İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türk axını” “Şahdəniz”ə qarşı? Əliyev Ərdoğanla çətin sualları ayrıd edir

3952 15.01.2015 00:35 Analitika A A

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə dövlət səfərinə yola düşüb.

Bu səfərin rəsmi gündəmi kifayət qədər zəngin olsa da iki müttəfiq və qardaş ölkənin liderləri arasında ayrıd ediləsi kifayət qədər mürəkkəb məsələ var. Bu, Rusiya prezidenti Vladimir Putinin Ankaraya ötən ilin sonlarında etdiyi dövlət səfəri zamanı elan etdiyi və Avrasiya regionunda enerji kartlarını tamamilə qarışdıran qərarından sonra yaranan situasiyadır.

Söhbət Rusiyanın Avropaya ildə 63 milyard kubmetr qaz nəqli üçün planlaşdırdığı “Cənub axını” qaz kəmərinin tikintisinin dayandırılmasından və Türkiyəyə həmin gücdə yeni qaz kəmərinin çəkilməsinə dair prezident Ərdoğanla əldə edilmiş razılaşmadan gedir.


Şübhəsiz ki, bu sensasion razılaşma Avropanın yeganə alternativ qaz təchizatı mənbəyi hesab olunan və Türkiyəni enerji dəhlizi kimi istifadə edən Azərbaycan üçün də yeni situasiya yaradırdı.

Virtualaz.org saytı “Cənub axını”nın dayandırılmasından və Rusiyanın Türkiyənin Yunanıstanla sərhədinə qədər eyni gücdə yeni qaz kəməri çəkmək qərarından sonra yaranmış situasiyanın Azərbaycan qazının Avropaya nəqli planlarına mümkün təsirləri haqda artıq yazıb.

Doğrudur, Azərbaycan rəsmiləri Türkiyə ilə münasibətləri zədələməmək üçün Putinlə Ərdoğanın elan etdiyi razılaşmaya ümumiyyətlə şərh verməməyi üstün tutublar. Türkiyə rəsmiləri isə bildiriblər ki, Rusiya ilə yeni enerji sövdələşməsi Azərbaycanla enerji əməkdaşlığına təsir etməyəcək və Türkiyə üçün TANAP kəməri layihəsi prioritetdir.

Ancaq bunlar mətbuat üçün verilən şərhlərdir və Rusiya ilə Türkiyə arasında bu sövdələşmənin Azərbaycanın Türkiyə üzərindən Avropaya qaz nəqli planlarına təsiri qaçılmazdır.

Məsələ bundadır ki, “Qazprom” Türkiyəyə çəkməyə hazırlaşdığı və “Türk axını” adı verilən yeni qaz kəmərinin tikintisini Azərbaycanın “Şahdəniz-II” yatağından hasil olunacaq qazı Avropaya nəql etmək üçün nəzərdə tutulan TANAP və TAP kəmərlərinin tikintisindən daha əvvəl başa çatdırmaq vəzifəsini müəyyən edib. 

Bu gün - Azərbaycan prezidentinin Türkiyəyə səfəri ərəfəsində Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Maroş Şevçoviç Moskvaya səfər edib və “Qazprom” rəhbəri Aleksey Millerlə  görüşüb.


“Kommersant” xəbər verir ki, Miller Şevçoviçlə danışıqlarda “Cənub axını” kəməri layihəsinin birdəfəlik bağlandığını bildirib. O, Avropanın Ukrayna üzərindən qaz tranziti risklərini aradan qaldırmaq üçün “Türk axını” kəmərindən başqa variantının olmadığını deyib.

“Layihə bağlanıb. “Türk axını” qaz kəməri hazırda Ukraynadan tranzit olaraq Avropaya nəql edilən 63 milyard kubmetr qazın çatdırılması üçün yeganə marşrutdur. Başqa variantlar yoxdur. Bizim avropalı partnyorlarımız bu haqda məlumatlandırılıb və indi onların vəzifəsi Türkiyənin Yunanıstan sərhədindən başayaraq yeni qaz infrastrukturunu yaratmaqdır” - deyə Miller bildirib.

“Qazprom” rəhbəri “Türk axını” kəmərinin tikintisinin başa çatdırılması üçün sərt qrafik müəyyən edildiyini, işlərin 3-4 ilə başa çatdırılmalı olduğunu deyib. Müqayisə üçün qeyd edək ki, TANAP və daha sonra TAP kəməri ilə “Şahdəniz” qazının Avropaya nəqli ən tezi 2020-ci ildə başlayacaq. Başqa sözlə, “Qazprom” Türkiyə ilə “Türk axını” kəmərini daha tez-ən geci 2019-cu ildə istifadəyə verməyi planlaşdırır.

“Bu, olduqca və olduqca sərt qrafikdir. Həmin müddətə uyğunlaşmaq üçün Avropa İttifaqı ölkələri öz ərazilərində yeni magistral qaz kəmərlərinin tikintisinə elə bu gün başlamalıdır. Əks halda həmin həcmdə qaz başqa bazarlara gedəcək” - deyə Miller avropalı komissarı xəbərdar edib.

Bəs Avropa ölkələri nəyə görə tələsik öz ərazilərində yeni magistral qaz kəmərləri çəkməlidir?

Məsələ bundadır ki, “Qazprom” Qara dənizin dibindən, hazırda mövcud olan “Mavi axın” kəmərinə paralel “Türk axını” kəmərini Türkiyənin Yunanıstanla sərhədinə qədər çəkməyi planlaşdırır. Kəmərlə nəql olunacaq Rusiya qazı Türkiyənin Avropa ilə sərhədində yaradılacaq qaz “hab”ında-paylayıcı məntəqədə avropalı müştərilərə təhvil veriləcək. Oradan alınan qazı öz ərazilərinə qədər hansı yolla  nəql etmək isə artıq avropalı müştərilərin işidir.


Bu konstruksiya Cənubi və Mərkəzi Avropada qaz axınlarının konfiqurasiyasını tamamilə dəyişdirir. Üstəlik Türkiyənin tranzit ölkəsi kimi geosiyasi əhəmiyyəti qat-qat artır. Lakin işin mürəkkəb tərəfləri var. Aydın deyil ki, Yunanıstan, Türkiyə və Bolqarıstandan başqa “Qazprom”un digər müştəriləri Yunanıstanla sərhəddə yaradılacaq yeni habdan qazı necə alacaqlar. A.Miller məhz bu problemin həllini avropalıların öhdəsinə qoyur.

Çünki Macarıstan, Avstriya və Slovakiyanın qazla təchizatı üçün ildə 20 milyard kubmetr nəql gücünə malik yeni infrastrukturun yaradılması tələb olunur. Bu baxımdan aydın deyil ki, əgər “Qazprom” Türkiyə-Yunanıstan sərhədinə qədər 63 milyard kubmetr qaz nəql edə bilsə, onu kimə satacaq.

Ona görə də ekspertlər “Qazprom”un maksimum 40 milyard kubmetrlik kəmər çəkəcəyini, bu həcmin yarısının Türkiyəyə satılacağını, qalan hissəsinin isə Şərqi Avropa ölkələrinə satılacağını təxmin edirlər. Və məsələ yenidən  Azərbaycan qazına yaranacaq kommersiya risklərinə gəlir.

Çünki Azərbaycan TANAP kəməri ilə Türkiyəyə ildə 16 milyard kubmetr qaz nəql etməyi, onun 6 milyard kubmetrini daxili tələbat üçün Türkiyəyə satmağı, qalan hissəsini isə TAP kəməri ilə Yunanıstan və İtaliyaya nəql etməyi planlaşdırıb. Əgər “Türk axını” ilə nəql olunacaq dəfələrlə böyük həcmdə qaz Türkiyəyə satılacaqsa, o zaman Azərbaycan qazının bu ölkə üçün satış qiyməti aşağı düşəcək.

Digər tərəfdən, həcmcə daha az olan Azərbaycan qazı Türkiyə-Yunanıstan sərhədində müştərilərə təklif olunacaq Rusiya qazı qarşısında qiymət rəqabətinə tab gətirə bilməz.

Rusiyanın Qaz İttifaqının prezidenti Sergey Çijov “Kommersant FM” radiosunun efirində “Türk axını” layihəsini şərh edərkən deyib ki, bu kəmərin tikintisi üçün 3-4 il vaxtın müəyyən edilməsi tamamilə real müddətdir. Çünki “Cənub axını”nın Rusiya ərazisində tikintisi artıq başlamışdı və indi “Qazprom” üçün sadəcə olaraq kəmərin istiqamətini Türkiyəyə çevirmək və Yunanıstanla sərhəddə habın tikintisi qalır.

“Digər tərəfdən, biz doğrudan da bunu etməliyik. Çünki Avropa Türkiyə üzərindən Azərbaycana, ola bilsin gələcəkdə İran və Türkmənistana bağlanacaq yeni kəmərlərin tikintisini planlaşdırır. Əgər biz öz qaz kəmərimizi çəksək o zaman təbii ki, bu kəmər eksklüziv olacaq. Çünki bir neçə qaz kəmərinin eyni nöqtəyə istiqamətlənməsi məntiqli olmazdı” - deyə Çijov bildirib.

Beləlikə, “Qazprom”un planları məhz TANAP kəmərinin tikintisini qabaqlamaqdır və deməli Azərbaycan qazının daha əvvəl Avropa bazarına çıxmasını önləməkdir. Və bu, Ərdoğanla Putinin razılaşması sayəsində baş vermiş olacaq.

Sual yaranır: Türkiyə rəhbəri bütün enerji kartlarını alt-üst edən bu razılaşmaya gedərkən Azərbaycan prezidenti ilə məsləhətləşmələr aparıbmı? Və Azərbaycan doğrudanmı bu sövdələşmədən narahat deyil və “Şahdəniz” qazının Avropaya nəqlinə dair 40-42 milyard dollar investisiya tələb edən layihəni sakitcə həyata keçirə bilər?

Putinin ötən il dekabrın 1-də Ankaraya səfərindən bir gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevin Ərdoğanla telefon danışığı olub. Bu haqda rəsmi məlumatlar yayılmışdı və belə görünür ki, həmin telefon zəngi məhz bu suallara cavab almaq məqsədi güdürdü.

Türkiyə ilə strateji müttəfiqlik və tərəfdaşlıq münasibətləri Azərbaycan üçün nə qədər mühüm olsa da prezident İlham Əliyevin milli maraqların qorunmasından söhbət gedəndə nə dərəcədə kompromissiz mövqedən çıxış etdiyini hamı bilir. O cümlədən Sürix protokollarına aparan məlum proseslərin təcrübəsinə əsasən Ankarada bunu yaxşı bilirlər.

İndi prezident Əliyev üçün Ərdoğanla Türkiyə prezidentinin min otaqlı yeni sarayında üzbəüz oturub onun Putinlə yeni enerji sövdələşməsinin Azərbaycanın enerji maraqlarına, Türkiyə ilə enerji tərəfdaşlığının gələcəyinə və indiyədək bu sahədə bağlanmış müqavilələrə mümkün təsirləri haqda bütün suallara cavab ala bilmək imkanı yaranıb...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR