İnsanlara hürriyət, millətlərə istiqlal!

Aldığı borcu qaytarmayan əmisi oğlunu bıçaqlayan şəxsə hökm oxunub

558 11.12.2018 18:11 Kriminal A A

Əmisi oğlunu bıçaqlayan şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən İsmayıl Hümbətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Ismayıl Hümbətov barəsində şərti cəza təyin edilib. Onun ilk dəfə cinayət əməli törətməsi, himayəsində iki azyaşlı övladının olması, zərərçəkmişlərin barışması və əməlindən peşman olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Zərərçəkmiş Vasif Hümbətov da əmisi oğlunu bağışladığını deyib.

Bildirək ki, prokuror İsmayıl Hümbətovun törətdiyi əmələ görə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İsmayıl Hümbətov paytaxtın 3-cü mikrorayonunda yerləşən bazarda meyvə-tərəvəz satışı ilə məşğul olub. Məlumata görə, İsmayıl Hümbətov əmisi oğlu Vasif Hümbətova 30 min dollar borc verib. Vasif Hümbətov xaricdən meyvə-tərəvəz gətirməklə məşğul olub. O, əmisi oğluna biznesini genişləndirmək üçün pul lazım olduğunu, qarşılığında ona da əlavə gəlir verəcəyini bildirib. Bu məqsədlə də İsmayıl Hümbətov qayınatası Adəm Hüseynovdan 30 min dollar alaraq ona verib. Daha sonra Vasif işlərinin yaxşı getmədiyini deyib və borcu qaytarmayıb.

İttihamda yazılır ki, İsmayıl Hümbətov özünün "Ford Tranzit" avtomobilini 6 min manata satıb, həyat yoldaşının qızılları lombarda qoyaraq 3700 manat götürüb. Həmin pulları qayınatasına qaytarıb. Vasif də sonra ona 10 min dollar qaytarıb. Qalan 20 min üçün isə hər dəfə bəhanə uyduraraq gecikdirib. İsmayıl pulu almaq üçün Vasiflə görüşüb, bu zaman Vasif pulu olmadığını deyib. İsmayıl əsəbləşərək ona bir sillə vurub, Vasif isə "bu silləni sənə yedizdirəcəm" deyib.

İsmayıl Hümbətov onun bu sözündən sonra hiddətlənərək Vasifin kürəyindən 3 bıçaq zərbəsi vurub. Daha sonra taksi çağıraraq onu xəstəxanaya aparıb. Həkimlərin müdaxiləsi nəticəsində V.Hümbətovun həyatını xilas etmək mümkün olub.

İlkin Muradov,
Musavat.con

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR