İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsəlman ölkələrində şəriət tərəfdarlarının sayı azalır – səbəbi...

1593 28.04.2016 23:14 Analitika A A
Əsrin əvvəllərində yüksəlişdə olan siyasi islamın zəifləməsinin səbəbləri haqda qeydlər

Türkiyədə dünyəvilik müzakirələrinin davam etdiyi bir vaxtda ABŞ-ın nüfuzlu sorğu mərkəzi olan “Pew” Araşdırma Mərkəzi müsəlman ölkələrində İslam dinin siyasət və məhkəmə sisteminə təsiri, yəni şəriət qanunlarına insanların münasibətini araşdırıb. Anket araşdırmasına 10 ölkədən 10 min insan cəlb olunub. Məlum olub ki, müsəlman ölkələrində bu mövzuda xeyli fərqli yanaşma var. 

Sorğu nəticəsində məlum olub ki, Quran hökmlərinin qanunlar və siyasətə birbaşa təsirinin olmasını, yəni şəriəti ən çox istəyən Pakistan əhalisidir. Bu ölkədə əhalinin 97 faizi qanunların Qurana uyğun olmasını istəyir. Yalnız 2 faiz əhali dinin siyasət və məhkəmə sistemində təsirinin olmaması tərəfdarıdır.

Anket araşdırması Türkiyədə də aparılıb. Məlum olub ki, qardaş ölkədə əhalinin yalnız 13 faizi dinin siyasət və qanunlarda tətbiqini istəyir. Əhalinin 36 faizi isə dini hökmlərin hüquq və siyasətdə heç bir rolunun olmamasına tərəfdarı deyil. Türkiyədə əhalinin 38 faizi isə Quran hökmlərinin diqqətə alınmasını, ancaq qanunlara birbaşa təsiri olmamasını dəstəkləyib. 

Yeri gəlmişkən, məlum olub ki, 2010-cu ildə aparılan oxşar araşdırma zamanı Türkiyə əhalisinin yalnız 27 faizi dinin siyasət və qanunlara təsirinə qarşı çıxıb. Bu isə onu göstərir ki, ötən 6 ildə Türkiyədə dünyəvilik tərəfdarlarının və ya şəriət əleyhdarlarının sayı 9 faiz artıb. 

Həmçinin araşdırmaya qatılan Fələstində əhalinin 65, İordaniyada 54, Malayziyada 52, Seneqalda 49, Nigeriyada 27, İndoneziyada 22, Livanda 15, Burkino Fasoda isə 9 faizi şəriət qanunları və ya sosioloji terminləri ilə desək, dini hökmlərin qanun və siyasətdə təsirinə tərəfdar olduğunu bildirib. Şəriət qanunlarına qarşı çıxanların ən çox olduğu ölkə isə Burkino Fasodur. Əhalinin 60 faizdən çoxu şəriətə qarşı çıxıb. Araşdırmada o da qeyd olunur ki. şəriət tərəfdarlarının daha çox olduğu ölkələr təhsil səviyyəsinin aşağı olduğu ölkələrdir. 

Yeri gəlmişkən, 2007-ci ildə Vaşinqton səfəri zamanı bizi “Pew” Araşdırma Mərkəzinin ofisinə də aparmışdılar. Həmin vaxt dünyada dinin təsiri ilə bağlı yeni araşdırma dərc olunmuşdu və mərkəzin ekspertləri bildirdi ki, Türkiyə islamlaşmanın sürətlə böyüdüyü ölkələrdən biridir. O zaman ekspertlərin araşdırmasına görə Türkiyədə əhalinin 71 faizinin dindar olduğu haqda nəticə əldə etmişdilər. O zaman Türkiyədə islam yüksəliş dövrünü yaşayırdı və bütün dünya üçün Türkiyə bir örnək ölkə idi. 

Ancaq aradan 9 il keçib və nəticələr xeyli fərqlidir. Ən azı əldə olan 6 illik nəticəyə əsasən şəriət qaydaları istəyənlərin sayı 9 faiz azalıb. Az deyil, amma ən mühüm odur ki, bu göstərici 10 il əvvəl İslamın yüksəliş dövrünü yaşayan ölkədə baş verir. Siyasi islam ideyasının 10 il əvvəl böyük təsir qoyduğu ölkələrdə vəziyyət indi dəyişir. Bunun yəqin ki, beynəlxalq siyasi faktorlar, daxili ictimai-siyasi, sosial amillərlə bağlantısı var. Təbii ki, bütün bu amilləri detallı şəkildə şərh etmək daha geniş araşdırma və uzun zaman tələb edir. Ancaq zənnimcə, bu vəziyyəti dəqiq izah edən ən mühüm amillərdən biri, bəlkə də birincisi siyasi iqtidarlarla bağlıdır. 

Bütün ideologiyalar kimi İslam da siyasi iqtidar ritorikasında yer aldığı gündən sonra xalq arasında təsirini itirməyə başlayır. Bunun çox ölkələrdəki nümunələrini göstərmək olar. Məsələ ondadır ki, İslam dini müsəlman ölkələrdə insanlar üzərində böyük təsirə malik olur və təbii ki, müsəlmanlar dinlə bağlı sözləri, çağırışları bir müqəddəslik nümunəsi olaraq qəbul edir. Bu səbəbdən də müsəlman ölkələrində islamçı siyasi qruplar və liderlər tez uğur qazanır. İnsanlar dinlə bağlı olan işlərin içərisində bir saflıq və müqəddəslik görürlər, inanırlar, hətta bəzən ilahi bir vəzifə olaraq qəbul edirlər. Nəticədə orta dindarlığın olduğu müsəlman ölkələrində dini partiyalar və dindar liderlər tez uğur qazanırlar. 

Amma bunun həm də tərs təpkisi də var. Müsəlmanların bir qayda olaraq siyasi iqtidar olan dindaşlarına olan ümidləri, gözləntiləri digər siyasi qrup və ideologiyalardan daha çox olur. Və təbii ki, bir müddətdən sonra ümid bağladıqları ilahi ədalət, bərabərlik, rifah və sair kimi dini dəyələri iqtidarlarda görmədikdə ilk olaraq zərbə dini-siyasi liderlərdən çox İslama dəyir. İnsanlar ümidsizliyə qapılır, siyasi islama olan ümidləri ilə birlikdə dinlə bağlı gözləntilərini də itirirlər. Bu bir növ təbii bir prosesə çevrilib. İranda, Fələstində, Misirdə, o cümlədən indi də Türkiyədə. 

Bütün inqilablar özündən sonra ümidsizlik gətirdiyi kimi, dini qrupların da iqtidarı bir müddətdən sonra dinə qarşı çevrilir. 



Kənan Rövşənoğlu, 
musavat.com 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR