İnsanlara hürriyət, millətlərə istiqlal!

2018-ci ilin ən qalmaqallı şou-biznes olayları: həbsə düşənlər və ...

1221 13.12.2018 18:04 Şou-biznes A A

Artıq 2018-ci ili geridə qoymağa sayılı günlər qalıb. Bir il ərzində ölkə gündəmi tez-tez dəyişdi, həm maraqlı, həm də sarsıdıcı, gözlənilməz olaylar yaşandı. Bu baxımdan mədəniyyət, şou-biznes aləmi də zəngin oldu.

Beləliklə, musavat.com  2018-ci ildə yaşanan ən maraqlı, qalmaqallı mədəniyyət, şou-biznes olaylarını təqdim edir.

Prodüser Təranə Səmədovanın oktyabrın 30-da məhkəmə zalında həbs edilməsi səs-küyə səbəb olsa da, bir çoxları üçün o qədər də gözlənilməz olmadı. Çünki xanım prodüser barəsində cinayət işi hələ ötən il başladılmışdı. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunurdu, bu səbəbdən barəsində polis nəzarətində qətimkan tədbiri seçilmişdi. Son olaraq Nərimanov rayon Məhkəməsi hökm çıxararaq hər iki qadını zərərçəkmiş şəxs qismində tanıdı və  T.Səmədovanı 1 il azadlıqdan məhrum etdi. Prodüserin vəkili mətbuata açıqlamasında bildirib ki, müvəkkili özünü təqsirli bilmir, günahsız olduğunu söyləyir və Nərimanov Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Müğənni Təranə Qumral və həmkarı Nazənin arasındakı məhkəmə çəkişmələri bu il də davam etdi. Bir müddət bundan əvvəl T.Qumral barəsində olan cinayət işi üzrə apellyasiya şikayəti versə də, onun şikayəti təmin olunmadı, Nərimanov rayon Məhkəməsinin hökmü yerində saxlanıldı. Həmin hökmə əsasən T.Qumral qarşı tərəfə 4 min manat cərimə ödəməlidir. Xatırladaq ki, müğənnilər arasında qalmaqal ANS-də yayımlanan verilişlərin birində başlayıb. Belə ki, Nazənin Salayeva canlı efirə zəng edib və Təranə Qumrala “Səni ərimlə tutdum” deyib. Təranə Qumral isə öz növbəsində Nazənin Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib. Nazənin məhkəmədə həyat yoldaşının Təranə Qumralla intim münasibəti olduğunu sübut edib. Təranə Qumral Nazənin Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməsi barədə qərar verilib. Lakin Təranə Qumral məhkəmə qərarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb.

Avqust ayının sonlarında sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın içki içərkən çəkilmiş videosu yayılmışdı. Xatırladaq ki, həmin görüntüdə müğənni bir neçə üzü görünməyən kişilərlə masada əyləşib. Həmin şəxslər içkinin təsirindən söyüş söyüblər. Video mətbuatda, sosial şəbəkələrdə yayıldığı andan ictimai tuş gəlmişdi. Müğənnini bir çox həmkarları kəskin tənqid etmişdi. Lakin M.Əsədovanın müdafiəsinə qalxan həmkarları da oldu. Onların arasında Manaf Ağayev də var idi. Müğənnin həmkarının içkili videosunu yayan, şəhid ailəsindən olan şəxsi diz çökdürdüyünü bəyan etməsi isə məsələyə başqa rəng qatdı, uzun müddət qalmaqal olaraq gündəmdə qaldı.

Əməkdar artist Baloğlan Əşrəfovun isə illər sonra baş tutan konserti qalmaqala səbəb oldu. Belə ki, sənətçinin solo konsertində xeyli sayda oturacaqlar boş qaldı, səhnə dekorasiyasi olmadı. Bu isə sənətşi ilə konsertin təşkilatçısı arasında çəkişmə yaratdı, qarşı tərəflər mətbuat və sosial şəbəkələr vasitəsi ilə bir-birini günahlandırdı.

Bu il də sənət aləmi itkisiz ötüşmədi. Belə ki, avqustun 4-də tanınmış reper Anar Nağılbaz dünyasını dəyişdi. Xatırladaq ki, reper 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub. O, eks-deputat Rizvan Cəbiyevin oğludur.

Aşıq Azər Xanlaroğlu da gənc ikən bu il dünyasını dəyişdi. Sənətçi mayın 12-də qaraciyər çatışmamazlığından xəstəxanada vəfat etdi.

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər də bu il dünyasını dəyişdi. Qeyd edək ki, bəstəkar beyin insultundan əziyyət çəkirdi. Lakin dəfnindən sonra bəstəkarın cənazəsi basdırıldığı yerdən çıxarılaraq, mərhum atasının qəbrində dəfn edilməsi böyük səs-küyə səbəb oldu. T.Əkbərin xanımı bəstəkarın ona layiq  olmayan yerdə dəfn edildiyi üçün bu cür addım atdığını bildirmişdi.

Təəssüflər olsun ki, bu il mədəniyyət aləminin nəhəngləri, əfsanəvi sənətkarlar Fuad Poladov, Amaliya Pənahova, xalq artisti Zərnigar Atakişiyeva, bəstəkar Xəyyam Mirzəzadə də dünyasını dəyişdi.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR