İnsanlara hürriyət, millətlərə istiqlal!

Badamdarda sakinlər hələ də təhlükəli zonadadır – son durum

2200 29.10.2018 08:50 Gündəm A A

Yaponların qazdığı quyu nəyi dəyişəcək? Azərbaycanlı ekspert: “Ərazidə quyu qazmaq yox, kanalizasiya xətti çəkmək lazımdır...”

Bakının sürüşmə zonalarında aktivlik davam edir. Xüsusilə də Badamdar ərazisində aktivliyin davam etməsi artıq ərazidə olan yaşayış evlərinə də birbaşa təhlükə yaradır.  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah üzvlərinin Badamdar sürüşmə zonasında apardıqları monitorinqin 27 oktyabr açıqlamasına görə, torpaq kütləsinin aşağı axınında artım var.  

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsinin bir hissəsində torpaq kütləsinin avtomobil yoluna doğru hərəkətində artım qeydə alınıb. Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.

Mayaklarda dəyişiklik olmasa da, əldə etdiyimiz məlumata görə, sürüşmə artıq həmin evlərin hasarlarına yaxınlaşıb. Bu evlərdə yaşayışın davam etməsi isə təhlükəli hesab edilir. Lakin ərazidəki və sürüşməyə ən yaxın məsafədə yerləşən 11 evin sakinlər hələ də orada yaşamaqda davam edirlər. Məlumata görə, evlərdə daimi yaşayış var və elektrik xətləri kəsilsə də, sakinlər generatorlar vasitəsilə elektrik enerjisi alıb, evlərində yaşamağa davam edirlər.

badamdarda sürüşmə ile ilgili görsel sonucu

Sürüşmə ilə əlaqədar Yaponiyadan gələn mütəxəssisin ilkin rəyi də bəlli olub. Belə ki, Real kanalı yapon mütəxəssis, “OYO” təşkilatının əməkdaşı Kaoru Şimanın tövsiyələrini əldə edib. Mütəxəssisin rəyinə əsasən sürüşmə zonasına aid ərazinin yuxarı hissəsində xüsusi quyular qazılır. Burada məqsəd torpağın altında olan suyun çıxarılmasıdır. Bundan başqa, yuxarıda əlavə olaraq 3 ədəd quyu qazılır ki, onlarda xüsusi cihazlar quraşdırılacaq və bununla da torpağın məruz qaldığı təzyiqin dərəcəsi müəyyən ediləcək. Paralel olaraq topoqrafiyaların hazırlanması tapşırılıb ki, hazırda mütəxəssislər bu işlərə başlayıb. Eyni zamanda ərazi boyu terraslar salınması və ağacların əkilməsi üçün sahələr müəyyənləşdiriləcək.

Əzim Məsimov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov isə hesab edir ki, həmin ərazidə quyuların qazılması heç bir şeyi dəyişməyəcək. Mütəxəssisin sözlərinə görə, Badamdarda heç bir qrunt suyu mövcud deyil. Sürüşməyə səbəb kanalizasiya sularıdır. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün isə quyu qazmaq deyil, kanalizasiya xətti çəkmək gərəkdir. Mütəxəssis bildirib ki, ümumiyyətlə, Abşeron ərazisində yeraltı su yoxdur. Sürüşməyə səbəb olan sular yalnız və yalnız kanalizasiya sularıdır. Bu isə Bakının kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasından qaynaqlanır. 

Ötən həftə Zığ şosesində də uçqun tipli sürüşmə prosesi baş verdi. Uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət etdi. Artıq həmin istinad divarı tamamilə uçurulub və yaxın günlərdə yenisinin inşa ediləcəyi bildirilir. Zığ sürüşməsi yaşayış evlərindən uzaqda yerləşdiyi üçün ərazidə hər hansı bir sakinin köçürülməsi, evlərini tərk etməsi tələbi qoyulmayıb.

Hazırda ən gərgin və sabahı bilinməyən durumda olan sürüşmə zonası Bayıl yamacıdır. Xatırladaq ki, bu ilin qış aylarında  Bayıl yamacında “Teleqüllə” ətrafındakı ərazidə sürüşmə hadisəsi baş vermişdi. Nəticədə orada da 4 ev dağılıb, 2-si isə zərər görmüşdü. Hadisədən sonra bu ərazidə bütün kommunal xidmətlərin verilişi dayandırılmışdı. Əhali isə Badamdardan fərqli olaraq dərhal 11 aylıq müddətə ərazidən köçürülmüşdü. Lakin sakinlər heç də 11 aylıq müddətdə kirayə mənzillərdə qalmadılar. Onlar bir müddət sonra hissə-hissə evlərinə qayıdıb, Bayıl yamacında yaşamağa davam etdilər.

badamdarda sürüşmə ile ilgili görsel sonucu

Səbəb kimi isə bildirdilər ki, verilən kirayə pulu çox azdır və onlar bu pulla Bayıl və ona yaxın ərazilərdə kirayə mənzil tapa bilmirlər. Sakinlər “Yeni Müsavat”a bildirdilər ki, hazırkı vəziyyətdə əhalinin bir qisminin elektrik xətləri, bəzilərinin isə qaz xətti qoşulub. Həmçinin evlərinə qayıdan sakinlərin kirayə pulu da kəsilib. Sakinlər söylədilər ki, onlar gələcək talelərinin necə olacağını bilmirlər. Hələ də onlara evlərinin söküləcəyi, yoxsa geri qaytarılacaqları ilə bağlı yekun fikir bildirilməyib.

Sakinlərdən aldığımız məlumata görə, sürüşmə nəticəsində dağılan 4 evin sakininə birdəfəlik kompensasiya verilib. Dövlət tərəfindən onların uçmuş vəziyyətdə olan evi alınsa da, dağıntılar ərazidən təmizlənməyib. Sakinlər söyləyirlər ki, hazırda sürüşmə zonası xarabalığı xatırlardır. Heç bir müvafiq qurumun nümayəndələri gəlib, onlarla maraqlanmırlar. Bir zamanlar əraziyə qoyulan polis postu da artıq ləğv edilib. Buna görə də sakinlər evlərini yiyəsiz qoyub, uzun müddət haradasa qalmaq istəmirlər. Lakin havaların soyuması, kommunal xətlərin olmaması isə onları çətin duruma salıb...

Əli Rais,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR