İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərsu” yarım milyarddan çox ziyandadır – gəlirlər xərcləri ödəmir

1093 04.09.2018 08:15 Ölkə A A

İqtisadçı ekspert: “Bu, qiymət artımı üçün bir mesaj da ola bilər ”

“Azərsu” ASC-nin 2017-ci il hesabatı ilə bağlı açıqlaması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bu qurumun ötən il üzrə zərəri 508 milyon 350 min manat təşkil edib.

Zərərin 2016-cı illə müqayisədə 104,5 milyon manat az olduğu qeyd olunsa da, ekspertlər bu qurumun niyə zərərlə işləməsini gündəmə gətirirlər.

Ötən il “Azərsu”nun 163 milyon 884 min manat cəmi gəlirinə qarşı xərcləri 668 milyon 498 min manat təşkil edib. Nəticədə 504 milyon 614 min manatlıq əməliyyat zərəri yaranıb. 3 milyon 574 min manatlıq maliyyə xərci ilə də zərər 508 milyon 350 min manata çatıb. Qurumun cəmi aktivləri 694 milyon 439 min manat, cəmi kapitalı 61 milyon 360 min manat təşkil edib. ASC-nin kapitalı 2017-ci ildə bir il əvvəlki illə müqayisədə 300 milyon 42 min manat azalıb. Belə ki, 2016-cı ildə “Azərsu”nun kapitalı 361 milyon 780 min manat təşkil edib.

Qeyd edək ki, hesabat dövründə qurumun öhdəlikləri azalaraq, 2016-cı ildəki 970 milyon 125 min manatdan 755 milyon 799 min manata düşüb.

“Azərsu” ASC-nin məlumatında isə bütün bu neqativ göstəricilərin səbəbi kimi Tarif (Qiymət) Şurasının müəyyən etdiyi tariflərin su-kanalizasiya xidmətlərinin maya dəyərindən aşağı olması göstərilir.

Bunun davamı olaraq qeyd edək ki, Maliyyə Nazirliyinin apardığı 2017-ci il üçün gəlirlər və xərclər smetasının illik icrası üzrə monitorinqin nəticələrinə əsasən, 1 m3 su-kanalizasiya xidmətinin maya dəyəri 1,17 manat təşkil edir. “Azərsu”nun 2017-ci il üzrə müvafiq qanunvericiliyə uyğun hazırlanmış hesabatlarında 1 m3 su-kanalizasiya xidmətinin maya dəyəri 1,41 manat, orta satış qiyməti isə 0,74 manat olub. Hesabat ilində 1 m3 su-kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən 2 dəfəyə yaxın çox olub.

Bəs görəsən, ekspertlər “Azərsu” ASC-nin hesabatını necə qiymətləndirirlər? Suyun maya dəyəri necə hesablanır və real dəyər hazırkı satış qiymətindən nə qədər fərqlənir? Bu açıqlamanın ardından su-kanalizasiya xidməti bahalaşa bilərmi?

Pərviz Heydərov ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın suallarını cavablandıran  iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, problemin yeganə həlli yolu bu xidmətin özəl  sektora verilməsidir: “Bu təkcə ”Azərsu"nun yox, bütün inhisarçı qurumların ümumi problemidir. Nə qədər ki, “Azərsu” və digər iri səhmdar cəmiyyətlərin qapıları özəl mülkiyyətçilərin üzünə açılmayıb, bu qurumlar özəlləşdirilməyib, o vaxta qədər bu kimi hallar özünü göstərəcək. “Azərsu” da, “Azərenerji” də digər qurumlar da illərdir zərərlə işləyirlər. Onların hamısının maliyyə vəziyyətinə diqqət yetirsək görərik ki, onlara külli miqdarda dövlət dəstəyi həyata keçirilir, güzəştli kreditlər ayrılır. Lakin yenə də gəlirlər xərcləri ödəmir. Suyun qiymətinin artırılması ilə də məsələ həllini tapmayacaq. Artıq bu qurumların özəlləşdirilməsinə ehtiyac var və bu, günün tələbidir. Dövlət bu şirkətlərdən canını qurtarmalı, bu yükü üzərindən atmalıdır. Əks təqdirdə, bu qurumlar ziyanla fəaliyyət göstərməkdə davam edəcəklər".

Ekspertin fikrincə, “Azərsu” və digər bu kimi qurumların zərərlə işləməsinin səbəbi məhz idarəetmədəki problemlərdir: “Bu qurumlar çox gəlirli bir sferaya nəzarət edirlər, o sahədə təsərrüfat fəaliyyəti ilə məşğuldurlar. Bundan əlavə, dövlətdən vəsait alırlar, borcları vaxtaşırı silinir, ən əsası da dövlətin zəmanəti ilə xaricdən borc alırlar. Əgər bir qurum maliyyə dəstəyi aldığı halda fəaliyyətində gəlirlər xərcləri ödəmirsə, deməli, problem idarəetmədədir. Bu elə bir məsələdir ki, onu qanunvericiliklə, inzibati yollarla və ya kadr  dəyişikliyi ilə həll etmək mümkün deyil. Problemin yeganə həlli yolu odur ki, dövlət bu qurumlardan əlini çəksin və o qurumlar özəlləşdirilməyə açılsın. Əgər onlardan dövlət əlini çəksə, faktiki fəaliyyətləri mümkünsüz olar. Çünki idarəçilik düzgün təşkil olunmur, xərclər təyinatına uyğun həyata keçirilmir. Bu da zərərin yaranmasına gətirib çıxarır. Onları arxayın salan da məhz arxalarını dövlətə söykəməkləridir”.

Suyun maya dəyərinin satış qiymətindən 2 dəfə ucuz olmasına gəlincə, iqtisadçı bildirdi ki,  “Azərsu” maya dəyərinin necə hesablandığını açıqlamalıdır: “Onlar özləri açıqlama verməlidirlər ki, bunu necə hesablayıblar. Bu hesablama mexanizmini onların özündən başqa heç kim bilmir. Burada çəkdikləri xərcləri, təmir işlərini, müəyyən texnologiyaların tətbiqi və sairə əsasən bunu təxmini hesablayıblar. Lakin bu düzgün hesablama deyil”.

P.Heydərov onu da vurğuladı ki, bu açıqlamanın ardından su-kanalizasiya xidmətində qiymət artımı baş verə bilər: “Əgər hər hansı bir qurum üzərində dövlət himayəsi olduğu halda qiymətdən narazılıq edirsə, özünün maliyyə sahəsindəki uğursuzluğunu bilavasitə qiymət siyasəti ilə izah edirsə, bu həmin sahədə qiymət artımı üçün hökumətə bir mesaj sayılmalıdır. Bu isə o deməkdir ki, qarşıdakı dövrdə su-kanalizasiya xidməti bahalaşa bilər”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR