İnsanlara hürriyət, millətlərə istiqlal!

BU GÜN III İXTİSAS QRUPU ÜZRƏ QƏBUL İMTAHANIDIR

11415 14.07.2012 09:21 Ölkə A A
N.Babayevin sözlərinə görə, imtahan 6 şəhərdə - Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2361 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 220 imtahan rəhbəri cəlb olunacaq.
TQDK sədrinin müavini bildirdi ki, imtahanın gedişini işıqlandırmaq üçün 70-dək KİV nümayəndəsi TQDK-da qeydiyyatdan keçib. Bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. III qrup üzrə sənəd verənlərin 28151 nəfəri Azərbaycan, 2680 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 8280 nəfərini oğlanlar, 22551 nəfərini isə qızlar təşkil edir. 16028 nəfər orta ümumtəhsil məktəblərinin builki, 12363 nəfəri əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 135 abituriyent xarici ölkələrin vətəndaşıdır. 183 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 2257 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı, ən gənc isə 1997-ci ildəndir.
Bakıda 17797, Naxçıvanda 2140, Gəncədə 3585, Sumqayıtda 3600, Şəkidə 1846, Lənkəranda 1863 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlayacaq və 3 saat ərzində aparılacaq.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Bu gün saat 19:00-da “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları açıqlanacaq. İmtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın saytında da yerləşdiriləcək. III ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatları həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər. III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahanı komissiyasında qeydiyyatdan keçən abituriyentlər iyulun 18-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər.
N.Babayev TQDK-nın 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında ixtisaslar üzrə keçid ballarını da elan etdi. O bildirdi ki, 2012-2013-cü tədris ili üzrə Azərbaycanın ali məktəblərinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminin vaxtı müəyyənləşib. İxtisas seçimi bütün ixtisas qrupları üzrə abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra - avqustun 7-dən 16-dək aparılacaq. Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcəklər.
III ixtisas qruplarında ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaqlar. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa aid ixtisaslarını seçmək istəyən abituriyentlər üçün cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcək.
N.Babayev dedi ki, ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupu üzrə 15-ə qədər ixtisas kodunu seçə bilərlər. N.Babayev bildirdi ki, TQDK 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul planının artırılaraq, 34092 yerə çatdırıldığını bəyan edib. Sədr müavininin sözlərinə görə, builki qəbul planında hüquq ixtisası üzrə yerlərin sayı 50 faiz azaldılıb. Bu ixtisas üzrə qəbul planı 232 nəfərdir. N.Babayev bildirdi ki, bu il ən çox qəbul yeri IV ixtisas qrupu üzrə artırılıb. Belə ki, IV ixtisas qrupunda 639 plan yeri artırılıb. I ixtisas qrupunda plan yerləri 14,42 faiz, II qrupda 3,5 faiz, III qrupda isə 3,44 faiz artıb. Ümumilikdə builki qəbul planında yerlərin sayı ötən illə müqayisə 9 faiz artıb.
Xatırladaq ki, ötən il ali məktəblərə qəbul planında 31 min 419 yer var idi. N.Babayev onu da dedi ki, bu ildən özəl ali məktəblərə jurnalistika ixtisası üzrə qəbul dayandırılıb. Ümumilikdə isə bu il dövlət ali məktəblərində jurnalistika ixtisası üzrə 199 yerə qəbul olacaq. Bu, ötən ilə nisbətən 134 yer azdır.
N.Babayev onu da qeyd etdi ki, ali məktəblərə daxil olan tələbələr üçün yenilik edilib. Belə ki, bundan sonra hər hansı bir ixtisasa daxil olan tələbə hansı təhsil formasında (əyani və ya qiyabi) təhsil alacağını özü seçəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR