İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşməni bağrına basmaq

1945 09.04.2015 13:25 Analitika A A
Ötən əsrin 30-cu illərinə aid olan məşhur bir politoloji termin var-paktomaniya. İndi hər şeydə keçmişin mistik izlərini axtaranlara həmin ifadənin dəqiq mənasını bilmək maraqlı olardı.

I dünya müharibəsinin kütləvi qırğınlarını hələ torpağa tapşırmamış Avropa ölkələrində savaş əleyhinə genişlənən milli hərəkatlar siyasi səhnənin önünə çıxmışdı. 1928-ci ildə 15 dövlət vahid bir sənədin altına imzalarını qoyaraq bir-birilə dalaşmayacaqları haqda razılığa gəlmişdilər.

Üstündən bir müddət keçəndən sonra “sülhpərvər” ölkələrin sayı 63-ə çatır və onlar milli siyasətin mühüm aləti olaraq, həmçinin müxtəlif maraqlarını gerçəkləşdirmək üçün hərbi gücdən istifadə etməyəcəklərinə dair yazılı öhdəlik götürürlər.

O vaxtlar siyasi xəritədə mövqelərini hələ yaxşı bərkitməmiş və dünyanın kollektiv təhlükəsizlik sistemində yer tutmağa çalışan Sovetlər Birliyi əsas aparıcı dövlətlər tərəfindən tanınmaq naminə nəinki bolşevik inqilabının ixracı ideyalarından əl çəkməyə hazır idi, eləcə də daxili qüvvələrini toparlamaq naminə vaxt udmağa hava-su kimi ehtiyac duyurdu. 1938-ci ildə özünün xalq komissarlığının xarici işlər nazirini - gələcəkdə həyat yoldaşını casusluqda və antisovet fəaliyyətində suçlayıb sürgünə göndərdiyi Polina Jemçujinanın ərini - Molotovu Hitlerin adamı ilə müqavilə bağlamağa göndərən yoldaş Stalin diplomatiya tarixində indiyədək ətrafında söz-söhbət kəsməyən sazişə doğru addım atır. Kim bilir, hər zaman qeyri-rasional sistemdə qərarlar verən “xalqlar atası”nın hesablamaları o zaman nədən ibarət olmuşdu - bəlkə nasional sosializmin sürət götürən qatarının zərbəsinə tuş gəlməmək və müharibə etməmiş böyük iştahasını almanların liderinə qəbul etdirmək üçün İosif Vissarionoviç bununla növbəti çoxgedişli kombinasiyasını qurmuşdu. “Ribbentrop-Molotov paktı” nəinki bir-birinə hücum etməmək haqqında zəmanətlər verirdi, eləcə də Almaniyaya və ya Sovet İttifaqına qarşı üçüncü dövlətin hərbi əməliyyatları başlayacağı təqdirdə tərəflər öz neytrallıqlarını qoruyub saxlamağa söz verirdilər.

Lakin paktın mətninə əlavə edilmiş və az qala 50 il gizli saxlanmış bəndlərdə isə “maraq zona”ları adı ilə əsil ərazi bölgüsünə gedilmiş, Qırmızı Ordunun bayrağı altına Moldova, Ukrayna, Polşa və Baltikyanı ölkələrin daxil edilməsinin hüquqi, hərbi əsası qoyulmuşdu.


İndi Stalini keçmiş xəyanətlərdə - xüsusilə, diktatura rejimi yaratmaqda və kainata təkbaşına ağalıq istəyində qınayanlar onun dünyəvi cinayətlərinin üstünə həmin sənədi də qoymağı unutmurlar. 

Ancaq müasir rus dövlətinin başçısı Putin ruh oxşarı saydıqları və idarəçilik texnologiyaları arasında paralellər apardıqları sələfinin-bəlkə də mənəvi liderinin əvəzindən mübahisəyə girərək bir dəfə söyləmişdi ki, əgər Sovetlər birliyi Almaniya ilə döyüşmək istəmirdisə, burda pis nə vardı ki? Yaxud, Polşanı bölməkdə suçladıqları halda nədən Hitlerin Çexoslovakiyaya hücum etməsi fürsətindən yararlanan polyaklar dərhal çex torpaqlarının bir hissəsini ələ keçirmişdilər”? 

Kifayət qədər kəskin suallardı və o dövrün reallığını əks etdirir. Məgər 1938-ci ildə Fransa və Britaniya alman faşistlərinin liderləri ilə belə sövdələşməyə getməmişdilər?

Ona görə də paktlar istər tiran rejimlərinin, istərsə də demokratik sistemlərin əlində sadəcə rəngli kağız parçasıdır. Çünki hərb meydanlarında tökülən qanlardan fərqli olaraq sülh sazişlərinə cəmisi bir neçə qram çernil xərclənir. İndi imzalanmağa böyük təntənə ilə və siyasi şövqlə hazırlaşdıqları Amerika-İran razılaşması kimi.

Paktomaniya II dünya müharibəsinin qarşısını ala bilməmişdi, çünki Avropada tüğyan edən ideologiyalar əqidə düşmənlərini başqa cür məğlub etməyin yolunu ortaya qoymamışdı. 3 apreldə Lozannada İranın nüvə məsələsi ətrafında şifahi əldə olunmuş konsensus eynən 77 il əvvəlki müqavilə ekizinin sanki yenidən doğuluşudur. Hətta o vaxtkı kimi tərəflər bir-birinə 10 il möhlət verirlər və hamını inandırmağa çalşırlar ki, sözləşmənin bütün hərfinə və ruhuna sona qədər sadiq qalacaqlar.

Doğrudanmı, 1979-cu ildən bu yana dünyanın bütün resurslarını səfərbər edərək İranın şər və iblis obrazını formalaşdırmağa çalışan Qərb hələ niyyət protokolu səviyyəsində olan sövdələşmənin gələcəyinə belə nikbin baxır? Axı cəmi on iki ildir atom bombası yaratmaq planına girişmiş bir müsəlman ölkəsinin nüvə silahı  ideyasından qabaq okeanın o tayından ona qarşı diversiya, sanksiya və ticari embarqoların tam bir buketi, çeşidli seriyaları işə salınmışdı. Çünki düşmənçiliklərə son vermək müasir imperiyaların işi deyil.Əks halda yüz minlərlə diplomatik personala malik nəhəng idarələr, kəşfiyyat mərkəzləri və ən əsası  külli miqdarda büdcə vəsaitlərini sümürən ordular gərək işsiz qalsınlar.


İranın nüvə proqramını on iki ildir əsas gündəliyinə daxil etmiş siyasi paytaxtlar üçün yeni şəraitdə daha böyük və İrandan fərqli təzə düşmən obrazı qlobal ağalıq planı üçün qaçılmazdır. 

Əslində isə Amerika üçün Qüdsün müqəddəsliyi uğrunda savaşan və müsəlman dünyasının müqavimət mərkəzinə çevrilən bir ölkənin islami varlığı, sitayiş etdiyi peyğəmbəri və idarəçilik üsulu hər hansı kütləvi qırğın silahlarından daha böyük təhlükə olaraq qalır və nüvə bombası haqda düşünməyən 90-cı illər İranına qarşı tətbiq olunanlar da dediklərimizi təsdiqləyir.

Yaxşı xatırlayırsız yəqin, inqilabın ilk zərbəsini səfirlik binasına vurmaqla başlayan və 66 amerikalı diplomatı uzun müddət girova çevirən dini lider Xomeyni onu səmavi xilaskar kimi qarşılayan milyonların üzərindən hamıya mesaj vermişdi ki, “böyük şeytan”la savaşları uzun sürəcək. Bununla da əsası qoyulmuş ruhaniyyət sistemi dünya düzəninə yeni ahəng qatmışdı, anqlosaks dəyərlərinin alternativi olduğunu sübuta yetirmişdi.

Xristian aləmi üçün Məhəmməd peyğəmbərin doğulduğu torpağa sahiblənmək və Allah evinin başına dolananları nəzarətdə saxlamaq belə müsəlman dünyasının çəkili bir hissəsini itaətsizlik müharibəsindən daşındıra bilmədi. Ona görə ərəb coğrafiyasında mövcud olan və keçmişin qalığını xatırladan rejimlərlə müqayisədə İranın dövlət quruluşu daha cazibədar olub-axı burada Allahın yerdə insan surəti ilə çıxış edən başçısı Fələstin uğrunda güzəştsiz bir xətti izləməklə yüz illərdi ki, Məkkəyə və Mədinəyə sahiblik edənlərdən daha çox din qardaşlarına yardım əlini uzatdığını göstərməyə çalışır. 


“Həmas”ın və ya “Hizbullah”ın terror siyahılarında baş yerləri tutması onları hədəflərindən yayındıra bilməz Tehranda yaxşı bilirlər ki, həmin siyahıları tərtib edən mərkəzlər sabah Beytül-müqəddəsi tamamilə ələ keçirəndən sonra növbəti səlib yürüşünün ünvanı imam Əlinin ruhuna səcdə edənlərin torpaqları olacaq.

Demokratiyanı vaxtilə süngü gücünə yayan, bununla da neft-qaz səltənətinə yiyələnən  Qərbin siyasi sistemi nə qədər pərdələnsə də uzun on illər boyu diktatura quruluşlarının himayəçisi olduğunu gizlədə bilməz. Kral Fəthin matəm törəninə qatılan və az qala nəşi altına girməyə hazır olan avropalı hökumət başçılarını yəqin unutmamısınız. Lakin İrandakı vahid ruhani liderlərlə yanaşı, xalqın seçimindən keçən və dörd illik müddətdə prezidentlik mandatı qazanan demokratik siyasi mübarizə səhnələrini də heç kəs inkar edə bilmir. Burada müəyyən hakimiyyət bölgüsü prinsipləri ilə yanaşı, cəmiyyətin mənəvi simasını əldə saxlayan və sərhədsiz azadlıqlar virusundan qorunmağa qadir olan təsisatlara da geniş yer verilib. 

Ona görə də şiə məzhəbinin daşıyıcıları-islam dünyasının çəkili bir hissəsinin ikinci Kəbəsinə çevrilən bir ölkə yaşadığı və mübarizə apardığı inancları ilə atom silahından daha böyük qüvvədir və belə qənaətə gələn Reyqan hökuməti, sonrakı prezidentlər isə atom silahını hazırlamaq səbəbi ilə radioaktiv obyektləri, əslində isə bütün İran torpaqlarını bombalamağa hazır idilər. Hətta oğul Buş dönəmində Amerika-İran gizli ticarəti və danışıqları aparılmasına baxmayaraq, BMT də Birləşmiş Ştatları təmsil edən səfir Con Bolton hərbdən başqa yolun qalmadığını, hətta müharibənin tarixini də göstərməkdən çəkinməmişdi.

Beləliklə, həqiqi Qərb modelinə alternativ olan İranın islami varlığı teokratik, klerikal, ayətullahlar məmləkəti adlanmağından asılı olmayaraq, Sovetlər birliyi qədər Amerika üçün başağrısı deməkdir.

Qərb bir-birinin ardınca öz üsul idarələrini başqa məkanlara yaydıqca İranı terrorizmdə günahlandırıb onu iqdisadi təcridetmə ilə boğacağını düşünürdü. Lakin ələbaxan ərəb monarxiyaları ilə müqayisədə fars dövlətçiliyi daha dayanıqlı çıxdı. Uzun on illər boyu həm siyasi, həm də dini ələsalmanın sloqanına çevrilmiş “molla rejimi” ifadəsi mistik mason-anqlosaks diplomatiya məktəblərinin gücündən geri qalmadı, əksinə, sonda onların fövqünə yüksəlməyi bacardı.

Bəli sanksiyalar və təcridetmə siyasəti bəhrəsini verdi-millətin iqtisadi gücü sarsıldı, lakin xalq nə qədər zəifləsə də hakimiyyət bir o qədər möhkəmlənməkdə davam etdi. Bunu meydanlara çıxan milyonlarla insanın Xameneinin işarəsi ilə necə hərəkət etdiyi də təsdiqləyir.

Bütün bunlar nəyin hesabına baş verdi - xalqın dözümü, fars imperiyasından qalan ənənələr, yoxsa, müqəddəs kitablarla yanaşı, dünyanın gizli idarəçilik sirlərinə sahib olmaqla-bütün cavablar ikinci dərəcəlidir. Fakt budur ki, İran hələ atom bombası yaratmamış  düşmənlərindən istədiklərini qopara bildi və döyüşün növbəti raundu üçün əlverişli mənəvi, iqtisadi, siyasi, hətta hərbi üstünlüklər qazandı.

İndi 30 iyun razılaşması qarşısında hamını düşündürən sual  Suriya məsələsində heç bir güzəşti tanımayan və Əsəd hakimiyyətini qoruyub saxlayan Tehranla necə dil tapılacağı məsələsi deyil.Nüvə problemi ətrafında danışıqları həm də rejimini saxlamaq vasitəsi kimi görən Bəşərin qətiyyən satılacağı, yaxud şiə xəyanəti ilə qarşılaşacağı gözləntisi yoxdur. Əksinə, 3 aprel həm də Yaxın Şərqdə İranın maraqlarının tanınmasını və geopolitik çəkisinin artmasını rəsmiləşdirən gün deməkdir.

İndi Yəmənə koalisiya şəklində hücuma keçən  ərəb orduları da şiə qurşağı ilə üz-üzə qaldıqlarını yaxşı bilirlər. Söhbət heç də Amerikanın İranı özünə yenidən müttəfiq etməklə ənənəvi qaydada Yaxın Şərqin təsir dairələrinə bölünməsindən və bəlli əraziləri farslara peşkəş etməsindən getmir. Bu yerdə heç Rusiyanın mühüm regional dayaqlarından məhrum edilməsi də söz mövzusu deyil.


İndi İraqda Səddam rejimi devriləndən sonra hakimiyyətə gətirilmiş marionet rejimlərin ayaqda qala bilmədiyindən onların şiə platforması ilə silahlanması və dünyada islam bayrağı altına keçənlərin sayının artması ilə baş qaldıran xofun qarşısını almaq üçün Türkiyə kimi ehtiyatlı oyunçudan daha güclü müttəfiqə ehtiyac duyulur. İŞİD İranı düşmənçilikdən çıxarmaqda Amerikaya kömək etdi. 

Lakin Qərbə güclü İran heç vaxt sərfəli ola bilməz. Ona görə dünya çapında hər gün qaralanan Məhəmmədin dinini terorçuların əlindən xilas eləmək üçün Ağ Ev qara daşın başına dolanmağa deyil, ruhani hakimiyyətinə üz tutub. Deməli, ərəb ölkələrində inqilab havasına köklənmək min illik tayfa idarəçiliyinin və klanlararası ziddiyyətlərin qarşısında dayanan bəndi ortadan qaldırmaq deməkdir. Bu isə nəticə etibarilə, böyük bir qitədə aramsız müharibələrə, yeni xilafət quruculuğu ideyalarının müsəlmanlar yaşayan bütün ərazilərə yayılmasına yol aça bilər. Məğlubiyyət hissi altında olmaq, qisas duyğusu ilə yaşamaq və dini düşmənlərindən intiqam almaq planları bir Şarli faciəsinə dözməyən Qərbin sakitliyi və əmin-amanlığı üçün ciddi təhlükədir. İran xristian dünyasına bax burda lazımdır. 

Özünün raketləri, inqilab keşikçiləri və bəsic qüvvələri ilə. Bir şərtlə ki, İsrailin varlığına təhlükə törətməsin və İraqı, Suriyanı, Yəməni buraxıb Kəbəyə göz dikməsin. İŞİD-i boğandan sonra nüfuzu güclənən İranın çoxları üçün növbəti kabusa çevrilməməsi MAQATE adı ilə onların içərilərinə yeriyən casus şəbəkəsinin nəzarətindən, ona Avropa qaz və neft bazarında veriləcək kvotalardan asılı olacaqdır.

Lakin Barak Obamanın Kubadan sonra ikinci düşmənini qucaqlamağa hazır olmasının bir ayrı-həm də daha önəmli sirri var. Bəlkə də o heç bir haqq etmədiyi Nobel mükafatını bu yolla doğrultmaq istəyindədir. Amerika prezidenti əsil Trotski kimi daimi inqilab nəzəriyyələrinə inanaraq belə bir qənaəti bölüşür ki, qapıları açmaq. ideyaların mübadiləsini aparmaq və bu gün meydanlarda sanksiyalardan qurtulacağını bayram edən gəncləri Qərb dünyası ilə tanış etmək İranın bir dövlət kimi iflasını sürətləndirəcəkdir. Vaxtilə Reyqan Qorbaçov üçün nələri etmişdisə, indi onun varisləri Cenevrədə əsil avropalı libasına bürünmüş Məhəmməd Zərifə oxşar canıyananlığı və xidməti göstərməyə çalışırlar. Axı popun, repin, cazın və digər azadlıq marşlarının qarşısında heç sovet hökuməti duruş gətirə bilməmişdi. İndinin kütləvi qırğın silahları olan ayfonların və onun analoqlarının qabağında dayanmaq həqiqətən İran xalqı üçün çətin olacaq.

Amerikalılar Stalinin “düşməni öldürmək üçün onu bərk-bərk bağrına basmaq lazımdır” nəsihətindən görünür, yaxşı nəticə çıxarıblar. Axı Kremlin keçmiş rəhbərini Hitlerlə əvvəlcə müttəfiq olmağa sövq edən səbəblər bu gün  tam miqyası ilə Amerika-İran müttəfiqliyində özünü təcəssüm etdirir. Hətta Moskvaya gələn Ribbentrop özünü burda “dogma evində və keçmiş yoldaşları arasında olduğu kimi” hiss etdiyini söyləyirmiş. İranın Ağ Evdə simpatizanları olmasa da günün birində Tehranda Birləşmiş Ştatların səfirliyinin açılacağına heç şübhəniz olmasın. Bu isə artıq müharibənin yeni səhifəsi demək olacaq.

İndi İran sitayiş etdiyi müqəddəs Quranın, zənginləşdirdiyi uranın və bəşəriyyəti fiziki deyil, mənəvi məhv edən yeni kütləvi qırğın silahlarının - facebookun, tvitterin, hər yerdə elektron casus qurğularına çevrilmiş və sanki Allahın ekranından insanlığı izləyən iPAD-lərin, androidlərin zərbəsindən qorunmalıdır.

Ona görə qədim fars müdrikləri müasir dövrün vuruşlarına nəzər yetirib yəqin bunu söyləyərdilər: “rəqibinə sonsuz nifrət edə bilərsən, lakin onun silahlarının aşiqinə çevrilib düşməninə qalib gələ bilməzsən”!

Zahid ORUC, 
Milli Məclisin deputatı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR