İnsanlara hürriyət, millətlərə istiqlal!

Aldadılmış iş adamları “Dələduz Qədim Ədilov cəzalandırılsın!” şüarı ilə aksiya keçirəcək

3473 11.09.2017 18:14 Ölkə A A

Tikinti bazarında, özəlliklə taxta-şalban biznesi ilə məşğul olan bir qrup sahibkar baş prokuror Zakir Qaralova, ölkə rəhbərliyinə müraciət ünvanlayıblar. Surəti redaksiyamıza göndərilən, sahibkarlardan bir qisminin - Məmməd Cəfərov, Natiq Hümbətov, Rövşən Məhərrəmov və Xaləddin Yusibovun imzaladıqları müraciətdə deyilir:

- “Sizə artıq 3 ildən artıqdır məşhur dələduz Qədim Ədilov tərəfindən aldadılaraq bütün pulları, əmlakları əlindən alınmış, şikayətləri neçə illərdir laqeyd məmurların masalarından o tərəfə keçməyən, hüquqları tapdalanmış və son çarə olaraq Baş Prokurorluq və Prezident Aparatı binası qarşısında etiraz aksiyaları keçirmək istəyən vətəndaşlar olaraq müraciət edirik. Diqqətinizə çatdırmaq istəyirik ki, Qədim Ədilov bir mənzili 2-3 adama satan mənzil dələduzlarını çox-çox arxada qoyub. O, 2014-cü ildə hər bir vaqon taxta məhsulunu 8-10 adama “sataraq” pulları mənimsəyib və nəticədə heç kəsə heç bir mal vermədən bizlərin hər birinə 100 min dollardan 200 min dollara qədər pul “atıb”. İnşaat malları bazarında sadəcə 7 nəfərin 750 min dollar, ümumilikdə 10-15 nəfərin bizdə olan məlumata görə 1 milyon 800 min dollar pulu dələduz Qədim Ədilov tərəfindən mənimsənilib”.

Müraciət müəllifləri yazırlar ki, 2015-ci il oktyabrın 10-da şikayətləri əsasında Q.Ədilov barəsində CM-nin 178.2.2 və 178.3.2 maddələri ilə 150066098 nömrəli cinayət işi başlanıb: “Sonradan dələduzun özü kimi dələduz məsləhətçiləri onun adını “MTN işi” üzrə “zərərçəkmişlər”siyahısına saldırdılar. Bundan sonra o, prokurorluqdakı havadarları vasitəsi ilə cinayət işinin xitamına nail oldu.

Hazırda Qədim Ədilov öz dələduzluq əməllərini davam etdirərək, yeni-yeni vətəndaşların pullarını ələ keçirir və ictimai yerlərdə: - Mən prokurorluq işçilərinə pul ödəyirəm, mənə heç kəs heç nə edə bilməz - deyə lovğalanır. Bizim çoxsaylı şikayət ərizələrimiz lazımi yerlərə çatmır. Prokurorluqda bizi heç cürə baş prokurorun qəbuluna buraxmırlar. Nəticədə Qədim kimlərə arxalanırsa bizi o şəxslər qarşılayıb məntiqsiz cavablarla yola salırlar. Ona görə də baş prokurordan xahiş edirik ki, bizi qəbul edib şikayətimizi dinləsin. Son tikə çörəkləri dələduz Qədim tərəfindən əllərindən alınmış oğul uşağımızı, nəvələrimizi də götürüb əvvəl Baş Prokurorluq sonra da Prezident Aparatı qarşısında “Dələduz Qədim Ədilov cəzalandırılsın!”, “Dələduzlar həbsə!” şüarları və plakatları ilə oturaq aksiya keçirmək məcburiyyəti ilə üz-üzə qalmışıq. Ümüdvarıq ki, bizi belə tədbirlərə əl atmaq məcburiyyətində qoymayacaqsınız!”

E.MƏMMƏDƏLİYEV, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR