İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə terrora qarşı bütün cəbhələrdə savaşır - təhlil

962 29.04.2016 02:12 Analitika A A
Sərhəd bölgələrinin davamlı atəşə tutulmasının arxasında ölkədə xaos və panika yaratmaq planı dayanır

Türkiyənin Qaziantep vilayəti Suriya ərazisindən davamlı olaraq atəşə tutulur. Yerli medianın bildirdiyinə görə, son olaraq aprelin 28-də İŞİD-in nəzarətində olan Cerablus qəsəbəsi istiqamətindən atılan minalar Karakamış ərazisinə düşüb. 

Türkiyə ordusunun həmin bölgədə yerləşən özüyeriyən artilleriya qurğuları atəş açılan bölgəyə cavab zərbələri endirib. Hava zərbəsindən sonra yerli icra qurumlarının göstərişi ilə Karakamışın Türkyurdu məhəlləsi boşaldılıb. Mərmilərdən biri ərazidə yerləşən “Fırtına” özüyeriyən topunun yaxınlığına düşüb. Ancaq artilleriya qurğusuna ciddi zərər dəyməyib, xəsarət alan olmayıb. 

Türkiyə ordusu İŞİD mövqelərinə cavab zərbələri endirib. Pilotsuz aparatlar vasitəsilə müəyyən olunan hədəflərin vurulması nəticəsində 11 terrorçunun öldürüldüyü məlum olub.
Qeyd edək ki, İŞİD-in əlində olan Suriya ərazilərindən Türkiyənin sərhədyanı məntəqələri son aylarda sürəkli olaraq atəşə tutulur. Ən çox mərmi Kilis ərazilərinə düşür. Yalnız bu ilin yanvarından bu yana Kilisə düşən mərmilər 18 nəfərin həyatına son qoyub, onlarla insan isə yaralanıb. 


Daha öncə bu hadisələr savaş vəziyyəti ilə izah olunurdu. Yəni sərhəd yaxınlığında döyüşən tərəflərin artilleriyasının atdığı mərmilərin Türkiyə ərazilərinə düşməsi təbii qarşılanırdı. Xüsusən də 2013-2014-cü illərdə sərhəd ərazilərinin hökumət qüvvələrinin əlindən alınmasından sonra bu cür hadisələrə rast gəlinirdi. Ancaq son aylarda, xüsusən də İŞİD-in nəzarətində olan ərazilərdən davamlı olaraq Türkiyənin yaşayış məntəqələrinin atəşə tutulmasına rast gəlinir. Görünən odur ki, terror təşkilatı bunu məqsədli şəkildə edir. 

İŞİD-in Suriya ərazilərindən Türkiyə yaşayış məntəqələrini, o cümlədən son hadisədə olduğu kimi,  hərbi qüvvələrini atəşə tutması bir sıra amillərlə izah oluna bilər. İlk növbədə İŞİD “ənənəsinə” sadiq qalaraq daha çox düşmənlə savaşdığı görüntüsü yaratmağa çalışır. Digər terror qrupları kimi, İŞİD də daha çox sayda və böyük dövlətlərlə savaşdığını nümayiş etdirməyi sevir. Daha geniş cəbhədə savaşması və ya ən azı, bu cür görüntü yaratması qruplaşmanın təbliğat siyasətidir. Bununla dünyada necə deyərlər özündən daha çox bəhs olunmasını, həmçinin daha çox tərəfdar və dəstəkçi toplanmasını təmin etmiş olur. Bu səbəbdən, İŞİD üçün daha çox dövlətlə savaşması və ya böyük dövlətlərə qarşı vuruşması görünüşü çox vacibdir. Bu baxımdan,  İŞİD-in tez-tez Türkiyə ərazilərini, ordunu hədəfə alması, Türkiyəni sanki özünə cəlb etməyə çalışması hiss olunur. 


Eyni zamanda bununla Türkiyə ordusunu, nəhayətdə, Suriya ərazisinə çəkmək və döyüş əməliyyatlarına cəlb etməyə nail olmaq istəyir. Bu olarsa Suriyadakı xaos və savaş daha da böyüyəcək və bütün bu kimi vəziyyətlərdən ən çox fayda götürən İŞİD kimi qruplar olacaq. 

Bu hücumların daha bir səbəbi Türkiyənin özünü birbaşa hədəfə almaq ola bilər. Davamlı artilleriya zərbələri sərhəd qəsəbələrində əhali arasında kütləvi qorxu yaradır. İnfrastruktur dağılır, əhalinin böyük hissəsi köçməyə çalışır, həyat iflic olur. Kilisdə artıq əhalinin böyük qismi evlərini tərk edib, daşınmaz əmlak qiymətləri 40 faizə qədər düşüb, orta məktəblər çalışmır. Bu vəziyyət bütövlükdə sərhəd bölgəsində həyatı iflic edir. Terrorçuların da çalışdıqları əslində budur ki, Türkiyənin həssas bölgələrində gərginlik artsın, əhali arasında kütləvi qorxu və panika yayılsın, əhali köçsün. 


Məhz bu səbəbdən də Ankara hazırda sərhədlərdə ordu birliklərinin sayını artırır, eyni zamanda atəşə tutulan bölgələrin yenidən qurulması, zərərlərin aradan qaldırılması üçün layihələr həyata keçirir. Bu mənada hazırda Türkiyə həm də terrora qarşı psixoloji bir cəbhə açmağa məcburdur. Terrorun yaratdığı yan təsirləri azaltmaq üçün dövlət terrora qarşı heç də silahlı mübarizədən geri qalmayacaq sosial-iqtisadi fəaliyyətlər həyata keçirməyə çalışır. Görünən odur ki, Türkiyənin antiterror savaşının əsas hissəsi məhz ölkə daxilində terror ab-havası yaradılmasına qarşı olacaq. Terrorçuların (PKK, İŞİD və digərləri) daha çox böyük şəhərləri, kütləvi tədbirləri, turizm bölgələrini hədəf alması onu göstərir ki, terror ideoloqları Türkiyənin iqtisadi və sosial infrastrukturunun zəifləməsinə, iqtisadi imkanlarının düşməsinə çalışırlar. Bunun zərbəsi isə silahlı müharibənin nəticələrindən heç də az olmur. 


Kənan, 
Müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR