İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşotun ardınca Edqar da gəldi...

1795 17.07.2018 17:45 Yazarlar A A

Nikol Paşinyan xarici işlər naziri Zöhrab Mnaçakanyanı Brüsselə göndərir ki, “get, Elmar Məmmədyarovla görüş”, bu yandan da Aşota deyir, “haydı, silahı götür, get, Qarabağa!”

Ermənistanın baş nazirinin oğlunu deyirəm. İyulun 9-da orduya yollanan Aşot Paşinyan Azərbaycan ərazisində, işğal zonasında əsgərliyini çəkməyə başlayıb.
Bu faktın özü Ermənistan hökumətinin sülhdən, danışıqdan imtinasının əyani sübutudur. Düzdür, Serj Sərkisyanın oğlu yox idi, bəlkə olsaydı, o da oğlunu Qarabağda xidmətə göndərərdi. Amma bu da var ki, Serj Sərkisyan çox vaxt Qarabağ ermənilərinin, separatçı rejimin arxasında gizlənməyə çalışırdı, hətta Qarabağdakı itkiləri də gizlədirdi ki, dünya Ermənistan vətəndaşlarının bu ərazilərdə döyüşdüyündən xəbər tutmasın.

Hakimiyyətə “küçədən gəlmiş” Paşinyanın ardınca Ermənistanın müdafiə naziri Davit Tonoyan da öz yetimçəsini Qarabağa yollayıb. Edqar Tonoyan da 16 iyulda hərbi xidmət keçmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə, Qarabağa gəlib.

Bu fakt Ermənistan hakimiyyətinin həyasızlığının növbəti nümunəsidir. O da bəllidir ki, Ermənistan hakimiyyəti bu yolla fərari erməniləri orduya qaytarmağa çalışır. Nikol Paşinyan elə ötən ay demişdi ki, ordudan yayınıb xarici ölkələrə qaçan erməni gənclərinin sayı 15 min nəfərdir. Serj Sərkisyan onları pul vəd etməklə də geri qaytara bilmədi. İndi Paşinyanla Tonoyan övladlarını orduya yazdırmaqla, hətta cəbhəyə göndərməklə erməniləri cəsarətləndirib geri qaytarmağa çalışır. Amma əksər ermənilər ötən illərdə baş verənləri unutmayıblar və yaxşı dərs çıxarıblar. İmkanı olanlar yad ölkənin torpağı uğrunda ölməkdənsə, yad ölkəyə sığınmağı üstün tutur. Xüsusilə də aprel dərsi var yaxın tarixdə...

Bunlar bir yana, Ermənistanın rəhbərliyində olan şəxslər son hərəkətləri ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin boyunu yerə soxdular! Təsəvvür edin, həmsədrlər uzun fasilədən sonra Ermənistanın yeni hökumətini “mələk” libasında təqdim etməyə, danışıqları bərpa etməyə, Azərbaycanı hərbi yoldan çəkindirməyə çalışırdı. Paşinyanla Tonoyansa oğullarını başqa ölkənin ərazisinə “hərbi xidmətə” (!) göndərməklə müharibə yolunu seçdiklərini açıq şəkildə nümayiş etdirdilər. Bundan sonra nə danışıq? Kiminlə danışıq? Biz Avropada erməni hakimiyyəti ilə danışıq aparaq, Ediklə Aşot əsgərlərimizi nişan alsınlar???

Hər halda rəsmi Bakı bu iki faktı beynəlxalq təşkilatlar səviyyəsində qaldırmalı, Ermənistan hakimiyyətindən hesab istənilməsinə nail olmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri heç, illər öncə Avropa Parlamenti Ermənistandan Qarabağdakı hərbçilərini çıxartmağı, həm də bu ərazilərə bir daha əsgər göndərməyi tələbini qoydu. Hanı nəticəsi? İndi də Ermənistan rəhbərliyi öz uşaqlarını belə Qarabağa yola salır.

Paşinyan hakimiyyətə gəlməzdən öncə iddialar var idi ki, Sərkisyandan fərqli olaraq o, müharibə partiyasının üzvü deyil, sülhə meylli olacaq, konstruktiv mövqe sərgiləyəcək. Budur “konstruktivlik”?

Təsəvvür edin, “İrs” Partiyasından olan keçmiş deputat Zaruhi Postancyan Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən erməni postlarına baş çəkmək üçün gəlibmiş. Deyib ki, müdafiə naziri Davit Tonoyanın əmri ilə postlara daxil olmağa icazə verilməyib.

Ağrılısı budur ki, ermənilər öz davalarını xarabalarında yox, gəlib bizim torpaqlarda aparırlar, Qarabağı bütün mənalarda poliqona çeviriblər. Postancyan da bir yandan gəlib “bostan açıb”.

Təkcə budurmu?

Ermənilər xəbər yayıblar ki, Gorus-Mehri-Mincivan-Zəngilan avtomobil yolunu çəkməyə hazırlaşırlar. Əvvəllər Qarabağa bir Laçın dəhlizi var idi, indi alternativ yollar çəkirlər, özü də təkcə Dağlıq Qarabağa yox, ətraf 7 rayona da. Rusiya ekspertləri deyir e, əvvəl 5 rayon qaytarılacaq, sonra 2. Bizi bu nağıllarla yuxuya verirlər, düşmən öz işindədir.

Kəlbəcərdən çəkilmiş kadrları gördünüzmü? Terrorçu dəstələr dağlar arasında hərbi təlim keçirlər. Məncə, Azərbaycan bütün bu faktları beynəlxalq aləmin diqqətinə çatdırmalı, antiterror əməliyyatlarına başladığını rəsmən elan etməlidir. Bu gün faktiki olaraq Paşinyanla Tonoyanın oğulları da terrorçularla bir sıradadırlar.

Avqustun 15-dən etibarən Ermənistan polisi növbəli qaydada Qarabağda xidmətə göndəriləcək. Antiterror əməliyyatı aparmaq üçün unikal fürsət yaranıb...Bir anlıq təsəvvür edin, Paşinyan Aşotun cəsədi üstündə göz yaşı tökür...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR