İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəmənin yaman halı - husilər ram olmur, qonşu dövlətlər əl çəkmir

4212 17.06.2016 06:10 Analitika A A
Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxilə məqsədli “ərəb koalisiyası” dağılır

İki gün əvvəl Birləşmiş Ərəb Əmirlikləri hökuməti Yəməndən ordusunu çəkdiyini bəyan edib. BƏƏ rəhbəri, Əbu Dabi vəliəhdi Məhəmməd ibn Zaid ən-Nahyan BƏƏ silahlı qüvvələrinin husilərə qarşı hərbi əməliyyatlardan çəkiləcəyini bəyan edib. Onun sözlərinə görə, hökumət yalnız Yəməndə hucilərdən azad edilən bölgələrə yardım etməyə davam edəcək. 

Qeyd edək ki, BƏƏ Yəmənə müdaxilə edən Səudiyyə liderliyindəki ərəb hərbi koalisiyasının əsas güclərindən biri sayılırdı. 2015-ci il martın 26-da Səudiyyə Ərəbistanı Husiləri məğlubiyyətə uğratmaq üçün 10 ölkədən ibarət koalisiya quraraq Yəmənə hərbi müdaxilə etmişdi. Əsas məqsəd olaraq eks-prezident Mansur Hadini yenidən hakimiyyətə qaytarmaq elan olunsa da, bu əməliyyatın əsas hədəfi Husi güclərini siyasi hakimiyyətdən uzaqlaşdırmaq idi.

Ancaq əsasən şimali Yəməndə dağlarda yaşayan husi üsyançıları ərəb koalisiyasına, eləcə də ölkə içində Mansur Hadi tərəfdarları, əl-Qaidənin Yəmən qolu və İŞİD-ə qarşı uğurla savaşdılar. Üstəlik bir neçə dəfə Səudiyyə Ərəbistanı sərhəd qüvvələrini məğlubiyyətə uğradaraq sərhədi keçib krallıq ərazisinə daxil oldular. 


Xatırladaq ki, bu ilin yazında Yəməndə gedən döyüşlərdə BƏƏ Dubay Əmirliyi şahzadəsinin öldürüldüyü xəbərləri yayılsa da, ailəsi şahzadənin infarktdan öldüyünü açıqlamışdı. Son olaraq BƏƏ-nin Yəməndən çəkilmə qərarından əvvəl 2 gün ərzində husilərlə savaşda 3 helikopterinin vurulması xəbəri yayılıb. Helikopterlərin vurulmasının bu qərarda nə qədər təsirli olub-olmadığı məlum deyil, amma fakt odur ki, bir neçə ay əvvəl BƏƏ tərəfindən muzdla tutulmuş hərbi mühafizə şirkəti Yəməndən çəkilmişdi. Bir sıra bölgə ekspertlərinə görə, qərarda hərbi itkilərin və ümumiyyətlə, savaşın nəticəsizliyi ilə bağlı düşüncələrin mühüm təsiri var. 

Məsələ burasındadır ki, Yəmən savaşı Səudiyyə Ərəbistanı üçün də fəlakətə çevrilib. 15 aydır aktiv fazada davam edən və başlanğıcda 10 ölkənin qatıldığı “Qətiyyət fırtınası” əməliyyatı husiləri məğlub edib Mansuru yenidən Sənaya hakimiyyətə qaytara bilmədi. Əksinə, əməliyyatlar davam etdikcə husilər günü-gündən daha da irəliləyərək artıq Ədənə ətrafına çatıblar. Bundan başqa şimalda da Səudiyyə qüvvələrinin aramsız hücumları heç bir nəticə vermədi, əksinə bir neçə dəfə sərhədi yaran husilər Səudiyyə Ərəbistanı torpaqlarına hücum etdilər. 


Krallıq ordusu yalnız havadan bombardmanları fasiləsiz davam etdirir və paytaxt Səna da daxil olmaqla irili-xırdalı yaşayış məntəqələrini aramsız olaraq bombalayır. Bu isə böyük fəlakətlərə, dinc insanların, o cümlədən uşaqların ölümünə səbəb olur. Hətta keçən həftə BMT Səudiyyə Ərəbistanını Yəməndə dinc uşaqların qətliamında ittiham etsə də, sonradan Pan Gi Munun etirafına görə, krallığı maddi yardımlarını dayandırmaması üçün siyahıdan çıxartdı.

Ancaq vəziyyət elə həddə gəlib ki, Səudiyyə Ərəbistanı Yəmənlə bağlı nə irəli, nə də geri addım ata bilir. Beynəlxalq ekspertlərə görə, Yəmən Səudiyyə Ərəbistanı üçün “ərəb Vyetnamına” çevrilib. Bir qədər əvvəl Omanda və Küveytdə başlayan Yəmən danışıqları nəticəsiz qalıb. Hətta Səudiyyə şahzadəsi Məhəmməd ibn Salmanın Yəmən savaşının dayandırılması üçün Oman vasitəsilə İrana məktub göndərildiyi haqda xəbərlər yayılmışdı. 

Ancaq buna baxmayaraq, siyasi müzakirələr nəticə vermir. Çünki Səudiyyə Ərəbistanı husilərin Yəməndə hakimiyyəti əldə saxlamasını qəbul etmək istəmir. 2009-2010-cu illərdə də bir dəfə husilərlə savaşan ər-Riyad hakimiyyəti husi hərəkatını İrana bağlı qrup olaraq qəbul edir və onların Yəməndə hakim qüvvə olmasına qarşıdır. Üstəlik, bu iki savaşdan sonra səudların Yəməndə husi hakimiyyətini legitimləşdirib geri çəkilməsi ər-Riyadı ölkənin şərq əyalətlərində yaşayan şiə tayfalarını ayağa qaldıracağı təhlükəsi ilə təhdid edir. Bu səbəbdən də krallıq Yəməndən yarımçıq geri çəkilmək istəmir. 


Ancaq savaşın bu şəkildə davam etməsi də krallıq üçün nəticə vermir. Yəmən məlum olduğu kimi sərt iqlimə malikdir. Xüsusən də şimalda husilərin yaşadığı (Ərəbistanla sərhəd) bölgələr dağlıq, keçilməz ərazilərdir. Bölgə əhalisi isə anadangəlmə savaşçı, dağlara bələd olan, dözümlü insanlardır. Ayaqyalın, doğru-düzgün hərbi təchizatı olmayan bu adamlar yalnız “Kalaşnikov” silahları ilə bir neçə dəfə Yaxın Şərqin ən yaxşı təmin olunmuş, ən müasir silah və texnikaya malik Səudiyyə krallıq ordusunu məğlub edib.

Krallığın Yəməndən geri çəkilməsi ölkənin bütün ərazilərində hakimiyyətin tamamən husilərin əlinə keçməsinə və faktiki olaraq həmsərhəd düşmən ölkə yaranmasına səbəb olacaq. Üstəlik Ərəbistan hakimiyyətini ən çox qorxudan, bu prosesin ölkə daxilində siyasi və hərbi çaxnaşmaya, tayfaların baş qaldırmasına səbəb olacağıdır. 

Belə bir vəziyyətdə Səudiyyə Ərəbistanı qarşısında iki yol var; ya bütün imkanlardan istifadə edərək savaşı davam etdirib huisiləri məğlubiyyətə uğratmaq, özünə yaxın qüvvələrin hakimiyyətini bərqərar etmək, ya da siyasi həll yolunu tapmaq və husilərlə bir masaya oturub anlaşmaq. 

Birinci variant hələ ki, alınmır, ikinci isə böyük riskdir. “Yəmən bataqlığından” çıxmaq üçün ər-Riyadın qəti qərar verməsi lazım gələcək.



Kənan Rövşənoğlu
Musavat.com



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR