İnsanlara hürriyət, millətlərə istiqlal!

Abituriyentin “qızıl medalı”...

2720 04.12.2018 17:27 Yazarlar A A

Ali məktəblərə qəbul imtahanlarında abituriyentlər arasında “medallı-medalsız” fərqinin qoyulması ədalətsizlik olmayacaqmı?

Hər bir normal dövlətin inkişaf perspektivləri ilk növbədə həmin ölkənin təhsil sisteminin səviyyəsinə birbaşa bağlıdır. Yəni dövlətlərin inkişaflarının təməl bazası təhsil sektorundan qaynaqlanır.

Əgər, təhsil keyfiyyətli, məqsədyönlü və planlı xarakter daşıyırsa, deməli, bunu təmin edə bilən dövlət öz gələcək mövcudluğu və inkişaf perspektivləri baxımından, ümidlərlə yüklənmək hüququna sahibdir. Çünki yüksək səviyyədə təhsil almış savadlı mütəxəssislərdən ibarət kadr potensialı dövləti istənilən halda, rifaha qovuşduracaq.

Yox, əgər, təhsil sistemi qüsurlu və ədalətsizdirsə, deməli, dövlətin inkişaf perspektivləri, hətta gələcək mövcudluğu belə, cox ciddi təhlükə qarşısındadır. Hər halda, ali məktəblərə “pəncərələr”dən girib, “qapılar”dan çıxan savadsız məzunlardan formalaşan “kadr potensialı”nın ölkəni bərbad vəziyyətə qoyacağı heç kimdə şübhə doğurmaz.

Bütün bunları nəzərə aldıqda, inkişaf etmiş dünya dövlətlərinin insan kapitalına xüsusi həvəslə sərmayə yatırmasının səbəbləri aydınlaşmış olur.

İnsafən son illərə qədər Azərbaycanda da ədalətli və keyfiyyətli təhsil üçün müəyyən addımlar atılıb. Və Azərbaycan ali məktəblərə qəbul imtahanlarında test üsulunun tətbiqi sayəsində savadlı mütəxəssislərə, ümidverici kadr potensialına sahib ola bilib. Təbii ki, bu, təqdirəlayiq nailiyyətdir.

Ancaq son dövrlərdə təhsil sisteminə yönəlik bəzi islahat xarakterli addımlar bir qədər şübhələr və narahatlıq doğurmağa başlayıb. Belə ki, ali məktəblərə qəbul imtahanlarında orta məktəblərin rolunun ön plana keçirilməsinə indeksli addımların hansı zərurətdən qaynaqlandığını anlamaq bir qədər çətindir.  

Bir müddət öncə ali məktəblərə qəbul üzrə abituriyentin toplayacağı balların tən yarısının orta məktəblərin buraxılış imtahanlarında qazanacağı ballar hesabına formalaşdırılması barədə qərar qəbul olundu. Bu yeni qayda müəyyən narahatlıqlar və anlaşılmazlıqlar yaratsa da, bütün ölkə üzrə imtahanların məhz Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcəyini nəzərə aldıqda, hər halda ədalət prinsipinin pozulmayacağına ümidləri qorumaq mümkündür.

Ancaq yenicə ortaya çıxmış növbəti qayda istər-istəməz ciddi narahatlıq doğurmaqdadır. Belə ki, son məlumatlara görə, orta məktəbi QIZIL MEDAL ilə bitirənlər ali məktəblərə cəmisi BİR FƏNdən İMTAHAN verməklə qəbul ediləcəklər...

Yəni Azərbaycanda təhsilini qızıl medal ilə başa vuran məzunlar demək olar ki, imtahandan azad olunacaqlar. Bu, yeni hazırlanan “Ümumi təhsil haqqında” Qanun layihəsində əks olunub.

Qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə, ali məktəblərə qəbul olunacaqlar. Və yeni hazırlanan bu qanun layihəsi artıq parlamentin “Elm və təhsil” komitəsinin plenar iclasında müzakirəyə çıxarılıb.

Etiraf etmək lazımdır ki, tətbiqinə hazırlıq aparılan bu yeni qayda istər-istəməz qafaları qarışdırır. Çünki yeni hazırlanan “Ümumi təhsil haqqında” Qanun layihəsində əks olunan bu məqam bir çox xoşagəlməz hallara yol aça bilər.

Vaxtilə "qızıl medal" modunun təhsildə hansı arzuolunmaz nəticələrə yol açdığı hər kəsə məlumdur. Sovet dövründə də belə bir qayda tətbiq etmişdilər. O dövrdə də “qızıl medal” qazananlar ali məktəblərə cəmisi bir imtahan verirdilər. Və bu qaydanın məktəblərdə hansı biabırçılıqları törətdiyini, kim olmasa da, sovet məktəblərinin keçmiş şagirdləri çox gözəl xatırlayırlar.

Çünki o dövrdə məktəblərin ən intizamsız və təhsildə geri qalan, ancaq ataları imkanlı şagirdləri “qızıl medal” ala bilmişdilər. Demək olar ki, doğrudan da əla qiymətlərlə oxumuş, haqqı çatan, amma atası imkansız heç bir şagird o medalın üzünü belə, görməmişdi.

Bax, narahatlıq doğuran əsas məqamlardan biri də elə budur. İndi də yeni "qızıl medal" modunun məktəblərdə yolverilməz "anlaşmalara" səbəb ola biləcəyi qətiyyən istisna deyil. Və bunun belə ola biləcəyinə inandırıcı görüntülər verən örnəklər də olmamış deyil.

Məsələn, bu il qəbul imtahanlarından sonra baş vermiş qalmaqalı xatırlayın. Tanınmış bir xanım müğənni oğlunun qəbul imtahanlarında yüksək bal toplaya bilməsi üçün bir fırıldaqçıya 30 min manat rüşvət vermişdi. Ancaq Azərbaycanın indiyə qədər demək olar ki, qüsursuz işləyən test imtahan sistemi bu “kirli anlaşma”nın müsbət nəticə verməsinin qarşısını ala bilmişdi.

Bu, onu göstərir ki, övladını əyri yollarla tələbəyə çevirmək niyyətində olan valideynlər həmişə olub və olacaq. Üstəlik, heç şübhə etməyin ki, maliyyə imkanı daha geniş olan valideynlərin mütləq əksəriyyəti belə niyyətlərdən qətiyyən uzaq deyillər. Bu baxımdan, “qızıl medal” variantı belə niyyətli valideynlər və fırıldaqçılar üçün daha geniş imkanlar, münbit şərait yaratmazmı?

Digər tərəfdən, hazırda əksər abituriyentlər məktəbin verdiyi "təhsil"in deyil, hazırlıq kursları və repititorların sayəsində qəbul imtahanlarında yüksək bal toplayıb, ali məktəblərə qəbul olunurlar. Belə olan təqdirdə, məktəblərdə verilən təhsilin sayəsində əldə olunan “qızıl medallar”ın real biliyə əsaslandığı şübhə doğurmayacaqmı?

Bu baxımdan, "qızıl medal" verəcək məktəblərdə təhsilin bərbad səviyyəsinin yüksəldilməsi üçün hansı addımlar atılacaq? “Qızıl medal” vermək əvəzinə, orta məktəblərdə təhsilin gücləndirilməsi istiqamətində təsirli addımların atılması daha doğru olmazmı?

Eyni zamanda, abituriyentlər arasında qəbul imtahanlarında “medallı-medalsız” fərqinin qoyulması ədalətsizlik olmayacaqmı? Əgər, bir abituriyent “qızıl medal” alıbsa, qoy, onu sinəsinə taxıb, imtahana getsin. Və o da hamı kimi bütün imtahanları versin...

Əgər, aldığı “qızıl medal” halaldırsa, medallı abituriyent zatən bütün imtahanlardan ən yüksək balı toplaya biləcək. Əks təqdirdə, “qızıl medal”lara haramın qarışdığı dərhal ortaya çıxmış olacaq. “Qızıl medal” isə sadəcə, şagirdləri daha yaxşı oxumağa stimullaşdıran mükafat mexanizminə çevriləcək.

Ümumiyyətlə, ölkədə olduqca önəmli uğurlara və ədalətin təntənəsinə yol açmış, hər kəsi məmnun edən ali məktəblərə mövcud qəbul sistemini dəyişməyə nə ehtiyac var idi? Hər şey əla olduğu halda, bu sistemi zədələmək doğru addımdırmı? Ədalətsizlik üçün zəmin yaratmağa nə ehtiyac var?

Bir dövlətin real dəyəri təhsilin onun bütün sosial təbəqələri təmsil edən vətəndaşları üçün əlçatan olmasındadır. Ali məktəblərə qəbulla bağlı indiki test imtahan sistemi Azərbaycan üçün ən ideal variantdır. Və Azərbaycanda sosial mənşəyindən asılı olmayaraq, bütün vətəndaşlar üçün təhsilin əlçatan olmasını birmənalı şəkildə təmin edir.

Elçin XALİDBƏYLİ,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR