İnsanlara hürriyət, millətlərə istiqlal!

ELMAR VƏLİYEV GƏNCƏDƏ 13 AİLƏNİ KÜÇƏYƏ TÖKDÜ

6345 15.04.2012 09:31 Ölkə A A

Bundan əlavə, Cavadxan dəftərxanasının sökülməsi, şəhərin Nizami küçəsində yolun genişləndirilməsi istiqamətində tikililərin uçurulması da əhalinin ciddi narazılığına səbəb olub. Eyni zamanda “Gəncə əməliyyatı” zamanı öldürülən terrorçulardan sonra şəhərdə ümumən dindarlara qarşı təzyiqlərin güclənməsi, bir sıra ibadət ocaqlarının qapadılması da ciddi narazılıq və xof yaradıb. Gəncəyə səfərimiz zamanı bütün bu problemləri və yayılan xəbərləri araşdırıb, əslində Gəncədə nə baş verdiyini aydınlaşdırmağa çalışdıq...

Ondan başlayaq ki, Gəncədə Lenini “dirildiblər”. Belə ki, şəhərin girişində hər şənbə-bazar günləri rəhbərliyin göstərişi əsasında iməcilik təşkil olunur. Naxçıvan “xanı” Vasif Talıbov nümunəsindən yararlanan Elmar Vəliyev iməciliyə büdcə təşkilatlarının işçilərini cəlb edir. Bu zaman onlar ağac əkir, bel vurur, torpaq şumlayırdılar. Bu mənzərəni şəhərə girərkən müşahidə etdik. Məktəblilər, müəllim və tibb işçiləri, dövlət idarələrinin qulluqçuları iməcilikdə canfəşanlıqla iştirak edirdilər.
İştirakçılardan biri Zahid Ağəliyev: “Hər həftənin şənbə-bazar günləri Gəncənin girəcəyində siz bu mənzərəni görə bilərsiz. Bir tərəfdən bəlkə də müsbət haldır. Sovetdən qalma ənənədir. Ancaq bu, heç kimə lazım deyil”.

Daha sonra “Gəncə əməliyyatı” keçirilən Maharasa bağına yollandıq. Terrorçuların yaşadığı bina hələ də nəzarət altındadır. Ərazidə iki polis var idi. Binaya daxil olub hadisənin baş verdiyi evin qapısını döysək də, qapını açan olmadı. Evin qapısı möhürlənib və “Gəncə Prokurorluğu” qeyd olunub. Qonşulardan isə kimsə danışmaq istəmədi. Onlara susmaq əmri verilib. Yalnız bir nəfər ev sahibi Lyudanı çoxdan görmədiyini və hazırda harada olduğunu da bilmədiyini tərəddüdlə dedi.
Onu da qeyd edək ki, atışma zamanı güllələr mənzilin həyətə açılan pəncərələrinin şüşələrini dəlib-deşib. Pəncərələr açıq idi, şüşələrdə bir neçə güllə izi qalmışdı. Ardınca Gəncədəki məscidlərə baş çəkdik. Antiterror əməliyyatından sonra dindarlara təzyiqlərin başlaması və məscidlərin qapadılması xəbərləri dolaşırdı. Ancaq istər “Şahsevən”, istər “Şah Abbas”, istərsə də digər ibadət ocaqları fəaliyyətdə idilər. “Şahsevən” məscidinə ibadətə gələnlərdən biri dedi ki, heç bir problem yaşanmayıb və insanlar adəti üzrə məscidə gələ bilirlər.

Gəncədə əhalinin dolanışığı, sosial problemlərinə gəlincə, vəziyyət ürəkaçan deyil. Şəhərdə çayxanaların çoxluğu işsizliyin elementlərindən biridir. Camaat gününü çayxanada keçirir. Çünki ölkənin ikinci böyük şəhərində zavod, fabriklər müstəqillikdən bəri işləmir. Gəncə Alüminium Zavodu istisna olmaqla başqa zavodlar fəaliyyətini dayandırıb. Alüminium zavodunda çalışanların isə əmək haqları verilmir, yaxud maaşlardan kəsilir. Şəhərdəki xalça kombinatı, toxuculuq və tikiş fabriklərinin qapısı qıfıllanıb. Nəticədə əhali işsizlik burulğanında çabalayır.
Elmar Vəliyevlə bağlı mətbuatda ən çox səslənən tənqidlər onun Gəncəni alt-üst etməsi ilə bağlıdır. Qədim şəhərin tarixi abidələri, binaları sökülür, sahibkarların obyektləri, vətəndaşların evləri dağıdılır. Yenidənqurma adı ilə tikililər sıradan çıxarılır. Məsələn, Cavadxan dəftərxanası isə sökülərək bir qədər aralıda müasir üslubda tikilməyə başlanıb. Əhali isə deyir ki, bu tarixi nümunəni məhv etmək məntiqsizlikdi və onu restavrasiya edib qorumaq lazım idi. Ancaq şəhər rəhbərliyi yenisini tikdirmək göstərişi verib.
Ərazidə olarkən təmir-tikinti işlərinin şahidi olduq. Gəncə sakini İslam Əsədov bunu tarixi vandalizm adlandırdı: “Cavadxan dəftərxanasını sökməklə tarixi məhv etmiş oldular. Dünyanın heç yerində müasir dövrdə belə iş görmürlər. Hətta Almaniyada Hitlerin, İtaliyada Mussolinin heykəlləri saxlanır. Bizdə isə qəhrəman Cavadxanın adı ilə bağlı tarixi nümunəni arxivə göndərdilər. Kim bunların başına belə şeyləri salır, bilmirəm”.

Ümumiyyətlə, şəhərdə bu dəqiqə şıdırğı tikinti işləri gedir. Kosmetik olaraq binaların fasadları üzlənir, yollar qazılıb tökülür, daş-divarlar boyanır. Yol qırağında çinar ağacları kəsilib. Nizami küçəsində isə ikinci “qış bulvarı” faciəsi yaşanır. Bu küçədə yolun genişləndirilməsi istiqamətində 13 yaşayış evi yerlə-yeksan olunub. O cümlədən həmin evlərin qarşısındakı, yol üstündə yerləşən iaşə obyektləri sökülüb. Biz sözügedən massivdə olarkən evləri sökülənləri və icra nümayəndələrini görə bildik. Mülkiyyət sahiblərindən öyrəndik ki, evlərinin sökülməsi müqabilində onlara nə yeni mənzil, nə torpaq, nə kompensasiya təklif edilib.
Evlərinin qarşısındakı dükanlar da dağıdılıb və vətəndaşlar çörəksiz qalıb. Dolanışıq yeri həmin obyektlər olan sakinlərə başqa yerdə obyekt də verilməyib. Beləcə, 13 ev sökülüb və vətəndaşlar kirayədə yaşayır. Onlar kvadratı 1500 manatdan kompensasiya verilməsi ilə razılaşırlar. Ancaq E.Vəliyev vermək istəmir. Bu tikililər qanunidir və mənzil sahiblərinin əlində “kupça”sı var.
Evləri sökülən Həsənovlar ailəsi ilə söhbətləşdik. Bildirdilər ki, bu evlər ulu babalarından qalıb: “Bizim evlərimiz 1876-cı ildə tikilib. Burada 3 ailə - Fərrux, Fərhad və Faiq Həsənov qardaşları yaşayır. Evimizi sökdülər, obyektləri uçurdular. Bizə deyirlər ki, yol genişləndirilir. Dövlət planıdır. Söz veriblər ki, bir qədər arxada 13 ailəyə ev və obyekt tikiləcək. İnanmaq olmur ki, bizə təzə ev və dükan tikəcəklər. Bir hissəsinə isə şəhərin kənarında torpaq veriləcəyi vəd olunub”.
Sakinlər deyirlər ki, bütün bunlar hələlik vəd olaraq qalıb və əməli addım yoxdur. Evləri sökülənlər isə kirayədə yaşayır. Nizami küçəsində söküntü işləri davam edirdi və evyıxma kampaniyasının miqyası böyüyəcək. Beləliklə, ikinci “qış bulvarı” faciəsi Gəncədə yaşanır. Araşdırmalarımız zamanı ortaya çıxan problemlərin həllinə aydınlıq gətirmək üçün Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Ruslan Qardaşovla əlaqə saxladıq. O isə görüşün mümkün olmayacağını deyib suallarımızı cavablandırmadı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR