İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin qiyməti 25 dollar olarsa, Azərbaycanda nə baş verər?

4201 17.02.2016 19:32 İqtisadiyyat A A
Ölkə başçısının Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi fikirlər geniş ictimaiyyətin diqqətini çəkib. Onlardan biri də büdcədə neftin qiyməti ilə bağlı prezidentin dediyi sözlər olub. 

Prezident İ.Əliyev bildirib ki, neftin qiyməti 25 dollar olsa da, lazım olan layihələr icra ediləcək: “Büdcəyə dəyişiklik olunacaq və biz neftin qiymətinin minimum səviyyəsi - 25 dollar səviyyəsi ilə lazım olan bütün sosial və investisiya layihələrini icra edəcəyik”. 

Bu fikirlərə münasibət bildirən iqtisadçı ekspert Azər Mehtiyev vurğuladı ki, bu məsələdə dövlət büdcəsinin neftdən asılılığı böyük rol oynayır: “Heç kimə sirr deyil ki, dövlət büdcəsinin 60-70 faizi neft gəlirləri hesabına formalaşır. Bu baxımdan büdcə xərcləri də neftin yüksək qiymətinə hesablanmışdı. Büdcədən həyata keçirilən layihələrin hamısı, bütün infrastruktur, idman, sosial və digər layihələr məhz neft gəlirləri hesabına həyata keçirilirdi. Əgər manatın devalvasiyası nəticəsində bu layihələri saxlamaq imkanı olsa da, real olaraq həyata keçiriləcək işlər ciddi şəkildə azalacaq. Çoxlu sayda böyük layihələrin həyata keçirilməsi demək olar ki, mümkünsüzdür”.

Ekspert bir nüansı da vurğuladı ki, əgər əvvəl neft gəlirlərinin bol olduğu vaxtda layihələrin xərcləri dəfələrlə şişirdilirdisə, indi bu layihələr minimum xərclərlə həyata keçiriləcək: “Söhbət layihələrin sayının deyil, həm də sanbalının   azaldılmasından gedir. Ona görə ki, bu layihələr daha ciddi şəkildə əsaslandırılmış olmalıdır. Daha real layihələr həyata keçirilməlidir. Azərbaycanda layihələr dəyərinə görə, həddindən artıq şişirdilmişdi. Bəzən dövlət qurumları arasında əlaqəliliyin təmin olunmaması sayəsində eyni layihələr bir neçə dəfə həyata keçirilirdi. Xüsusilə də yolların təmiri ilə bağlı bunu deyə bilərik. Bu səbəbdən də neft gəlirlərini azaldığı bir dövrdə hökumət bu layihələrin icrası zamanı qənaət rejiminə keçməlidir”. 

Azər Mehtiyev neftin qiymətinin 25 dollara düşməsinin dolayı təsirlərindən də danışdı: “Neft 25 dollara düşsə, Azərbaycanda iqtisadi fəallığın azalması qaçılmaz olacaq. Çünki iqtisadi fəallığın əsasını neft gəlirləri təşkil edirdi. İqtisadi fəallığın azalması isə vergi daxilolmalarından formalaşan büdcə gəlirlərinin də azalmasına gətirib, çıxaracaq”. 

Nərgiz LİFTİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR