İnsanlara hürriyət, millətlərə istiqlal!

Kompensasiyalar barədə tam siyahı yaxın günlərdə məlum olacaq

1961 11.04.2019 21:35 İqtisadiyyat A A

Ekspert: “Əmanətlərin Sığortalanması Fondu məlumatları tez verməkdə maraqlı deyil”; Palata: “Bütün məlumatlar aprelin 15-dək portala yerləşdiriləcək”

Prezidentin fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələnin həllinə dair fərmanında müəyyənləşdirilmiş daha bir müddət başa çatmaqdadır. Belə ki, fərmana əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini isə 45 gün müddətində müəyyən etməli və bu barədə Maliyyə Nazirliyinə və Mərkəzi Banka məlumat verməlidir. Fərmanın fevralın 28-də imzalandığını nəzərə alsaq, qoyulan müddətin bir neçə gündən sonra başa çatacağını görərik.

Son günlər xeyli sayda fiziki şəxs Palatanın İnternet portalında vətəndaşlara düşəcək kompensasiya məbləğinə dair məlumatın yerləşdirildiyi bazada özünə dair məlumatı əldə edə dilmədiyindən gileylənir. Belə ki, həmin şəxslərlə bağlı bölmədə məlumatların dəqiqləşdirildiyi qeyd edilir. Maraqlıdır ki, belə cavab alanların demək olar ki, hamısı bağlanan bankların müştəriləridir. Onların arasında isə “Dəmirbank”ın müştəriləri çoxluq təşkil edir.

Vuqar Bayramov ile ilgili görsel sonucu

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vuqar Bayramovun dediyinə görə, bu məsələ ilə bağlı onlara çoxlu müraciətlər daxil olur: “Problemli kreditlərə görə kompensasiya alacaq vətəndaşlarımızın bəzisi Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi onlayn portalda öz ödənişi ilə bağlı məlumat əldə etmək istərkən onların sorğusu “əsas kredit borcu üzrə məlumatlar dəqiqləşdirilmə mərhələsindədir və məlumatlar dəqiqləşdiriləndən sonra portala daxil olunacaq” kimi cavablandırılır . Son günlər bizə olan müraciətlərdə bunun səbəbi və nə zaman dəqiqləşdirmənin başa çatacağı soruşulur. Əvvəlla, bu heç də həmin vətəndaşımıza kompensasiya düşməməsi anlamına gəlmir. Bu məlumatı alan vətəndaşlarımıza kompensasiya düşürsə, onlar öz vəsaitlərini bütün hallarda digərləri kimi bu ayın sonundan etibarən alacaqlar”.

Mərkəz rəhbərində olan məlumata görə, dəqiqləşdirmə bəzi banklarda olan məlumatlarla Mərkəzləşdirilmiş Kredit Reysterində (MKR) olan rəqəmlərin üst-üstə düşməməsi ilə bağlıdır: “Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-da olan rəqəmlərdən fərqli məlumatlar var. Devalvasiyalardan sonra, 2016-cı il fevralın 3-də, yaradılan Palata devalvasiyalaradək olan bütün məlumatları dəqiqləşdirdikdən sonra kompensasiya məbləğlərini hesablaya bilər. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən bütün siyahılar sənəd təsdiq olunduqdan 45 gün ərzində dəqiqləşdirilməlidir. Bu o deməkdir ki, belə mesaj alan vətəndaşlarımız ilə bağlı məlumatlar ən geci aprelin 15-dək dəqiqləşdiriləcək. Deməli, ən geci növbəti bazar ertəsinədək bütün vətəndaşlarımızın kompensasiya məbləğləri ilə məlumatlar portala daxil olunmalıdır”.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə bağlanan bankların müştərilərinin “sahibsiz” olduqları üçün özləri barədə məlumatı əldə edə bilmədikləri qənaətindədir: “Necə deyərlər, Allah heç kəsi sahibsiz etməsin. Bağlanan bankların müştərisi olmuş fizki şəxslər məhz yiyəsiz olduqlarına görə Palatanın məlumat bazasında özünə dair məlumatları tapa bilmirlər. Məsələ burasındadır ki, bağlanan banklarla bağlı məlumatları onların ləğvedici – yəni Əmanətlərin Sığortalanması Fondu hazırlayıb təqdim etməlidir. Bu fond isə faktiki olaraq, bağlanan banklarla bağlı heç bir iş görmür: nə bankların əmlakını satıb kreditorların pulunu verir, nə bankların vermiş olduqları kreditləri toplayır. Çünki bu qurum bankların ləğvetmə prosesinin tez bitməsində maraqlı deyil. Bu prosesin tez yekunlaşmasında əsas maraqlı tərəf kreditorlardır – öz pullarını mümkün qədər tez geri almağa çalışırlar. Buna görə də bütün dünyada fəaliyyətini dayandıran banklara ləğvedicini kreditorlar seçir. Azərbaycanda isə bu işi Əmanətlərin Sığortalanması Fonduna həvalə ediblər. Fond da məndə olan məlumata görə, çoxlu sayda dost-tanış, qohum-əqrəbaları işə götürüb, onlara maaş verməklə işini bitmiş sayır. Bu şəraitdə onun banklarda ləğvetmə prosesinin tez başa çatmasında niyə marağı olsun ki?”

Ə.Həsənov bildirir ki, bağlanan banklar kreditorların seçdiyi ləğvediciyə həvalə olunsaydı, indi vətəndaşlar belə vəziyyətlə üzləşməzdilər: “Fəaliyyətdə olan banklar maraqları olduğu üçün bütün məlumatları tez bir zamanda hazırlayıb Palataya təqdim ediblər. Bağlanan bankların ləğvedicisi üçünsə heç bir maraq yoxdur deyə səhlənkarlıq nümayiş etdirir. Çünki dövlətin ödəyəcəyi kompensasiya ya vətəndaşlara çatacaq, ya da kreditorlara, Fondun burada hansısa maddi marağı yoxdur. Amma prezident fərmanında qoyulan konkret müddət var, buna görə də Fond məlumatları həmin müddətdə Palataya təhvil verməyə məcburdur”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşən Allahveridyev isə müsavat.com-a deyib ki, fəaliyyətdə və ya ləğvetmə prosesində olan kredit təşkilatlarının müştərisi olmasından asılı olmayaraq, Fərman çərçivəsinə düşən fiziki şəxslər Palata tərəfindən istifadəyə verilən elektron portal vasitəsi ilə məlumatları əldə edə bilir: “Az bir sayda hallarda isə fiziki şəxslər portala daxil olarkən, onlar barədə məlumatın dəqiqləşdirmə mərhələsində olması ilə bağlı bildiriş əldə edirlər. Bu hallar həmin fiziki şəxslərin Palata tərəfindən eyniləşdirilməsi (identifikasiyası) prosesinin davam etdirilməsi ilə bağlıdır. Sözügedən fiziki şəxslərin məlumatları 15 aprel 2019-cu il tarixinədək dəqiqləşdirilərək portala yüklənəcəkdir”.

 Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR