İnsanlara hürriyət, millətlərə istiqlal!

QHT-lər Ədliyyə Nazirliyindən bildiriş gözləyir

1483 20.08.2014 08:27 Ölkə A A

Ölkədə problemlə üzləşən QHT-lərin sayı yüzə yaxındır. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlının sözlərinə görə, ölkədə onlarla QHT-nin hesabları dondurulub, ya da həbs qoyulub: “Hətta şəxsi hesablara da həbs qoyulub. İş o yerə çatıb ki, mənim depozit hesabıma da həbs qoyublar. Bir ay əvvəl bu proses başlayıb və davam edir. Mənimlə bağlı Nəsimi rayon Məhkəməsinin qərarı olub. Apelyasiya şikayəti verdik, məhkəmə əvvəlki qərarı qüvvədə saxladı. Nəticədə layihələrimiz yarımçıq qalıb, işləri davam etdirmək mümkün deyil. 

Vəziyyət bu yerdədir ki, işçilər bir neçə aydır əməkhaqqı ala bilmir. Çox çətin durum yaranıb, yarımçıq məhkəmə işlərimiz var, hüquqi yardımları davam etdirməliyik. Komanda qərara alıb ki, bacardıqları qədər pulsuz işləsinlər. Amma ofisin xərclərini də vermək mümkün deyil”.


M.Qəhramanlının sözlərinə görə, işçilər maaşsız, pulsuz işləməyə məcburdurlar: “Çünki davam edən məhkəmə proseslərimiz var. Saxladıqları layihəmiz isə mədən sənayesində şəffaflığın artırılması ilə bağlıdır. Bununla bağlı araşdırma aparmışıq, hesabat hazırlamışıq, təkliflərimizi hazırlamışıq. Ancaq nə kitab çap edə bilirik, nə araşdırmamızın nəticəsini ictimaiyyətə təqdim etmək mümkündür. Düşünürəm ki, bu məsələlər Qərb kampaniyaların da marağındadır, Həmkarlar Təşkilatının, Əmək Müfəttişliyinin marağındadır. 

Çünki biz 1500 nəfərə yaxın vətəndaşa hüquqi yardım göstəririk. Qərb kampaniyaları üzərində ictimai nəzarət yaratmağı bacarmışdıq. Bizim layihəmiz ötən ilin noyabrında başlamışdı və bu ilin oktyabrında sona çatmalı idi. Biz bununla bağlı geniş beynəlxalq konfrans da keçirmişdik, məsələ ilə bağlı başqa ölkələrin təcrübəsini öyrənmişdik, yetmiş səhifəlik sənəd hazırlamışdıq. Ancaq layihəni davam etdirmək, sona çatdırmaq məlum səbəblərdən mümkün olmadı, layihə dayandırıldı”.

Hüquq müdafiəçisi qeyd etdi ki, bu vəziyyətə salınan QHT-lər işlərini Avropa Məhkəməsinə qədər aparacaqlar: “İş Avropa Məhkəməsinə xüsusi qaydaya göndəriləcək. Biz orada işi udacağımıza inanırıq”.


Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin rəhbəri Elçin Abdullayev isə bildirdi ki, hesabları bağlanan QHT-lərin vəziyyəti olduqca gərgindir: “Bir çox QHT-lərdə yoxlamalar gedir. Bununla bağlı prezidentə və QHT-lərə Dövlət Dəstəyi Şurasına da müraciət etmişik. Əksər QHT-lər hesab edir ki, nə qədər bu prosesdə sakit dursalar, problem bir o qədər müsbət həll olunar. Çünki mətbuata çıxan, məsələni ictimailəşdirən QHT-lərin durumu daha da ağırlaşır”.

Onun sözlərinə görə, hesabın dondurulması ilə bağlı verdikləri apelyasiya şikayəti təmin olunmayıb.

“Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə bildirib ki, onlar Ədliyyə Nazirliyinə sənədləri vaxtında göndərə bilmədiklərindən, iki ay müddətinə maliyyə əldə edə bilməyiblər: “Bizim hesabımız dondurulmayıb, ancaq Ədliyyə Nazirliyinin rəsmi sənədi, icazəsi olmalı idi ki, biz maliyyə ala bilək. Bunu almaq üçün də lazımi sənədləri toplamaq lazım idi. Biz sənədləri vaxtında toplayıb sənədi ala bilmədik. Reyestrdən çıxarış, layihələr barədə məlumat vermək, layihələrin tərcüməsi lazım idi. Hazırda fəaliyyət göstəririk”.
M.Zeynalovanın sözlərinə görə, avqustun 7-də QHT-lərə Dövlət Dəstəyi Şurasının iclası olub və oraya aparıcı QHT-lərin təmsilçiləri dəvət olunublar: “Problem müzakirə olundu, qurumun rəhbərinin diqqətinə çatdırıldı. O da qeydlərini götürdü, vəziyyətin düzələcəyinə ümid etmək olar”.


“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin sədri Azər Mehtiyevin sözlərinə görə, onlar hələ ki fəaliyyət göstərirlər: “Bizim Ədliyyə Nazirliyindən bildirişlərimiz də var”. Sənədlərlə bağlı çətinliklərdən danışan A.Mehtiyevin sözlərinə görə, bildiriş almaqla bağlı sənəd əldə etmək üçün müqavilələr tam tərcümə olunmalıdır: “Bu, bəzən yüz səhifə edir, onun notarius təsdiqi var, bu proses xeyli gərginlik yaradır, xüsusilə də süni maneələr də yaradırlar. Bu xərclər layihədə əhəmiyyətli məbləğ edir, ancaq layihədə bu xərclər nəzərə alınmır. Bu, əlavə xərcdir. Bəzən təşkilatlara 500-1000 manat civarında başa gəlir”.
Qeyd edək ki, narazı QHT-lər bir müddət əvvəl Prezident Administrasiyası qarşısında aksiya da keçiriblər. QHT rəhbərləri Vətəndaş Cəmiyyəti Məşvərət Şurasının yaradılmasını da qərara alıblar. 


Vətəndaş cəmiyyətinin tanınmış təmsilçilərindən olan Qubad İbadoğlu isə QHT-lərin qarşılaşdığı ən böyük çətinlik olan bildirişlərin alınması məsələsindən danışıb. O deyib ki, ki, bildirişlərin alınması üçün tərcümə edilməli olan qrant müqavilələrinin və onun əlavələrinin həcmi əlli-yüz səhifə arasında olur: “Bunu əvvəlcə Azərbaycan dilinə tərcümə etdirməliyik. Bir səhifəsi ən azı 10 manat həcmindədir. Notarial qaydada tərcümə ediriksə, daha baha alınır. Tərcümə də notariusların işlədiyi tərcümə mərkəzləri olmalıdır ki, sonra problem yaranmasın. Onların da qiymət təklifləri daha yüksəkdir. Biz tərcüməni özümüz həyata keçirmirik, bunu tərcümə şirkətlərinə veririk, notariatlarla əlaqəli işləyirlər, onların müəyyən müqavilələri var. Sonra tərcüməni notarial qaydada təsdiq etdirməliyik.  Əgər tərcümə 50 səhifədən ibarətdirsə, hər səhifəsində həm qrant alanın, həm də verənin imzası olmalıdır. 

Eyni zamanda, möhürlər olmalıdır, sənəd surğuclanmalıdır, arxasından tikilməlidir ki, bir sənəd olduğu bilinsin. Sonra möhürlə təsdiq olunmalıdır. Bundan sonra Azərbaycan dilindəki variantını notarius təsdiq edə bilər. Sonra biz bu sənədi Ədliyyə Nazirliyinə verməliyik. Qaydalarda nazirliyin imtina səbəbi göstərilməyib, heç nazirlik də indiyədək müqavilələrlə bağlı imtina göndərməyib. Ancaq heç təsdiq də etmir. Sadəcə olaraq hər dəfə daha başqa sənədlər, əlavələr tələb edirlər, biz də tərcümə edib veririk. Bu cür maneə, yubadılma kimi problemlər yaradılır. Ədliyyə Nazirliyi qrantı qeydiyyata almalıdır, sonra bizə bildiriş verməlidir, ancaq vermir. Biz bildirişi götürüb getməliyik banka, bank bu bildiriş əsasında hesabımıza daxil olan vəsaitin üzərində sərəncam vermək hüququmuzu tanımalıdır. Yəni vəsaiti xərcləməyimizə icazə verilməlidir, bildiriş olmasa, bank heç bir əməliyyat aparılmasına icazə vermir. Keçmiş layihələrlə bağlı da bu cür problem yaradılır”.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR