İnsanlara hürriyət, millətlərə istiqlal!

““Azərenerji” özəlləşdirilməyənə qədər dövlətin çiynində yük olaraq qalacaq” - ekspert

1432 06.09.2018 08:00 Gündəm A A

Etibar Pirverdiyevin “Azərenerji” prezidenti vəzifəsindən azad olunması Azərbaycanın enerji istehsalı sisteminin gələcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Uzun illərdir yüksək məbləğdə investisiyaların yatırıldığı bu sahənin idarəçiliyinin özəl əllərə verilməsi barədə təkliflər səsləndirilir. Müstəqil mütəxəssislər, həmçinin xarici ekspertlər ölkədə effektiv enerji təchizatının təmin olunması üçün enerji istehsalı müəssisələrinin özəlləşdirilməsini əsas şərtlərdən biri hesab edirlər.

Xatırladaq ki, enerji istehsalı və ötürülməsi sistemində ciddi problemlərin olduğu 3 iyul qəzasından sonra keçirilən dövlət müşavirəsində, həmçinin Nazirlər Kabinetinin birinci yarım ilin yekunlarına həsr olunmuş iclasında da geniş müzakirə olunub. Hər iki tədbirdə çıxış edən prezident İlham Əliyev qəzanın səbəblərinin xüsusi komissiya tərəfindən, özü də xarici mütəxəssislərin iştirakı ilə araşdırılacağını bəyan etmişdi. Sonradan Energetika Nazirliyinin yaydığı məlumatdan aydın oldu ki, Dövlət Komissiyası araşdırmaya Almaniya və Rusiyadan da mütəxəssislər cəlb edib: “”Azərbaycan" İES və Mingəçevir - Abşeron xəttində qəza halları zamanı sistemin etibarlılığı və dayanıqlığının təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər müəyyənləşdirilib. Həmin tədbirlərin həyata keçirilməsi ilə bağlı “Azərenerji” ASC-yə tapşırıqlar verilib. Eyni zamanda, xarici ekspert qrupunun ilkin rəyi və həyata keçiriləcək tədbirlər barədə məlumatlar “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasına təqdim olunub".

Bir müddət öncə nazirlikdən “Yeni Müsavat”a bildirilmişdi ki, komissiyanın rəyi hazırlanaraq ölkə rəhbərliyinə təqdim olunub.

Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.

Prezident Dövlət Komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.

Prezident İlham Əliyev hökumət müşavirəsindəki çıxışında onu da bildirib ki, qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır: “Bu, çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə ümumi sistemə bunun təsiri olmasın, yəni qəza lokal xarakter daşısın”. Prezidentin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı çıxışında çox vacib bir məqama da toxunub: “Biz qəzanın səbəblərini əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, - mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəmirəm, - hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb. Bütün işlərdə biz ədalətli olmalıyıq. Kimisə cəzalandıranda, kiməsə təşəkkür edəndə ədalət, dəqiq informasiya, təhlil olmalıdır. Ancaq əlbəttə ki, bu qəza çox ciddi bir siqnaldır”.

Prezident onu da qeyd edib ki, hazırda enerji sistemində struktur islahatları ilə bağlı işlər aparılır: “Belə göstəriş verilibdir. Bütün enerji təsərrüfatımızın təftişi məsələsi öz həllini tapır. Komissiyada bu məsələ müzakirə ediləcək, mənə təkliflər veriləcək. Biz Azərbaycanın enerji sistemini ən müasir əsaslarla idarə etməliyik”.

Dövlət Komissiyasının beynəlxalq metodologiya ilə apardığı hesablamaya görə, yalnız iyulun 3-də baş vermiş qəza üzündən ölkə əhalisi və iqtisadiyyatına 276 milyon ABŞ dolları yaxud 469,2 milyon manat ziyan dəyib. Uzun illər ərzində enerji sistemindəki qeyri-qənaətbəxş idarəetmə üzündən iqtisadiyyatın, dövlət büdcəsinin itirdikləri isə bundan onqat yüksəkdir. Bu şəraitdə enerji sistemində həyata keçirilən kadr dəyişikliyi mövcud problemlərin həllində hansı rol oynayacaq? Müstəqil mütəxəssislərin sistemlə bağlı təklifləri nə qədər effektivdir? Nəhayət, Baba Rzayevin “Azərenerji” rəhbərliyinə gətirilməsindən sonrakı addımın enerjipaylayıcı şəbəkələrin də bu quruma tabe etdirilməsi olacağı deyilir. Bu, realdırmı?

Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, ölkənin elektrik enerjisi ilə təminatı ümumi iqtisadiyyatın təhlükəsizliyinə aiddir: “İqtisadiyyat inkişafdadırsa, enerji istehsalı hər il artmalıdır. Yəni artım fasiləsiz olmalıdır. Artımın özü dayanıqlı xarakter almalıdır. Bu dayanıqlıq təmin olunmazsa, iqtisadiyyatın özünə təhlükə yaranmış olar. Bizdə isə ötən il elektrik enerjisi istehsalında azalma baş verib. Bunu heç bir obyektiv səbəblə izah etmək mümkün deyil. Bu göstərirdi ki, ”Azərenerji"də ciddi problemlər var. İstehsalın azalmasını bir kənara qoyduqda belə, “Azərenerji”nin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilkin baxışdan belə bir fikir irəli sürməyə əsas verirdi ki, bu qurumun fəaliyyətində ciddi nöqsanlar var. Bu nöqsanların aradan götürülməsi olduqca təcili xarakter daşıyırdı. Təəssüf ki, bu istiqamətdə zəruri addımlar vaxtında atılmadı. Hər dəfə problemlər qabaranda onları enerjinin qiymətini qaldırmaqla aradan götürmək istədilər. Halbuki qiymət və kadr dəyişikliyi ilə problemli strukturu sağlamlaşdırmaq mümkün deyil. Problem kadrda və qiymət siyasətində deyil".

Ekspertin sözlərinə görə, son illərdə yeni istehsal güclərinin yaradılmasına rəğmən, statistika ölkənin enerji təminatının dayanıqlığında ciddi problemlərin olduğunu hökumətə diktə edib: “Hökumət isə çıxış yolunu elektrik enerjisinin satış qiymətini artırmaqda görürdü. Düzdür, uzun illər boyu hansısa bir sahədə qiymətin dəyişməz qalması sağlam iqtisadiyyat üçün normal deyil. Lakin qiymət artımını ”Azərenerji" kimi qurumların problemlərinin həll yolu kimi görmək də doğru deyil. Bu kimi qurumların problemlərinin yeganə həll yolu onların özəlləşdirilməsidir. Yalnız bu halda effektiv idarəetməyə, təhlükəsiz və dayanıqlı enerji təchizatına nail olmaq mümkündür. Nə qədər ki, özəlləşdirilməyib, “Azərenerji” kimi qurumlar dövlətin çiynində yük olaraq qalacaq, 3 iyul qəzası kimi hadisələrdən isə sığortalanmayacağıq".

Yeni təyinatdan sonra “Azərişıq”ın “Azərenerji”yə birləşdirilməsi ehtimalına gəlincə, P.Heydərovun fikrincə, bu, effektiv bir addım ola bilməz: “Bu qurumlardan biri enerjinin alqı-satqısı ilə, digəri isə istehsalı ilə məşğuldur. Bunlar fərqli işlərdir və fərqli qurumlar tərəfindən icra olunmalıdır. Düşünürəm ki, Azərbaycanda nəinki onları birləşdirməyə ehtiyac yoxdur, hətta hər ikisinin özəlləşdirilməsi vacibdir. Paylama da, istehsal da ən pis halda özəl qurumlara idarəetməyə verilməlidir. Bununla həm enerji sistemində dayanıqlıq təmin olunacaq, həm də dövlət böyük bir yükdən azad olacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR