İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Ümumdünya Ticarət Təşkilatına niyə üzv olmur?

5166 08.08.2017 22:23 İqtisadiyyat A A

İqtisadçı ekspertlər ölkədə məhsul bolluğu yaradacaq, inhisarçılığı və monopoliyanı azaldacaq üzvlüyün ləngiməsinə əsas görmürlər

 

Dünya ticarətinin 98 faizi Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olan ölkələrin payına düşür. Təəssüflər olsun ki, Azərbaycanda bu təşkilata üzv olmaq üçün 20 ildir danışıqlar getsə də, müsbət nəticə əldə edilməyib. Demək olar ki, bütün post sovet ölkələri artıq bu təşkilata üzv olub. Rusiya və Qazaxıstan sonuncu üzv olan ölkələrdir. Qonşu Ermənistan, Gürcüstan isə 2003-2004-cü ildən üzvdürlər.

 

Maraqlıdır, bəs niyə Azərbaycan bu təşkilata üzv ola bilmir? Buna əngəl olan səbəblər hansılardır?

 

Deputat, iqtisadçı Vahid Əhmədov bu təşkilata daxil olmağın uzun bir yolu olduğunu dedi: “Bununla bağlı dövlət başçısı İlham Əliyevin xüsusi sərəncamı da var. Xarici İşlər Nazirliyinə və İqtisadi Nazirliyinə tapşırıb ki, danışıqlar aparsın. Bu təşkilata daxil olmağın özünün uzun bir yolu var. Çünki dövlətlərlə müəyyən protokollar imzalanmalıdır. Ümumiyyətlə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmağı çox vacibdir. Bu, Azərbaycanda daxili bazarda stabilliyə müəyyən qədər xidmət edə bilər. Amma burada bir sıra nüanslar var ki, o nüanslar da öz həllini tapmalıdır. Birincisi, Ümumdünya Ticarət Təşkilatına daxil olan dövlətlər həmişə müəyyən illər güzəştlər alırlar. 2-5 il müddətinə güzəşt alırlar ki, öz daxili bazarlarını stabilləşdirsinlər. Çünki gömrük tarifləri ilə əlaqədar müəyyən problemlər olur. Azərbaycana məhsul idxalında heç bir problem olmayacaq. İstənilən məhsulu Azərbaycana idxal etmək olacaq. Bu da bizim daxili bazarımız, daxili istehsalçılarımız, sahibkarlarımız üçün problem yarada bilər. Amma bu məsələdə gömrük rüsumları ilə əlaqədar danışıqlarda da müəyyən fikir ayrılığı olduğu üçün hələlik məsələ öz həllini tapmır. Ümumi götürəndə mən bir iqtisadçı olaraq hesab edirəm ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmağı çox vacibdir. Həm Azərbaycanda müəyyən qədər məhsul bolluğu yaranacaq, həm də müəyyən qədər inhisarçılığın, monopoliyanın qarşısını alacaq. Amma bir daha qeyd edim ki, bu iki təklif nəzərə alınmalıdır”.

 

Digər iqtisadçı Vüqar Bayramov da Azərbaycanın bu təşkilata üzv olmasının olduqca vacib olduğunu dedi: “Ümumdünya Ticarət Təşkilatına daxil olmaq olduqca vacibdir. Bu dünya ticarətinin 98 faizi Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkələr tərəfindən idarə olunur. Bu konteksdə Ümumdünya Ticarət Təşkilatından kənarda qalmaq , xüsusən də böyük ticarət dövriyyəsinə malik olan ölkələrlə ticarət dövriyyəsini birmənalı şəkildə məhdudlaşdırır. Buna görə də Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünün sürətlənməsinə ehtiyac var. İndiki dövrdə bu təşkilatdan kənarda qalmağımızda ciddi bir səbəb yoxdur. Nəzərə alsaq ki, keçmiş SSRİ-dən az sayda ölkə bu təşkilatdan kənarda qalıb. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olduqdan sonra daxili bazarı qoruya bilməyəcək. Ümumdünya Ticarət Təşkilatı birmənalı şəkildə üzv olan ölkələrə güzəşt müddəti verir. Bu təşkilata üzv olduqdan sonra 5 il güzəşt müddəti alınır. Bu müddət həmin ölkəyə iqtisadiyyatını Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyır. Əvvəlki dövrlərə baxdıqda bu gün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq imkanlarımız daha genişdir . Çünki nəzərə alsaq ki, əvvəlki dövrlərdə idxal, ixracda monopoliya var idi. 2015-ci ildən sonra bu praktiki olaraq bu monopoliya xeyli dərəcədə azaldıldı. Əslində əvvəlki illərdə bu təşkilata üzv olmağa qarşı olan qurumlar bu gün hər hansısa bir çətinlik yaratmayacaq. Ümumdünya Ticarət Təşkilatı Azərbaycan ticarətinin, iqtisadiyyatının liberallaşmasına gətirib çıxara bilər. Məncə, indiki dövrdə hər hansı maneə yoxdur. Əsas problem bu qurumun əhəmiyyəti ilə bağlı məlumatlılıq səviyyəsinin olmaması ilə bağlıdır. Buna görə də Azərbaycan hökuməti yaxın vaxtlarda Ümumdünya Ticarət Təşkilatına üzv olmağı ziddiyyətsiz olaraq qəbul etməlidir. Xüsusən Qazaxıstan bu təşkilata üzv olduqdan sonra Azərbaycanın bu quruma üzv olması olduqca vacibdir”.

 

Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatı 1995-ci ildə yaradılıb. Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Ən gənc beynəlxalq təşkilatlardan olan ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) davamçısıdır. Dünya ticarətinin 98%-dən çoxu ÜTT-yə üzv ölkələrin payına düşür. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. Təşkilatın normativ-hüquqi bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli məsələlərini tənzimləyir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.

 

Təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsidir.

 

Günel MANAFLI

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR