İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən gömrük mafiyasına qarşı “şah gedişi”

24791 16.05.2014 08:25 Ölkə A A
Qaynaq bildirir ki, monopolistlərin və gömrükçülərin birbaşa maraqlarına zidd olan bu layihənin reallaşmasını əngəlləmək mümkün olmayıb: “Layihə prezidentin şəxsi təşəbbüsü ilə həyata keçirildiyindən bunu sabotaj etmək mümkün olmayıb. Uzağı sentyabr ayına qədər gömrük yüklərinin ASAN Xidmət vasitəssilə bəyan edilməsi reallaşacaq. İndi gömrük xidmətinin rəhbərliyi və idxal monopolistləri heç olmasa bəzi yüklərin köhnə qayda ilə qeydiyyata alınmasına çalışır. Ancaq görünən budur ki, artıq siyasi qərar var və gömrük rəhbərliyinin cəhdləri uğursuzluğa düçar olacaq”.
Mənbə deyir ki, bu layihə reallaşandan sonra gömrük xidmətində əsaslı ixtisarlar və struktur dəyişikliyi gözlənilir: “Dövlət Gömrük Komitəsinin Statistika Komitəsi kimi dişsiz bir quruma çevrilməsi layihəsi müzakirə edilir. Çox güman ki, belə də olacaq”.
Mənbə həmçinin sıravi gömrük işçilərinin də bu layihədən məyus olduğunu deyir: “Yeni layihədən onlar da ziyan çəkəcək - onlara verilən ”paket" (əmək haqqına əlavə edilən qeyri-rəsmi maaş) kəsiləcək. “Paket”lər  gömrük sərhədlərində yığılan rüşvət hesabına ödənilirdi". 

Dövlət  Gömrük Komitəsinin sədri Aydın Əliyev bir qədər öncə bildirmişdi ki, gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsi planlaşdırılır. O vaxt bəzi müşahidəçilər bu açıqlamaya real yanaşmırdı. Bu ümidsizliyin də real əsasları var idi. Çünki bu, həm gömrükçülərin, həm də monopolistlərin bazarının bağlanması deməkdir. Hazırda gömrük xidmətində milyardlarla ölçülən qara dövriyyə mövcuddur. 

İqtisadi Tədqiqatlar Mərkəzi “Güzgü statistikası” metodologiyası əsasında Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatlarını araşdırıb. Nəticələrə görə, 2010-2012-ci illərdə 12,3 milyard dollarlıq ticarət dövriyyəsi qeydiyyata alınmayıb. Araşdırmaya cəlb olunan ölkələrin Azərbaycanın idxalında payı 75 faizdən çoxdur.

İdxaldan yayınmalar nəticəsində dövlət büdcəsi 2010-2012-ci illərdə 4,6 milyard dollar itirib. Son on ildə gizli idxal dövriyyəsi artan istiqamətdə davam edib. 2003-2009-cu illər arası idxalda gizli dövriyyə 42,3 faiz təşkil edirdisə, 2010-2012-ci illərdə bu göstərici 62,7 faiz olub. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamağının bir səbəbi də budur. Çünki bu təşkilata üzvlük gömrükdə şəffaflığın olmasını tələb edir. 

2003-cü ildən 2013-cü ilə qədər yerli gömrük dövriyyəsindən təxminən 22 milyard 960,09 milyon manat oğurlanıb. Beləliklə, təkcə gömrükdə dövriyyənin gizlədilməsi hesabına ildə büdcə 2,3 milyard dollar itir. Bu baxımdan gömrük “bosları” və idxal monopolistlərinin bu ideyaya ciddi müqavimət göstərəcəyi gözlənilirdi. Ancaq siyasi rəhbərliyin iradə ortaya qoyması bu müqaviməti heçə endirib.

Redaksiyamızı bilgiləndirən mənbə deyir ki, qurum rəhbərliyi çox pessimistdir və əsas diqqəti şəxsi bizneslərinin tam leqallaşdırılmasına yönəldiblər. Sentyabrda yeni layihə işə düşür. Artıq hazırlıqlar başlanıb.

Ümumiyyətlə, bu ideya iqtisadi sektorda inqilabi dəyişikliklərin əsasını qoya və iki fundamental problemi birdəfəlik həll edə bilər: idxal monopoliyasına son qoyulur; nəhəng rüşvət seti məhv edilir. Bunun nəticəsini isə sıravi vətəndaşlar belə öz güzəranında hiss edəcək. Birincisi, bazarda rəqabət mühiti yaradılacaq və qiymətlər istənilən halda ucuzlaşacaq. İkincisi, idxal məhsullarının süni şəkildə artımına son qoyulacaq.  Üçüncüsü, xırda və orta biznesin imkanları genişlənəcək. Dördüncü, gömrük daxilolmaları əhəmiyyətli dərəcədə artacaq. Bir sözlə, gömrük gəlirləri ənənəvi olaraq bir qrup monopolist və gömrük məmurlarının cibinə yox, dövlətin büdcəsinə axacaq. 

Gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsi qara dövriyyənin leqallaşmasına səbəb olacaq. Ona görə də gömrük və idxal “bosları” təbii ki, bu modelə müqavimət göstərəcək. Ancaq hakimiyyət siyasi iradə göstərsə, bu model tətbiq edilə bilər. Ona qalsa məmurlar ASAN Xidmətin də tətbiqinə müqavimət göstərirdi. Ancaq alınmadı. Təkcə mənzillərin özəlləşdirilməsi funksiyasının bu xidmətə verilməsi nəhəng bir rüşvət setinin dağılmasına səbəb oldu. Əgər əvvəllər yeni tikilidə vətəndaş aldığı mənzili özəlləşdirmək üçün azı 1000 manat xərcləyirdisə, indi çox sadə şəkildə 30 manat rüsum ödəməklə mülkiyyət hüququ əldə edir. Demək, əsas məsələ monopolistlərin müqaviməti yox, hakimiyyətin siyasi iradəsidir.

İqtisadiyyat şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR