İnsanlara hürriyət, millətlərə istiqlal!

Cahangir Əsgərovun 500 milyonluq “ziyan” korrupsiyası

13359 12.05.2014 09:00 Ölkə A A

2013-cü ildə hava nəqliyyatında sərnişin daşınması aviaşirkətlərə 35 milyon 165,2 min manat ziyan vurub. Bu, əvvəlki illə müqayisədə 5,7 faiz çoxdur. Dövlət Statistika Komitəsindən bildiriblər ki, aviaşirkətlərin gəlirləri 262,4 milyon manat olub. Bu, 2012-ci ildəkindən 16 faiz çoxdur. Şirkətlərin sərnişin daşınması xərcləri 15% artaraq 297,6 milyon manat olub.

Ötən il “Turan Air” şirkəti fəaliyyətini dayandırıb. Beləliklə, hava nəqliyyatı ilə sərnişin daşınmasında özəl sektoru bir şirkət - “Silk Way Business Aviation” MMC təmsil edir. 2013-cü ildə aviaşirkətlər 1 665,6 min sərnişin (ötən illə müqayisədə 4,2 faiz çox) daşıyıb. Rəsmi statistikaya görə, 2013-cü ildə  sərnişin daşımalarının 0,4 faizi özəl şirkətlərin payına düşüb.

“Maliyyə hesabatını niyə açıqlamırsınız” sualına cavab olaraq “Azerbaijan Airlines” QSC-də Turan-a deyiblər ki, “bu, kommersiya sirridir”.

QSC nizamnaməsinin 5.3 maddəsinə əsasən, şirkət illik maliyyə hesabatını hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə açıqlamalıdır. Yəni qanunla şirkət mayın 1-nə qədər hesabatını açıqlamalı idi. Ancaq o, qanuna zidd olaq bunu açıqlamaqdan imtina edib.

Rəsmi statistikaya görə, 1996-2013-cü illərdə Azərbaycan aviaşirkətlərinin sərnişin daşımaları üzrə maliyyə itkiləri 418,6 milyon manat olub. Bu illərdə aviasiyaya investisiyalar 1,4 milyard manata çatıb.

Müqayisə üçün deyək ki, “Air Astana” (Qazaxıstan) aviaşirkəti 2012-ci ildə 9,1 milyard tenge (2012-ci ildə 1 ABŞ dolları 149 tenge olub, manatın məzənnəsi ilə 61 milyon manat) xalis mənfəət əldə edib. Aviaşirkətin ötən ilin əvvəli üçün bölünməmiş mənfəəti 40 milyard tenge (271 milyon manat) təşkil edib.  


Mütəxəssislər dövlət aviaşirkətlərinin artıq 10 ildən artıqdır davam edən ziyanla işləməsini subyektiv amillərlə izah edir. Dövlət aviaşirkəti olan “Azerbaijan Airlines” QSC və “Silk Way Holding” MMC normativ-hüquqi aktların tələblərinə zidd olaraq korporativ saytlarda və KİV-də maliyyə hesabatlarını dərc etmir. Bu da gəlirlərin rəsmi uçotdan gizlədilməsi kimi şübhələrə çox ciddi əsaslar verir. Məsələn, necə ola bilər ki, 2012-ci ildə hava nəqliyyatında aviaşirkətlər 1,6 milyon (2011-ci illə müqayisədə 14,3 faiz çox) sərnişin daşıdığı halda 33,2 milyon manat həcmində ziyana düşüb? 

“Yeni Müsavat” ötən saylarında bu korrupsiya zəncirini rəsmi statistikaya əsasən təhlil etmişdi.  Təhlilə görə, hava nəqliyyatında sərnişin daşımaları artsa da, aviaşirkətlərin ziyanı 1999-cu ildən bu günə qədər 500 milyon manatı ötüb. Azərbaycanda 3 şirkət sərnişin daşımaları ilə məşğul olur. Rəsmi sənədlərdə sərnişin daşımalarının 99 faizi “Azerbaijan Airlines” -in payına düşdüyündən, 500 milyon manatlıq ziyanın da 99 faizi dövlət aviaşirkətinin payına düşür. QSC 2000-ci ildən ziyanla işləməyə başlayıb. Rəsmi məlumatlarda da aviaşirkətlərin 1996-98-ci illərdə çox böyük mənfəətlə işlədiyi bildirilir. Ancaq 2000-ci ildə şirkət sərnişin daşımalarından 33 milyon manat əldə etsə də, ümumilikdə 7,4 milyon manat ziyan edib. 2008-ci ildə sərnişin daşımalarından 204 milyon gəlir əldə etsə də, ziyanı 11,3 milyon manat olub.

Sonrakı illərdə ziyan fantastik həddə yüksəlməyə başlayıb. Aviaşirkət 2009-cu ildə 255 milyon gəliri müqabilində ili 99 milyon manat, 2010-cu ili isə 253 milyon gəliri müqabilində 120 milyon manat ziyanla başa vurub. 2011-ci ildə ziyan bir qədər azalıb - 63 milyon manata, 2012-ci ildə isə 33,2 milyon manata enib. Ötən il bu məbləğ yenidən artıb və 35 milyon manata çatıb. 


Korrupsiya şübhələrini artıran başqa bir amil isə son 15 ildə sərnişinlərin artım dinamikasıdır. 1998-ci ildə cəmi 833 min sərnişin daşındığı halda aviaşirkət 40,3 milyon manat gəlir əldə edib. Ancaq 2007-ci ildə 1 milyon 526 min, 2011-ci ildə 1 milyon 394 min, 2012-ci ildə isə rekord səviyyədə - 1 milyon 600 min nəfər sərnişin daşındığı halda aviaşirkət “ziyan”a düşüblər.

Aviaşirkətlər 1 bilet satışından beynəlxalq daşımalar üzrə orta hesabla 181,5 manat, yerli daşımalar üzrə 49 manat gəlir əldə edib. Sərnişinlərin çoxunun beynəlxalq xətlərlə uçduğunu da nəzərə alsaq, sərnişin daşımalarından böyük gəlir əldə olunduğu şübhə doğurmur.


Daxili reyslərə görə qiymətləri Tarif Şurası tənzimləyir. Rəsmən zərərlə işləyən Bakı-Naxçıvan-Bakı reysi hesab edilir. Zərərə görə dövlət hər il QSC-yə 12 milyon manat subsidiya ödəyir. Hər iki istiqamətdə biletlərin qiyməti 140 manat təşkil edir, onun 40 manatı dövlət büdcəsindən ödənilir. Beynəlxalq hava yollarına görə AZAL özü tarifləri müəyyənləşdirir. Yəni, qiymətin maya dəyərindən aşağı olması mümkün deyil.
Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda təyyarə benzininin qiyməti də aşağıdır.

“Azerbaijan Airlines” QSC daxili qiymətlərlə Dövlət Neft Şirkətindən aviakerosin alır və xarici şirkətlərin təyyarələrini dünya qiymətləri ilə dolduraraq 3 qat qazanır - gəlir 300 faizdir. 

Belə şəraitdə aviaşirkətin ziyanla işləməsi heç nəzəri baxımdan mümkün deyil.
Azərbaycanda hava nəqliyyatından istifadə edən sərnişinlərin sayının artması ilə yanaşı, qiymətlər də artır. Ona görə ziyanla işləmək üçün heç nəzəri əsaslar da yoxdur.
Nəhayət, “Azerbaijan Airlines” QSC-yə yatırılan sərmayələrin mənbəyi şirkətin daxili resursları yox, dövlət büdcəsidir. Nazirlər Kabinetinin məlumatına görə, 2005-ci ildən indiyə kim dövlət büdcəsinin investisiya proqramı çərçivəsində “Azerbaijan Airlines” QSC-ə düz 900 milyon 157 min manat (1 milyard  154 milyon dollar) sərmayə yatırılıb. Bu amilləri nəzərə alsaq, 2000-ci ildən başlayan “ziyan əməliyyatlarından” QSC sədri Cahangir Əsgərovun 500 milyon manat “gəlir” əldə etməsi barədə versiyalar təsdiqlənir. QSC bunun əksini sübut etmək istəsə, məmnuniyyətlə onları dinləməyə və mövqelərini dərc etməyə hazırıq.

İqtisadiyyat şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR