İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikadan Rusiyaya yeni Suriya planı

803 15.07.2016 02:10 Analitika A A
Vaşinqton Moskvaya Suriyada terrora qarşı birgə mübarizə və siyasi həll planı təklif edir

Moskvaya səfər edən ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti ilə görüşə yeni Suriya təklifləri aparır. Vaşinqton Post qəzeti yazıb ki, Kerri Putinə Suriya münaqişəsinin həlli ilə bağlı plan təklif edəcək. 

Əl-Cəzirənin məlumatına görə, ABŞ hökumətinin yeni planına əsasən Amerika və Rusiya hərbçiləri Suriyada terrora qarşı mübarizəni vahid koordinasiya mərkəzindən aparacaq. Hər iki ölkə silahlı qüvvələri İŞİD və ən-Nusra təşkilatlarının mövqelərini birgə bombalayacaq, əməliyyatlar vahid mərkəzdən idarə olunacaq və kəşfiyyat mübadiləsi aparılacaq. Yeni qurulacaq “Müştərək İcra Qrupu” adlı əməliyyat qərargahı isə İordaniyanın paytaxtı Əmmanda fəaliyyət göstərəcək. Bundan başqa 8 səhifəlik təklifdə quru əməliyyatları zamanı Suriya ordu qüvvələrinin yalnız birgə qərargahın müəyyən etdiyi hədəflərə hücum edəcəyi qeyd olunur.

ABŞ-ın planında Rusiyanın Suriyadakı atəşkəsə riayət edilməsi təklif olunur və Vaşinqton Moskvadan Suriyada siyasi keçidin təmin olunmasına dəstək verməsini istəyir. C.Kerri Putinə təkliflərinin detallarını açıqlamayıb, Moskvada Rusiya prezidenti ilə Suriya münaqişəsini müzakirə edəcəyini deməklə kifayətlənib. 

Rusiyanın Vaşinqtonun bu planına necə dəstək verəcəyi bəlli deyil, ancaq şərtlərə baxsaq, görünür ki, Obama Putinə bir razılaşma təklif edir. Bu təklif hər iki tərəfin maraqlarını müəyyən mənada təmin edir və problemin həllini sürətləndirə bilər. Medianın açıqladığı detallardan belə məlum olur ki, ilk növbədə tərəflər mərkəzləşdirilmiş şəkildə terrora qarşı mübarizəni intensivləşdirmək, eləcə də, dünyəvi müxalifəti Rusiyanın zərbələrindən qorumağı, sonda isə Suriyada yumşaq keçidi nəzərdə tutur. 

Çünki Rusiya bəyan edib ki, onun üçün Suriyada öncəlik terrorun məhv edilməsidir. Vaşinqton isə Rusiyanın bu istiqamətdə necə deyərlər, bəhanəsini kəsmək üçün İŞİD və eləcə də ən-Nusra kimi terror təşkilatlarına qarşı birgə mübarizə təklif edir. Bu mübarizənin uğurla nəticələnməsi ikinci mərhələdə Suriyada keçid dönəmini gündəmə gətirir. Burada isə Vaşinqton Rusiyaya Bəşər Əsədin getməsi və bunun qarşılığında hakimiyyətin də daxil olduğu siyasi qüvvələrin ortaq keçid hökumətinin qurulması, yeni konstitusiyanın qəbulu və seçkilərin keçirilməsi kimi mərhələli həll planı göstərir. 

Qeyd edək ki, hazırda bütün tərəflərin razılaşa bilmədiyi yeganə məsələ Bəşər Əsədin taleyidir. 

Müxalifət, eləcə də Qərb ölkələri, o cümlədən Türkiyə və ərəb dövlətləri Əsədin getməsini əsas şərt olaraq irəli sürür. İran, Rusiya, Çin isə bu təklifə qarşıdır və ya ən yaxşı halda prezidentin taleyinin xalq tərəfindən, yəni seçki ilə həll olunması arqumentini irəli sürür. Bu günlərdə ABŞ televiziyasına müsahibə verən Bəşər Əsəd özü də Rusiyadan ona vəzifəsini tərk etməklə bağlı təklif irəli sürülmədiyini deyib. Ancaq Suriyada savaşın bitməsi və problemin tezliklə həll olunması üçün böyük ölkələrin razılaşması mümkündür. 


Kənan
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR