İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Yunanıstana və Kiprə etirazlar

2971 31.05.2017 22:15 Siyasət A A

“Kipr qədim türk torpağıdır”


Kipr Respublikasının (yunan) xarici işlər naziri İoannis Kusulides Ermənistanın müdafiə naziri ilə görüşü zamanı Dağlıq Qarabağın Ermənistana aid olduğunu bildirib. Erməni nazirlər görüşdə Şimali Kipr və Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı, İoannis Kusulides bildirib ki, “bunları müqayisə etmək səhvdir, çünki Şimali Kiprdən fərqli olaraq, Türkiyə tərəfindən işğal edilmiş Artsax ermənilərin tarixi ərazisidir.


İoannis Kusulidesin tarixi Azərbaycan torpaqları olan Qarabağ erməni torpağı adlandırması Azərbaycan tərəfindən etirazla qarşılanıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rəsmi açıqlama ilə çıxış edib. Açıqlamada kiprli nazirin səsləndirdiyi fikirlərin beynəlxalq hüquqa və Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmə siyasətinə zidd olduğuna dair fikirlər yer alıb.


H. Hacıyev musavat.com-a bildirib ki, Kiprin xarici işlər naziri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səsləndirilən fikirlər Kiprin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və digər beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəlikləri ilə bilavasitə ziddiyyət təşkil edir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinin təşviq edilməsinə xidmət göstərir: “Onun bu fikirləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesinə və regionda davamlı sülhün təmin olunması səylərinə zərər vurur.


H. Hacıyev qeyd edib ki, bu fikirlər Kiprin üzvlüyünü daşıdığı Avropa İttifaqı, ATƏT və Avropa Şurasının münaqişə ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi ilə bir araya sığmır: “Avropa İttifaqının 2016-cı il Qlobal Strategiyasında deyilir: “Dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həll edilməsi Avropanın təhlükəsizliyinin əsas elementləridir. Bu prinsiplər Avropa İttifaqı daxilində və onun sərhədlərindən kənarda olan bütün dövlətlərə şamil olunur”. Həmçinin, bu kimi ziddiyyətli açıqlaması ilə Kiprin xarici işlər naziri özü-özünü inkar edir. Xatırlatmaq istərdik ki, bu ilin 26 yanvar tarixində Avropa Şurasının Nazirlər Komitəsinin sədri qismində ATƏT-in Daimi Şurasında çıxışı zamanı o, Kiprin ərazi bütövlüyü, suverenlik və dövlətlərin siyasi müstəqilliyi prinsiplərini qəti şəkildə dəstəklədiyini bildirmişdi.


Onu da qeyd etmək lazımdır ki, Şimali Kipr türklərin əsrlər boyu köklü xalq kimi yaşadığı ərazidir və onların da öz müqəddəratını təyin etmək hüququ vardır. Şəffaflıq təmin edilmədiyinə görə Kiprlə Ermənistan arasındakı hərbi əməkdaşlıq barəsində də müəyyən suallar və şübhələr var. Ümid edirik ki, Avropa İttifaqı və ATƏT-in münaqişənin hərbi aspektləri ilə bağlı müvafiq mövqeləri çərçivəsində məsələ nəzərdən keçiriləcək”.


Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan XİN-in cavabı tam doğrudur: “Hikmət Hacıyevin açıqlamasında diqqətimi ən çox çəkən bu cümlə oldu: “Quzey Kıprıs türklərin əsrlər boyu köklü xalq kimi yaşadığı ərazidir və onların da öz müqəddəratını təyin etmək hüququ vardır”. Həqiqətən, əgər Kıprıs yunanlarının naziri Dağlıq Qarabağı Ermənistana birləşdirirsə, biz niyə Kıprıs türklərinin müstəqil yaşamaq hüququnu tanımamalıyıq? Yaxşı yadımdadır, rəsmi Bakı 2000-ci illərin əvvəllərində Kuzey Kıprıs Türk Cumhuriyyəti ilə təmasların genişləndirilməsinə qərar verdikdə, Afinadan təcili olaraq Bakıya diplomatik desant göndərildi. Bizi anlatmaq istədilər ki, KKTC-ni rəsmən tanısaq, Afina da Dağlıq Qarabağla bağlı “adekvat” addım ata bilər. O zaman rəsmilərimiz Afinanı eşitdilər. Növbə bizimdir. Bu dəfə isə bizim diplomatlar Afinaya gedib onları anlatmalıdırlar ki, əgər Kıprıs yunanlarının naziri İrəvanda verdiyi açıqlamaya düzəliş etməsə, biz KKTC ilə bağlı yarımçıq saxlanılan işi davam etdirə bilərik. Yunanlara boşluq buraxmaq olmaz”.


Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da bildirdi ki, bu məsələdə Azərbaycan təkcə XİN-in mətbuat xidmətinin verdiyi açıqlama ilə kifayətlənməməlidir: “Ciddi etirazlar ortaya qoyulmalı, Yunanıstan qarşısında rəsmi məsələ qaldırılmalı və kiprli nazirin Ermənistanda işlətdiyi fikirlərə görə izahat, düzəliş tələb edilməlidir. Əgər bizim bu cür etiraz və tələblərimizdən nəticə çıxarılmasa Yunanıstan səfirliyi qarşısında etiraz aksiyaları başlanmalıdır. Yunan Kiprinin nazirinin mövqeyi əslində Yunanıstanın mövqeyidir. Biz yunan Kiprini dövlət kimi tanımırıq. Yunan Kipri Yunanıstanın nəzarəti altında olan bir ərazidir. Ona görə də Azərbaycan sözünü Yunanıstana deməlidir, etirazlar bu ölkəyə olmalıdır. Kipr məsələsinin özü mübahisəlidir. Kipr əslində tarixi, qədim türk torpaqlarıdır. Dünyadakı ikili standartların və xristian təəssübkeşliyinin üzündən yunan Kipri adlanan hissə BMT-yə dövlət olaraq qəbul edilib. Şimali Kipr isə qəbul edilmir.
A.Nağı qeyd etdi ki, cavab olaraq Şimali Kiprin Azərbaycan tərəfindən müstəqil dövlət kimi tanınmasına gedilməsi təklifləri vətənpərvərlikdən qaynaqlanan təkliflər olsa da hazırda belə bir addımın Azərbaycan tərəfindən atılması Dağlıq Qarabağ məsələsində zərərimizə işləyər: “Bu məsələ incə məsələdir. Bu gün Azərbaycan Şimali Kiprin müstəqilliyini tanısa Yunanıstan da cavab olaraq Dağlıq Qarabağdakı separatçı rejimi tanıyar. Ona görə də bu məsələdə hərtərəfli, ölçülü-biçili addım atılmalıdır. Azərbaycanın Dağlıq Qarabağ problemi olmasaydı Azərbaycan çoxdan rahatlıqla Şimali Kiprin müstəqilliyini tanımışdı”.

Etibar SEYİDAĞA

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR