İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın İranla barışmazlığının səbəbi

1814 12.12.2018 21:07 Dünya A A

İranın ali dini lideri Seyid Əli Xameneyi xəbərdarlıq edib ki, ABŞ gələn il İranda təxribat planı hazırlaya bilər. Dini lider deyib ki, son iki ildə ABŞ-ın İrana qarşı təzyiqləri artıb və əlavə edib ki, Vaşinqton iqtisadi embarqolar, eləcə də təhlükəsizlik problemləri ilə İranda separatizmə yol açaraq vətəndaş müharibəsi planlaşdırır.

Ayətullah Xameneyi ABŞ rəsmilərinin bu ilin əvvəlində “İran rejimi 40-cı illiyini görə bilməyəcək, bu yay İran üçün çox isti keməcək” kimi açıqlamalarını xatırladaraq “bu yay çox sakit oldu, İran xalqı hazırlıqlı olmalıdır, gələn il xaos yaratmağa çalışa bilərlər” deyib.

Məlum olduğu kimi, Tramp prezident seçildikdən sonra İrana qarşı Vaşinqtonda münasibət dəyişib. ABŞ rəsmiləri Tehranı yenidən Vaşinqtonun Yaxın Şərq regionundakı əsas düşməni elan edib.

Nəhayət, bu ilin mayında ABŞ prezidenti birtərəfli qaydada nüvə anlaşmasından çıxıb və avqustda İrana qarşı sanksiyaları elan edib. Noyabrın 4-də isə ABŞ-ın İrana qarşı embarqolarının növbəti - ikinci dalğası işə salınıb.

Amerikalıların İrana qarşı ikinci və ağır sanksiyaların başlandığı təqvimi xüsusi olaraq seçib. Məhz 39 il əvvəl 1979-cu il noyabrın 4-də əsasən iranlı tələbələrdən ibarət qrup Tehranda ABŞ səfirliyinə hücum edərək əməkdaşları girov götürərək səfirliyi ələ keçirib. Səfirliyin dağıdılması və 66 nəfər işçinin girov götürülməsi hadisəsi onsuz da inqilabdan sonra pisləşən ABŞ-İran münasibətlərində kulminasiya nöqtəsi olub.

Səfirlik hadisəsindən sonra iki ölkə arasında münasibətləri düşmənçilik səviyyəsinə yüksəlib. Sonrakı il ABŞ ordusunun hazırladığı xüsusi əməliyyat qrupu İranın mərkəzindəki Təbəs çölünə desant çıxarıb. Əməliyyat planına əsasən xüsusi təyinatlılar buradan quru yolla Tehrana hücum edəcək, girov səfirlik əməkdaşlarını azad edib çıxmalı idilər. Ancaq əməliyyat hava şərtləri səbəbindən uğursuz olur və əməliyyat baş tutmur.

Gələn ilin fevralında isə İranda İslam İnqilabının 40 ili tamam olacaq. Ötən ilin dekabrında İranda sosial tələblərlə qəfil başlayan və daha sonra bütün narazı siyasi qrupları da öz işinə alan etirazlar hökumət tərəfindən xaricdə hazırlanmış provokasiya elan edildi. Və qeyd olunduğu kimi, Tehran ABŞ-dan daha böyük təxribatlar, hətta vətəndaş müharibəsi gözləyir. Yeri gəlmişkən, Tramp prezident kimi fəaliyyətə başladıqdan az sonra Mərkəzi Kəşfiyyat İdarəsinin İranla bağlı bölümünə Yaxın Şərqdə gizli sui-qəsdlər və kəşfiyyat müharibələrinin ustası kimi tanınan və İrana nifrəti ilə seçilən “Ayətullah Mayk” ləqəbli təcrübəli kəşfiyyatçı Maykl D’Andreanı təyin edib.

ABŞ-ın bin Ladeni öldürdüyü əməliyyatdan bəhs edən filmdə də xarakteri yer alan təcrübəli kəşfiyyatçı Pakistan, Yəmən kimi ölkələrdə pilotsuz aparatlarla hava zərbələrində rolu olub. 2008-ci ilin fevralında Dəməşqdə Hizbullah komandiri İmad Muğniyənin qətlində də Maykl D’Andreanın adı keçir.

Məhz D`Andreanın təyinatından az sonra 2017-ci ilin yayında Tehranda silahlıların hökumət binalarına hücumu baş verib. Bu ilin payızında isə silahlılar Əhvazda hərbi parada hücum etdilər.

İndi isə belə bir aktual sual meydana çıxır. Nədən ABŞ hakimiyyəti İranla münasibətləri yenidən pozmağa qərar verdi? Özü də bu qədər sərt və amansız formada.

Əlbəttə, İranda hazırkı hakimiyyətin formalaşdığı 1979-cu il 11 fevral inqilabından sonra onsuz da ABŞ-İran münasibətləri pisləşib, Amerika səfirliyi işğal olunub, Pentaqonun İrana desant əməliyyatı baş verib. Ortada düşmənçilik üçün çox hadisələr olub. Amma 2015-ci ildə Obama administrasiyası sübut etdi ki, siyasətdə əbədi dost və düşmən anlayışı yoxdur. Uzun sürən danışqılardan sonra “altılıq” ölkələri ilə İran arasında anlaşma imzalandı, böyük düşmənçilik unuduldu.

Ancaq aradan 3 il keçməmiş ABŞ-ın yeni prezidenti bu müqavilədən nümayişkaranə surətdə çıxdığını bəyan etdi və ardınca münasibətləri əvvəlki səviyyəyə gətirəcək sanksiyalar gündəmə gəldi. Artıq bir neçə sanksiya qəbul olunub, noyabra qədər isə köhnə sanksiyalar bərpa olunacaq və yeniləri qəbul olunacaq.

ABŞ hökuməti rəsmi olaraq bəyan edib ki, İran nüvə fəaliyyətini tamamilə dayandırmalı, ballistik raket proqramlarını ləğv etməli və nəhayət Yaxın Şərqdəki fəaliyyətlərini, silahlı qruplara dəstəyini dayandırsa, o zaman Tehranla barışa bilər. Ancaq aydın məsələdir ki, Tehran bununla razı olmayacaq.

Hətta mühafizəkar kəsim nüvə anlaşmasının özünə belə etiraz edirdi, Trampın son qərarını isə top-tüfənglə qarşıladı. Artıq bir çox mühafizəkar siyasətçi nüvə anlaşmasının başa çatdığını bildirir. Yəni praktik olaraq İranın indiki şərtlərdə ABŞ-ın, daha doğrusu Tramp komandasının şərtlərini qəbul etməsi mümkün deyil. O zaman sual yaranır: Münasibətlərin bu şəkildə düşməncəsinə olmasını kim və niyə istəyir?

Müşahidəçilərə görə, ABŞ-ın hazırkı administrasiyasının İranla bağlı mövqeyinin arxasında bir neçə amil dayanır. Bu faktorlar və eləcə də maraqlı qüvvələr Ağ Evin bu qədər kəskin dönüş etməsi üçün Trampa təsir göstərirlər. Şübhəsiz ki, bu qərarın arxasında dayanan ən böyük səbəb İranın regionda artan gücüdür. Vaşinqton təbii olaraq Tehranın Yəməndən Livana, Suriyaya qədər yayılan təsir gücündən narahatdır. Və xüsusilə də Fələstindəki roluna görə qəzəblidir.

Paralel olaraq İsrailin təhlükəsizliyi amilini qeyd etmək lazımdır. Çünki Tehranın dəstəklədiyi qüvvələr, o cümlədən Hizbullah və Həmas, İslami Cihad kimi qruplar İsraili birbaşa təhdid edir. İsrail və onun Vaşinqtondakı dəstəkçiləri də bilir ki, İranın Yaxın Şərqdəki gücü zəiflədilmədikcə İsrail üçün təhlükə qalacaq. Üstəlik 10-15 il əvvəllə müqayisədə bu qruplar daha təhlükəlidir. Hizbullah, Həmas, İslami Cihad kimi silahlı qruplar Suriya müharibəsində və eləcə də İsraillə savaşda ciddi təcrübə toplayıb və böyük miqdarda silah-sursata sahib olublar.

Digər tərəfdən, Suriya savaşının sona yaxınlaşması, Bəşər Əsədin İranın dəstəyi ilə qalib gəlməsi onun üzərində Tehranın daha böyük təsiri deməkdir.

Yəni növbəti bir savaşda şübhəsiz ki, Əsəd tərəddüd etmədən qapılarını İsrail əleyhdarı koalisiyaya açacaq və onları hər cür silah və sursatla, hərbi qüvvə ilə təmin edəcək. Yəni Suriya müharibəsi hazırda İsrail üçün ən uğursuz ssenari ilə nəticələnir. Bu səbəbdən də hazırkı sonluq İsrail üçün ciddi risk amilidir. Buna görə də İsrail rəsmiləri Suriyada İŞİD-in qalib gəlməsini İran və dəstəklədiyi qüvvələrin qalib gəlməsindən daha faydalı hesab edir. İranın Suriyada təsirini azaltmaq lazımdır, çünki əks halda müqavimət qrupları daha da fəallaşacaq.

Eyni zamanda İranla münasibətlərin gərginləşməsi, Tehranın “şər üçbucağı”na daxil edilməsi regiondakı ərəb ölkələrini ABŞ-a daha da yaxınlaşdırır.

Körfəz ölkələrinə aqressiv İran qarşısında etibarlı və güclü müttəfiq lazımdır. “Yaxşı polis” rolunu isə ABŞ çox gözəl oynayır. Xüsusən də Tramp bu obrazı çox gözəl ifa edir. ABŞ-ın hazırkı administrasiyasına Yaxın Şərqdə daha aktiv fəaliyyət göstərməsi üçün ideoloji və siyasi bri düşmən lazımdır.

Belə bir düşmən roluna isə İran çox uyğundur. Bu vəziyyət region da daxil olmaqla neft istehsalçısı olan hər kəsə sərf edir. Bir tərəfdən neft qiymətləri bahalaşır, digər tərəfdən isə silah sənayesi böyük məbləğdə sifarişlər alır. Təkcə ötən ilin may-iyun aylarında Səudiyyə Ərəbistanı və Qətər arasında məlum münaqişə zamanı ABŞ Səudiyyə Ərəbistanından 110, Qətərdən isə 12 milyard dollarlıq silah sifarişi aldı. Siyahıda başqa region ölkələri də var.

Yəni istənilən halda bu prosesin qazananları var və baş verənlər maraqların təminatı siyasətidir.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR