cümlədən hüquq, psixologiya, Azərbaycan tarixi, Azərbaycan, ərəb, fars dilləri tədris olunur.

Universitetdə Şəriət və Quran elmləri, İctimai (dünyəvi) elmlər və Dillər kafedraları fəaliyyət göstərir. Universitetdə İslam hüququ (sünni və şiə fiqhi), “təcvid”, “qiraət”, “təfsir”, hədis, İslam tarixi dərsləri keçilir.

Bakı İslam Universiteti ile ilgili görsel sonucu

Universitetin binası Təzəpir məscid-kompleksində yerləşib. 2000-ci illərdə bir müddət Universitetə ayrı bina ayrılsa da, sonradan hökumət Təzəpir məscid-kompleksini bərpa etdirib və  Universitetin keçmiş binası da yenidən qurulub.  BİU yenidən QMİ-nin qərargahının yerləşdiyi binaya qaytarılıb.

Qeyd edək ki, 90-cı illərdə BİU-nun müsəlman ölkələrinin təhsil mərkəzləri ilə əlaqələri olub. BİU-nun xətti ilə Azərbaycandan Misir, Liviya, İran, İraq, Suriya, Malayziya və Türkiyədə dini təhsil müəssisələrinə tələbə göndərilib. Ancaq sonradan bu proses dayandırılıb.

1990-cı illərdə BİU-nun ölkədə 5 filialı mövcud olub. Bunlar Sumqayıt, Mingəçevir, Zaqatala, Lənkəran və Dərbənd filialları olub, ancaq 2009-cu ildə bu filiallar qapadılıb. Yalnız Zaqatala filialı saxlanılıb.

9 il sonra isə BİU-nun özünün qapadılması qərarı verildi. Ancaq Universitet hələ bir neçə il fəaliyyət göstərəcək. Bu müddətdə Universitetin hansısa formada fəaliyyətinin davam etdiriməsi də mümkündür, onun bazasında İslam Araşdırmaları İnstitutu kimi dini-elmi mərkəzin də qurulması, ya da tamamilə tarixdən silinib getməsi də.  Hər halda, bu qərarın necə olacağını yaxın illərdə görəcəyik. Keçid dövrünün ənənəvi problemləri içərisində BİU-da neqativlərdən xali olmasa da, müstəqillikdən iki il əvvəl Azərbaycanda ilk dəfə yerli dini təhsil ocağının qurulması həm də xarici dini təsirin qarşısını almaq, yerli kadrların hazırlanması istiqamətində ciddi addım idi. Bu mənada BİU-nun müsbət tərəflərini, xidmətlərini qeyd etmək lazımdır. Ancaq dəyişən şərtlərlə ayaqlaşa bilməməsi, dövlətin din sahəsində siyasətinin yeni tələbləri BİU-nun taleyində mühüm rol oynadı.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR